"Şabran ədəbi mühiti" - 5 imza

Manera.az "Bölgələrdə ədəbi mühit" layihəsini davam etdirir.Layihənin ikinci ünvanı "Şabran ədəbi mühiti"dir.Şabran ədəbi mühitini təmsil edən 5 imzanı təqdim edirik:
Ağalar MİRZƏ
DƏYƏRSƏN MƏNİM XƏTRİMƏ
Dəyərsən mənim xətrimə,
Xatirəmi də daşlarsan.
Bir gün düşüb qəfil ölsəm,
Yəqin məni bağışlarsan.
Ölüb getdim, unutmadın,
Yoluma işıq tutmadın,
A gözləri bulud qadın,
Xatirəmi yağışlarsan.
Yazıb Bisituna adın,
Öldü bu eşqin Fərhadı.
Cən də öz başını qatıb
Təzə sevdalar başlarsan.
Sevdalar dərin olmasa.
Ölsəm, xəbərin olmasa,
Qalmağa yerin olmasa,
Gəlib gözümdə qışlarsan.
GETDİN
Getdin, sən də getdin,bahar da belə,
Məni tənha qoyub yağışla-qarla.
Gedən qışla gedir, yağışla gedir,
Durna qatarında gəlir baharla.
Mənim ünvanımda bir yazın adı,
Taleyim sevginin suçəkənidi.
Bu yazın sevinci səninlə olsun,
Mənə o payızın dərdini gətir.
Mənim o illərdə məzarımı qaz,
Gəzirəm, gülürəm, demə ki, sağam.
Məni bu sevgisiz yazda dəfn elə,
Sevgili payızda qayıdacağam.
AY Bəniz ƏLIYAR
DEYİRLƏR Kİ..
deyirlər ki, məndən qalan xatirələri
zirzəminin bir küncünə yığıb atmısan.
ovunmayıb ürəyinin sızlayan yeri,
üstündə də şəkillərdən ocaq çatmısan.
işıqlanıb zirzəminin zülmət gecəsi,
məktublarım gec alışıb, birdən sönübdü.
yanıb, yanıb ağrı dolu şəkil-nəfəsim,
əllərim də şəkillərdə külə dönübdü.
gözləmisən bu "yanğın" da yetişə sona,
yavaş-yavaş ürəyinə bir ağrı dolub.
sonra birdən qıymamısan baxışım yana,
əl atmısan alovlara, amma gec olub.
saçlarım da çırthaçırtla yanıb şəkildə,
ümidimin son nəşəsin çəkib o gecə.
bağçanızda paltar üçün asılan teldə
xəyallarım öz-özünü asıb gizlicə.
sənsizliyi taleyimə dərd yazıb yazan,
söndürmüsən bir ürəyin gur alovunu.
bilməmisən yığıb külün hara atasan,
qorxmusan ki, torpaq belə götürməz bunu.
deyirlər ki, səninçün də bitibdir bu dəm:
sevda dəmi, vüsal tamı, hicranın dadı...
deyirlər ki...
qoy desinlər... mən ki, bilirəm....
ürəyində yerim ayrı, taxtım ayrıdı...
HAQQIN ŞEİRİ
bir tərəzi sarsaqlığı yaşayır ömür,
üç verəndə beş alandı dünya, çox heyf.
itib daha hallallığı, haqqa haqq demir,
əyri olmaq şərəf işi, düz olmaq eyib.
göyləri çap, buludlardan göyqurşağı tut,
xəyal dünyan səninkidi, bir buna sədd yox.
yum gözünü bu dünyaya, düzlüyü unut,
haqq demə ha, bundan özgə ağır qələt yox.
düşünmə ki, kor nalbəndi neyləyir atın?
mıxı vurub saxlayıbmı yenə yarıda?
heç bir zaman düz getməyib çərxi həyatın,
sudan keçib, gəlib-gəlib batıb quruda.
dərdlər köhnə, Nuh əyyamı deyib, gələndə,
biganə ol, yaşamaqçün, bax, budu doğru!
sən ağlama, dərd üzünə bic-bic güləndə,
bilirsən də, qatil olub Nuhun bir oğlu.
bacarırsan öz qəlbini heç kimə vermə,
ölənəcən qurumaz ki, gözünün yaşı,
keç yanına, keç başına, qəlbini görmə,
bilmə, neçə günah iyi verir üst-başı.
bir qaranlıq otaq olsun dünya səninçün,
pəncərənin pərdəsində külək oynasın.
bir sevgi tut xəyalında, bitsin ömür-gün,
burax, canım, bu ağrıyla ürək oynasın.
yalanların küməsini yıxma başına,
bir az saxla xurcununda, lazımın olar.
doğrularla girmək olmur ömrün qışına,
xatirəsiz, xəyallarsız qzmır havalar...
