manera.az
manera.az

Hekayə çığırtması... - Rəşid Bərgüşadlı yazır ( II HİSSƏ )

📅 06.08.2017 16:13

Hekayə çığırtması... - Rəşid Bərgüşadlı yazır ( II HİSSƏ )

Hekayə çığırtması
II HİSSƏ
Rəşid Bərgüşadlının oxucu təhlili

11. Ayaz İmranoğlu. “Tutac”. Uzun hekayədir, hətta, zaman-məkan keçidlərinin bolluğuna, paralel sujet xətləri, qəhrəmanların çoxluğuna görə deyərdim, povestdir.İnandırıcı müşahidə və yanğılı təhkiyə ilə Zəngəzur kəndlərinə ermənilərin basqını və qətllərindən sonra Zərdüştün ailəsiylə Arazdan Cənubu Azərbaycana keçərək oradan Bakıya – məhbuslar yataqxanasında yerləşməsi, burada altı il ağır köçkün həyatı yaşamalarından bəhs edir. Analarını itirəndən sonra kimsəsiz qalan bacı-qardaş öz dərdlərini şəhid Əməlruhun valideynləri Sənəm xala və Qəhrəman dayının dərdlərinə bükür. 16 yaşlı Zərdüşt əsər boyu bir-birindən nadan insanlarla qarşılaşır, biricik bacısı Gülçayı ağ günə çıxarmaq üçün əzabdan əzaba atılır, şpilka, göy-göyərti və tum satır, suçu işləyir. Mətn çoxlu sayda bir-biriylə zəif rabitələrlə bağlanmış, mətnə bir o qədər də dəxli olmayan xatirə-hadisələrlə o qədər zəngindir ki, bu hadisə bolluğunda nəyin hansı məqsədlə yazıya daxil edildiyinin məramını bilmək olmur və əsas ana mətləbi adam unudur. Bu hekayədəki hadisələrdən ayrı-ayrı 8-9 hekayə yazmaq olardı. Bax bu məqamda qeyd etməliyəm ki, bu dağınıqlığın səbəbkarı müəllifin mətnə aşırı müdaxiləsidir. Nə qədər qəliz və anlaşılması detallı izah istəsə də deməliyəm ki, mətni qələm yazır, müəllif yox. Qələm yazmağa zorlanırsa, demək mətnin yönü düzgün istiqamətdə deyil, ya da qələm sadəcə yazmaq istəmir, yorulub. Mətndə müəllifin görünməsi yolverilməzdir. Oxucu müəllifin pıçıltısını qulağının dibində hiss edəndə tıncıxır, qıcıqlanır, mətni özündən itələyir. Ən gözə girən yanlış isə təhkiyənin gah Zərdüştə, gah da müəllifə keçməsilə yaranan mütəmadi dağınıqlıq, səliqəsizlikdir. Bu da ona gətirir ki, Zərdüştü çalan ilanın göy-qaralığının oxucu üçün xüsusi əhəmiyyəti qalmır. Amma oxuduq və bu qənaətə gəldik ki, rabitələrsiz də mətn yanğı baxımından dəhşətlərlə doludur. Amma yanğılı mətnlər ikinci oxunuşda öz yanğısını itirir və yerində sönmüş kösövdən başqa şey qalmır. Bunu özümün “Namus dağı”, Şərifin “Şəkil” hekayələri timsalında müşahidə etmişəm. Odur ki, yenə təsdiq edirəm ki, mətni dəyərə mindirən nə ayrılıqda yanğıdır, nə dildir, nə ideya, nə müşahidə, nə də təxəyyül. Onu bədii əsər edən bunların hamısının birlikdə səliqə ilə yaratdığı qatlardır – yazılı fikrin məna qatları. “Tutac”da Əməlruhun ermənilər tərəfindən əzabla öldürülmə səhnəsindən başqa yapışmağa sanballı bir tutacaq tapmadım...

12. Gülşən Mustafa. “O gün”. Xocalı qətliamı ərəfələrində toyu olacaq Günəş bu faciədən sonra əyninə bəyaz gəlin paltarı geyməyin tərəddüdünü yaşayır. Çünki bu gəlinlik Xocalıda namusu kirlənmiş qız-gəlinin gəlinliyidir həm də. Bu qədər nakam, arzusu gözündə zorlanmış qızların ölümündən sonra utanır xoşbəxt olmağa. Günəş müəllimə ana olanda da bu sevinci qəlbinin ən dərin yerində gizlədir ki, görən-duyan olmasın. İndi o öz sevimli şagirdlərinə Xocalı faciəsinin ağrılarını necə anlatsın? Axı o istəmir ki, bu uşaqların da qəlbində sevinc, xoşbəxtlik hissi abır-həya çadrasına bürünüb qaralsın, utansın, vicdanları sızlasın, o istəyir ki, bu qayğısız uşaqlar hər şeyə rəğmən mərd, namuslu və alnıaçıq böyüsünlər. Gözəl ideyadır! Bir səhifəlik hekayədə bu ideyanı verməkdə qələm zorlanmayıb. Azacıq pafos var, qalan hər şey yerindədir və hekayə “ədəbi əsər şkalası”na düşür.

“Yolda”.Yuxarıdakı hekayədə də “-dı, -di, -du, -dü” şəkilçilərinin ardıcıl cümlələrdə davamlı düzülüşü dil rəvanlığını yavaşıdır. Çox maraqlı yazı manerasının şahidi oldum. Bilirsiniz nəyə bənzədi? Müğənni Röyanı bir düşünün – bapbalaca səsi var, lap bir çimdik, amma o bir qarışlıq səslə gözəl musiqilər ifa edir və çoxlarının sevimlisidir. Bax, Gülşənin istedadı da eynilə o cür gəldi mənə. Sanki, ona desən ki, bir povest, ya da esse yaz, bəlkə də yaza bilməz, amma yazdıqlarında essenin, novellanın qazmağı var. Bu imzanın ən böyük silahı səmimiliyi, incə müşahidə və təsvir qabiliyyətidir. Bu silah təxəyyül və təfəkkürlə də ovxarlansa qələm daha dərin sularda üzməyə qadirdir. Mən müəllifin hansı ürək sahibi olduğunu mətndə aydınca görə bildiyimə təəccüb qaldım – yazıçı nəfəsini mətndə duymaq – ilk dəfə idi bu halla qarşılaşırdım. Adicə bir müşahidə, hisslər tablosundan ibarət qısacıq hekayədir, amma hər şey göz qabağında dipdiri canlanır.

