manera.az
manera.az

Sirlərini saxladığım bir sevda kiriyir məndə...- ŞEİRLƏR

📅 20.07.2017 14:47

Sirlərini saxladığım bir sevda kiriyir məndə...- ŞEİRLƏR
Manera.az tanınmış şair Tərlan Əbilovun şeirlərini təqdim edir:

XƏRİTƏ

Üzü dərdin, qəmin xəritəsidi,
qırışlar hərəsi iri bir ölkə.
Gəzirəm üzünün qırışlarını,
deyirəm, gəzməyə dəyməz heç bəlkə?!

Gözləri adadı, yaşıl bir ada,
yaşılı qurudu, ağı tamam su.
Onun gözlərində yaşamaq mənə
indi bir əlçatmaz arzudu, arzu.

Dikilib sükutun gözləri yerə,
gəl indi onun da damarını tut.
Bəlkə mən bilmirdim, bu yer üzündə
insan şəklindəymiş ən böyük sükut?!

Onun gözlərində, onun üzündə
eh, neçə dənizin fırtınası var.
Onun ürəyinin sərhədlərini
insan yox, tanısa bir O tanıyar.

Gəzirəm, gəzirəm bu xəritəni,
barmağım elə bil daşa toxunur.
Bilmirəm, nə günah sahibiyəm ki,
əlim daşdan axan yaşa toxunur.

Ya bu xəritədi daşlaşan mənsiz,
ya mən daşlaşmışam, daşa dönmüşəm.
Ya da elə bir vaxt ata dediyim
o daşın gözündə yaşa dönmüşəm?!

Asmışam gözümdən bu xəritəni,
bəlkə bir qırışı məni də öyə.
Başıma dəyəydi bu şairliyim,
düşməyəcəkdimsə bu xəritəyə!.

ÇƏKƏ-ÇƏKƏ

Nə yaman böyüyür bu dərdin boyu,-
elə hey uzanır dərd, çəkə-çəkə.
Bu göz yaşlarımla yuyub aparır
ömrümü, ömrümə bənd çəkə-çəkə.

Nə olsun altında Göy ulduzlanır,
İlahi, sənə də ürəyim yanır;
Qələminin ucu donur, buzlanır,
qışın şaxtasını sərt çəkə-çəkə.

Bir cüt qara hörük sökdükcə danı,
De, səni mənimtək anlayan hanı?
Ürəyin sinəmdə yaman atdanır,
bir gözəl gözünə xətt çəkə-çəkə.

MƏNDƏ

Sirlərini saxladığım
Bir sevda kiriyir məndə.
Min illərdi yüz-yüz mələk
Bir adam sürüyür məndə.

Qopub işindən-gücündən,
Dünyanın sənsiz küncündə,
Bir qucaq torpaq içində,
Bir adam cürüyür məndə.

Yıxılsa da addımbaşı,
Tökmür ətəyindən daşı,
Özü-özünə başdaşı,
Bir məzar yeriyir məndə.

OLA

Gözəl olar,oyanasan yuxudan,
Başın üstdə şipşirin bir səs ola.
Deyə “dur da,işə gecikdin axı”,
O qadının səsi sənə bəs ola.

Olmayasan nə qaçqın,nə didərgin,
Ölməyəsən el uğrunda,yetər ki,
O qadının uğrunda hər gün,hər gün
Yaşamağa,ölməyə həvəs ola.

Günəş doğa,çiçəkləyə kölgə də,
Göz oxşaya paytaxt kimi bölgə də,
Saatları geri düşən ölkədə,
Yerli vaxtla saat atəşkəs ola.

SEVDİM

Mən səni ölməməyimçün,
Çalışdığım qədər sevdim.
Tez-tez öz-özümdən küsüb,
Barışdığım qədər sevdim.

Sevdim səni kölgəm kimi,
Sevdim səni ölkəm kimi,
Öz haqqımda özgə kimi
Danışdığım qədər sevdim.

Ancaq səni,səni bir tək,
Bu günümtək,keçmişimtək,
Tanrı işinə işimtək
Qarışdığım qədər sevdim.

Salam deyərək soluma,
Salam deyərək sağıma,
Səni öz tənhalığıma,
Alışdığım qədər sevdim.


