Həyat ağacından düşən yarpağıq - Şeirlər

Manera.az gənc yazar Əyyub Xəyalın şeirlərini təqdim edir:
YALNIZLARIN SIRASI
Qapını bağla,get,qayıtma daha
Qəlbimi qapının arasında qoy
Varlığın ucuzdur,yoxluğun baha
Bizi yalnızların sırasında qoy
Güzgünün önünda kölgən dayansın
Saçlarımdan itsin əlinin izi
Üzümə baxmağa gözün utansın
Ayrılaq burdaca, öldürək bizi
Məni üzməyəcək sənin gedişin
Bəlkə də ,üzümü güldürüb keçər
Yalnızlıqdır peşən, getməkdir işin
Gedişin sadecə öldürüb keçər
Soyuyub baxışın, üşüdür məni
Ürəyim gözündən nəm çəkir yenə
Mən ölümlə əvəz edərəm səni
Kimlər məni əvəz edəcək sənə?
Dolanar beynimdə gözündəki çən
Həsrətin öldürər bir neçə kərə
Canım çıxsa sənsiz darıxmaram mən
Darıxar daş-divar, bəlkə pəncərə
Getmə dayan ,yalan deyirəm inan
Getsən yuxularım qalacaq oyaq
Əsəbin küləyi əsdi bircə an
Qürurum yerimə danışdı bayaq
Ayın gözlərində ulduz yatacaq
Sənsiz döyünməyən ürək olacam
Günəş Qərbdən çıxıb Şərqdən batacaq
Cənnətdən qovulmuş mələk olacam
ÖZÜNƏ YAD
Bəşəriyyət elə yaranaydı kaş
Özünə kənardan baxa biləydi
Hər dəfə ömürdən bezəndə insan
Qəlbini çıxardıb taxa biləydi
Ürəyi yerindən çıxardan zaman
Durula ,dincələ insanın başı
Yenə sinəsinə taxanda qəlbi
Pozula dönməyə köhnə yaddaşı
Dünyaya yenicə göz açmış kimi
Həyatın şimşəyi içində çaxa
Gözünü tərsinə çevirə insan
Özünü tanıya, içinə baxa
Gözlər böyüdükcə dünya kiçilər
Fikirlər beyinə sığışmaz daha
Sonsuz kainata sığışan adam
Özü-öz içinə sığışmaz daha
Üstündən-başından dünya yıxılar
Yıxılan dünyanı yerdə əzməyə
Yüksələ həyatın ən zirvəsinə
Ayaqla düşünə başla gəzməyə
Ruhumu özümə yaxın bilmədim
Özümdən dandığım cox sirlərim var
Elə yaradıb ki, məni yaradan
Dünyaya böyüyəm, özüməsə dar
BƏLKƏ
Çoxdan özümüzü ölmüş bilmişəm
İndi dirilməyin adı nədir ki?
Hələ dadmamışıq,dadın bilmirik
Ölüb dirilməyin dadı nədir ki?
Bəlkə doğulmadıq,insan deyilik
Həyat ağacından düşən yarpağıq
Ətdən-sümüklərdən ibarət olan
Nəfəs alıb verən canlı torpağıq
Bəlkə yaradanın yazıb-pozduğu
Dünya tarixinin yazı daşıyıq
Göylərdən gəlib yerə çatmayan
Ağlayan mələyin gözün yaşıyıq
Allah nəfəsindən ruh veribdirsə
Demək 'yox 'içində bir çoxluğuq biz
Bizim gözümüzə görünməz olan
Yoxluqdan var olan bir yoxluğuq biz!
Bəlkə Allahın heç demədiyi
Əsla yazılmamiş Quran sözüyük
Ulu Tanrımızın Dünyanı görən
Gözə görünməyən haqqın gözüyük