Sevgidən dəli olmağa bu dünyada eşq azmış

Manera.az tanınmış şair Vaqif Bayatlı Odərin poeziya əsərləri nominasiyası üzrə "Qızıl kəlmə" mükafatına layiq görülmüş şeirlərini təqdim edir:
Hər iki dünyanın ən gözəl dili,
ən gözəl eli, ən gözəl gülü
Təbrizli cocuqlara
Hər iki dünyanın ən gözəl dili
sən danışdığın dil,
hər iki dünyanın ən gözəl eli
sən doğulduğun el,
hər iki dünyanın ən gözəl gülü -
gecə-gündüz hər an, hər an
sənə baxan, səni qoxlayan
sənin cocuq üzündən,
tumurcuq burnundan,
türk qoxundan doymayan gül.
Xəritədə Türkiyə Avropa üzərində şahə qalxan
Türk Atının mübarək yalı,
Avropa da mübarək Türk atının yalı altda yarı
at yəhəri, yarı at nalı
İstəyirsən, qalx,
göyüzündən bütün qitəyə bax,
istəyirsən, xəritəyə bax,
ya da könlünün gözüylə
göyüzünün nur düzünə,
nur dənizinə - qalx bax,
elə qalxan kimi də görünəcək sənə:
Türk qılıncı düşmənə
daha dadlı gəlsin deyə
qılıncdan qabaq at nalı qoxladan Türkiyə,
hər zaman, hər an
dörd ayağını dörd dənizə qoyub,
Avropa göylərində şahə qalxan,
sıçrarkən əbədiyyəttək dalğalanan
Türk atının – Türk dənizinin mübarək yalıtək,
Avropa da Türk atının,
Türk dənizinin yalı altda
yarı at yəhəri,
yarı da qılınclar, qalxanlar əyən,
ancaq qılınclar, qalxanlar yeyən
mübarək Türk atının mübarək nalıtək.
* * *
O anlar duaların gözləritək
salavatçün açılıb göyə
ovuclar Allaha baxar
Son peyğəmbərini doğar
Göylər yorular yorulmaz
Dağ göy olar, düz dəniz,
Sultan qul olar, şah kəniz,
bu dünyadan daha qəliz
sirrə varılar varılmaz.
Göyüzü ulduz bitirər,
ulduz da adam gətirər,
yeni qurbanlar yetirər,
rahat olar bütün çiyinlər,
son baş vurular vurulmaz.
Duaların gözləritək
salavatçün açılıb göyə
ovuclar Allaha baxar,
Qəfil kainata düşüb
səs salmasınlar deyə
gözlər göz yaşını boğar -
Son peyğəmbərini doğar
göylər yorular yorulmaz.
Ən qəmli qələm də bilir
o, bir Tanrı qələmi
Yenə minillər öncəkitək
şairlər hər zaman ancaq
vəfasız eşqi, sevgini,
vəfalı qəmi yazacaq.
Deyən, bunu elə eşq də,
elə eşqin canındakı
əbədi qəm də bilir,
elə cana eşq gələn kimi
şeirsevən, cansevən
o qəm də qalxıb gəlir.
Hər bir söz də bilir hər an,
o, bir Tanrı sevinci, qəmi,
Alınlara zaman-zaman
“Bu, son qəmli eşqdi” - yazan
ən qəmli Qələm də bilir
o, bir Tanrı qələmi.
Şairlər olmadan olmuş
Heç nə gizlətməyin bizdən,
biz söz çəkirik sözdən,
deməsəz də, üzdən, gözdən
şairlər bilmədən bilmiş.
Ən dar gündə, ağır gündə,
hamı lal, kar, sağır gündə
uzaqvuran top gücündə
şairlər gülmədən gülmüş.
Göydə də son göyə çatıb,
qoynunda günəştək yatıb
yenə günəştək doğmaqçün
dan yerinə də tağ atıb,
şairlər ölmədən ölmüş.
Səni can oğrusu bilim,
canımı gizlədim, gülüm,
çox da lovğalanma, ölüm,
məni tapammazsan, gülüm,
şairlər olmadan olmuş.