* * *
Allah mənə bir Yazı yaz
son günəcən bəs eləsin
fərq eləməz bu ömrü şən
ya bu ömrü nəhs eləsin

örtsün üstümü yağan qar
çöksün yapışdığım divar
dörd divar arasında yar
hər sözümü söz eləsin

kor olsam da düşən çəndə
ummaram özgə şey səndən
bir bu can əldən düşəndə
özü boyda səs eləsin

ÜRƏYİM

Çox dedim ki, ürəksizəm,
guya ki, daşdı ürəyim.
Sənə qanım çox qaynadı,
əridi, daşdı ürəyim.

Özümə yuva qursam da...
Sənəcən yüzün qirsam da
Sən getdin, özüm dursam da,
ardınca qaçdı ürəyim.

Yolunu yora bilmədim,
Yıxıldım, dura bilmədim...
Bir kimsə qıra bilmədi, -
bir səndə çaşdı ürəyim..

DOĞUM GÜNÜMÜN ŞEİRİ

İkicə gün qalıb
doğum günümə, -
sənin üçün
öldüyüm o günə...

Üçcə gün qalıb gedəcəyinə...

Hələ ikicə gün var deyə
bəlkə bu gecə bizim olsun,
ağ əllərinlə çıxarasan bu həsrəti,
sonuncu qəlpə kimi ürəyimdən.

Bəlkə ikicə gün də yaşaya bildim sənin xətrinə,
yenə...



* * *
Gecəni boğdum siqaret dumanında...
Ağzını qapadığım bu günün ayaqları
hələ də təpikləyir havanı, -
keçinmək, ölmək istəməyir
vaxt sənsiz...


* * *
Ay uzaqlarda olanım,
bir az yuxu gətir mənə.
Dön, öz-özümə yalanım,
bir az yuxu gətir mənə.

Fərq eləməz ki bu anda,
Ya dizində... ya ovcunda
Barmaqlarının ucunda
bir az yuxu gətir mənə.

Dönsün yaza payız odam...
Ayaqlarını çırpmadan,
Kirpiklərini qırpmadan
bir az yuxu gətir mənə.

Saçlarınla sətirlənən,
Kirpiyinlə çətirlənən,
Öz ətrinlə ətirlənən,
bir az yuxu gətir mənə.

Çəkilsin gözümdən bu nəm,
Azca unudulsun bu qəm,
Mən ki çox şey istəmirəm,
bir az yuxu gətir mənə.


* * *
Çıxıb getmək istəyirəm
buraların sükutundan.
Yenə də qarşımı kəsib
nə vaxtsa sevdiyim qızın baxışları
gecə yarı...

Susub hürüşən itlər də,
külək də əsmir daha.
bu gecədən çıxmaq üçün
bir yol qalmayıb sabaha.

Çırpınıram içimdə
sahilsiz dəniz kimi,
Bu qaranlığı gözümdən çırpmaq üçün
qırparaq kirpiklərimi...

Yatıb divar saatı da,
və qonşuluqdakı evlər...
Gəl indi bu payız vaxtı
nəfəsini bir ağacdan meyvətək dər.

Hər tərəfdə çıxılmazlıq
seçkiyə də lap az qalıb.
Buraların sükutunda
insanların səsləri də,
özlərindən tez qocalıb...

Görən kimin qarğışıdı -
bu gecə bərk tutub məni.
Dostlar, tanışlar bir yana,
səsim də unudub məni.

Çıxıb getmək istəyirəm
buraların sükutundan.
Amma kimsə məndən əvvəl
gedəndə buralardan
yığıb aparıb yolları...

Çıxıb getmək istəyirəm,
tərslikdən, açılır səhər...

AXTARIR

Min illərdi bu Yer üzü
əl açıb Göyü axtarır.
Əzrayıl çöküb sinəmə,
obrazlı deyim axtarır.

Dilində neçə min dua,
Əlində Tanrı ətəyi,
Adəm baba Həvvasına
abırlı geyim axtarır.

Gör bir neçə əsrlərdi,
Doğuluruq, ölürük biz...
Mən sevdiyimi gəzirəm,
məni SEVDİYİM axtarır...

OXUMA ŞEİRLƏRİMİ...

Bu nəfəs səninki deyil,
oxuma şeirlərimi.
Mən hörmüşəm kərpiç-kərpic
yuxuma şeirlərimi.

