Manera.az Bəxtiyar Əlirzayevin şeirlərini təqdim edir.Üç gün deyil sən gedəli,
ayağımı yerə basa bilmirəm,
əlim tutmur heç nəyi…
Söndürüb bütün işıqları
Divarların üstümə gəlməyinə baxıram
Heyva ətri gəlir dünyadan,
saralıb hər yer…
Heç səs-küy də gəlmir
bu bəzəkli avtomobillər şəhərindən.
Boş gedib-gəlir rəngi soluxmuş metro qatarları
Üç gün deyil sən gedəli,
bədənimi bürüyüb
Murovdan yadigar qalan ağrılar…
Xeyli də sınıxmışam.
Heç üç gün deyil… üçcə gün…
Adamlıqdan çıxmışam…
***
Hər dəfə quruyan gölə baxdıqca
gözləri bir az da çuxuruna çəkilirdi…
üzündəki acılar çilik-çilik olub
içinə tökülürdü…
Əlini belinə qoyub
uzaqlara baxa bilmirdi daha.
Göylər hasar, yerlər hasar,
duaları yetişmirdi Allaha…
Quruyan gölə baxdıqca,
duz dolurdu gözlərinə, duz.
Göyqurşağını görə bilmirdi
rəngsizlik iliyə işləyirdi, iliyə…
Bir gün dözmədi,
Hayqırdı, bağırdı…
“Hər yer ağarır, kor olmaq istəyirəm” – deyə.
Həmin gecə gəlib apardılar duz adamı
çardağında qaranquş yuvaları
dağıdılmayan evindən.
Və bir gün…
sərçələrin belə civildəşməyə gücü çatmayan bir gündə
ömrünün su çağında
asdılar duz adamı…
Evinin çardağında
heç vaxt dağıdılmayacaq
qaranquş yuvası qaldı…
***
Gözəllərdən sorma məni,
üzümü heç görmədilər.
Ağacların kölgəsində yalqız-yalqız
quyruq qısıb, gözün döyən
köpəklərə de adımı,
tanıyarlar…
ulartımı
çox dinlədilər…
Əllərimdən tutma belə
əllərim at ayağıdı
qabar-qabar…
ürəyimə yaxın gəlmə
qırmızı cəllad otağıdı
cadar-cadar…
İşıqlı yerlərdə işığım yoxdu
səhərlərə ümidim…
Qara qınaq topuyam mən,
oynamağa həvəslənmə!
Hamı kimi bir gün sən də
qınama ki, demədim.
MANERA.AZ
Baxış sayı - 2 573 |
Yüklənmə tarixi: 16.02.2017 21:06