Qafar SÜLEYMAN
VƏTƏN
Kaş səni elə vəsf edəydim ki, mən,
Adına yaraşan sözüm olaydı.
Çıxaydım zirvənə sənin, ey Vətən,
Qoynunda əbədi izim qalaydı.
Keçəydim Muğandan, keçəydim Mildən,
Ayağım çöllərdən yığışmayaydı.
Bir çələng hörəydim çiçəkdən, güldən,
İsti qucağına sığışmayaydı.
Söz aça biləydim zəfərlərindən,
İlhamım ümmantək coşub-daşaydı.
Sənin bu günündən, səhərlərindən,
Eşidib yadların ağlı çaşaydı.
Açaydı qolların mənə dağ, dərə,
Baxıb vurulaydım hüsnünə, Vətən.
Günəş səcdə üçün enəydi yerə,
Bir dastan yazaydım şəninə, Vətən.
Budur həyatdakı arzum, diləyim,
Gecəni gündüzə mən qatmalıyam.
Nə qədər ki, sağam, vurur ürəyim,
Səninçün, ey Vətən, sənin adına,
Ən şirin nəğməmi yaratmalıyam.
AĞLAYAN KİŞİLƏR ÇOXALIB DAHA
Dərd var ötüb keçər, ürək dağlamaz,
Hər əzaba dözən coşub-çağlamaz.
Çox da deyirlər ki, kişi ağlamaz,
Ağlayan kişilər çoxalıb daha.
Vətənin içində Vətənsiz olan,
Əlləri göylərə uzalı qalan.
Çadırda doğulan, çadırda solan,
Ağlayan kişilər çoxalıb daha.
Doğma obasından elindən uzaq,
Dağından, daşından, çölündən uzaq.
Yaşılbaş sonalı gölündən uzaq,
Ağlayan kişilər çoxalıb daha.
Göydən üstümüzə yağan daş deyil,
Gözlərdən süzülən qandı – yaş deyil.
Ağlamaq, sızlamaq yersiz, boş deyil,
Ağlayan kişilər çoxalıb daha.
Nə üçün belədir dünyanın işi?
Pozulub zamanın sanki gərdişi.
İntiqam almaqçün ağlayır kişi,-
Ağlayan kişilər çoxalıb daha.
Aydın TAĞIYEV
"GƏLİNCİK"
(hekayə)
Ata evə - ev deyəndə ki, doğma yurd-yuvalarından didərgin düşəndən bəri sığındıqları daldalanacağa o gün kefi kök qayıtmışdı. Qapını evin kişisinin üzünə açan qadın, yorğun-arğınlıqdan az qala ayaq üstdə dura bilməsə də, kefinin sazlığından başa düşdü ki, deyəsən, bu gün ərinin bəxti gətirib. Evə cibi dolu qayıtdığındandır ki, üzü-gözü də gülür.
Hər səhər gün çırtdamamış evdən çıxan kişi çox vaxt gecədən xeyli keçmiş evə elə üzgün geri qayıdardı ki, sanki bütün günü əli işdə-gücdə olub və o kişi nə iş desən qara fəhləliyi bacarırdı. Daş atırdı, hörgü hörürdü, suvaq vururdu, yer belləyirdi, həm də az qala bir həftənin işini bir günə görürdü.
Ancaq evə üzgün qayıdan vaxtlarda arvadı ərinin gözlərinə baxanda başa düşərdi ki, kişinin təkcə gözləri yorulub... O gözlər də, əlbəttə, onu işə dəvət edəcək bir iş adamını, sahib gözləməkdən, intizar qarışıq ümidlə yollara baxmaqdan beləcə yorulardı... Və kişi elə o günlərin elə o gecələri daş daşıyan, daş kimi ovulub heyi qalmayan, yer belləməkdən əldən düşmüş adam kimi yorğan-döşəyə daş kimi yıxılıb üzüqoylu qalardı.
Əksinə, kişi evə cibi dolu qayıdanda quş kimi uçardı. Arvadı bilirdi ki, o pulları əri necə ağır bir zəhmət hesabına qazanıb. Hər dəfə evinə çörək pulu ilə qayıdan kişi elə günlərdə yorğun-arğınlıq bilməzdi. Elə bil evə ağır, az qala qul əməyi tələb edən iş-gücdən yox, istirahətdən qayıdıb. Həmin gün evdə kasıbın olanından süfrəyə gələnləri yağ-bal kimi iştahla yeyər, yerinin içinə girən kimi də rahatca şirin bir yuxuya gedər, mışıl-mışıl yatardı.