Ta o əldən bu can çıxmış,
Bu can vardan, yoxdan çıxmış,
Ağlayıram çoxdan çıxmış
qırxıma şeirlərimi.

Barmağından üzük düşüb,
Bir az əyni nazik düşüb,
Görsən kəsik-kəsik düşüb,
toxuma, şeirlərimi.

Ölmüşəm, qara geyiblər,
Qırx gün torpağı döyüblər.
Bir daşla bənd eyləyiblər
yaxama şeirlərimi...

Bu hava səninki deyil,
oxuma şeirlərimi...

YERDƏ

Yenə səninlə birgəyəm,
yaşa dolmadığın yerdə.
Çiçəklərin açıb, bir də
heç vaxt solmadığı yerdə.

Yenə saçının selində
Tutmuşam bərk-bərk əlindən,
Barmaqlarımdan telində
bir iz qalmadığı yerdə.

Salmışam səni də işə,
Bilmirsən sağam, ölmüşəm.
Səni gizlədib gəlmişəm,
mənim olmadığın yerdə...

OV

Tilov atdığım bu çaya
toy tutur qurulan torlar...
Balıqlar suda oynayır,
yamanır qırılan torlar...

Axan çayın əksi düşüb -
göydə sürünür buludlar...
Elə bil göydə toz qalxıb,
toza bürünür buludlar.

Gəlir körpüdən fit səsi,
keçir üstümüzdən qatar;
durmuşuq körpü altında
sübhün açılmağına var.

Restorandan əsən külək,
gəzir saçda sərxoş-sərxoş.
Yenə həmişəki kimi
balıq səbətimiz bom-boş.

Toru dolu balıqçılar
rəqs eləyirlər daşlıqda.
Küləyin tütəktək hər gün
çaldığı bu qamışlıqda...

AXIR Kİ...

Axır ki yenə bir oldu
yüz yerə böldüyüm dünya.
Yenə məni öldürmədi,
səninçün öldüyüm dünya...

Qıymadı ki məni qıra,
Məni qıra, səni yora,
Sətir-sətir, misra-misra
içimdən sildiyim dünya...

Döndüm, gördüm yetdiyimdi,
Çoxlarını ötdüyümdü,
Səndən çıxıb getdiyimdi,
özümə gəldiyim dünya...

BİR AZ ÇIXAQ ÖZÜMÜZDƏN

Çıx içindən, gəl dərdləşək,
yalan, mən doğru deyiləm.
qorxma, yanmazsan oduma,
heç mən də quru deyiləm.

Gəl dərdləşək, de, nəyin var?
bir az çıxaq özümüzdən
səni cəzalandırmaram,
vallah, mən OĞRU deyiləm.

Çıx, çırpaq üst-başımızdan
barı bir yol özümüzü.
Heç mən də nə Aydan arı,
nə sudan duru deyiləm...

QARA-QARA
BU GÜNLƏRİ


Qara-qara bu günləri
ağ-ağ hörürəm saçına;
Qara günlərdən ağ çiçək
hər gün dərirəm saçına.

Neyləsəm də güçüm çatmır,
nə bu dağa, nə o çənə;
hərdən-hərdən bir öpücük
ah göndərirəm saçına.

Qara gündə ağ gün sanıb
durub bu çənin atında -
ölü düşən əllərimi
sağ göndərirəm saçına...

AYRIDI

Mən də sizin kimi buyruq quluyam,
amma bəyim ayrı, Ağam ayrıdı...
Ayrıdı sinəmə çəkilən hər dağ,
hər dağda salınan bağım ayrıdı.

Alın yox, varaqdı hər gün pozduğum,
Yuxu yox, gerçəkdi hər gün yozduğum,
Bir qızın xətrinə hər gün yazdığım,
şeirim, qəzəlim, ağım ayrıdı.

Sevgiylə dərirəm öz nəfəsimi...
Sevgiylə hörürəm öz nəfəsimi...
İstəsən, baltala...kəs nəfəsimi,
kökü kəsilməyən tağım ayrıdı.

Ümid bəsləmirəm çəkilən aha,
Sevgiylə batıram hər gün günaha,
Şərik qoşmasam da göydə Allaha,
yerdə solum ayrı, sağım ayrıdı...

