"AYB-ni Rəşad Məcid ağlıma saldı" – Müsahibə
Müsahibim yazıçı Rəşid Bərgüşadlıdır.
– Rəşid bəy, şablon bir sual: necə oldu ki, yazıçı oldunuz?
Yox, təpəmə alma, kərpic-zad düşməyib... İki qardaşım Ədəbiyyat müəllimim olub – biri sinif rəhbərim, digəri isə “zavuç”um. Hər ikisinin nəsr əsərlərindən ibarət bir neçə kitabı var. Çox usta, səlist və rəvan qələmləri var. “Azar” onlardan keçib. Əslinə qalanda dörd dəfə ali məktəbə qəbul imtahanı vermişəm, üçündə Ədəbiyyatdan “kəsilmişəm”, axırıncıda isə “tramvay altında qalmış” üçlə canımı güclə qurtarmışam. Amma nə oldusa, 2010-cu ildən sonra oldu. Məncə, dünya ədəbiyyatını oxuyandan sonra mətnləri əvvəl oxuduğum yerli əsərlərlə müqayisə etmək fəhmi qazandım və deyəsən hər şey bundan sonra marağa döndü. Maraq məni yazmağa gətirdi. Və ilk “İşıq pulu” adlı hekayəmlə “Ədəbi Azadlıq–2012” müsabiqəsinin finalçılarından oldum. Ondan sonra da.., gerisini məndən yaxşı bilirsiniz, siz demişkən “bütün müsabiqələri zəbt elədim”... Bir də mütaliə adama çoxlu ideyalar verir. İnanın ki, 4-cü sinifdə oxuyan qızımın gündəliyini də çox vaxt mütaliə məqsədilə gözdən keçirirəm. Mütaliə edəndə yuxu məni tutur, oxumasam yata bilmirəm. Mənsə, nə yolla olursa olsun, canlı olduğum üçün yatmalıyam...
– İçinizdə gizli də olsa məşhur olmaq, dünyada tanınmaq hissi var?
Uşaq vaxtı təzə qaloş, ya ayaqqabı alanda toz-torpağa basardım ki, parıldamasın, heç kimin diqqətini üzərimə çəkməyim. İnanın ki, bu kompleksim indi də necə vardısa, eləcə durur. Aralıdan ərköyünlüyümə baxmayın, çox utancağam, adam içində, tünlükdə sıxılıram. Mən dincliyin, tərki-dünyalığın adamıyam, aza qane olmağı sevirəm, dəbdəbədən qaçanam. Yəni, indiyədək İblis məni yoldan çıxarmayıb hələ, inşallah, bir müddət də çıxarmaz yəqin... Rəhmətlik atamın bir sözü eyzan qulağımda cingildəyir, – Ya Rəbbim, var-dövlət verib insanlığımı əlimdən alacaqsansa, o malı-pulu mənə qismət eləmə!..
– Sizcə, yaradıcı adam məhz belə olmalıdır? Burada saf qəlbli, yaxşı adam olmaq faktoru nə dərəcə zəruri rol oynayır ki?
Yaradıcılığı həyat tərzinə çevirməyən adam uğur qazana bilməz. Yazmaq dayanmadan fərqli eksperimentlər aparmaqdır. Ürəyin saflığı, yaxşı adam olmaq hələ o demək deyil ki, sən sanballı əsər yarada bilərsən. Əsas odur ki, iti təfəkkürün olsun, təxəyyülün hüdudsuz imkanlarına sığına biləsən və sözsüz ki, rəvan, cilalanmış təhkiyən, dilin şirinliyinə bələdçiliyin olmalıdır. Əksinə, yumuşaq ürəklə obrazlarına qahmar duracaqsansa, o əsər bəribaşdan uduzub. “Yazar-oxucu oyunu”nun mahiyyəti oxucunun ciyərini sökmək üzərində qurulur. Qələm nə qəhrəmana, nə də oxucuya rəhm etməməlidir, etdisə, batdı. Oxucu yazarla üz-üzə dirəşməli, obrazın xirtdəyini müəllifin cəngindən qurtarmaq üçün mətnə bərabər mətn yazmalıdır beynində, əsəri davam etdirməlidir içində.
