Sim-sim.az məşhur rejissor Bernardo Bertoluççinin müsahibəsini təqdim edir. - Maestro, filmləriniz olmasaydı dünya kasıb görsənərdi. Sizi kinoya nə cəlb etdi?– Səkkiz, ya da on il ümumiyyətlə məşğul olmadım. Bu uzun tarixin yükümənim çiyinlərim üzərinə yığıldı. Fikiləşirdim ki, rejissor kimi artıq tükənmişəm. İki il əvvəl olduğum vəziyyəti nəzərə alaraq qərar verdim ki, nə üçün əlil arabasında oturub qalmalıyam… Və hər şey dəyişdi! O zaman düşünməyə başladım: “Bəlkə yenidən film çəkim? Belədə ki, mən əlil arabasında oturaraq da film çəkə bilərəm.”Bir neçə vaxtdan sonra mən özümü çox rahat hiss etməyə başladım.
- Sizin sonuncu filminizdəki gənc qəhrəman daima musiqiyə qulaq asır…– Filmdə səslənən hər nədirsə bu aktyorun real həyatıdı. Bu onun seçimidi, mənim yox.
- Siz həmin yaşda hansı musiqi janrına üstünlük verirdiniz?– Mənim gəncliyim 60-cı illərə təsadüf edir. O zaman caza daha çox qulaq asırdım. Xüsusilə də Con Koltreynin musiqilərinə. Ya da Motsartın əsərlərinə üstünlük verirdim. Rok tərzli musiqiləri ümumiyyətlə dinləmirdim. Çünki məni başqa şeylər maraqlandırırdı. Əsas üstünlüyü caza verirdim. 1967-ci ildə Koltreyn rəhmətə gedəndə, mən onun şərəfinə kiçik mərasim də təşkil etmişdim.
- “Sonuncu imperator” filminin ideyasi necə yarandı?– İlk əvvəl onu qeyd edim ki, “Sonuncu imperator” filmi daha çox italyan filmidi, nəinki “Oğurlanmış gözəllik”. Filmin ideyası isə qəfildən yarandı. “Kiçik budda” filmindən sonra öz-özümə dedim: “Daha bəsdir. Mənə 80-ci illərdə İtaliyada baş vermiş xoşagəlməzlikləri unutmaq üçün tərkibində yüz əlli minə yaxın musiqiçisi olan orkestr lazım deyil”.
Şərq trilogiyasından, xüsusilə də "Kiçik Budda" filmindən sonra mən necə olursa olsun reinkarnasiyanı yaşadım. İndi bu haqda yumorla danışıram, amma yenə də danışıram…
- Bu gün siz hansı filmlərə baxırsınız? Nə xoşunuza gəlir?– Mənim evimdə çox qəşəng, xudmani film zalım var ki, orda ürəyim istəyən filmlərə baxıram. Düzdür orada tamaşaçı çatışmazlığı var. Ancaq həyat tərzim elədir ki, bu azlığı qəbul etməli oluram.
Son illər çəkilən filmlər içərisində ən çox bəyəndiyim film rejissor Pol Tomas Andersonun “Neft” filmidir. Amerika rejissoru Con Fordun filmləri gücündədir. Devid Linçin filmlərini də bəyənirəm. İtaliya kinosuna gəldikdə isə iyirmi ilə yaxın Berluskoninin televiziya kanalları insanların beynini əritməklə məşğul oldular. Onlar diktə etdilər ki, kütlə üçün ciddi heç nə lazım deyil. Anesteziya çox güclü oldu! Vurulan zərəriaradan qaldırmaq üçün isə xeyli vaxt lazımdlr.
- Sizin “Oğurlanmış gözəllik” filminizə baxarkən “film artıq gənclər üçün çəkilir” fikrinə qapıldım…– Belə deməzdim. “İnqilabdan əvvəl” filmində mən gəncləri və qocaları, ataları və oğulları barışdırmağa çalışmışam. “Oğurlanmış gözəllik” filmində də eyni mövzular var. Çünki, filmlərimin əsas özəyini atanı itirmək, tapmaq və öldürmək kimi fikirlər təşkil edir.