“Hasar”.Uşaq vaxtı gizlənpaç oynayan uşaqları gizləyən taxtalar onlarla birgə necə sevinirdisə, indi iki sevgili arasında sərhəd olmaqdan bezən hasar dördqat kədərlənir.... Gözəl tapıntıdır, əla hekayədir. Çox bəyəndim. Əgər ölkəmizin ədəbiyyat saytları bu məqaləni oxuyacaqlarsa, şiddətlə tövsiyə edirəm, - Gülşən Mustafa çox güclü imzadır, qısa mətnlərdə böyük mətləbləri anladan imkanlı, kübar, batmanlı qələmi var və gözümüzü yağır eləmiş imzaların yerinə onun əsərlərini dərc etməklə səhifələrinizi şərəfləndirin, oxucu zövqünü üstünüzə çəkin, cənablar!

“Adını sən qoy”. Hə... Nəyahət ki, bizim doğma Facebook məkanında şəxsi “inbox” yazışmalarına gəlib çıxdıq! Yaralı yerimdir. Hərdən (?) mənə də tanışlıq üçün yazanlar olur. Düzünü desəm, bundan xoşhal da oluram – ən azından yaşıma ölçülmüş rəqəm gözümü qaraltmır onda. Sözümüzün arasında əzizimiz dursun: bir dəfə mavi rənglilərdən biri yazmışdı ki, – Yazılarınızı oxuyuram və çox bəyənirəm. Sizdən xahiş etsəm, bizdən də bir hekayə-filan yazardınızmı?.. Oxucuya ehtiram qələm adamının borcu olsa da, onu güc-bəlayla başa saldım ki, – Ay qardaş-bacı, sizdən yazmaq üçün o hissləri mən yaşamalıyam, yaşamasam yaza bilmərəm. Mənimsə, belə bir fikrim yoxdu, odur ki, üzürlü hesab elə. Bir gün qarşıma beləsi çıxsa, düşündürə biləcəkhisslərindən söhbət eləsə, hə, bəlkə onda qələm nəyəsə cəhd edə...
Amma Nailənin bəxtinəfacebookda çıxan şairdir –əziz Aqşin Evrən, Seymur Su kimi dilindən sevgi ayələri süzülən, özünü sevdirməyi bacaran cavan, yaraşıqlı şair. Aqşindən, Seymurdan iraq olsun, qızın yazışıb tanış olduğu bu şairisə Nailənin saf hisslərini anlamır, anlayır e.., sadəcə Nailə aşırı safdır, sevgi axtardığı halda dostluq təklifi görür və dost kimi davam etməkdə çətinlik çəkir. Və hekayə bax bu “çətin hisslər”i anladır...
İndiyədək tanış olmadığım imzadan oxuduğum beş hekayənin yekunu olaraq bu rəyə gəldim: Əgər bu hekayələrdən biri “lax” çıxsaydı, onda deyərdim ki, əvvəlki mətn təsadüfən sanballı alınıb. Amma bir-birindən fərqli mövzuda əhatəli mətnlər müəllifin imkanlarında qərarlı, inamlı olduğunu göstərir. İmkanlı qələmdən tələblər də acımasız, kəskin olmalıdır. Odur ki, həddimi aşmıramsa, bunları tövsiyə edərdim: birincisi, mövzuların dərinləşdirilməsi məqsədə çevrilməlidir və eyni dayazlıqda qələm çalmaqdan imtina edilməlidir. İkincisi, tablolar var ki, orda hər şey yerli-yerindədir – rənglər, personajlar, mənzərələr, təsvirlər və s. Tablo da var ki, orda hər şey hərəkətdədir – zəmi yellənir, quşlar uçur, qızın hönkürtüsü, çayın şırıltısı, yarpaqların xışıltısı da eşidilir. Bax Gülşənin tablolarında görüntü olaraq hər şey mahir rəssam əlindən çıxıb, izafa, tablo səssizdir, mətnin ruhu, dilin şirəsi peşəkarlığın astanasındadır hələ. Tövsiyə edərdim ki, “Azadlıq.org” saytında bir vaxtlar “Xarakter yaratmaq”, “Yazma, göstər” və s. bu kimi yazı texnikasına aid metodik tövsiyələrə göz gəzdirsin.
Qısa və məzmunlu hekayələrilə zövq verdiyinə görə Gülşən xanıma təşəkkür edirəm...