***
Həmin gün də kişi sir-sifətindən yorğunluq-arğınlıq yağsa da kasıb komasına içəri elə bir əhval-ruhiyyə ilə girdi ki, arvadı da əlbəəl başa düşdü ki, kişinin bu günkü qazancı görünür, əvvəlkilərdən qat-qat daha çox olub.
Az sonra atasından anasına keçən o şadyanalıqdan hələ ki, evin yeganə övladı olan 6-7 yaşlı qızcığazları sevincindən atılıb düşməyə başladı.
Ata qızını öpüb başını sığallayandan sonra:- Hə, qızım, hazırlaş, dedi,- sabah dükana bazarlığa gedəndə səni də özümlə aparacağam...
... Hə, bu isə o demək idi ki, ata az qala bir ildən bəri az qala hər axşam qızına söz verdiyi vədi yerinə yetirəcəkdi; hər axşam atasının istər gözlərindən, istərsə də sir-sifətindən yağan yorğunluğunu anlamayan qızcığaz- Gəlincik istəyirəm,- deyə boyuna sarılar, qucaqlayıb öpər, qırsaqqız olub yaxasından yapışardı ki, gəlincik istəyirəm. Anası qızı yorğun atasından güclə ayırardı.
Ata da hər dəfə qızına bir söz deyib başını qatar, vəd verib günü-günə satardı. Qazancları gündəlik yemək-içmələrinə güclə çatardı. Bazarlığa evin qadını gedərdi. Qızcığazı evdə tək qoymağa qorxan ana onu da yanına özü ilə qatıb dükan-bazara aparsa da, qızcığaz anasından gəlincik almasını xahiş etməyə ürək eləmirdi. Ana da qızcığazının ürəyindən keçənləri bilsə də üzə vurmaz, qızı ilə dükan-bazara gedəndə gündəlik bazarlıqdan əlavə izahlı dəyərə yol verər, qızı üçün ucuz konfet, saqqız alar, sanki gəlincik istəyini yadından çıxartmağa çalışardı... Ancaq ata bu dəfə təntənəli surətdə elan etdi ki, sabah bazarlığa gedəndə onu da özü ilə aparacaq.
Özgə vaxt nə qədər dilə tutsalar da, gec yatan qızcığaz o gün erkən yerinin içinə girdi ki, sabah yatıb qalmasın...
-II-
Neçə saat idi ki, dilənçi qadın bahalı bir marketin qabağında səssiz-səmirsiz dayanıb durmuşdu. Keçib gedənlərə əl açmağa həyalanan yaşlı qadın həm də dil açmağa da utanırdı, sanki lal idi. Bir az əvvəl də bu dükandan iki-üç yuxarı tində də elə beləcə lal-dinməz dayanıb durmuş yol ötənlər heç şübhəsiz ki, onun diləndiyini bilsələr də, özlərini bilməməzliyə qoymuş, görməməzliyə vurub əl tutmamışdılar.
Yaşlı qadın da nə fikirləşmişdisə, yerini dəyişmiş, bu bahalı marketin qarşısına gəlmişdi. Marketə alış-verişə girənlər oradan zənbil-zənbil dolu çıxırdılar. Qadın fikirləşirdi ki, bu dolu zənbillər, ilahi, onun kimilərin az qala bir illik yeyib-içməyinə bəs edər. Ona isə çox yox, elə bir günlük ruzusu yetərdi ki, şükranlığını etsin. Sabaha isə Allah kərimdir. Bəlkə heç yatıb sabaha çıxmadı. Bəs belə isə bu insanlar dünyanı belə dörd əlli tutub nə durublar? Əcəl nədir bilmirlər. Olmaya dünya durduqca onlar da yaşayacaqlarına belə əmin-arxayındılar.
Dilənçi qadın özlüyündə beləcə götür-qoyda idi. İlahi, özün bəndələrinə rəhm elə.(dualar. Dini motivlər)
Dilənçi qadın birdən acı-acı gülümsədi. “Yaxşı deyiblər, toxun acdan xəbəri olmaz... Xəbəri olanda da daha gec olur...”
Axır ki, haçandan-haçana dilənçi qadın daha burada da dayanıb durmağın bir xeyri-faydası olmadığını anladı. Həm də marketə girib çıxanların da sayı yavaş-yavaş azalırdı. Alanlar aldıqlarını almışdılar...
Dilənçi qadın yorğun ayaqlarını sürüyə-sürüyə bahalı marketdən uzaqlaşdı. Hara gedəcəyini heç özü də düz-əməlli bilmirdi. Birdən özünü elə vitrinlərə düzülən satılıq mallardan o alıcıları da kasıb-kusub olduğu bilinən bir balaca dükanın qabağında gördü.
