manera.az
manera.az

Hekayə çığırtması... - Rəşid Bərgüşadlı yazır ( I HİSSƏ )

📅 06.08.2017 15:03

Hekayə çığırtması... - Rəşid Bərgüşadlı yazır ( I HİSSƏ )

Hekayə çığırtması
I HİSSƏ
Rəşid Bərgüşadlının oxucu təhlili


Orkestrdən zəndeyi-zəhləsi gedən biri kimi iki saat televizorun qarşısında oturub yüksək səslə simfoniyaya qulaq asmaq, drijorun bu həngamədə məhz nəyə yaradığını axtarıb tapmaq kimi hərdən əcaib həvəsə düşən adamlardanam. Ya da qan təzyiqim ola-ola bir şiş quyruq kababı yeyirəm ki, görüm bu təzyiqin axırı nəylə qutaracaq və təsəvvür edin, təzyiqim 150-yə qalxıb məni əsməcəyə salanda, ölmək qorxusu güc gələndə bu axmaq eksperimenti dayandırıb “Loristan-H”ı dinməzcə uduram.Nəticədə, “Alın yazısı” hekayəmdə dediyim kimi “Ölüm qorxusu, ölməkdən də dəhşətlidir” fikrini özümçün sübuta yetirmiş oluram...Ağır affekt halında olan insanın psixoloji, mənəvi iniltilərindən bəhs edən hekayə kimi nəzərdə tutulmuş bu “Alın yazısı” Belarus, Rusiya ədəbi portallarında dərc olunub və Azərbaycan Demokratik Respublikasının yaranmasının 99-cu illiyi münasibətilə “Xəzan” jurnalının redaktoru Əli Bəy Azəri tərəfindən 25 yazıçının 42 hekayəsindən ibarət topluya da salınıb…

Hər yazar öz yazdığını kənar oxucu kimi oxuya bilirmi, bilmirəm, şəxsən, mən bunu yaxşı bacarmıram.Kitabdan oxumaq yenə dərdyarıdır, internetdən oxumağı lap cəhənnəm əzabı sayıram... Əlqərəz, həmin topludan öz hekayəmi oxudum, özü də bu dəfə yad bir oxucu kimi, həm də hər şeyə bir mız qoyan oxucu kimi oxudum. Və.., qərara aldım ki, üzərimdə daha bir məşəqqətli eksperiment aparım...

* * *
...Təpəmə güllə çaxsalar da, canımı dişimə tutub kiminsə yazdığı bir neçə hekayəsinidalbadal oxuya bilmərəm– səbrim çatmaz, bağrım çatlar! Ədəbi tənqidçilərə bu sarıdan yazığım gəlir, – “Zülmdür! Hələ az pul alırlar, mən bir hekayəni min manata da oxumaram!” – deyirəm. Amma tutdum tərs damarımın qulağından, o ki var burdum, – “Ağzın nədir oxumayasan! Bəs sən oxumadıqların səni niyə oxumalıdırlar! Bəlkə dədənə borcları var?! Canın çıxacaq, oxuyacaqsan, hələ ustəlik, fikirlərini məqalə şəklində yazacaqsan da!”... – deyən yerdə rəhmətlik atamdan aldığım bir qulaqburma yadıma düşdü.
…Xörəyimdə soğan oldusa, kəs başımı, ağzıma bir qaşıq da almazdım. Ərinmədən bircə-bircə supdan-bozbaşdan soğan dənələrini seçib yığırdım sümük qabına. Bir gün dədəmin tərsliyi tutdu və rəhmətlik anama qıcandı ki, – Bunu sən belə qudurtmusan! Tez ol, bir sapılca soğandağı elə!.. – kimin nə hünəri vardı onun sözünü döndərsin... Qadasını aldığım mələk anam da üç baş qırmızı soğanı yağda qovurub sapılcanı qoydu stolun üstünə və gerisini görməmək üçün qaçdı eşiyə. Sonrası.., – “Nə yemisən? – Turşulu şilə...” – iki qladiatorun döyüşü başladı, nə başladı... Başınızı çox ağrıtmayım – gözümün də yaşını qatıb sapılcanın dibini sivirənədək dədəm başımın üstündən çəkilmədi və mənim soğan vasvasılığımı mənə o cür tərgitdi... Hə.., bax indi o münvanla özümə dedim, - Oxuyaram da, yazaram da, hələ o yana da keçərəm! – və əlimdəki bütün yazı-pozumu bir yana tullayıb Allah qoysa, ədəbi təhlil kimi bir məqalə yazmaq üçünkeçdim “25 yazıçının hekayələri”ni diqqətlə oxumağa. Nəticədə alafsın-bulafsın bir şey ortaya çıxsa, nəzərə alın ki, bu, ancaq oxucu kimi subyektiv fikirlərimdir, elə bilin ki, 42 hekayəni soğandağında qızardıb loxmalayıram...