13. Ziya Alar. “Qamış siqaret”. İş “ardıyca” Almaniyaya gedib sürücü işləyən Zəfər biznesmen Adabelin beynini elə yeyir, Azərbaycanı elə tərifləyir ki, kişi sürücüsünün “tərənnümünə əsaslanaraq” hər şeyini satır, hətta sevgilisindən də ayrılıb gəlir Bakıya yatırım qoymağa. Kabab iyinə gələn Adabel görür ki, burda eşşək dağlayırmışlar. Zəfərin “maşşenik”liyi tez üzə çıxır. Cibində hələ də yarım milyon avro ola-ola, hətta, Zəfərin həmkəndlisi Y. ona qıpqırmızı desə də ki, – Yazıqsan, qayıt evinə, yoxsa, bir azdan yolpulu da tapmayacqsan! – nədənsə Adabelin vətəninə nə səbəbdən dönmədiyini müəllif izah etməyib mətndə, elə axıradək milyonlar qazanmış alman biznesmeni dünyanın ən gerizəkalı adamı kimi göstərməkdə israr edir. Hansı ki, Adabelin özü də zibilə düşdüyünü anlayır və evə qayıtmaq istəyir, cibində də yarım milyon avro ola-ola.Zəfər Adabeldən qopardığı pulları götürüb qayıdır Berlinə və özünə iş qurur. Adabel bədbəxt də qalır şoran torpaqda üzüm plantasiyasının əlində əlataş. Dükanlara borclanır, nisyə içində itib batır, şor kanalındakı nazik qamışlardan siqaret düzəldib çəkir. Belə bir haldaykən Zəfər təzədən əlinə düşür, özü də şor kanalının qırağında və yenə müəllif Adabelin basaratını, dil-ağzını bağlayır, əsl yerlibazlıq eliyir. Nemesin üzüm dirəkləri, suvarma borusu oğurlanır, üzümlüyü məhv olur. Yarım milyona aldığı torpağını güc-bəlayla bir eşşəyə (!) dəyişir. Axırda yenə də sağ olsun Y.-nı – o imdada yetişir və almana yolpulu verib onun canını bu oğru-quldur məskəni, şər-şəmətə yuvasından qurtarır, – Adabel, qardaş, yolda kimsə səndən bircə dəqiqəlik də borc pul istəsə, vermə ha bax, nəyə and versə də inanma, ha!..
Belə... ... ... ... ... Nədənsə Əkrəm Əylislinin “Daş yuxular”ı və yazıçının bu əsərlə bağlı qalmaqallı başağrıları yadıma düşdü...
...Kaş biləydim müəllifin bu hekayəni yazmaqda məqsədi nə olub...Bu boyda Azərbaycanda müəllif Y.-dan başqa bir adam tapmadımı ki, bu zavallı Adabellə bir az söhbət eləsin,monoloq qursun, onun içini azca bizə açsın, onun bu qədər pullu yelbeyin olduğunu göstərsin (nemeslər heç vaxt, amma heç vaxt yelbeyin olmayıblar – mənimlə eyni zavodda yüzdən çox alman işləyir bu saat), onu şərin cəngindən qurtarsın? Məncə, müəllif indiyədək heç nemes görməyib...
...İndi yadıma düşdü ki, bu məqalənin birinci hissəsini Yaşar Bünyad Facebook-da paylaşarkən, mənim ideya yetərsizliyinə dair iradıma Ziya Alar şərhdə qaram-qarıxıq belə rəy yazmışdı, – “Əgər ideyalar mükəmməl olmasaydı belə mətnlər də ortaya çıxmazdı, ona görə də ideya axtarmaq artıq olar bu hekayələrdə”. İdeyasız mətn olarmı, əziz dostum? Bax sizin bu hekayənin ideyası bilirsinizmi nədir? Vətəninə, xalqına nifrət! Əziyyətlə yazdığınız bu yazı insanlarımıza nifrətdən yoğrulub.“Meşə çaqqalsız olmaz”, amma hamımız belə deyilik axı, əzizim – içimizdəki yaxşıları, yaxşılıqları da qabartmaq lazımdır, özü də pisliyimizin, murdarlığımızın içində, kölgəsində işıqlandırıb qabartmaq daha şahanə olur. Ədəbiyyat bundan ötrüdür axı. Doğma vətənin eybəcərliyinə, adamlarının fırıldaqçılığına gülmək də olar, nifrət etmək də, amma bunu bədiiləşdirirsənsə, onda məqaləmizin 1-ci hissənin girişindəki qəlib-formulları bir daha oxumağınızı xahiş edirəm – xüsusən də “a” və “b” bəndlərini...
Bu sətirləri yazarkən hirsimdən udduğum təzyiq dərmanı qədər heyfsilənirəm bu işə baş qoşduğuma. Əvəzində isə Sizin növbəti hekayələrinizi oxumaqdanimtina edərək cəzamı xeyli yüngülləşdirməklə təsəlli tapmaq istəyirdim, amma əhdimə xilaf çıxmamaq üçün fikrimdən vaz keçdim (İsa Məsih kimi əzaba sarılmağın ləzzəti bir başqadır) və onları da oxudum...

“Aktrisa”. Aktrisa özünü sənətə elə həsr edib ki, sabah səhnədə oynayacağı sevişmə səhnəsinin inandırıcı alınması üçün “uf” demədən təzəcə tanıdığı Nicatın qucağına atılıb bütün 69 hoqqadan çıxır. Hamilə qalanda isə yadına sala bilmir ki, uşağa kimdən boylu qalıb və nə vaxt qalıb. Guya ki, fikri-xəyalı səhnədə oynayacağı rolda olub və nə elədiyi heç yadında deyil. Bir sözlə uşaq başı sığallamaq... Çinarənin özünü sənətə bu şəkildə həsr etməyi əxlaqsızlıqdır. Qələm yenə də işıq gələn tərəfdə yox, şər olan tərəfdə qurcalanır...

“İnanc”.İndi bir az fərqli yanaşma var. İnam, ümid məsələsi... Amma bu hekayənin daha kamil formasını hamı bilir. Müəllifin kimliyini yalan deyərəm, amma hekayənin məğzi belə idi – “Rəssam görəndə ki, xəstə özünü bir xülyaya inandırıb – pəncərədən görünən ağacın son yarpağı düşəndə o da öləcək, – götürüb pəncərə şüşəsində “budağın üstünə” xeyli yarpaq şəkli çəkir. Yarpaqların tökülmədiyini görən xəstə isə sonda sağalır və hər şeyin üstü axırda açılır”... Burda isə “zəm-zəm” suyu adıyla həkim krant suyu içirir xəstəyə...