-III-
Qızcığaz evlərindən xeyli uzaq olsa da, atası ilə necə ayaqlaşıb qoşa gəldiyini bilmirdi. Quş kimi uçurdu. Anası ilə bu marketin qabağından yolu çox düşmüşdü və qızcığaz da marketin vitrinindəki irili-xırdalı gəlinciklərdə gözü qala-qala ayaqlarını sürüyüb qabağından keçmişdi. Nədənsə həmişə getdiyi yolu qabağa düz baxıb gedən ana qızı ilə bu marketin qarşısından keçəndə gözlərini yana çevirirdi. Və qızı ilə gedəndə qızının baxdığı səmtə ondan daha çox diqqətlə baxan ana bu marketin qarşısından keçəndə üzünü qızı baxan səmtdən yana tutardı...
Yəqin ki, elə ataya da bu marketi ana nişan vermişdi.
Marketin giriş qapısına çatanda nədənsə qızcığaz ayaqlarını sürüdü. Atası bir balaca duruxdu. Ata marketə girmək, neçə vaxtdan bəri qızının arzuladığı, elə özünün də ona söz verdiyi gəlinciyi almağa tələsirdi. Nədənsə qız isə elə bil içəri girməyə tələsmirdi. Ata da ayaq saxladı. Qızın gözləri qapının tinində lal-dinməz dayanmış nənədə qalmışdı.
Ata diksindi, Necə də anasına oxşayırdı.
Ata həm də heyrətləndi. Qızcığaz nənəsinin üzünü görməmişdi. Bəs üzünü görmədiyi nənəsinə oxşayan o qarıya nədən belə mehriban-mehriban baxırdı, elə bil doğması ilə rastlaşmışdı...
Qızcığaz atasının əlini sıxdı.
Qızın gözləri vitrindəki kuklalarda qalsa da dodaqları səyridi, az qala hıçqıracaqdı:
- Ata, nənə acığından burada durub?
- Bu hardan ağlına gəldi, qızım?- Ata özünü itirdi.
Qız susub fikrə getdi, sonra elə bil qəfildən yadına düşdü: - Hə, axı, anam deyir ki, ac olanlar heç vaxt əl açıb dilənməzlər, özlərini tox tutarlar. Qız nə fikirləşdisə:
- Ata, bəlkə gəlincik gələn dəfəyə qalsın,- deyə atasına baxdı.
Qız bunları elə qətiyyətlə dedi ki, ona heç nə deyə bilmədi. Qızının başını sığallayıb üzünü yana çevirdi. Bir anlığa əlini qızının əlindən çəkib bu dəfə cibinə salıb lal-dinməz qarıya yaxınlaşdı, əlindəki kağız pulu yumulu ovcuna basdı. Qarıdan uzaqlaşandan sonra elə bil qarının dodaqlarından qopan pıçıltını eşitdi: “Gəlin olasan, qızım...”
- IV -
Ata ilə qız uşaq oyuncaqları satılan satılan marketdən ayrılıb geniş yola təzəcə çıxmışdılar ki, aramsız maşın sıqnalları, yol polis maşınlarının vahiməli sirenaları onları diksindirdi. Elə küçədəkilər də səs-küy gələn tərəfə qaçırdılar.
Ata da qızının əlindən yapışıb oraya tələsdi. Nəsə bədbəxt hadisə olmuşdu. Yəqin ki, yol qəzası idi. Qızcığaz eşitdiyi xəbərdən üşürgələndi.
- Bəylə gəlinin maşını qəzaya düşüb...
- Vay, toyları yasa dönən bədbəxtlər!
- Ay arvad, bayquşluq etmə!- qəzəbli qadın səsi çımxırdı.
Hadisənin baş verdiyi yerə yaxın bir yerdən gələn səs isə qabağa yerimək istəyənləri, hadisəni bir növ elə öz gözləri ilə görməyə tələsənləri sakitləşdirdi:
- Əşi, şükür Allaha, salamatçılıqdı. Ölüm-itim yoxdu. Maşının qabağı bir balaca əzilib.
Ata bu sözlərdən yüngülləşdi. Dilənçi qadının sözləri yadına düşdü. “Gəlin olasan, qızım!” Sanki gəlin köçən qız da onun bir az qabaq dilənçi qadına verdiyi sədəqə ovsanaya düşmüşdü.
Ata toxtasa da, qızcığaz izdihamdan yarıb nə baş verdiyini öz gözləri ilə görüb sakitləşmək üçün uşaq marağı ilə irəli cummuşdu.