* * *
Bir şey yaxşıdır ki, kitabda əsərləri yer almış müəlliflərin heç biriylə şəxsi münasibət və tanışlığım yoxdur– bu işimi asanlaşdırırvə sözsüz ki, bir-iki hekayə ilə imzanın tam təfsilatını vermək qeyri-mümkündür. İzafa, kiməsə nə haqqımı yedirmərəm, nə də kiminsə haqqını yemərəm–əvvəlcədən oxucu kimi şərtimi şumda kəsirəm ki, xırmanda heç kimlə yabalaşmayaq.Oxucu səviyyəmin formalaşmış boyu və qənaətlərimin çəkisi aşağıdakı kimidir:
a) Yazıçı Yaradanın seçdikləridir. Onun inqilabi vəzifəsi bəşəriyyətə sevgi, insanpərvərlik, azadlıq, sədaqət, sülh və ədalət kimi ideyaları ötürməkdir. Ədəbiyyatla oynamazlar, bura lağ-lağı yeri deyil – adamın dili tutular, gözü kor olar, balası lənətə gələr, cənnət üzünə həsrət qalar adam. Əlinə qələm alan adam Təbiətin Dilini bilən, Bütövün tamlığına xidmət edən, insanlığa insanlığı təbliğ edən İdeya Adamı olmalıdır. Xülasə, İdeya, Dil, Təfəkkür, Təxəyyüllə silahlanıb yorulmadan insanlıq üçün vuruşan cəfakeşdir Yazıçı. O əsgərdir, Dədə Süleyman demişkən, “heç vaxt təxris olmayacaq əsgər”!
b) Yazıçı elə əsərlər yazmalıdır ki, oxucusunu uzun müddət düşündürə bilsin. İdeyanı nə yolla olursa olsun – qaratikan qomu kimi yandırıcı da olsa – oxucunun göz yaşlarına baxmadan mədəsindən keçirməyi bacarsın və onu O etsin! Demək, heyrətləndirməyi bacarmayan yazıçı qələmi dinməz-söyləməz yerə qoyub “kamil palançılığına” dönməlidir.
v) Sicilləmə yazan və eyni mövzuda ərinmədən qələm yontalıyanlar qısır yazıçıdır və üzüsulu əl götürməlidir Ədəbiyyat süfrəsindən. Qələmi zülm çəkən, mətni ağır doğan arvad kimi zarıyan adam da özünə zülm verməməlidir – “Qırxında öyrənən, gorunda çalar!” – gec-tez mətn üzünü qaraldacaq...
c) Quşqunla noxtanın, yunla qəzilin, təslə qığın fərqini bilmədən kənddən yazan və ya əksinə, şəhərdə tanımadığı küçələrdə veyllənən qələm mətndə dərhal görünür. Belə mətnləri adətən özünə aşırı vurğun olanlar yazır. Mətnin namusunu, əziyyətini isə qələm çəkir. Belə yazıçı nə qədər özünə arxayın olsa da, gözlənilən ideyanı ötürmək zamanı gələndə özünü idarə edə bilmir, çaşıb qalır.
e) Mətndə Səmimiyyət, İstedad və Azad Düşüncə yoxdursa, o mətn ədəbi çəkiyə malik deyil. Nə yeni söz icad etməyə lüzum var, nə də özümüzü bakirə ideya doğmağa məcbur etməli deyilik. Bildiyimiz bir hadisəni fərqli xarakterlərlə, mövzunu fərqli çözməklə istedadlı yazar qələmində fərqlilik yarada bilər və bu onun qələmdaşının üzünü qızarda bilər ki, – “Niyə? Bunları mən niyə görmədim?”. Yazıçı mahir müşahidəçi kimi fərqli eksperimentlər aparmalıdır, təfəkkürlə həyati faktları birləşdirməlidir – reallıq və irreallıq arasındakı sərhəddi vurub dağıtmalıdır, mətni eninə yox, dərininə işləməlidir. Oxucu çaşmalıdır, – “Bu, həqiqətdir, yoxsa təxəyyül?!”. Onsuz da oxucu əsəri oxuyub qurtarandan sonra heyrətlənsə də, özünün natamam səviyyəsini gizlətmək ücün belə deyəcək, – "Bu gicbəsər nə cəfəngiyyatdır yazıb?!". Əslində isə o, bunu etiraf etmiş olur, – “Belə əsərlər mənlik deyil, mənim ağlım kəsən şeylər deyil bunlar” – amma gözü geridə qalacaq– “Deyəsən gicbəsər özüməm axı”...– deyəcək.
ə)Yazıçılıq, nə qədər dəyərli və mükəmməl də olsa hadisəni, mənzərəni olduğu kimi mahir rəssamtək qüsursuz çəkib oxucuya göstərmək yox, həmin hadisənin, mənzərənin yalnız cizgilərini, ştrixlərini mətndə elə verə bilmək bacarığıdır ki, oxucu bu sayrışmaların arxasındakıları öz şüuraltıyla duya, oxuya, görə bilsin. Oxucu həm də arxayınca əmin olur ki, - "Bu "rəssam" görüntünü digərlərindən daha ustaca verməyi bacara bilərdi, sadəcə, işarələrlə məni də yazıçı etmək istəyir"...
Yazıçılığın zövqü onu duya biləcək belə oxucunu yetişdirməkdədir. Çünki belə oxucu əsərin ədəbi tənqidçisinə çevrilir və bir əsərin Ədəbiyyata qoşulma prosesi elə buradan başlayır.
i)Ədəbi nümunədə düz xətt seçimi mətni publisist məcraya yönəldir. Odur ki, ədəbi mətnlər dolayısı yolla və uzaqdakıları yaxına gətirməklə yaranmalıdır. Burda şüurun dedikləri işə yaramır - şüurla işləyəndə reallıqda ilişib qalırsan - təhtəlşüurun siqnallarını eşitmək vacibdir, onun şüurumuza ötürdükləri siqnalları eşitmək lazımdır. Bu siqnallar kodlar vasitəsilə şüura daxil olur. Kodu açmaq üçün isə yoldakı işarələr "oxunmalıdır". Çünki yoldakı hər işarə 40 otağın ayrı-ayrı açarı kimidir. Sonuncu otağa qədər səbri və dözümü, eləcə də ədəbi müqaviməti olan möcüzəli qələm qırxıncı otağa çatanda əlindəki cilalanmış almazın əslində 39 otaqda dənlədiyi qaşların cəmindən yarandığına şahid olur, itilənir vəsonsuz fərəhlə daha qəliz kodlar cızmağa yerikləyir...