“Mələk gözləri”. Heç nə anlamadım...

“Arzu gəmisi”. Beşikdə mışıl-mışıl yatan xoşbəxt cocuq ağlı kəsəndə atasını tanımaq istəyir. Anası deyir ki, atası Qazaxıstandadır. O da kağızdan gəmi düzəldib Xəzərdə üzür və balıqçı toruna düşmüş iri balığın qarnında gəlib Aktauya çıxır...
Bütün hallarda Allah işlərinizi avand eləsin, yaşınızı, bunu deməyəhaqqımın nə dərəcədə çatıb-çatmağını bilmirəm – məncə nəsrdə qalmaq fikriniz qətidirsə, bir müddət heç nə yazmadan ancaq mütaliə etməlisiniz, həm də indiyədək oxuduğunuz kitabların tam əksini mütaliə etmək... Ədəbiyyat nəhayətsiz dəryadır, burda hər mətnin qarnını yaranda içindən yazıçı düşmür, əziz dostum, incimə...

“Brus Li və babam”. Mənasız və lağ-lağı bir şey. Sayqılarımla...

14. Turac Hilal. “Mən ki səndən doymadım”. Gülşən xanıma tövsiyə etdiyim “Yazma, hərəkətdə göstər” tövsiyəsi burda da keçərlidir. Nədir bu fəndin mahiyyəti... Hekayədən xəyali misal gətirim(icazənizlə cümlənin əvvəlini bir az da öz təbərimcə azca dəyişirəm):– “Həyətə düşdü. Anasını dikəltdi. Yerini rahatladı – “Yavaş” – dedi. Anası yeməyə başladı”... – hekayənin girişində 5 ilk cümlədə nəqletmə təxminən bu cürdür. Gəlin indi bu cümlələri dağıdaq və yenidən “Hərəkətdə göstər” qaydasıyla quraq: - Həyətdəki çarpayıda uzanmış anasının kürəyinə yastıq qoyub azca dikəltdikdən sonra gətirdiyi yeməyi qaşıqla anasının ağzına qoydu. Anası, –“Yavaş, özüm yeyərəm, sən get... – elə zarıdı ki, Fəridə neçə gündür çolpa soyutması adıyla anasına qaşıq-qaşıq içirdiyi umaca baxıb göz yaşlarını saxlaya bilmədi”. Fərqə baxın, növbəti 8-9-cu cümləni də əhatə etdik hələ. Birinci halda cümlələr qısadır, amma “-dı, - du, -dü”lər adamın dilinə ilişir, ikinci halda isə şəkilçilərsiz dil daha rəvandır. Həm də Fəridənin ağlaya-ağlaya xəstə anasının ağzına çolpa soyutması əvəzinə umac içirdiyi üçün gözümüzün qarşısındanecə utandığını, xəcalətdən kövrəldiyini oxumuruq, həm də Görürük – təsvirdə hərəkətlərini görürük...
...Hekayədə o qədər ağır yanğı, elə bir dərd var ki, inanın, gözlərim doldu, hələ yüksək səslə və neçənci dəfəsə, - Ay Allah, bu nə qələt idi mən baş qoşdum axı... – dedim. Axı mən də insanam, ətdən-qandanam... Bu dərd hardasa mənə çox tanış adamların dərdidir. Həm dərs dediyi qızla evlənib xoşbəxt ola bilməyən bir müəllimin, həm də xərçəng xəstəsi arvadına görə öz həyatını qara əskiyə bükübhələ də 55 yaşda tənha yaşayan Qorxmazın. Qələm bəzən elə sarı simlərdə xətt çəkir ki, şüşə cızılanda adamın əti necə ürpənirsə, bax eləcə adamın iliyi gizildəyir və sarsıntı səni buraxmayanadək nə ədəbi texnika, nə süjet, nə də üslub-kodlar barədə düşünürsən. Sadəcə onu deyirəm ki, insanlığımızı unutdurmayacaq bu cür hekayələr də lazımdır. Ən azından ədəbiyyatımızın obrazlar rəfində sevdiyi bu gün-sabahlıq xəstəsinə sədaqətlə bağlanan Tərlan, onun mələksima Fəridə qızı, qonşusu Firuzə nənə kimiləri də olmalıdır... Bir şeyi xüsusilə vurğulayım ki, bu hekayədə yanğının ağırlığını şərtləndirən ən böyük səbəb müəllifin qəhrəmanlarına heç bir yardım etməməsidir, onları öz talelərilə baş-başa buraxmasıdır. Əlbəttə, oxucu arzulayır ki, “Çalıquşu” sağalsın, sağalsın ki, hər şey əvvəlki xoşbəxt anlarına qovuşsun. Amma qələm bunu etmədikdə, oxucu laley deyib-qan ağlayır, zülm çəkir. Yazara da məhz bu lazımdır – göz yaşlarına baxmadan oxucunu yerdən-yerə vurmaq, sinəsinə dağ çəkmək!!!