Və... Birdən qız hönkürdü. Uşağın bu hömkürtüsü yaşlı bir qadını təsirləndirdi. Onun saçlarını sığallayıb: Qorxma, a qızım, qorxma,-dedi,- nolub ki, maşındır da bir balaca əzilib. Bəylə gəlinin heç burnu da qanamayıb. Daha niyə ağlayırsan, ay canıyanan qızım?!. Qızcığaz gəlin maşınının qabağına bəzək üçün vurulan, qəzada zədələnən iri gəlinciyə baxa-baxa hönkürtüsünü boğub için-için hıçqırırdı.
Sadıq ELCANLI
"BİR BUDAĞIN TARİXÇƏSİ"
(hekayə)
Yol uzandıqca uzanırdı, sonu görünmürdü. Bədənini maşın, ruhunu sürücü kimi hiss edirdi.
Maşın yaman köhnəlmişdi, sınıb-tökülürdü. Onu məşhur bir ustanın yanına apardı.
- Buna bax, - dedi.
Usta maşının çox köhnə, yararsız olduğunu görüb, başından etmək üçün iki-üç qat yüksək məbləğ, əl haqqı istədi.
- Mən razı, - həmin an razılaşdı, - təki düzəlsin, yoxsa lap canımı boğazıma yığıb, təngə gətirib məni.Məşhur usta əl haqqını bir qədər də yüksək demədiyi üçün peşimançılıq çəkə-çəkə əlini uzatdı:
- Razılaşdıq, bir ay bir gündən sonra gəlib apararsan, - müştərinin düz gözlərinin içinə baxa-baxa gülümsədi.
O da əlini uzatdı, əl-ələ tutub razılaşdılar:
- Yaxşı düzəltsən əl muzdundan başqa mükafatı da olacaq, bütün hünərini göstər.
- Arxayın ol, - göz vurdu, - sən mükafatını hazırla, dediyim vaxtın tamamında gəlib apararsan.
- Oldu, usta, - bir də əl-ələ tutdular, sağollaşıb yarımqaranlıq emalatxanadan bayıra çıxdı.
Hər tərəfi ağappaq duman bürümüşdü, göz-gözü görmürdü.
Dar-dolanbac küçə idimi, dərin dərənin dibi ilə uzanan köhnə cığır idimi, üstündən asma körpülər sallanan, tozanağında ilanlar mələşən quru çay yatağı idimi, kəsdirə bilmirdi, eləcə üz tutub ağappaq dumanın içi ilə gedirdi. Birdən sağında və solunda hənirti, sonra açıq-aşkar səslər eşitdi.
Biri soruşurdu:
- Niyə etdin?
O biri soruşurdu:
- Niyə etmədin?
- Mən sizə cavab verməyə borcluyammı, məcburammı, - ani hikkəylə qabardı, - nə vaxt, harda, kimlərin yanında müqavilə bağlamışıq, hansı sənədləri imzalamışam?
Sağında və solunda uçurmuş kimi addımlayanlar, eyni tipli sualları təkrar-təkrar verənlər qəfildən susdular, hətta deyəsən çaşqınlıq içində bir-birinə baxdılar, bəlkə ilk dəfə çiyinlərini çəkdilər.
Ağappaq dumanın içindən keçən qəribə, müəmmalı yol uzandıqca uzanırdı…
Ağsaçlı həkim, qoca professor əlini sinəsində, düz ürəyinin üstündə gəzdirib, ehmalca sıxdı:
- Ağrı hiss edirsən? - Soruşdu.
- Yox, heç nə hiss etmirəm, - cavab verdi.
- Bir az diqqətli ol, az da olsa ağrı hiss etməlisən, bu, iki vur ikinin cavabı kimi adi, aşkar həqiqətdir. Mən qeyri-səlis məntiq-zad bilmirəm…
Hikkələndi, boğula-boğula pıçıldadı:
- Siz soruşdunuz, mən də cavab verdim, niyə yalan deməliyəm ki…
- Deməli, heç bir ağrı, yol yorğunluğu…
- Bəli, heç bir ağrı, yol yorğunluğu-filan hiss etmirəm!
- Qalxın çarpayıdan.
Ağappaq mələfə sərilmiş çarpayıdan qalxdı, üst-başını qaydaya sala-sala gözlərini qoca professora dikdi, onun nə deyəcəyini gözlədi.
Uzun-uzadı baxışdılar, nəhayət, professor dilləndi:
- Gedin, bir ay bir gündən sonra gələrsiniz, - bir qədər susdu, nəsə düşündü, təkrar xatırlatdı, - düz bir ay bir günün tamamında…
Külək köhnə, tozlu torpaq yolda min hoqqa çıxarırdı.
Sağında və solunda addımlayanlar hələ də çiyinlərini çəkə-çəkə çaşqınlıq içində bir-birinə baxırdılar.