– Yazıçı müntəzəm yazmalıdır?
Mütləq! Ən azından beynini boş qoymamalıdır, mövzu axınına ağlın və qəlbin qapısını açıq saxlamalı, vaxtaşırı qeydlər aparmalıdır. Hər gün eyni mövzuda külüng çalan, sicilləmə “çevir tatı-vur tatı” da bir iş deyil. Gedəcəyin məqsədi, mətəni müəyyənləşdirib yazmaq lazımdır.
– Bəs yazmaq üçün nə lazımdır: müşahidə, mütaliə, yoxsa ancaq yazmaq?
Ən başlıcası müşahidə. Sonra müşahidə etdiyində verə biləcəyin ideyanı tutmaq, ideyanı fərqli rakurslardan işıqlandırmaq bacarığı və bunun üçün bədii dil. Dayanmadan fərqli eksperimentlər aparmaq, qələmi korşalmağa qoymamaq, ilham pərini bəsləmək.
– Hər yeni əsərdən sonra hansı hissləri keçirirsiz? Yazıçılıq həm də məğlub olmaq deməkdir?
Doğuş sancılarından xilas olmuş ana kimi. Adam öz yazdığı əsərin pisini yaxşısından fərqləndirə bilmir. Çünki hər birinə eyni canı qoyub, nurunu, saniyələrini xərcləyib. Bu sarıdan mətn yazarın doğmasıdır, mehr saldığı balasıdır. Öz qələminə məğlub olmaq isə şahanə bir hissdir. Bəzən yazmaq istədiyini yazmağa tam gücün çatmır – yazmaq istədiyin qalır bir tərəfdə, qələm sənin ağzını burur başqa səmtə. Olursan qələmin qulu-köləsi. Bax əlimdə bir romanım var. Ha istəyirəm ki, ağzını yığım, canımı qurtarım, birdən selin ağzı açılan kimi coşur üstümə. Romanın ərköyünlüyü deyilən bir şey yəni. Sənə elə gəlir ki, mətn dolub, sonluğa yaxınlaşırsan, amma birdən qələm elə cuşa gəlir ki, mustanq kimi təzib dayanır on kilometr aralıda, indi gəl ona çat görüm necə çatırsan. Mənim məğlub olduğum, məni əsir-yesir eləmiş bu cür yazılarım olub. Canımı onlardan qurtardığıma çox sevinirəm. Hərdən indi də o mətnlərimə baxanda qorxa-qorxa baxıram. Çünki, şeytan adamı qıdıqlayır, istiyirsən ki, qələmi təzədən buluyasan o yazılara…
– Bəs sizi hansı kitablar daha çox heyrətləndirir?
Reallıqla irreallığın sərhədlərinin götürüldüyü mətnlər, yalanı adama bal kimi yedirdən mətnlər, özünü sənə güzgüdə göstərən, səni sənə sillə-şapalaq etdirən mtnlər, diksindirən, bir tək sənə məlum olan sirrini faş edib açan mətnlər.
– Necə düşünürsüz, kitabın qüdrəti insanın mənəvi aləmini qorumağa çatarmı?
Tam anlamda yox. Kitab insanı tərbiyələndirmir ki, sadəcə, içində tərbiyələnmək üçün bəzi reflekslər oyadır. Bütöv anlamda Ədəbiyyat insanlara insanlığı təbliğ edir.
- Necə, hansı yolla?
Hərə bunu bir cür həll edir. Mənim fikrimcə, ən əsası insanı özüylə baş-başa, vicdanıyla təkbaşına qoymaqdır. Qalanı vicdanın öz işidir.
– Nəsr əsərləri yazırsız… Sizcə, nəsr əsərində ən mühüm nədir?
Ədəbiyyatın məqsədi min bir yolla insanların üzündəki maskanı götürüb onların içini açmaqdır. Bu baxımdan da ədəbi nümunələrdə bizim üçün hadisə yox, hadisənin bədii yükü lazımdır. Toxuna bildiklərimiz yox, toxunmaq istədiklərimiz əsasdır. "Ədəbiyyat real hadisələri əks etdirir" fikrinin ədəbiyyata heç bir dəxli yoxdur. Anlamalıyıq ki, yazarın kredosu oxucunu "sındırmaqdır", onu dərinliklərə çəkməkdir. Yoxsa, oxucu yedəyində getməklə, sadəcə, sıradan oxucuların rəğbətini qazanarsan, o da əsərin oxunması zamanı... Belə əsərlər seriallar kimidir, bir dəfə oxuyarsan və kənara atarsan və yeni serial axtararsan...