15. Çərkəz Nəsirli. “Köç gedəndən sonra”. Yüzdən çox yarımçıq qalan povest, hekayə, romanlarım var – şövqlə müəyyən yerədək gətirirəm, həvəsim soyuyanda isə yarımçıq qoyub başqa birinə keçirəm. Onlardan biri də çoxdan unutduğum “Ana ürəyi – dağ çiçəyi” adlı povestimdir. Doğma yaylaq, köç həyatından bəhs edir. İndi yazıçının bu hekayəsini oxuduqca həmin povesti açıb yeni “nabroskaları”nı atdım, yeni fikirlər, şaxələr əlavə etdim və o mətnə bir daha qayıtmaq həvəsinə düşdüm. Yazıdan ilhamlanmaq buna deyirlər...
...Hamı yaylağa köçür, kənddən göz-qulaq olmağı tapşırırlar üç-dörd nəfərə. Obanın sahibsiz olduğunu bilən qaçaq-quldur Xan Arazı keçib kəndə girirlər. Gözətçilərin başını atışmayla qatıb kəndin imkanlı evlərini talayıb çıxırlar kənddən. Atışmada Sabir qolundan yaralanır. Quldurlar barədə ipucu olaraq təkcə Arazın sahilində tapılan çarıq var. Kəndin şirürəkli igidi Salman Arazı keçib düşür qaçaq Vəlinin izinə. Salman oğru Vəlinin namusunu – atını oğurlayıb geri dönür. Vəli atın dalınca Tiri kəndinə gəlir və oğurladığı mal-qaranı qaytarıb dostluq təklif edir. Bir sözlə, oxucunu şirin röyalara çəkən melodram dolu məşhur Fərman Kərimzadə qələmi və Qubadlı-Zəngilan-Laçın üçbucağında davar oğurluğu adətinin gözəl işartıları...
Dil canlıdır, izafa, təsvir imkanları kamil deyil (bax, səhifə 279-a). Qələm müdrikdir, sanballıdır ancaq dünyagörüşü, imkanı Məsi baba kimi ancaq milli ürf-adətə söykənir – dolayısıyla demək istəyirəm ki, qələmin dünyəvi olan ümumbəşəri əsərlər yaratmaq gücünü hiss etmədim. Bir şeyi sezdim ki, mətn əvvəlcə əhatəli və irihəcmli povest, roman materialı kimi düşünülüb, lakin sonradan qısaldılıb və bu hala salınıb. Çünki, əvvəldə hiss elədiyim “razqom”un yeli-qazı tez alınıb. Əlqərəz, bu uzun hekayəni bəyənməmək insafsızlıq olardı, amma bu cür melodrama, açıq mətnlər bir oxucu kimi mənlik deyil.

16. Ramiz İsmayıl. “Sonuncu görüş”. Qəhrəmanımız ahıl, xəstə Şərqiyyə şəhər kimi bir kənddə yaşayır – “Yaşayır, amma buna “yaşayır” deməzlər. Özünə ölüm arzulayır, amma ölmək istəmir. İşi-gücü pəncərədən küçəyə baxıb yoldan keçən marşrut avtobuslarını (!?) saymaq, yoldan keçən insanları və bulağa gedən qız-gəlinlərə baxıb (Marşrut avtobusları hara, bulağa gedən qız-gəlin hara!? R. B.) doluxsunmaqdır”. Kəndin qəbiristanlığı da pəncərədən aydın görünür... Hətta bu cür kənd olsa da belə, yersiz şübhə və sual yaradacaq detallardan qaçmağı üstün görürəm.
Başqa bir məsələ, lax bir cümlənin mətnə vurduğu zərər barədə incə bir mətləbi qabardım,– “Eyvandan pilləkənə tərəf ağır-ağır gəlməyə başladı”... – bunu oxuyan adam normalda dərhal düşünməlidir ki, – “Aha, bu “başladı” ilə pilləkənə çatanacan məsafədə nəysə bir ciddi şey olacaq, müəllifin gizli bir məqsədi var!” – axı bu hərəkətin ağırlığında xəstəliklə bağlı bir mənalı akt, ya hiss də olmalıdır. Amma görəndə ki, Şərqiyyə pilləkənləri çoxdan düşüb və artıq qəbristanlıqda ata-anasının ziyarətindədir, onda oxucunun ağzı əyilir, – “Xalaxətri yazılmış boş bir cümləymiş. Heç olmazsa yıxılıb dizi sıyrılaydı...” – arzulayırsa, haqqı var! Əmin olun ki, mətndə bir mənasız sözə görə mütaliəni dayandırıb qələmin qarasınca deyinən oxucular da var...

“Əli hoyuna yetsin”, əziz Ramiz müəllim, Allah hamımızı Qiyas kimi quşbeyin qardaşlardan uzaq eləsin. Di gəl ki, mətn səliqə-səhmansız olanda, vallah, billah, ağlamalı “Kəsmə şikəstə” də adama gülməli gəlir. Gözəl ürəyiniz var, amma, bir gün əlinizi sıxmaq ümidiylə deyirəm, – Alınmayıb...

17. Aygün Sadiq. “Şokolad üçün and”. Heyif deyil qısa hekayələr... – daha oxumamışdan əvvəl səhifələrin sayına baxıram. Deyəsən yorulmuşam. Amma qərarımdan dönmək fikrimdə deyiləm hələ...
Hə... Boy.., Azad Qaradərəli demişkən, – “Pəh!”... Bu nədi belə!.. Heç nə...
Aygün xanım kobudluğumu bağışlasın, amma Məryəmin dilənçi anasına öz şokolad almaq istəyinin səmimiliyini inandıra bilməyən qələm, oxucuya bu hekayəni heç yedirə bilməz...

18. Rəfail Baratoğlu. “Azərbaycan filmləri adlarından düzəldilmiş hekayələr toplusu”. Ramiz İsmayıl demişkən, – Əli hoyunuza yetsin sizin! – əvvəlcə o ki var güldüm... Axı danışıqda 25 yazıçının hekayələri olmalıydı, bəs bu nəydi belə... Belə getsə, qarşıda hələ hekayə əvəzinə krossvord, skanvorla da rastlaşacağıq...
...Hərənin bir hobbisi var, amma beləsini ilk dəfə görürdüm. Təsəvvür edin, sevimli Rəfail müəllim 115 əlaqələndirici sözün istifadə olunduğu 457 kinomuzun adını sadalayır. Vicdan haqqı, həvəslə oxudum, hələ dincəldim və axırda bu həvəsə mat da qaldım. Görəcəkli günlərimiz varmış...