GÖRÜNMÜR

Nə qədər şeirə dərd vermək olar? -
Dərd sözü göz deşir... üzü görünmür.
Belə şeirləri oxumaq dərddi,
budu dərd - adı var, üzü görünmür.

Ay şairi olan bu səssiz yurdun,
Niyə saxlamısan nəfəssiz yurdu? -
Atasız cocuğun, kimsəsiz yurdun
yırtılmış əynindən dizi görünmür.

Dərdin varsa, içdən ələn bu səsə,
Xalçasız, palazsız bələn bu səsə:
De, bu elin gözü tərəzidirsə,
niyə bəs əyrisi, düzü görünmür?...

Yandıra bilmirsən çıraq dərdinə,
Bilmirsən dərdin nə, sözün dərdi nə.
Yüz yol boylansam da, dərdindən yenə
bircə ağlayanın gözü görünmür.

...Mən də şeir yazdım dərdin adına,
Aldım neçə dərdi öz qanadıma.
Tərlan, kişisənsə döz qanadıma, -
çırpım dərdin külün, közü görünmür...

BİR QILINC DA YOXDUR
ACLIQDAN ÇAPAM...


Daha uyumağa bir çarpayı yox,
qısalan əllərim özümə çatmır.
Könlümü açmayır açılan səhər,
heç düşən gecə də könlümə yatmır.

Oyanan xalqımın yuxusuzluğu
çıxır cibdən cibə girən əl kimi.
Vəkillər cumurlar seçki qabağı
irəli, al rəngə cuman "kəl" kimi.

Boyu yerə girir yenə yoxsulun,
ağlamayan kəsə çörək düşməyir.
Bir kimsə demir ki, yazıqdı, acdı,
bax, o filənkəsə çörək düşməyib.

Hərə öz qoturun qaşıyır yenə,
qaşınır millətin siyasət yeri...
İkiqat olmağa gücün yetmirsə,
yaltaqlar önündə dayanma, yeri.

Bir qılınc da yoxdu, aclıqdan çapam,
cücərib alnımda bir güllə yeri...
Mənim ki əllərim qısaydı, qısa,
mən kimin əliylə yazdım bu şeiri?...

TƏLƏSDİM

Silkələyib ölmüş duyğularımı
nəfəs verib diriltməyə tələsdim.
Girib şikəst arzuların qoluna,
sən gəlincə yeritməyə tələsdim.

Sıxıb tərin alnımdakı yazının,
Yumdum sözlə mələklərin ağzını…
Nəfəsimlə bu yolların buzunu
addım-addım əritməyə tələsdim.

Çıxıb bu qıtlıqdan mən üzüqara,
Quşlarçün bir ovuc dən səpdim qara.
Saçın bilib, upuzun misralara
ürəyimi yedirtməyə tələsdim.

Uzaq düşdün, uzaq düşdüm yaza mən,
Qar gətirdi, gətirmədi bar bu çən.
Axı nə biləydim gəlməyəcəksən,
öz-özümü kiritməyə tələsdim…

EŞİDƏ BİLMİRƏM SƏNİN SƏSİNİ

Görüş istəmişdik, bu da ki, görüş,
Susmuşam, içimə yığıb səsimi.
Əllərim danışır, izah eyləyir,
Əllərim şəklini çəkir hissimin.

Kirpiyin qırpılır, kölgəsi düşür,
Sənin qardan bəyaz, ağ dərin üstə.
Bilirəm, dözməyib sənə toxunsa,
Bəlaya düşəcəm əllərim üstə.

Amma şükür olsun, bir təsəlli var,
Gülür, əllərimə gözlərin gülür.
Uzun kirpiklərin kölgəsi altda
Gözlərin bu şəkli anlaya bilir

Əllərim əlində, telində gəzir,
Dərirsən gecədən gül nəfəsini.
Ürəyin elə bərk döyünür, gülüm,
Eşidə bilmirəm sənin səsini...

MƏNDƏN ƏLÇƏKMƏYƏN KÖLGƏ

Məndən əl çəkməyən kölgə,
mən sənin yiyən deyiləm.
Bilsən yanımca gəlməzsən,
mənəm döyülən, söyülən.

Mən də sənintək min ildi
gəzirəm öz sahibimi;
İtirə-itirə burda
hər gün bir söz sahibini.

