manera.az
manera.az

Altmışdan o yana... - Mehman Qaraxanoğlu yazır...

📅 18.12.2017 09:30

Altmışdan o yana... - Mehman Qaraxanoğlu yazır...

ALTMIŞDAN O YANA...

Adil altmışa gəlib çatdı. Özüm sözlə yazdım. İstəmirəm qarnını irəli verib şellənsin sıfır rəqəmi. Belə yaxşıdır...

Dostluğumuzun tarixçəsi yadımdadır. Amma dəqiq yox. Nədir “dəqiq?” Onun mövcud olduğu yeri desəniz, gedib baş çəkərdim...

Elmi mübahisələrimiz zamanı (elmi ha!) yaşca hamımızdan kiçik tələbə dostumuz Hacının iynəli, iynəsiz, müdrikanə, müdrikanəsiz atmacalarının qarşısında köksümüzü qalxan edib bir qədər “qəzəbnak” olduğumuz çağlarda qəfil Avdının: - “Ölerəm, a dağlar!” deməsiylə aramızda sülhəbənzər bir istilik yaranardı. Və bu istiliyin təmasından Hüseynin səs telləri elə yumşalardı ki: “Bir pərdənin iki səsi, Biri sənsən, biri mən, Bir almanın iki üzü, Biri sənsən, biri mən...”. İslam Rzayevin oxuduğu bu mahnını Hüseynin ifasında sevdik. Biz bir pərdənin iki səsi və bir almanın da iki üzünün olmasına inanmışdıq. O üzlərdən biri biz idik. Bəs o birisi?! Hətta çox zaman “liberal” mövqeyi ilə seçilən tələbə dostumuz Şahid də bu sualın əlində əsir-yesir qalardı. Romantik Murad bu sualın gerçək cavabının siqaret tüstüsünə yazıldığını bildiyindən bayıra cumardı...

Altmışdan o yana... - Mehman Qaraxanoğlu yazır...

Biz iki “yetim” – Şakirlə mən, (Qrupda atalarını hamıdan tez itirən biz idik. Sən demə, bizə “xüsusi” diqqətin bir səbəbi də buyumuş. Bunu qırx dörd il keçəndən sonra, yəni, bu yaxınlarda Hacı “qəddarcasına” dedi mənə) boynumuzu büküb durardıq. Hacının söylədiklərinin həqiqət olduğuna inansaq, bu andıra qalmış boyunlarımızı heç bir zaman büküb eləməzdik. “Kasıb” qürurumuz qoymazdı! Biz haradan biləydik ki, boynubüküklük köhnə arxetipdir və həm də atasızlığı simvollaşdırır...

Dostumuz Adil heç dəyişmədi. Dəli-dolu, polemikanı sevən, öz həqiqətini nəyin bahasına olursa olsun sonacan müdafiə edən və telindən-dırnağınacan milli olan həmin Adildir ki, var. Və bir az da uşaq olan Adil! Bəlkə daha çox Uşaq olan?! Əlahəzrət faktla danışmağı sevirəm. Elə bu xasiyyətim dostumuz Fərzuqun xoşuna gəlmir və tez-tez: “Sənə “kastel” lazım deyil” – söyləyir. Amma mən də sevgimdən dönən deyiləm. Gündəliyimdən: “20.XII.1977. Bir az bundan qabaq ədəbiyyat haqda qızğın mübahisə getdi. Hərə öz fikrini qızıl bayraq kimi irəli vermək istəyir.
Adil: Bizim ədəbiyyatımız ən mütərəqqi ədəbiyyatdır, vəssalam. Çünki zirvədən başlanır – Nizami zirvəsindən və zirvəyə doğru yüksəlib.
Mən: Rus ədəbiyyatı isə dərədən qalxıb zirvəyə.

Şakir: Bütün müqayisələr qüsurludur.