...Çox amansız olmayaq – bu qədər vasvasılıq yetər məncə. İndi də bu maddələr, formul və qəliblər əsasında sırasıyla hekayələrin suyunu çıxaraq:

* * *
1) Rəşid Bərgüşadlı – “Alın yazısı”. Müəllifin nə yazmaq istədiyi, hədəf və arzusu aydındır, maraqlı, ağrılı, faciənin ağırlığını tam göstərə biləcək seçimdir. Mətn qaftanlıdır, dərinə işləyir, oxucunun tüklərini tərpədə bilir. Bir sözlə, müəllif yekə daşdan yapışıb, amma qaldıra bilməyib. Mətndə xeyli uzunçuluq var, eyni fikri lüzumsuz yerə saqqız kimi çeynəmək, müəllifin ağlına gəlmiş olan ağıllı ideyanın şor-şitini çıxarmaq var. Mütaliədən gələn yamaqlar – “oğurluq tezislər” aydın görünür, hətta, bəzən yerinə tam oturmayıb. Əsir düşmüş Dilqəm öz dogma qızını qulaqları kəsilmiş azərbaycanlı snayperə təklif edir. Əslində, bu, yeganə ən pis iki seçimdən ən yaxşısı və başadüşüləni olsa da, məcburi təklifin inandırıcılığı tam əsaslandırılmayıb. Hekayə bu şəkildə kitab üzü görməməlidir. Gül kimi mövzu yaralanıb, sanki, dadlı qabırğa kababından bir dişləm alıb qalanını atmısan itə!