Tanrım, əzabı qıymırsan heç bir fikrə,
heç bir sözə
Tanrım, özün duydurdun bu sirri, -
hər alın yazısı bir Tanrı şeiri,
hər alın yazısı bir Tanrı şeiri,
Həm də duydurdun,
bəndələrə yazdırdığın sevincə
bəndədən də çox sevinirsən özün,
bilirəm, İlahi sevinci belə ola bilər ancaq –
sevindirdiyi bəndədən
daha çox sevinir Tanrı özü,
Duyuram, qazandığımız əzab da yenə
bizdən çox əzab verir Sənin özünə,
Həm də sözlərə əzab verəndə duyuram,
o an sözdən çox, əzab veririk Sənin özünə,
duyuram, sən tək insanlara yox,
əzabı qıymırsan, hətta heç bir fikrə, sözə,
həm də o fikirləri, sözləri
dünyanın ən gözəl, ən dadlı əzablarıyla
əslində əzabsız yazdıra-yazdıra bizə
Xanımların ayaq səsləri çiçəklərin açması
səsləritək,
onlar eyni anda kişiləri də, dünyanı da idarə
edə-edə,
özlərinin də idarə olunmalarını istərlər həm də
Mən ancaq deyə bilərəm, kişilər heç bir zaman
qadın ayaqlarının necə çiçəkləndiyini,
nə dediyini anlaya bilməyəcəklər axıracan,
bunu heç qadınlar özləri də dəqiq bilməzlər,
ancaq o dəqiq bilmədiklərini
bütün dəqiqlikləriylə kişilərdən istərlər.
Qadın ayaq səsləri nə deyər, nə istər?!
“Dünyanı kişilər idarə edər, kişiləri də qadınlar”,
bu da yarımçıq sözdü, ay incəbel Badə,
əslində qadınlar çiçəklərin açması səsləritək
eyni anda kişiləri də,dünyanı da idarə edə-edə
həm də özlərinin də idarə olunmalarını istərlər.
Qadın ayaq səsləri nə deyər, nə istər?!
Sevənlər hər şeyi sevdikləriyçün istər,
Hərdən Allahçün da maraqlı olar
sevdikləriçün daha nə istəyəcək onlar,
o anlar qadın düşüncəsi kişi düşüncəsindən
daha maraqlı, daha doğma gələr Allaha.
Qadın ayaq səsləri nə deyər, nə istər?
Bir cavab bütün cavabları üstələr:
Hər iki dünyanın ən eşqli musiqisini
Motsart, Bethoven barmaqları yox,
eşqli qadın ayaqları bəstələr.
Avropa qadınları dünyanı daha çox öz
bədənləriylə,
Şərq qadınlarısa, daha çox gözləriylə sevərlər
Avropa qadınları dünyanı
daha çox öz bədənləriylə,
Şərq qadınlarısa dünyanı
daha çox gözləriylə devirərlər,
devirib sonra sevərlər.
Hər iki dünya üçün də daha tez ayılar qadınlar,
hamını hər an sevgiyə,
gözəlliyə yönəldən Tanrını da onlar
çox anlar kişilərdən daha tez duyar, anlar,
elə ona görə də Tanrı
onu daha çox duyduqları anlarda
qat-qat, çin-çin gözəllik yaradar qadınlarda
O Tanrı gözəlliyi anları
Tanrı eşqçün daha da şahanə edər onları,
onların çiçəktək açılan gözlərini,
hətta gözlərdə bir-bir tumurcuqlayıb,
üzlərdə eşqin gülləritək açılan göz yaşlarını da
eşq ətirli edər Tanrı.
Çünki Tanrı da daha çox sevər
onu gözəllikləriylə duyan ruhları, canları,
Tanrı eşqini duyarkən hər an canlarında,
ruhlarında yeni-yeni gözəlliklər açanları.
* * *
İlk sevgim, sevgilim Bakı,
Sən ey əbədi şeytanlar,
əbədi mələklər şəhəri
Can tacı eşqlər, diləklər,
acı gerçəklər şəhəri,
qatlanmaz, sınmaz biləklər,
sınan ürəklər şəhəri.
Əsəbi, doğma küləklər,
əsəbi, doğma çiçəklər,
doğma tənhalar, təklər,
doğma yalanlar, gerçəklər,
doğma kələklər şəhəri.
Sevişmələr, həyəcanlar,
həm can verər, həm can alar,
səni ancaq sevən anlar,
sən ey əbədi şeytanlar,
əbədi mələklər şəhəri.