19. Rasim İsmayılov. “Su maşını”. Bəxtsiz Əlişin acı taleyindən bəhs edən maraqlı hekayədir. Mövzu seçimi gözəldir, dil ləngərlidir, rəvandır, dərd bütün ağırlığıyla mətnə oturub. Qələm buxovdadır və sərbəst işləməyib sanki, real hadisələrin təsvirində ilişib qalıb. 10-15 belə hekayədən qələm bezib korşalar. Bu qələm düşüncənin alt qatlarında itilənməyə hazırdır. Mətndə isə bizə tanış motivlərin bir az fərqli təkrarını görürük. Müəllif bərk-bərk cilovladığı qələmin ipini açıb buraxsa, arxadan bu mustanqın necə şahə qalxdığına özü də məəttəl qalar. Məncə, qələmi tutan barmaqlar inamsızdır, ya da uğura güvəni zəifdir, bəlkə də qələmin gücünə bel bağlamır...Arada istədim mətndə nə qədər “Əliş” sözü var, onların sayını bilim, 65-dək saydım, gerisini saymağa səbrim çatmadı, hətta, bir cümlədə iki “Əliş” də var, - “O vaxt o sözü arvadı Əlişə deyəndə Əliş kürəkəninin acından ölən babasını və ona qız verəni, yəni özünü söydü”... Onsuz da söhbət Əlişdən gedir, nə lüzum var hər cümlədə kişinin adını çəkməyin – “Əliş elə gəldi, Əliş belə getdi, Əliş hirsləndi, Əliş öskürdü...”?. Camaat mətndə “c”, “ç”, “ş” səslərinin qoşa səslənməməsi uğrunda baş sındırır, burda isə “Əlişşş”lər adamın göz-qulağını yağır eliyir. Əliş maraqlı obrazdır, psixoloji hisslərlə işləməyi sevən qələm onu ümid və reallıq məngənəsində yaxşıca xıncımlayıb suyunu çıxara bilərdi. Gözüm bu qələmin arxasınca qaldı – heyif...

“İşığı gələnə”. Qadın dərdinin də qız vaxtı olurmuş, dərdin ərə gedən, ev, oğul-uşaq sahibi olan vaxtı olurmuş, hələ dərd ev-uşaq sahibi olandan sonra dərdin öz dərdi də olurmuş... Bax, yuxarıda mən bu cilov gəmirən qələmdən haqlı duyuq düşübmüşəm! Qələm ha desin ki “o, axşam ərini ona görə gözləyirdi ki, bu gün anasıgilə getməyə icazə alsın”, əslaelə deyil! Burda mətnin nüvəsində gizlənmiş mətləb tam başqadır. Bax, qat, mətnin kölgəsindəki sayrışma burdadır. Bütün üzdə olan səbəblərin zərif kökü mətndə yoxdur, amma kölgəsində – altqatında var və qadının xarakterində gizlənib. Təsəvvür edirsiniz, qadının xasiyyətinə, hisslərinə görə onun ehtirasını, necə yandığını hiss etmək nədir? Qılı tükdən seçən oxucu bu qadının içindəki qor-alovu görür. Bu qadın qıvrıla-qovrula yatağını vaxtilə “ər meydanı” sayan ərinin həsrətini çəkir əslində. Eşikdəki yağış için-için yanan qadının göz yaşları, əlinin çatmadığı uzaq keçmişidir, xoş xatirələridir. “Özü qocaldıqca dərdi cavanlaşan qadın” – şahanə tapıntıdır! Bəli, mən bunu deyirəm – dialoqsuz-zadsız, uzağı, öz-özüylə danışsın, qələm dilinin altında elə pıçıldasın ki, hətta, oxucu da onu güclə eşitsin, qəhrəmanın hisslərinin şəklini çəksin beynində – budur işıqlı Mətnə gedən Yol! Bəlkə də müəllifin adını unudaram bir neçə gündən sonra, amma “İşığa gələnə” adlı hekayəni həmişə düşünəcəyəm. Bu çox maraqlı hissdir – mənimçün “Azərbaycan” şeirini Səməd Vurğun və ya başqasının yazmağının heç bir əhəmiyyəti yoxdur, əsas olan odur ki, bu şeir onu yazandan min il sonra da yaşayacaq canlı sərdabədir. Ona görə də mətn həmişə müəllifdən irəlidə gəlməlidir, bax belə – “İşığa gələnə” (Rasim İsmayılov) – mətn imzanın başını uca etməlidir, imza mətnin yox. Yorğunluğum çıxdı bu hekayə ilə, yazan əllər var olsun!..

20. Sona Əli. “Mənim xəyalım başqa imzada”... Bu hekayə ağlıma bir fikir saldı, – Görəsən hər kəs öz içindəki ən ülvi hissin şəklini çəksəydi, dünyaya Günəş lazım olardımı? Bircə onu bilirəm və Sona xanımla şərikəm ki, bu şəkli təbaşir, kömür, qələm-karandaşla çəksən, həqiqətən şəkil çirklənər. Bunu ancaq xəyallarla ürəyin divarında çəkmək olar. Yazıçılıq da, hardasa ürəyindəki arzunu sözlərlə kağıza çəkmək cəhdidir... İdeya gözəldir, amma mətndə boşluqlar çoxdur. İstiqamət hisslərə doğru düzgün götürülüb, amma ilməklər zəif vurulub. Mən də vaxtilə belə bir “şəkil” çəkməyə cəhd etmişəm, – “Tanrının gözü” – bəyəndiyim hekayələrimdən biridir, Sona xanım onu tapıb oxusa, digər deyə biləcəklərimiorda əyani görə bilər...