2) Nurəddin Ədiloğlu – “Nuhun günahı”. Nuh peyğəmbər ona gəmi tikən dülgərlərə mükafat olaraq nə istədiklərini soruşanda onların üçü də bir-birindən xəbərsiz Nuhun tək qızı Vəjiləni istəyir. Bir qızı necə bölsün? Allah zıppatan bir it, bir də eşşək göndərir Nuha ki, - “Narahat olma, al bunları və Vəjiləylə bir otağa sal”. Nuh Allahın tapşırdığı kimi eliyir və bir müddətdən sonra qapını açanda görür ki, Vəjilə üç olub. Qızların hərəsini bir dülgərə verib könüllərini xoş edir. 950 yaşı olanda – ölüm ayağında yurdunu gəzir görsün ki, vəziyyət necədir. Qabağına dikbaş, yekəxana adamlar çıxarkən anlayır ki, bunlar öz dogma Vəjiləsindən yox, it və eşşək Vəjilədən törəyən nəsildir. Bu sirri dağla söhbətində açır və bu dərd-ağrı dolur dağın qarnına – dağ çönür olur Ağrı dağı. Müəllif deyəsən çalışır anlatsın ki, Ağrı dağın ətəklərində yaşayan ermənilər də it-eşşək Vəjilədəndirlər, mətnin dişədəyən mesajını da burda ötürür oxucuya, - “Yerin də, Göyün də sahibi Allahdır, bəni-Adəm yer üzünə qonaq gəlib. Qonaq “yer-göy mənimdir” deyib dava-dalaş salmaz!”. Amma həqiqətən müəllif ermənilərə işarə edirsə, dolayısı ilə bu çaqqal sürüsünün Ağrı ətəklərindəki ömrünü Nuh əyyamınadək aparıb çıxarmış olur. Digər məsələ.., əvvala Allahın öz sevimli peyğəmbərinə it və eşşək göndərməsi “Nuhun günahı” deyil, heç xahişi də deyil, olsa-olsa Nuhla Xaliq arasında “sirr” – “Nuhun sirri” ola bilərdi. Mövzu qapanmayıb, dil aşırı yüyrəkdir, oxucunu tutub saxlayan yönlü bir ideya yoxdur. Hekayə nağıl kimi nəql edilir, özü də mənim kimi yersiz uzunçuluqla.

“Rəhbərə məktub”. Təbiət təsvirləri və müşahidələr qüsursuzdur. Hiss olunur ki, avtobioqrafik hekayədir. Azərbaycanda şikayətə baxan olmadığı üçün Rusiyada əsgərlik çəkən eloğlumuz qərara alır ki, uzaq vətəndə haqsız yerə işdən çıxarılmış atasına görə SovİKP Baş Katibi Leonid İliç Brejnevə şikayət məktubu yazsın. Yazır. Elə təzəcə xoddanmaq istəyirsən ki, məktubun axırının necə olacağını düşünəsən, pah! – hekayə qəfil qurtarır... Əsas odur ki, məktub “Azirbijan” babaya çatır və əsgərin atasını işə bərpa edirlər, hələ üstəlik, raykoma töhmət də verilir – bir sözlə, “failətün failun”...

3) Narıngül Nadir – “Qar çiçəyi”. “Qar çiçəyi” – keçmiş sevgilisi onu belə çağırırmış – telefonda təzə bir kişiylə tanış olur. Azacıq tərəddüddən sonra özünü əxlaqsız hesab etməyən bu qadın “Həyatındakı boşluğu doldurmaq” məqsədilə əlində hədiyyə onu “istəyən” naməlum kişiylə görüşməyə razı olur. “Fahişələr bağı”na yaxın yerdə kişini gözləyən “qar çiçəyi”nin kişi gələnəcən düşündükləri qismən diqqətçəkəndir. Amma fikrin dalı gəlmir. Fikrin dalı cəhənnəm, heç məchul kişi də görüşə gəlmir, – nəsə “mühüm işi” çıxır. Sonradan necə olursa “qar çiçəyi”nin içində keçmiş sevgilisinə sədaqət hissləri təzədən baş qaldırır və bu kişiylə görüşməkdən vaz keçir. Vəssəlam...

4) Meyxoş Abdulla – “Dəli Bəybala”. Əxlaqsız Qəmzə bıçaqlanıb öldürülür. Yasını da köməkləşib “yataq dostları” götürür. Mərhumun anası göz yaşları içində bu kişilərə duavsana eliyir, – “Ay başınıza dönüm, zəhmətinizi halal edin qızıma, əziyyət çəkmisiniz”... – çox bəyəndim bu tapıntını. Məhəllənin ən ağıllı adamı, hər kəsin cikini-bikini bilən Bəybala isə bu kişilərin maşınlarının təkərlərini partladır. Yaxşı hekayədir, usta qələmdən çıxıb. Bircə ona mız qoya bilərəm ki, müəllif, Bəybalanın dəli olmadığını “sübut etmək üçün” misalları çox gətirir. “Bəybalanın az qalırdı ki, başına hava gəlsin” – mənalı gözəl sonluqdur...