Gündəlikdə mübahisəmiz “davam edir”. Amma mən burada dayanıram. Bugün üçün çox aşağı əyarlı düşüncələrlə yormaq istəmirəm sizi.
Adil də çox-çox sonralar yazacaqdı: “Ağlımdan gecə vaxtı bir sərsəm fikir keçdi. Tanrının böyüklüyünə və sənin zəifliyinə arxayın olub deyirəm: Dədə, sən Cənnətdə, mən Cəhənnəmdə olacağamsa, orda necə sübut edəcəksən ki, sən düz deyirmişsən?!”.
O zamanlar iki rəng tanıyırdıq: Ağ və qara. Paradoksal olsa da, qara da bizim üçün ağ kimi bir şey idi. Amma belə mübahisələrsdə hərdənbir “gərəyimiz” olardı...

Adilin öz dünyası vardı. Hələm-hələm oraya müxalif fikirləri buraxmazdı. Bizimlə müqayisədə onun sərt, cod, qətiyyətli, bir sözlə, kişi xarakteri daha tez formalaşmışdı. Çox-çox sonralar bunun nədənlərini özüm üçün çözdüm – başlıcası, o, tanınmış dilçi-metodist alim və gözəl ata Həsən Balıyevin ailəsində doğulmuşdu, ikincisi, Zəngilanın ana çinarları öz rişələrini həm də onun içinə atmışdı və bu təmasdan həm Adil, həm də o çinarlar xoşbəxt idi, onda bu xoşbəxtliyin nə qədər sürəcəyini heç kəs bilmirdi və əslində, bilməməzliyin o magik gücü onları rassionallıqdan sərməstlik səltənətinə atmışdı.

Altmışdan o yana... - Mehman Qaraxanoğlu yazır...

“Sizin yaxşı və pis biri olmağınızın yaşayış yerinin vecinə deyil”. (Ç.Aytmatov) fikrini qəbul edirik. Amma Adil, nəhayətsizliyəcən uzanan bir cüt qatar relsinin həm əvvəl, həm də son olmasını hər an o məkandan keçən qatarların fit səsindən sezmişdi: “Bu yerlərdə qatarlar Şərqdən Qərbə, Qərbdən Şərqə gələr, gedər... gedər, gələrdi...”. Bu sözlər sanki təkcə Sarı-Özək düzü üçün deyil, həm də Adilin yaşadığı Mincivan qəsəbəsi üçün deyilmişdi.
Adil o vaxtdan öz Yolunu tutdu. Məhz öz yolunu! “Səni çox alqışlayırlarsa, öz yolunda deyil, səni alqışlayanların yolundasan”. (F.Nitşe) Bütün əyrilikləri kəsən Adil Yolu əyninə mücahid paltarı geyərək özünü Azadlıq Hərəkatının şahə qalxan dalğaları arasına atdı. Düzdür, tələbə dostlarımızdan heç kəs bu tarixi çalxanışdan kənarda qalmadı. Amma heç birimiz Adil və Əsgər qədər olmadı. Adil alovlu vətənpərvərliyi və siyasi fəallığı ilə seçildi, öncüllərdən birisi oldu! Əqidə dostları qazandı. Özü də təmizlik, saflıq örnəyi oldu.