- Mən sizə cavab verməkdən imtina edirəm. Bu nə biabırçılıqdır? Mən vəkil tələb edirəm! Nə istəyirsiniz edin, nə yazırsınız yazın, tüpürüm sizin…
Belə olanda yuxarıdan bulaq suyu kimi dumduru, torpağın altı kimi görünməz-bilinməz bir səs gəldi. Və onlar çaşqınlıqdan xilas olub suallarını bir qədər dəyişdilər.
Biri deyirdi:
- Bunu etdin…
O birisi deyirdi:
- Bunu etmədin…
Bir göz qırpımında bütün etdiklərini və etmədiklərini sadaladılar, göz-görəsi tərəziyə qoyub çəkdilər; tərəzinin hər iki gözü bir-birinə tən gəldi.
Yenə də çaşdılar, çıxılmaz çaşqınlığın çarəsiz yollarından keçə-keçə göylərə baxdılar.
- Özünüz heç nə bilmirsiniz, amma mənim elədiklərimi, eləmədiklərimi tərəziyə qoyub çəkirsiniz, - qəfildən sözü dəyişib soruşdu, - harada oxumusunuz, hansı universiteti bitirmisiniz?.. Düz-əməlli tərəziniz də yoxdur, ay bədbəxtlər…
Qəfil bir meh əsdi; bulaq suyu kimi dumduru təbəssümlü, yaz səhərinin qızılgülləri kimi göz güldürən, ruh oynadan möcüzəli bir meh idi.
Allah qələmi yaradıb dedi:
- Yaz!
Qələm çaşqınlıqla soruşdu:
- Nəyi yazım?
Onda Allah əsas sözünü söylədi:
- Bütün olacaqları, bütün qədəri yaz!
Və qələm ol sözündən əvvəl olacaqları yazdı, lövhi-Məhfuzu-Qorunan lövhəni yazıb tamama yetirdi. Və bütün olacaqların, bütün qəzavü-qədərin alın yazısına o ilk və son yazının möhürü vuruldu, şövqü düşdü…
- Bütün yazıları yazmısınız, olacaqları möhürləmisiniz, indi də sual-cavab edir, tərəziyə qoyub çəkirsiniz. - Kinayə ilə güldü, - hanı o faili-muxtar dediyiniz?
Çaşqınlığın çarəsiz yolları lap uzandı; yolun bu başından baxanda dünyanın o başı görünürdü.Yolda ucu-bucağı görünməyən qarışqa sürüsü kimi insanlar qaynaşırdı. Və yolun sağından-solundan gələn o sirli səslər də öz işindəydi; köhnə tərəzinin cırıltısından qulaq tutulur, göz göynəyir, ürək bulanırdı…
Ona elə gəlirdi ki, maşınını etibar etdiyi məşhur usta da, ağrısını görən, tanıyan qoca professor da haradansa ona baxır, lağ edib gülürlər. Lağlağı gülüşlərin nimdaş səmasından bozluq yağır, tənə-təhqir tökülürdü…
Bozluq, tənə-təhqir girdabında boğulurdu…
Varlığında anlaşılmaz bir qəribçilik hissi qara ilan kimi qıvrıla-qıvrıla sürünür, çıxılmaz girdab ruhunu sümürür, dözülməz qürbətxana soyuğu iliyi-sümüyü dondurur, buz bağlayan qanını göyüm-göyüm göynədirdi.
Torpaq, torpağın üstündən keçib gedən, uzandıqca uzanan köhnə yol yerbəyerdən çat verib uçqunlayır, dibsiz dərinliklərə axıb gedir, vahiməli yarğanlar yaranırdı…
Qəfil, ilğım kimi əlçatmaz bir fəhmlə gördü ki, yerbəyerdən çat verib uçqunlayan, yarğanlayan, dibsiz dərinliklərə axıb gedən torpaq, köhnə yol deyil, cildlərini qara-qonur mamır bağlayan qədim kitablardır. Az qala bütün səmanı tutan köhnə kitablar göz görəsi yarğanlayır, cildləri cadar-cadar olub ovxalanır, səhifələri tüstülənib közərən quru yarpaqlar, xəzəl xatirələr kimi dibsiz dərinliklərə axıb gedirdi.
Bayaqdan bəri sağında və solunda danışanlar susmuşdular, heyrət qarışıq bir intizarla sökülüb-tökülən köhnə kitablara baxırdılar.