“Mininci qadın”. Əsir düşən əsgərin yaşantıları, əzablarından bəhs edir. Hekayənin baş qəhrəman - əsir düşən əsgərin dilindən nəql edilməsi bəribaşdan ipucudur ki, - “Əsgər sağ qalacaq – ölü danışmaz ki”... Bu da hekayənin effektini yarıbayarı azaldan müəllif məğlubiyyətidir. Erməni tərəfin onu sorğu-suala tutan zabiti Vova əsgərimizin doğma oğluna çox bənzəyir. Üstəlik, Vovanın anası Varvaranın əsirə gözü düşür və onu “zəbt eliyir”. Əsir öyrənir ki, Vovanı anası süni mayalanmadan doğub və atasının kimliyi məlum deyil. Elə burdaca müəllifin ikinci məğlubiyyəti görünür – artıq hekayənin ortasında oxucu duyuq düşür ki, Vova elə əsir azərbaycanlının öz doğma oğludur. Belə də olur. Dil şirinliyi, səlistliyi və rəvanlığı qabarıqdır. Müəllifin söz bazası zəngindir – sözdən korluq çəkmir və sözü yerli-yerində məharətlə işlədir. “Zollamaq”, “ləlöyün”, “yavagəzən” sözləri çoxdandır gözümə, qulağıma sataşmırdı. Müəllif əsərdə mesaj vermək istəyir ki, erməni tərəfdən döyüşən can-cüssəli, döyüşkən əsgər varsa, çox güman ki, vaxtilə bizimkilərin oğurlanmış “toxumundan” cücərən özümüzünkülərdir. Hərçənd ki, erməni məkri məşhuri-candır, bunlardan nə desən gözləmək olar, amma mətn mənə bunu inandıra bilmədi. Qələm itidir, mövzu isə, kal – müəllif qələmi idarə edə bilməyib...

“Təbaşirlə çəkilən rəsm”. Qısa, yığcam hekayələri sevirəm, belə yazanlara hörmətim də var. Bu hekayədə özünü on altı mərtəbəli binadan atıb intihar edən kişinin kriminalist-rəssam tərəfindən asfalt üzərində təbaşirlə çəkilmiş şəkli təsvir olunub. Bəlkə də müəllif novella planlaşdırıbmış, amma yenə də ipucunu mətnin ortasında özü verib... İlk dəfə bu üç hekayəsi ilə tanış olduğum Meyxoş Abdulla imzası maraqlı və imkanlı qələm kimi daima hafizəmdə qalacaq.

5) Camal Zeynaloğlu – “Apokalipsis, yaxud qiyamətin premyerası”. Xocalı faciəsindən bəhs edir. Müəllifin məramı xoşdur, Xəqaninin Xocalıda göstərdiyi qəhrəmanlığı tərənnüm etmək istəyir, amma təəssüflə deməliyəm ki, bu mətn hekayə deyil, bədiilikdən uzaqdır. Girişdə uzun-uzadı xronoloji məqalə ilə başlayır. Dil quru, sönük və yavandır, bədii mətnlər üçün yararsızdır. Bu, hekayədən çox publisistikadır, jurnalist dilidir.

“Snayper qız”. Yox... Təxəyyülü işə sala bilmir. Deyəsən təcrübə və yetərincə mütaliənin olmamasından irəli gəlir. Alınmır... Hadisəni olduğu kimi kağıza köçürmək bədii mətn yaratmaq deyil. Qarabağ müharibəsinin veteranı, könüllü döyüşçü, ehtiyatda olan kapitan, hətta, cəsarətli snayper Rahilə Orucova haqqında xəbərdar olan biri kimi çox üzgünəm – alınmayıb və bu üsulla alına da bilməz...

6) Ülviyyə Niyazqızı – “Uşaq papışları”. Birinci şəxsin dilində nəql olunan uzun-uzadı “daley-daley” həyat hekayəsidir. Heç bir yönü ilə əvvəldə qeyd etdiyim şərtlərə cavab vermir. Qələm təcrübəsizdir, itilənməlidir, dil yoğrulmalıdır, mütaliə üçün dünya ədəbiyyatının incilərinə istiqamət götürülməlidir.

“İşıq”. Valideynlərini dava-dalaşından bezmiş, dilənçi qılıqlı 12-13 yaşı oğlanın həyat hekayəsini danışır. Ən böyük arzusu “Bircə atam içkidən uzaqlaşsın” olan bu uşağın yekə kişi kimi danışması mətni qıdıqlayır, oxucunu qıcıqlandırır – uşaq dili şirinliyini ilə seçilməlidir. Qarabağ müharibəsinin veteranı olan ata içəndə cin atına minir, amma niyə içir, bax bunun psixoloji səbəbləri mətnə yaraşıq verə bilərdi – verilsəydi... Ülviyyə xanım ürəyiyumuşaqdır, hər kəsin içində insanpərvərlik nurunu görmək istəyir. Elə bu səbəbdən də balaca Qismətə 200 manat borc verir ki, atasını içkidən müalicə etdirsin, hətta, tanıdığı həkimin ünvanını da verir. Ata müalicə olunur və ailə öz dincliyinə qovuşur - Ülviyyə xanımın mərhəməti sayəsində. Burda incə bir nüansı qeyd edim: Müəllif həyatda ürəyiyuxa ola bilər, hamıya yardım etməkdən zövq ala bilər, amma mətn bunu sevmir! Müəllif mətndə görünməməlidir, qəhrəmanına tərəfkeşlik, yardım etməməlidir, əksinə, bacardığı qədər oxucunun acığına qəhrəmanına sitəm etməlidir. Nəysə.., öz işidir. Mənim üçün bu hekayə nə qədər əziyyət bahasına yazılmış olsa da “ayaq getdi, əl gətirdi, diş yedi” oldu...