- Əslində isə...
- Ədəbiyyatın missiyası insanı yetişdirmək deyil, ona yerimək üçün kömək etməkdir. Kömək isə ona öz qüvvəsinə inandırmaqdır, həm də yaşadıqlarıyla deyil, yaşamaq istədikləri ilə "yaşatmaqdır". Bunun üçün oxucunun da gördüyü hadisələrə sehrli əl gəzdirmək lazımdır. Yazar təkcə xəyal qurmaqla yox, həm də onların həyata keçəcəyinə oxucunu inandırmalıdır, çünki oxucu həmişə inamsızdır, həmişə dayaq axtarır özü də bilmədən. Yazıçı həmişə oxucudan ucada olmalıdır və ona yemək istəmədiklərini də yedirtməlidir! Oxucunu təsir dairəsində saxlayan əsərlərdə təxəyyüllə gerçəklik arasında sərhədlər itir, belə olduqda oxucu qəhrəmanın halına, sadəcə, acımır, həm də onu çıxılmazlıqdan qurtarmaq üçün “müəlliflə vuruşur", belə məqamda oxucu obrazla bütövləşir, tamlaşır, müəlliflə əks cəbhədə dayanır. Odur ki, qələm nəyi etməklə nəyi etməmək arasında fərqi görə bilmirsə, ondan filan yazının müəllifi olar, yazıçı olmaz. Yazıçı əsərdən nə istədiyini bilməklə yanaşı niyə istədiyini də bilməlidir. Oxucu ilə bərabər dayanan yazar nəsə verə bilməz!..
– Deyirlər mühabaribə mövzusunda əsərlər az yazılır və ya heç yazılmır. Siz necə düşünürsüz, hal-hazırda cəmiyyətimizdə hansı mövzuda kitablar daha çox oxunmalı, hansı mövzularda əsərlər daha çox yazılmalıdır?
Bu fikirlə razı deyiləm. Son dövrlər ən çox yazılan mövzu elə müharibə mövzusudur. Cəmiyyətin hər qaranlıq küncünə işıq salınmalıdır, eləcə də işıqlı bölgələr fərqli yöndən yenidən işıqlandırılmalıdır. Bidiyimiz çox şeylər daha ənənəvi lampa işığında əvvəlki kimi görünmür. İşığın “LED”, “limuniset” növləri olan kimi, qələmin də uyğun işıqlandırma imkanları olmalıdır. Onda görəcəyik ki, çox şeydə haqqı nahaqqın güdazına vermişik.
– Yazıçılar Birliyi ilə yollarınız necə toqquşdu?
Rəşad Məcid ağlıma saldı, – “Niyə bizim üzvümüz olmamısan?” – deyəndə, – Mümkündürmü, razı olarlarmı? – dedim. Sağ olsunlar – Əsəd Cahangir, Qulu Ağsəs və Rəşad Məcidin zəmanətiylə bu Ocağın üzvüyəm və bundan məmnunam.
– Bu gün doğum gününüzdür, hansı əhval-ruhiyyədəsiniz?
Yaşlanmaq olar, amma qocalmaq istəmirəm. Sevənlərimə, sevdiklərimə yük olmaq istəmirəm. Azad və dinc dünyada firavan yaşamaq istəyirəm. Yan-yörəmdə yaxşı insanların olmasını arzulamışam. Naşükür deyiləm, insanlığı müqayisə etmədən sevməyə çalışıram.
– Allahdan özünüzə nə istədiniz?
Verdiyinə şükr edirəm və haqqımın çatdığından artığı ilə Onun zəhləsini tökmək istəmirəm.
– Yeni yaşınızda, yeni kitabınızı gözləyək?
Gözləyin. Bu il “Şeytanla rəqs edənlər”lə “Mən də varam!” deyəcəyəm, inşallah...
Söhbətləşdi:
Şəhla Aslan
Manera.az