Usta da, professor da təlaşla tamaşa edirdilər…
- Hə, baxın, - kinayə ilə dilləndi, - yaxşı-yaxşı baxın… O göndərilən, - əlini göylərə tuşladı, - ordan göndərilən kitablar da heç nə eləyə bilmədi. Qovulanların, sürgün olunanların nəslini - Adəm və Həvvanın törəmələrini nə xilas eləyə bilər axı?!Əvvəli səhvlə binələnən, ilahi qayda-qadağanın pozulmasıyla başlayan yolun xilası mümkündürmü? İlk peyğəmbər oğullarının, Habillə Qabilin başladığı, tarix boyu ümman-ümman qanlar tökən, dünya savaşlarından keçən qanlı davanı kim, nə vaxt, necə qurtaracaq? Bəlkə Şeytan haqlı idi; oddan yaradılanın torpaqdan yaradılandan üstünlüyünü deyirəm… Əgər haqlı deyildisə, o Şeytanı qisasa niyə imkan və meydan verildi?Nuh tufanı dünyanı təmizləyə bilməyəcəkdisə, niyə başladı? Düzüm-düzüm fironların, Herodislərin, Ponti Pilatların Yəhyalara, İsalara, başqa peyğəmbərlərə verdikləri qara-qorxunc əzablar, işgəncələr son nəticədə əbədi bir nizam, aydınlıq yarada bilməyəcəkdisə, o bəşəri tamaşalara ehtiyac vardımı? 20 Yanvar, Xocalı şəhidlərinin günahı nəydi?Yüz minlərlə insanın qanı içində «çiçəkləyən», milyonlarla qaçqının, köçkünün, didərginin göz yaşlarıyla sulanan ərəb baharlarının bar-bəhərli bahar olduğuna doğrudanmı inanırsınız? Yoxsa orada da, - yenə hikkəylə əlini göylərə tuşladı, - sizinkilərin - mələklərin mafioz qruplaşmaları meydan sulayır?! Krişnaçı, buddist bu tərəfə çəkir, katolik-pravoslav o tərəfə, sünni-şiə bir başqa səmtə… Bu qanlı səlib yürüşlərinə, bu dinsiz din davalarına, bu ikili standartlara, qərəzli ölçü-biçilərə, bu bic, bərəkətsiz şeytani tərəzilərə nə vaxt son qoyulacaq? Göndərdiyiniz kitabların səhv oxunduğunu, bəlkə heç oxunmadığını görmürsünüzmü?! Bütün bunları O dedimi, o qələm yazdımı?.. O kitablar, o qələm xatirinə dillənin, mənə bir söz deyin, qurtarın bu «İlahi komediya»nı…
Sağında və solunda, çiyinləri üstündə dayananlar daş-torpaq kimi susurdular, heyrət qarışıq intizarla sinəsindən uçqunlayan, sökülüb-tökülən köhnə kitablara baxırdılar. Və köhnə kitabların parça-parça olub qupquru xəzəllər kimi töküldüyü, qitədən-qitəyə, ölkədən-ölkəyə sovrulduğu Yer üzündən qiyamətin məşum, sarsıdıcı səsləri gəlirdi…
***
Arvadı bir stəkan soyuq suyu üzünə, alnının düz ortasına çırpdı. Hövlnak ayılıb dik atıldı, bir müddət key-key baxıb yazıq-yazıq dilləndi:
- Yüz dəfə demişəm ki, məni soyuq suyla oyatma, adam balası kimi oyat.
- Adam balası kimi oyanırsan ki! - Arvad da səsini qaldırdı, sonra sirli bir təbəssümlə pıçıldadı, - nə oldu, İsa Musayeviç?
- Nəyi deyirsən? - Tez də sözünü dəyişdi. - Adama neçə dəfə deyərlər, mənə Musayeviç demə, demə!
- Araya söz qatma, de görüm nə oldu…
- Axı nəyi?
- O ustanı, o professoru, onun dediyini, qələmin yazdıqlarını, Adəmlə Həvvanı, Habillə Qabili, ərəb baharlarını, «İlahi komediya»nı soruşuram…
Yenə yazıq-yazıq gözlərini döydü, quyunun dibindən gələn səsi, zarıltısı güclə eşidildi:
- Mən ölürəm… Mən…
Arvadın kinayəsi ürəyini iynələdi:
- Bəs bu dünyanı, o köhnə kitabları kimə tapşırıb gedirsən? - Əlini göyə tuşladı, - ordakılarla, o mafioz mələk qruplaşmalarıyla illərdir davam edən razborkanı qurtarmayacaqsan?
- Hamısını demişəm? Hamısını eşitmisən?
Arvadın gözləri doldu, qanı qaçan bomboz dodaqları səyridi, eləcə başını tərpədərək təsdiqlədi.
Kişi arvadının dolan, bulanan gözlərinə, solğun yanaqlarında şırım açan isti göz yaşlarına baxa-baxa ürəyində şükr etdi:
- Şükür Allaha, ən çətini göz yaşınacandı, göz yaşı başladısa deyingənliklər qurtarar, inşallah.