7) Yaşar Bünyad – “Miqrant”. Yaşar Bünyad Facebook dostluğumdadır və bir neçə dəfə şərhlərdə “kəllə-kəlləyə” gəlmişik də. Bir neçə hekayəsini oxumuşam, qələminə azca bələdliyim var. Hekayə Rusiya bazarında çörəkpulu dalınca gedən həmyerlilərimizin başına bazar lotuları – millətçi skinxedlərin açdığı vəhşiliklərdən, bazarın dərəbəylik mühitindən danışılır. Mətndə qabarıq yazıçı səmimiyyəti var, latayır jarqonlardan istifadə tam yerindədir – bazarın atmosferinə uyğundur. Təhkiyə şirindir, ifadələr şirəlidir, mətndə boşluq yoxdur, dadlı məcaz, baməzə ironiya mətn boyu adamı şirnikdirir və sonluğa doğru çəkir. Paraqraflarla mətnin xronoloji idarəsi, zaman-məkan keçidləri ustaca qurulub. Bir sözlə, yeməli hekayədir, amma heyif ki, bu ustalıqla sanballı bir ideya da ötürməli idi...
“General”. İtin dilindən nəql edilən maraqlı, templi, enerjili, baməzə hekayədir. Qeyd edim ki, “bazlığa gedən adamı gözləyərək maşında peşaba qarıxmaq...” – tablosu onun bir başqa (“Ata”) hekayəsində də eyni şəkildə var idi... Müəllif haqqında yuxarıdakı fikirlərim daha da möhkəmləndi və bu hekayənin timsalında digər sözümü geri götürürəm, - “Hər mətndə nəsə ideya gözləməyin özü də vasvasılıqdır. Mətndə enerji varsa, bu da kafidir!”. Yaşar Bünyad usta yazardır, bu qələmlə hər nə desən yaratmaq olar. Gözüm bu imzanı daim axtaracaq...