Sevgidən dəli olmağa bu dünyada eşq azımış
Ay ürək, ay baş, ay bədən,
əl çəkin, əl çəkin, məndən,
ancaq canım açanda,
canım uçanda bilirəm
siz varsınız,
bu göy, göyüzü deyilən
qəfəs sizdən yaxşıdı,
siz göydən də,
göyüzündən də darsınız.
Ancaq bu can açanda,
bu can uçanda bilirəm
nə qış qış, nə də yaz yazmış,
sevgidən dəli olmağa
bu dünyada
eşq də, dəlilik də azımış.
Çıxıb gedirəm, gedirəm,
Bu göyüzünün altında
Sevmədiyim bir tikan,
Bir gül qoymaya-qoymaya,
gedirəm, gedirəm,
daha eşqli bir dünyaya,
bu dünyada eşq tikanından da,
gülündən də doymaya-doymaya.
Sözlər də şairi seçəndə
Adam nə zaman Şair olur?
O vaxt artıq şair sözləri yox,
sözlər şairi sevir, seçir,
şairlə bir nəfəs alır,
şair Söz olur, Söz şair,
həm də, həm də o anlar
hər sevinən sözlə bir-bir,
təkcə Allah şairi yox,
şair də Allahı sevindirir.
Min illərin şəhidləri –
min illərin igidləri
Qəhrəmanlıq insandan yox,
hər zamanTanrıdan gəlir,
Qəhrəmanlıq – Tanrının bir anlıq qəlbi,
Tanrının hökmüylə
bir anlıq Tanrılıq kimi!
Bu dünyada son anında qəhrəman
ancaq ona görünən görünməz göyüzündə -
əbədi ruh okeanında, ruh dənizində
heç bir cana, heç bir ruha
qorxu toxumu qalmasın deyə,
canındakı son qorxunu da son düşməntək
məhv edər, çəkilər, gedər göyə,
Gedər, yadigar qoyub gedər
dünyamıza qəhrəmanlığı,
həm də son anında gördüyü Allaha
üzündəki əbədi heyranlığı.
Gedər, gedər qəhrəman
ruhunun əbədi nur çağı,
gedər onu göyüzünün
ən ulduzlu düzündə qarşılayan
min illərin igidləri,
min illərin şəhidləri solu, sağı.
Adama qoyun deyib güldürməyin düşməni, yadı,
qoyunun ağı da, qarası da dövlətlərimizin adı
Doğma qoyun üzlərə, qoyun gözlərə
Min illərdi düz demirlər:
yaxşılar gedir, pislər qalır,
pis həmişə çox görükür,
nə qədər yaxşı getsə də,
yenə minlər, yüzlər qalır.
Yenə, yenə min illərlə
eşq gözləyən dağlar, düzlər,
üzlər, gözlər, nazlar qalır,
öpülməmiş dodaqlarda
öpülməmiş səslər, sözlər,
öpülməmiş közlər qalır.
Hər nə gəldi diləyirik,
hər cür qələt eləyirik,
adama qoyun deyirik,
deyirik, son anda amma,
yenə bizə hamıdan doğma
qoyun üzlər, gözlər qalır.
Ən qatı cani də uşaq
Hərə qocalır bir cürə,
birinin üzünə nuru,
birinin zoru çıxır,
yola salan çox olsa da,
hamını qarşılamağa
ancaq qəbri, goru çıxır.
Allahın dərgahına bax,
Nə yaşayıb bunlar, Allah?
Hamı körpə, hamı uşaq,
Bir yol “Can!” de ağlayacaq, -
ən qatı cani də üzü ağ,
dimdiyi sapsarı çıxır.
Allah baxır, baxır ona,
bunu göndərsin hayana,
ha vurub, bölsə də yenə,
cənnətə, cəhənnəmə də
yenə yarı-yarı çıxır.
“Dünyanın ən təhlükəli anlarında dünyanı
ağıllandıran dəli gerçəkləri, - ancaq təhlükələrdən
açılan uçurum çiçəkləri” silsiləsindən
Çox adam çaxırdan, araqdan, hətta ən son
anda boş şüşədən, mənsə şeirdən, elə ilk andan
boş varaqdan sərxoş oluram
Kimlərsə bir coşğun çayı keçəntək
bir şüşə şərabdan keçməkdən,
o coşqun çayı
hər iki dünyanı birdən içirmiştək içməkdən,
bədənləri, ruhları, canları
boşaltdıqları sərxoş badələrtək şərabdan çox,
hər iki dünyayla dolmaqdan,
hətta üçüncü dünya həsrətində qalmaqdan sərxoş
olurlar.