Arvad ərinin ürəyindən keçənləri də eşitdi elə bil, qəfildən çımxırdı:
- Qurtarmayacaq, İsa Musayeviç, sən bizi qurtaracaqsan, güvə kimi yeyib bitirəcəksən bizi, yoldaş İbrahimxəlilov!
- Axı mən… Mən bədbəxt oğlu bədbəxt…
- Neçə illərdir bütün gecə boyu bu sərsəm sayıqlamaların bezdirib məni, çıxıb gedəcəyəm atamın xarabasına! - Qəfildən susdu, qəhərdən boğula-boğula boynunu bükdü. - Heç bilirsən bu gecə yuxuda nə görmüşəm? Görürəm ki, özümü doqquzuncu mərtəbədən atıram aşağı, köhnə xəzəl qalağı kimi sovruluram, hər tikəm bir tərəfə düşür. Bir ay bir günün tamamında güclə bir yerə yığırlar qanlı tikələrimi, - vahiməylə pıçıldadı, - tikələrim bir-birini tanımır, birləşə bilmirlər…
Kişi heyrətləndi, cəld hərəkətlə qadının bükük boynunu qucaqladı, göz yaşlarını silib solğun yanağından, bomboz dodaqlarından öpdü.
- Mən o yuxuları görmək, onlarla, - gözünün ucuyla yuxarı baxdı, - danışmaq istəmirəm, vallah, billah istəmirəm. Mən istəyirəm sən xoşbəxt olasan, biz xoşbəxt olaq, uşaqlarımız… Sən yuxu görmə, qurban olum…
Arvad çırpınıb ərinin qolları arasından çıxdı, ilan kimi qabardı:
- Uşaqlarımız… Uşaqlarımız demə, bizim bədbəxtlərimiz de, bizim biçarələrimiz de, bizim solan arzularımız, quruyan pöhrələrimiz de! Uşaqların üst-başı tökülüb, cır-cındır içindədirlər, bir aydır ki, ət yemirlər, mer-meyvə üzünə həsrətdirlər! Uşaqlarımız demə, ölən sabahlarımız, balaca qəbirlərimiz de, İsa Musayeviç!- Bu qədər sözü bir anda, bir göz qırpımında söylədi, ayaq üstə dayana bilməyib torpaq kimi uçqunladı, yarğanladı, heysiz-halsız yatağa axıb töküldü?
- Niyə mən belə bədbəxtəm, Allah!
- Niyə mənə demirsən? - Dilucu soruşdu.
- Sənin o qırılmışlardan, - əlini güclə göyə qaldırdı, - başın açılır ki… Görüm hamısı lənətə gəlsin - yerdəkilər də, göydəkilər də…
- Of… - Elə bil içində başqa adam vardı, o, dilləndi. - Mən ölürəm, bir ay bir gün qalıb vaxtıma…
Arvad dik atıldı, əvvəl nifrətlə göyə, sonra ərinin gözlərinin içinə, heç nə görə bilmədiyi qara dərinliklərə baxdı:
- Onlar dedi? Yuxuda mənim tikələrimi də bir ay bir günə yığıb qurtaracaqdılar, elə bil tüstülənən quru xəzəlləri süpürürdülər… Tikələrim bir-birinə yad idi, birləşə bilmirdilər… - Təkrar soruşdu: - Onlar söylədi?
Kişi göz yaşlarıyla dola-dola dilləndi:
- Hə, onlar dedi… Düzü, heç bilmirəm kimlər idi, usta, professor…
- Yığışıb gedirik kəndə, bu şəhərin binəsinə daş qoyanın…
Kişi heyrətlə soruşdu:
- Kəndə? Sən ki, neçə ildi kəndə getmək istəmirsən, şəhər deyib dad eləyirsən…
- Gedirik, günü bu gün gedirik, sabah şənbədir. - Nə fikirləşdisə, üzü-gözü işıqlandı. - Qonşunun bağındakı almanın yetişən vaxtıdır, ölürəm o almaların turşa-şirin, meyxoş dadı-tamı üçün…
Kişi tutuldu:
- O alma ağacı qonşunundur, bizə haramdır…
- Bir budağı bizim bağa düşür, o budaq bizə halaldır, molladan soruşmuşam, əgər meyvələri göydən bizim torpağa tökülürsə…
Və Adəm oğlu Adəm dedi ki, o almanı yemək olmaz; Həvva qızı Həvva dirəndi ki, mən istəyirəm…
Dairəvi, qapalı yol uzandıqca uzanırdı, əvvəli, ya sonu olduğu bilinmirdi…
Hazırladı: Tural Adışirin,Aybəniz Əliyar
MANERA.AZ