8) Əli bəy Azəri – “Sonuncu dar ağacı”. Şirin və şirəli doğma dillə əzazil Uluxan padşahın (bir yerdə isə Uğurlu parşahın – görünür texniki səhfdir) ölümünü və o öləndən sonra taxta keçən vəliəhd Buludxanın zülmünü anladır. Zülm o qədər böyükdür ki, hətta, “Tanrı dərgahın yerini dəyişir”. Xalqını it yerinə qoymayan Buludxan camaatı meydana yığıb əmr edir ki, hərə meşədən bir ağac qırıb elə bu meydandaca özünə bir dar ağacı qurub özünü assın. Məqsədi də odur ki, tənbəl millətin kökünü kəsib yerinə afrikalı ucuz zəncilər gətirsin və bu dar ağacları onlara görk olsun... Nəysə.., padşah millətin kökünü kəsir, sarayda əyan-əşrəf qoymur – vəzirqarışıq hamını bir-birinə asdırır, hətta, zənciləri gətirməyə gedən bircə çapar sağ-salamat (zəncilər bu ölkəyə gəlmir və qalan çaparları öldürür) qayıdır – onu da asdırır. Axırda vəkili də özünə asdırıb qalır təm-tək. Bircə özünün dar ağacı boş qalır. Başlayır “şəvinik” (axşam?) düşənədək bir nəfər şildən-şikəstdən axtarmağa ki, onun boynuna kəndir keçirən tapsın, heç kimi tapmır. Qərara gəlir ki dar ağacının boş qalmağı günahdır və zənci gətirmyə gedən çaparın sahibsiz atını asmaq istəyir. At duyuq düşür, şıllaq atıb qaçır. Naəlac qalıb öz atını asmaqdan başqa çarə tapmır. Atı çapır dar ağacları olan meydana. Yarıyolda at məsələdən duyuq düşür və ayaqlarını dirəyir, yerimir, soncuqlayıb şahı çırpır yerə, şah huşunu itirir... Hə.., şah “ayılanda” görür ki, bütün əyan-əşrəfi bayram libasında cəm olub başına, - “Bay sənə canımız fəda, qibləgahımız, bəs niyə gecikmisən? Burda kefdə-damaqdayıq, ləngimə, tez kəndiri keçir xirtdəyinə gəl, səbrsizliklə səni gözləyirik!”. O da gözünü döyür ki, - Birdən mənə qəsd edib öldürərsiniz ha.., sizin!.. Rəhmətlik vəzir Daşdəmir ürək-dirək verir ki, - “A kişi, hamımız o kəndirdən keçib gəlmişik da, qorxma! Huri-mələklərə özünü güldürmə”. Tamah güc gəlir və Buludxan şah özünü asır. O boyda məmləkətdə cəmi-cümlətani iki canlı qalır – şahın atı və çaparın atı...
Hə... Uzun-uzadı, maraqlı nağıl beləcə bitir və beynimizdə bir sual doğur – “Hə.., noossun!?”... O boyda asha-as, kəsha-kəsdənsə, bu iki atın sonrakı taleyi bəlkə də oxucu üçün daha maraqlı ola bilərdi... Amma mətn artıq oxucunundur və biz qayıdaq mətnə. Misalla fikrimi bildirim: Elə bil ki, yun corab toxumaq üçün səkkiz rəngdə ip götürmüşük. Corabı toxuyub qurtarandan sonra baxırıq ki, qırmızı və yaşıl rəngdə olan iplər topuğa qədər gəlir, sonra isə unutduğumuzdan, iki ipin olmalı ilmələrin yeri gen kalafa kimi corabı eybəcər hala salıb. Nədi o iki rəngdə olan ip? Birincisi, oxucunun xüsusi diqqətini mətnin yarısınadək cəlb edən “kələntər arvadlar”, ikincisi, əsas obrazlardan biri Səlmə xatun. Bəs ideya nədir? Müəllif bu cür rəvan, səlist dillə mətndə başqa nə demək istəyir? Təkcə tamah? Hə, tamahdır - mətndə görünməyən başqa bir ideya yoxdur, çünki mətn tam açıq mətndir! “Tamah” isə bu uzunluqda hekayə üçün yetərli deyil. Mesajları Azərbaycan reallığına calamaq istəyi də alınmayıb. Bir sözlə, əzizim Əli bəyin bu kitabda və ayrı-ayrı vaxtlarda ünvanıma dediyi xoş sözlərə baxmayaraq, bu hekayə məni tutmadı...

8) Şiringül Musayeva – “Koroğlunun qocalığı”. Hardasa, "Koroğlu"nun xalq dastanı kimi xalqa dəxli olmadığı qənaətindəyəm. Nasirlərin oturuşmuş “büt əsərlər”ə məntiqli, ehmalca və həssas “hücumlarını” alqışlayıram. Bu hekayə də onlardan biridir... Müəllif Çənlibeli ətrafı “qoca qadına oxşayan” söyüdlə əhatələnmiş göl, tala, meşəylə əhatələnmiş yer kimi təsfir edir və təsvirlərində xəta yoxdur. Təhkiyə və təsvir inandırıcı, səmimidir. Bircə, Nigarın vaxtilə Tüpdağıdanın qızı Ülkərə danışdığı nağıldakı “imiş”lər yetişməmiş zoğal kimi azca ağız büzür, bir də vaşaq izi görən Koroğlunun dilindən eşitdiyimiz “sürpriz” sözü.
Başı qeylü-qallar görmüş, dəlilərini buraxmış Koroğlu qoca vaxtında Nigarla tənha qalıb, xatirələrə dalıb və dünyanın gərdişini düşünə-düşünə ər-arvad dəlilərinin sorağına çıxırlar. Yolda öküz otaran kişinin tüfənginin nəyə yaradığını bilən Koroğlu elə bildiyimiz kimi sarsılmağı o yana dursun, övladlarının indiyədək onlardan hal-əhval tutumağa gəlməmələrini özünə dərd eliyir. Paşanın xəzinəsini oğurlayan quldurları tutub paşaya təhvil verir və onun yeddi gün şərəf qonağı olur. Nigarla hər gün paşanın evindən küçə-bazara çıxıb gəzir, Toxmaqvuranı, Halaypozanı tapıb sevinir, paşanın qoruyanı adamlıqdan çıxmış Bəlli Əhmədi qanına qəltan edib rahatlayanda paşanın qulağı çalır ki, qonaqladığı şeşəbığ kişi vaxtilə ona qan udduran Koroğlunun özüymüş. Paşa qovur, Koroğlu da dabanına tüpürüb qaçır Çənlibelə...
Dəlilər bir-birindən xəbərsiz eyni yuxunu görürlər ki, Çənlibelin başını qara buludlar alıb, Koroğlu təhlükədədir. Eyvaz, Dəmirçioğlu, Dəli Həsən, Aşıq Cunun dəlilərə hay vurur, el-oba axışır Çənlibelə sarı. Paşanın qoşunu yerlə bir olur. Bu arada Qıratın buludlardan çıxıb Koroğlunu tərkinə alaraq təzədən buludlara qovuşmağı möhtəşəm sonluqdur.
Hekayə qaftanlıdır, mənalıdır, düşündürücüdür, başqa analoji zaman və müstəvilərə tətbiq oluna biləndir, dil şirəlidir, rəvandır. Qələm təcrübəli, təxəyyül sarıdan əmindir, daha sanballı əsər yaradacaq gücdədir.
Kitabın üstündə bir cümlə var, - “Tək bir hekayənin xətrinə kitabı oxumağa dəyər...” – məncə, şumda kəsdiyimiz şərtlərə tam uymasa da, o hekayə hələ ki (!) bu hekayədir...