21. Sabir Hüseynov. “Torpaq əmanəti”. Şınıx elimizin 91-ci ildə yaşadığı ağır günləri və Musa Məmmədov kimi igidlər gözlərimiz qarşısında canlanır bu xatirə-hekayəni oxuduqca. Özüm də şahidi olmuşam özümüzünkülərin o vaxtkı xəyanətlərinə. Baş Qərargah rəsi Şahin Musayev (bilmirəm, indi dururmu, yoxsa ölübmü) az qala qubadlılara yalvarırdı ki, ikisaatlıq da olsa Qubadlı ermənilərə təhvil verilməlidir, sonra geri almaq su içimi kimi bir şeydir. Camaatı köçürməyə gələn avtobusların ucu-bucağı da görünmürdü. Demək eyni ssenari Gədəbəydə də oynanırmış...
Ümumiyyətlə vətənpərvərlik mövzularında pafoslu cümlələrdən qaçmaq bəlkə də mümkünsüzdür, amma qəbul etməliyik ki, pafos mətnin tutumunu yarıbayarı azaldan nəsnədir. Fikrimcə, çoxumuz Mübariz İbrahimovun, Əliyar Əliyevin və başqalarının qəhrəmanlığı barədə yazmaq istəyirik və yazmalıyıq, amma necə yazaq ki, pafosdan uzaq olsun mətn?.. – məncə qabağımızı kəsən əsas maneələrdən biri də budur. Bu baxımdan qəhrəmanlıq barədə tutarlı mətn yazmaq çox çətin işdir.

22. Nazir Çərkəzoğlu. “Onun atası var”. Hadisələrin xronoloji düzülüşündə qüsurlar var. Mövzu çox dayazdır və qapanmayıb.

23. Şəfaqət Cavanşirzadə. “Ev qızı”. Bah! Əmiqızı da burdaymış ki! Şəfaqətlə bir-birimizin üzünü hələ görməsək də “əmiuşağıyıq”. Əmiqızının bir neçə hekayəsini oxumuşam. İsrarla, inadla, cırmaqlaya-cırmaqlaya nəsrdə nələrsə yaratmaq istəyi qələm adamı kimi onun ən müsbət keyfiyyətidir. Di gəl ki, Şəfaqətdə mətn çox əzabla ərsəyə gəlir. Hər sözün, cümlənin üstündə o qədər əsir ki, bəzən cümlənin bəzək-düzəyi ən ön plana keçir və nəticədə, - “Dəfələrlə oğlundan şikayətlər bir-birinin ardınca gəlirdi...” - cümləsindəki kimi ilk baxışda “xırda” görünən qüsurlar qaçılmaz olur. Amma mövzulara kişiyana girişməkdən də çəkinməz. Onun qadın cəsarətinə mat qalmalıdır. Bu hekayə də bir az o tip mövzudan bəhs edir... Atadan yetim qalan Zaman adlı cavan anasını zinhara gətirib – bir az “sağa-sola ayağısürüşkən” oğlandır. Bir gün anasına təslim olub deyir ki, – Al e, kimi istəyirsən al di! Anası da rəfiqəsinin orta məktəbi təzə bitirmiş “ev qızı”nı alır oğluna. Di gəl ki, Zamanın nəfsi hələ də özündən on yaş böyük olan Şəbnəmdədir. Zamanın toyunda Şəbnəm də var və bəyin ginekoloq bibisiylə yanaşı oturub. Zamanın bibisi bəy-gəlin şadlıq sarayına girəndə monitorda 18 yaşlı gəlini görən kimi xatırlayır ki, bu qız onun yanında olub və özünü “bərpa” etdirib. Bunu bir bibi bilir, bir də Şəbnəm. Bibi susmağı üstün tutur və zalı dinməzcə tərk edir.Şəbnəm isə cavan, yaraşıqlı gəlinə baxıb, –“Əsas odur ki, “ev qızıdır” – deməklə hekayənin tək mesajını ötürür ki, bu dünyada heç kim göründüyü kimi müqəddəs deyil...
Hekayə maraqlı gəldi mənə, tutarlı qulp yeri tapsaydım, – hansı ki, bunu özüm də çox istərdim – baxmazdım əmiuşağıyıq, olanı qırmızı deyərdim. Əmiqızı bu dəfəlik yaxasını qurtardı qələmimdən...

24. Nemət Bəxtiyar. “Xoruz”. Yumor hissi var, amma dil şirəsizdir, təhkiyə dağınıq və bəsitdir, qələm tənbəldir. Tənbəlliyi fərqli təcrübələrdə dayanmadan işlətməklə dirçəltmək olar.

25. Bəxtiyar Əliyev. “Gecikmiş toy”. Müharibə dövründə hərbi xidmət mövzusunda bir avtobioqrafik xatirədir. Hekayədə adlarını oxuduqca xəyalən vaxtilə döyüşdüyüm Ağdərənin həmin kəndlərini bir də qarış-qarış gəzdim – Güneypəyə, Mehmanə, Çıldıran, Sırxavənd, Drmbon, Canyataq... Və mən də beş il nişanlı qalmışam, 93-cü ildə atəşkəs elan olunduqdan sonra müharibədən qayıdıb, canımı bit-birədən təmizləyib nəhayətdə yolumu gözləyən sevənimə qovuşmuşam. Oxumaq xoş oldu, amma bədii mətn kimi bu hekayə çox dayazdır...