Nədir əynindəki libas?
zülməti kim biçib sənə?
Ay Allahdan düşən kölgə,
kim bu boyu ölçüb sənə?

Əl çək, onsuz da bəs etmir,
heç kəsə yeri dünyada.
Nə qədər önə çıxsan da,
saatın geri dünyadan.

Gerisən, geriyik burda,
ürəyi qış adamlardan.
Göydə balıq kimi süzən,
yerdə bu quş adamlardan…

Yalnışdı sevdiklərimiz,
yalnışdı seçdiklərimiz.
Hər gün kəsilir başımız,
hər gün soyulur dərimiz.

Məndən əl çəkməyən kölgə,
mən də sənintək min ildi
gəzirəm öz sahibimi;
itirə-itirə burda
hər gün bir söz sahibini…

İSMİN HALLARI

İsmin adlıq halında can verir insanlıq..
Yiyəlik halında yiyəsiz qalmış məmləkətdə
Dayandırılıb kişi istehsalı..
Yönlük halında yönsüz,səmtsiz qalıb
Qadın bətnindəki körpələrin iməklədiyi məsumluq...
Bütün şeirlər,hekayələr,romanlar təsirlik halında...
Yerlik halında özünə bir çadır yer tapa bilmir
Daxili və xarici siyasətimizin səkkizguşəli təbəssümü...
İsmin çıxışlıq halında var-gəl eləyir üstəgəl işarəsi...

BİZ KİMLƏRİ İTİRMƏDİK Kİ?

Hələki ağ varaq tapıram,
Qələmin də ucuna üfürə-üfürə nəfəsimi-
Şeir yaza bilirəm-
İndidən boş qalacaq yerinə
Və deyə bilərəm sənə:
Narahat olma,əzizim
Mən kimləri itirmədim ki?

Bir az şəkillərinlə başımı qatıram,
Bir az şirin sözlərinlə özümü aldadıram,
Yox-yox,səndən incidiyimçün yox,
Çox istədiyimdən
Sən tez uyuyanda saçlarından dartıram:
Sən kimləri itirmədin ki?

Bir az mən yoxsulluğum üzündən
Həyatımdan gedənlərdən,
Bir az da sən başına gələnlərdən danışırsan,
Yəni ilk dəfə zorlandığından,
Suçun olmadığından
Və,əlbəttə,sənə inandığımdan
Boş ver,heç kim bakirə getmir bu dünyadan,
Həyat bir ucdan hamını zorlayıb yola salır-
Deyirəm.

Və hələki anlaşırıq,
Xəyal qururuq,ev tikirik,
Çiçək toxumu səpirik,
Gül əkirik həyətimizdə
Sən və mən sözlərini çıxa-çıxa bizdən,
Biz kimləri itirmədik ki?

ƏN YENİ TARİX

Ayağımın altına yığdıqca bildiklərimi,
Daha çox boy verirəm varlığına...
Daha aydın görürəm aramızdakı uzaqlığı..

Üstəgəl işarəsiylə başladığından eynəyimin ölçüsü
Yaxını,yaxınlarımı sezməkdə
Çətinlik çəkirəm neçə vaxtdı...

Qınaya-qınaya kor baxtı,
Anlayıram ki,oxuya bilmədiyim kitabların eynidi
Sevmədiyim qadınlar.
Anlayıram ki,
divardan asılmış təqvimdəki rəqəmləri qaralamağın
riyaziyyatla heç bir əlaqəsi yoxdu.
Anlayıram ki,
Düzgün yazılan tarix
Təqvimdən varaq-varaq cırılıb atılmaz hər gün.

Ətrafındakı hadisələri toza çevirib
Özünə çəkən maqnit deyilsə şeir
Laldı şairlər,
Kordu tənqidçilər,
Kardı məntiqlər...

Ayağımın altına yığdıqca bildiklərimi,
Daha çox boy verirəm yoxluğuna;
Anlayıram ki,
Zorlanmış Qarabağdı əsl poeziya,
əsil qırılmayan sujet xəttidi müharibə,
iqtidarın ən gözəl poetik tapıntısıdı müxalifət...

Anlayıram ki,
Hardasa topa-topa buludların arxasında bir Allah
Və çəkilməmiş neçə-neçə ah var,Balaca!..


Baxış sayı - 2 628 | Yüklənmə tarixi: 20.07.2017 14:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031