“Karamazov qardaşları” romanında göydən enən Həzrət İsaya şəhərin baş rahibinin dediyi sözlər bunlardır: “Aramızda nə işin var artıq? Biz sənin adına ümmətini idarə edirik, çıx get”. Pafossuz, metaforasız sadə sözlərdir. Bəzən heç getmək üçün göydən enmək də lazım olmur. Sadəcə, çıx get!
Getdiyi və qayıtdığı yolların hamısı Adili, Müəllimliyinə gətirib çıxarırdı. Adil əsl müəllimdir. Bu adı hələ tələbəlikdən haqq eləmişdi. Onun şairliyi və alimliyinə də söz ola bilməz. Publisistikası da öz yerində. Müəllim, şair, publisist Adil Balıyevin mətnləri bizə hansı informasiyaları ötürür? O, öz mətnlərində necə görünür? Sualları cavablandırmaq üçün bir qədər uzaqdan başlamalıyam. Lap uzaqdan... Bəlkə yaxından?! Xatırlayarkən hər şey yaxın gəlir axı. Yanılma şansımı özümdə saxlayıb birbaşa deyirəm: Tələbə dostlarımız arasında şair kimi ən tez parlayan Avdı oldu. Hələ “Qoşqar” təxəllüsünə çox qalırdı. O, çox iddialı idi. Bizim işimiz hər gün ona yeni-yeni təxəllüslər tapıb gətirmək idi. Elə bil yarışa girmişdik. Elə bil Tanrı özü bizi bu cəzaya layiq görmüşdü. Amma ən sonda ümid ölür: O zaman Azərbaycan ədəbiyyatına böyük bir şairi “bəxşeyiş” edəcəyimizə inanırdıq. Günlərin bir günü Adil “Bir damla işığ”ını hamımızın, başlıcası isə Avdının gözünə saldı. Adil gur səslə: Şairlər təkcə Qzaxdan çıxmır, - dedi. Hələ şeiri oxumamış alqışladıq onu. Mətn-zad başımıza girmirdi, onun cəsarətini alqışladıq. Və ən “tragikomik” və “ədalətsiz” hal o idi ki, bütün bunlar yekdilliklə seçdiyimiz baş tənqidçimiz Dostəli müəllimin gözləri qarşısında baş verirdi... Nəhayət, mətn gəldi: “Gülüm. Bu yerlərdə, hicran dolu gecələrdə, Dayanmıram yaraşıq üçün. Dayanmışam ürəyimə lazım olan bircə damla işıq üçün... Bu işığın şöləsində, Həsrət dolu nəfəsində yanaram mən. Gecələrdə bu işıqda qızınmasam, Gündüzlərdə günəşi də danaram mən. Atəşi də danaram mən”. Hə, düşünməyə dəyərdi. Avdı çox dərin fikirlərə qərq olmuşdu...

“Müxtəlif rənglərlə bəzənmiş həqiqətdənsə, ağ yalan gözəldir”. Adilin sözləridir. O nə həqiqəti bəzədi, nə də ağ yalan dedi. Bu cümlədə dostumuzu özünə çəkən “ağ” sözüdür, vəssalam. O, hər şeyi ağ görür. Dostumuz “qaradan artıq rəng yoxdur” düsturunu da beləcə alt-üst etdi. Çevrəsində də ağ-ağ adamlar... Adilin simasında biz bütün Zəngilanı və zəngilanlıları sevdik. Adilin dostlarını dostlarımız bildik. Tofiq müəllim (Ruhu şad olsun!), Sərdar, adaşı Adil, Səxavət, Əmir, Vidadi gəlib durur gözlərimizin önündə. Hər birisinin də bəbəyinin tən ortasında bir çinar. Və gölgəsi dostların üstünə düşən bir çinar...

Adilin şeirlərindən biri “Dağlar” adlanır. Poeziyamız çox “Dağlar” görüb. Amma Adilin “Dağlar”ı tarixi-informatik gücü, rəng bolluğu və nəfəsi ilə seçilir. Bu, haradasa gedib çıxır Aşıq Ələsgərin “Dağlar”ına. Dağ, sadəcə, üz tuta biləcəyin konkret bir dış atributudur. İçdə sıralanan dağların isə konkret ünvanı yoxdur. Və bu ünvansıslığın sonucu Tanrıdır: “Kol dibindən bənövşəni Dərənmirəm, unut məni. Gəlsəm üşüdəcək səni, İçimdəki sazaq, dağlar. Tanrı dayaq dura bizə, Gecələr dönə gündüzə, Vətən adlı dərdimizə, Səni dərman yazaq, dağlar”. Elə bil Adil yuxarıda adıkeçən dostlara üzünü tutub deyir: “Tanrı dayaq durar bizə”. Nə deyirik, təki belə olsun...

Adil həyatda necə iddiasız və təmənnasızdırsa, mətnlərində də o cürdür. Yox, mətnlərində bir az başqa cürdür – özündən umduğu vardır: dil vahidlərinə aşırı dərəcədə tələbkarlıq, həssaslıq və dəqiqlik. O, sözlərin üzərinə sevə-sevə gedir və sözlər də o cür qayıdır ona.
Hər sözün ruhunda bir qədimlik vardır. Məhz o qədimliyə gedib çıxanda nəsə alınır. Fərqi yoxdur, bu, şeirdir, ya xırda bir cümlə və ya nəsr parçası. Başlıcası, oraya gedib çıxmaqdır. Adilin “Deyil” adlı bir gəraylısı vardır. Şeir yeganə övladı Ərtaca yazılıb. Adətən, el arasında hər hansı bir qəlizliyi çözmək istəyən “naşı”lara deyilir: “Sənlik deyil, bala”. O qədimlikdən çağımıza şair baxışı çox mənalı və ibrətamizdir. Şeirdə, düyünə düşmüş məlum hadisələrə özünəməxsus və haqlı bir vətəndaş mövqeyini görürük:

Şimşək, dolu sıxır evi,
Son mənzili, axır evi.
İndi namərd yıxır evi,
Çaylıq, sellik deyil, bala.
Adamlar işin itirir,
Zaman gərdişin itirir,
Daraqlar dişin itirir,
Şəvəlik, tellik deyil, bala.
Halal haramı ötməsə,
İnsaf damarda bitməsə,
Tanrı köməyə yetməsə,
Obalıq, ellik deyil,bala.

Adil müəllim təkcə bədii mətnlərində deyil, pedoqoji fəaliyyətində də dilə sonsuz sevgisini sübutlamış modern təfəkkürlü bir alimdir. O, uzun illərdir ki, ali məktəb tələbələrinə “Azərbaycan dilinin tədrisi metodikası”nı öyrədir, hər hansı bir mətnə məlum ənənəvi qəliblərdən çox-çox uzaq olan hermenevtik yanaşması ilə diqqəti cəlb edir. Ən maraqlı, həm də kövrək məqam ondan ibarətdir ki, o, atası, görkəmli alim, prof.Həsən Balıyev tərəfindən hazırlanmış və uzun illər respublikanın bütün pedaqoji ali məktəblərində, o cümlədən BDU-da əsas fənn kimi tədris olunan “Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası” dərsliyini təhsil sahəsində gedən islahatlara uyğunlaşdırmaqla 380 səhifəlik yeni bir kitab ortaya qoydu. Təbii ki, kitabın iki müəllifi vardır: Həsən Balıyev və Adil Balıyev. Və o, Ata qarşısında övlad borcunu beləcə misqal-misqal ödəyir...
Adil müəllim bu istiqamətdə axtarışlarını davam etdirməkdədir. Onun “Azərbaycan dili. (türk dili hazırlıq qrupları üçün dərslik), “Azərbaycan dilinin tədrisi metodikasından seminar, praktik və laborator məşğələlər” dərs vəsaitləri də elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Bir dərs vəsaiti – “Ədəbiyyat təlimində varislik” və “Bir az sevgi, bir az da...” şeirlər kitabı çapa hazırlanır. Çox gözəl. Bizə sevinmək qalır.

Adil gəlib altmışa çatdı. Çox ağayana çatdı. Altmışın da onu sevgiylə gözlədiyinə inanıram... Bilirəm, sərsəm fikirdi, kaş insan öz ömrünü sondan əvvələ doğru yaşayaydı. Bəlli zamandan bəlli zamana doğru... Zənnimcə, gözəl olardı. Ən azından, öncədən tutmuş yükünü dağıda-dağıda aşağılara yuvarlanacaqdı... Bu, bir aləmdən başqa bir aləmə keçid effektini yaradar və insan öz mövcudluğunun hüdudsuzluğunu dərk edərdi. Adilin dostları onu hər dəfə görəndə bu halı yaşayırlar. Adil, kainatı bizim üçün qədərincə genişləndirə bilir. Biz bunu Tanrıya kömək kimi qəbul edirik. Necə ki, övlad öz ata-anasına kömək edir... Adilin özü də Allahın ən sevimli bəndəsi olduğunu gözəl bilir:

Tanrı qıydıqların xırıd edirəm,
Ömrüm yonqarlanır, rəndəsi mənəm.
Sonu ona gedən bir yol gedirəm,
Tanrının sevimli bəndəsi, mənəm.

Mətndə hər şey yerindədir. Sadəcə, fikrim dostumu imtahan etmək deyil, bilmək istəyirəm: Əziz dost, O-na gedən yolun sonu varmı?! Yolun mübarək!

Altmışdan o yana... - Mehman Qaraxanoğlu yazır...Mehman Qaraxanoğlu,
MANERA.AZ



Baxış sayı - 2 762 | Yüklənmə tarixi: 18.12.2017 09:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031