Yekun: Eksperimentin sonuna gəlib çıxdıq. Üstümdən bir yük götürüldü və indi çox rahatam. “Niyə bunu etdin?” – özümə sual verirəm. – Etdim ki, bunu hamı bacarar, bu elə də ağır zülm deyilmiş, əksinə, içində bir zövq var. Ədəbi tənqidçilərin bu işdən çəkdiyi əzab və ya aldığı zövqü öz canımda duymaq istədim. Nəticədə müxtəlif yazı maneraları, mətnqurma stili, ədəbiyyata yanaşma tərzi gördüm, çağdaş nəsrimizin tanımadığım imzalarıyla tanış oldum, onların imkanlarını müqayisəli şəkildə öyrənmiş oldum. Bir də, “O bir hekayə”ni axtarıb tapmaq həvəsi. Amma birmərrə kiminləsə “düşmən” olmaq, kimisə qıcıqlandırmaq, kiminsə xətrinə dəymək məqsədilə yox, dost olmaq, fikir mübadiləsi aparmaq və başqalarından öyrənmək üçün girişdim bu işə. Ümidvaram ki, kimsə bu əməlimdən inciməyəcək və qeydlərimi, bir az da zarafata salıb ərkyana dediyim iradları səmimi qəbul edəcək, haqsız olmadığım yerlərdə isə qüsurlarımı bağışlayacaqdı.
Kitab çap etdirmək məsuliyyətli işdir. Kitab, içində yaşatdığı mətnlə birlikdə onu yazan imzalardan qat-qat artıq ömür yaşayır. Topluya ömür nəsib edən Əli Bəy Azəriyə burda cəmləşmiş bütün müəlliflər adından bir daha səmimi təşəkkürümü bildirirəm. Böyük savab, çoxlarını sevindirən və gərəkli iş görüb. Özünün də qeyd etdiyi kimi, əslində toplunu hazırlayarkən qarşıya o məqsəd qoylmayıb ki, şedevr hekayələr seçilsin. Belə baxanda, onsuz da hər yazarın yüzlərlə əsəri içində iki-üç sanballı əsəri ola, ya olmaya. ADR-in 99 illiyi münasibətilə tanış müəlliflərdən öz ağız dadlarına xoş gələn hekayə istənilib, onlar da münasib bildikləri mətni toplu üçün göndəriblər. Nəticədə, çoxu vətənpərvərlik mövzusunda olan 42 rəngarəng yazı salınıb topluya. “Müxtəlif düşüncə tərzinə, dil üslubuna və bədii yazı formasına malik insanların bir çağırışla səfərbər olunması təqdirəlayiq hesab olunmalıdır” – Əli bəylə razılaşıram. İçərisində təlqin, dayaz, bənzətmə mətnlər olsa da, bütövlükdətoplu dəyərlidir və özündən sonra gələcək kitab üçün etibarlı nərdivan olacağından əminəm. Bu toplu olmasaydı bu məqalədə də olmayacaqdı. Məqalə varsa, deməli, kitabda, haqqında məqalə yazılacaq mətnlər də var. Əli bəyin kitabın üz qabığında istinad verdiyi “O hekayə” bu beş mətnin arasındadır:

– “Dəli Bəybala” (Meyxoş Abdulla)
– “Miqrant” (Yaşar Bünyad)
– “Koroğlunun qocalığı” (Şiringül Musayeva)
– “Hasar” (Gülşən Mustafa)
– “İşığı gələnə” (Rasim İsmayılov)

Bir daha girişdə qeyd etdiyim “nəsrin etalonu” fikrinə əlavə edirəm ki, nəsr, fərqliliyi yaratmaqdır, oxucuyla “xana-xana” oynamaq kimi bir şeydir, qələmlə behişt yaratmaq və oranın azad bəndəsi olmaqdır, dünyanı, bəşəri öz səsinə, işığına sarı döndərməkdir. Qələmin gücü oxucu və yazıçı rakurslarını birləşdirməkdə, real olmayanı real, şüurun qəbul etmədiyini adi kimi elə göstərmək bacarığıdır ki, oxucu nəyin yalan, nəyin doğru olduğunu tuta bilməsin. Axı bu dünyada olmayan, ağılagəlməyən şey qalmayıb...
Oxucumuzunənənəvi baxışlarını, məsələyə standart yanaşmalarını darmadağın etmədikcə nəsrimiz Ədəbiyyat Dünyasında (Dünya Ədəbiyyatı yox ha!..) boy verməyəcək. Nəsrin qarşısında haqq da, nahaq da o baxımdan bərabərdir ki, zamana görə yanlış olan, günlərin biri haqq donun geyir, şax gəzir və Xeyirə güldürür insanı. Ona görə də nasir təxəyyül hüdudsuzluğunda şərə də, xeyirə də eyni donu eləbiçməlidir ki, oxucu əlindəkinin kitab olduğunu unutsun, öz vicdanına pıçıldasın,– “Birdən bu mənim başıma gəlsəydi”... – qoybaşıhəşirinə qalsın. Yoxsa hər şeyi umac kimi xırdalayıb, rahat-hulğum eliyib oxucunu yedirmək qələmin sehrinə aid olan fədakarlıq deyil. Kitab əlində ölüb-dirilən oxucunu gözlərinin qabağına gətirib yazmağın başqa ləzzəti var!.. Yoxsa Hemenqueyin “Qoca və dəniz”dəki “çərənçiliyi”, Kortasarın “Xana-xana oyunu”ndakı “qumarbazlığı”, Dostoyevskinin cəza və vicdanı üz-üzə qoymağı və s. niyə Ədəbiyyat Dünyasında o qədər boy verməlidir ki? Bunu anlasaq, Nobeli Biləcəridən bəri gətirə biləcəyik.
Bir daha sizlərlə tanışlıqdan qürur duyduğumu bildirirəm, haqqınızı halal edin. Əgər sizlərdən kimsə topludakı “Alın yazısı” hekayəmi eyni səbirlə oxuyub fikrini bölüşsə çox məmnun olardım. Unutmayın, min cür dəva-dərman edib Ədəbi Tənqid qanadımızı diriltməkdənsə, öz göbəyimizi özümüzün kəsməyi daha kəsə və sərfəli yoldur. Tanrı amanında olun, uğurlu mətnlərdə görüşənədək!

03 avqust 2017

http://manera.az/tribuna/4405-hekaye-chigirtmasi-reshid-bergushadli-yazir.html--Yazının I hissəsi burada

Hekayə çığırtması... - Rəşid Bərgüşadlı yazır ( II HİSSƏ )


Baxış sayı - 2 737 | Yüklənmə tarixi: 06.08.2017 16:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031