Ən şairanələrsə,
dünya gözəli gözlərinə baxantək
eşqlə dolu badənin gözlərinə
elə bircəcə an baxmaqdan,
baxcaq da, o gözlərlə dolmaqdan,
elə o andan da,
o gözlərin olmaqdan sərxoş olurlar.
Mən də badə eşqlə dolantək sözlə dolub,
önündə ən dəli badənin də diz çökdüyü
eşqdən də sərxoş, dəli söztək ağlamaqdan,
gülməkdən,
eyni anda ağlaya-ağlaya, gülə-gülə
ən ağıllı sözdən də çox, ən dəli söz eşqindən
ölməkdən,
elə ilk andan da ən gözəl, ən dəli kefə,
ən dəli kəfənə-ağ vərəqə bükülməkdən sərxoş
oluram.
Köhnə həyatım altından təzə həyatlarım çıxır
Deyirlər hər şey dəyişir,
hər bir adamın canında
təzələr köhnəni yıxır,
kimin buynuzu, quyruğu,
kimin qanadları çıxır
Mən də adamam, sözüm var,
qəmdən də eşqli gözüm var,
soymağa dərim, üzüm var,
bax, bax, dərim soyulduqca
daha gözəl qatlarım çıxır.
Nə gözəl çözələnirəm,
soyulub təzələnirəm,
ölümlə məzələnirəm,
köhnə həyatım altından
təzə həyatlarım çıxır
Bu dünyanın yaşı, heç deməynən, ancaq
bircəcə anmış,
o, başqa dünyadan qalmış bir Ruhi dağ
yanında yaranmış
Ancaq ruhunla bax,
onda görərsən, duyarsan ancaq:
əbədiyyətdən əbədiyyətə axır o dağ,
hərdən də ona əbədiyyət sahillərində
bir damlatək ya bir dəniz,
ya bütöv bir dünya, bir okean ilişib qalır,
hərdən də indi yaşadığımız yox, hərdən
duyduğumuz,
min illik, milyon illik ruhi ömürlərimiz,
Hərdən də ora əbədiyyətdən
Əbədiyyət dahisi,
Əbədiyyət Tənhası bir səs uzanır:
“Göyüzü, bu ruha bir yüz il də,
bir min il də, bir milyon il də süz,
o ruhasa süzmə, o ruh ölümsüz”.
Anlaşılmaz bir şey yox,
bu dünya o dağın yanında körpəcə uşaq,
bu dünyanın yaşı da
əslində bircəcə anmış,
bu dünya başqa bir dünyadan qalmış
görünməz bir ruhi dağ yanında yaranmış.
Günəş göyüzünə qalxantək adamlara
günəş kitablar, səslər, sözlər qalxır
İllərdi məni axtarıb tapan,
elə tapan kimi də qucaqlayıb,
gözlərimdən öpən kitablar,
mən də hamınızın hər an,
hər zaman əbədiyyətdən
balaca, körpə günəşlərtək qalxan,
hər an Allaha baxan
alnınızdan öpürəm,
Baxın, baxın, əbədiyyətin gündoğanından
günəş gültək açılıb qalxan kimi göyüzünə
adamlara günəştək açılan kitablar,
günəş açan alınlar, gözlər,
günəş açan eşqlər, səslər, sözlər qalxır.
Salavat çevirirkən - göyə, Tanrı ətəyinə
qovuşan an
Tanrı gülləritək açılan əllərə, üzlərə, gözlərə
“Quran”
“Quran-i Kərim”, “Quran” –
hər an bir an öncəkindən,
daha gözəl göy açan
daha qönçə ulduz, ay açan
sonsuz əbədiyyət göyü,
sonsuz göyün sonsuz sayda
üzü salavata ulduzu, ayı
Hər salavat çevirən an,
göyüzüylə qovuşurkan,
Tanrı güllləritək açılan,
əllərə, üzlərə, gözlərə,
bütün göyüzünə “Quran” –
Tanrınur payı Tanrıdan.
"ULDUZ" jurnalı.-2017.-Yanvar.-S.80-88