10) Fərhad Əsgərov (Ramizoğlu) - “Alimin oynaya bilmədiyi mahnı”.
Məktəbli Nəriman ikicə cümlədən sonra böyüyüb ali məktəbə girir, üçüncü cümlədə Aysu “xanımla” evlənir, dördüncü cümlədə onların üç uşağı olur, qızı Tamilla ibtidai sinif müəllimi olur, ona müəllimlik peşəsinin aliliyindən gözləri yaşara-yaşara uzun bir monoloq danışır, toyda “zakaz” üstündə dava düşür, alim-alimə qarışır və s... – dil bu qədər aşırı yüyrəkdir və qupqurudur. Qələm təcrübəsizdir – nəyi, necə yazmaq lazımdır, buna itilənməyib. Təhkiyə pafosludur. Mətn quru söz yığnağıdır. Əvvəldə qeyd etdiyim “məcəllənin” heç bir maddəsinə uyğun gəlmir, bu hekayənin bədii əsər kimi heç bir çəkisi ola bilməz!

“Məchul qonağın xeyirxahlığı”. Sözlərin mənası olmayanda, ya da söz yerində rahat oturmayanda, - “Koma ən yaxın villadan təxminən 100-150 metr, bəlkə də bir az çox aralıda yerləşirdi” cümləsindəki, “bəlkə də bir az çox” hissəsi tikan kimi adamı dalayır, - “Guya 10-15 metr yaxın olsaydı nolacaqdı ki?” – ironiyasını doğurur. Müəllifin xətrinə dəyəmək öz adıma yekəbaşlıq olardı, amma deməsəm, əhdimə bivəfalıq edər, - Alınmır, bu cür alına da bilməz. Dili tutursan, təfəkkür qaçır, təxəyyül axtarırsan ideya yadına düşür... “Aradabir Allahla məxfi danışıqlar aparan İsfəndiyar” halal, zəhmətkeş adamdır, buna söz yox, amma qələm mətnqurma texnikası, konflikt, kulminasiya, üslub deyilən şeylərdən çox uzaqdır. Bu mətn şüşə kimi düppələmdüz səthdir, siçovulun (“məchul qonaq”) varlı villalardan daşıyıb gətirdiyi 10-luq qızılların cingiltisindən başqa heç nə eşidilmir burda. Qələm xeyirxah ürəklərin əlində titrəyirmiş – müəllifin timsalında bunu gördüm.

“Hay-hayla gələn vay-vayla gedər”. Qırışsız – daha bir ütülü mətn. Murtuz rüşvətxor baş həkim, arvadı Mədinə isə məktəbdə “zavuç”dur. Axmadar uşaqları Elşənə vaxt ayıra bilmirlər və 11-də oxuyan bu gədə ayda 3-4 min manat pul xərcləyir kef-damağa. Müəllif demişkən, “nağıl dili yüyrək olar” – Elşən narkotikə alışır, qumarda kalan uduzur və uduzduğu adamlara təklif edir ki, dədəsinin pulunu oğurlamaqda ona kömək etsinlər. Müəllif özü polis işçilərinə yardım edib oğrunun kimliyini onlara xəbərləyir. Murtuz oğlunun dostlarını tutdurur, sonra da pul basıb azad elətdirir ki, gözünün ağı-qarası oğlu da həbsə girməsin. Sonluq isə lap gülməlidir, - “Yaxşı başa düşürəm ki, oxucu üçün bu əhvalatın yalnız bir tərəfi qaranlıq qalıb: Görəsən Murtuz həkim “hay-hayla gələn vay-vayla gedər” məsəlindən nəticə çıxardımı?”...– oxucunu bu qədər “tupoy” hesab etməzlər!..


Baxış sayı - 2 881 | Yüklənmə tarixi: 06.08.2017 15:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031