- Bu narahatlıq sizdə hardandı?– Mən bir neçə dəfə uğursuzca öz atamı “öldürmüşəm”. Bu səbəbdən də həmin mövzunu yeni nöqteyi-nəzərlə göstərməyə qərar verdim. Freydizm nəzəriyyəsi ilə ilkin tanışlığım iki filmimlə əlaqəlidi. “Hörümçəyin strategiyası” və “Konformist” filmləri. Məhz o zaman mən özümə həmin “atanı öldürmək” məqsədilə razılaşmağa icazə verdim. Bu gün “Hörümçəyin strategiyası” haqqında düşünmək çox qəribədir. Cavan bir adam sirlə dolu, kabuslu, uydurulmuş Tara adlı ölkəyə atasının qatilini tapmaq üçün yola düşür. O, güman edilən bütün qatilləri tapır. Ancaq bircə dəfə də olsun ağlına gəlmir ki, atasını özü öldürür…
- Jan Renuarla görüşünüz haqqında danışa bilərsinizmi?– “İyirminci əsr” filmi üçün aktyor axtarırdım. Bu da bir növ Sovet ittifaqı və Amerika arasında körpü idi. Necə deyərlər ruslarla amerikalıların görüşünü təmin edən tarixi güzəşt… Təəssüf ki, rusların bürokratik ləngimələri məni yordu. Gənc aktyoru tapa bilmək üçün mən Amerikaya səfər etməli oldum. Orada Robert de Niro ilə tanış olub onu filmə çəkilməyə dəvət edim. Daha sonra kimsə mənə dedi ki, Renuar sənin “Konformist” fiminə baxıb və səninlə görüşmək istəyir. Beləliklə biz xanımımla Beverli Xilzə getdik. Renuar nəhəng qonaq otağındakı stulda əyləşmişdi. Onun ayaqları qalın şalın altında gizlədilmişdi. Məni təəccübləndirən onun yanındakı dörd yaşlı Renuarın balaca heykəli idi. Həmin heykəli Renuarın atası Oqyust hazırlamışdı. Qocanın da uşağın gülüşləri eyniydi… Heykəldəki Renuarın saçları yox idi. Qoca Renuar da daz idi. Hərçənd onun gözlərində uşaq təbəssümü parlayırdı.
Biz xeyli söhbət etdik, çox şey barədə danışdıq. Rejissorlar haqda, kameranın hərəkəti, səs vəs. Birdən o, dedi: “Çəkiliş vaxtı qapını həmişə açıq qoymaq lazımdır. Ona görə ki, kimsə gözlənilmədən geri qayıda bilər!” Yarım saatdan sonra o, ayağa qalxıb mənə yaxınlaşıb soruşdu: Olar, sizi qucaqlayım? Təbii ki həmin an ondan yapışdım və babamın başından gələn ətrin qoxusunu o zaman hiss etdim. Arvadımla onun evindən çıxanda bizim gözlərimiz yaşarmışdı. Mən kinodan sevinc qazanan insanı tapmışdım! Böyük qardaşlarım kimi yanaşdığım Jan Lyuk Qodar, Trüffo və digərləri, hansılarki filmlərinə dəfələrlə baxmışdım. Ancaq heç birindən bu qədər həzz almamışdım.
- Müsahibələrinizin birində deyirsiniz ki, filmlərinizdə xatirələrinizdən istifadə edərək onlardan xilas olmaq istəyirsiniz…– Bəli. Bu mənada ki, kino həm də təmizlənmə vasitəsidir… Əsas məqsəd xilas olmaq və özünü xatirələrlə çox yükləməməkdən ibarətdir. Axı unutmaq daha çətindir, nəinki xatırlamaq…
- Sizin gənc aktyorları tapıb üzə çıxarmaq kimi xüsusi istedadınız var. Sonuncu işiniz olan “Mən və sən” filmindəki Yakopo Olmo Antinorinin necə kəşf etdiniz?– Niyə görəsə “Mən və sən” filminin süjeti mənə “Oğlanlar ağlamır” filminin başlanğıcında səslənın “The cure” qrupunun ifa etdiyi mahnını xatırladırdı. Yakoponun saç düzümü isə eynilə həmin qrupun solisti Robert Smitinki kimi idi.
Ola bilsin ki, bu necəsə mənim seçimimdə rol oynayıb. Həm də Yakopo mənə Pazolininin tipik personajı kimi görsənirdi. Sanki mənim yerimdə Pazolini əyləşsəydi, o da seçimi məhz mənim etdiyim kimi edər, mənim seçdiyim aktyorun üzərində dayanardı. Bundan başqa da Yakopo hardasa Pazolinin gəncliyinə də oxşayırdı. Və bilirsinizmi, mən o məktəblidən soruşanda ki, o nə ilə maraqlanır. O, cavab verdi ki, Pazolinin filmlərinə aid inşa yazmağa hazırlaşır… Bu təsadüf məni çox təəccübləndirdi və mən onu filmdə çəkməyə qərar verdim.
-Gəlin yenidən Pazoliniyə qayıdaq… Müəyyən vaxtlarda siz onunla birgə işləmisiniz. Bu gün onun qoyub getdiyi miras sizin üçün nə dərəcədə vacibdir?– O, mənə təkcə kinomatoqraf kimi yox, həm də şair kimi ilham verirdi. Mən onun ilk filmində rejissor assisenti olmuşam və onun iş prosesini xeyli müşahidə etmişəm. Yeni dalğanın rejissorları hesab etdiyim müəllimlərimdən fərqli olaraq Pazolinidə nələrsə, kinodan da üstün şeylər vardı…
-Sizcə bu gün “Konformist” kimi film çəkmək olar? Konformizm mövzusu deyəsən hələ də aktuallığını saxlayır.– 1970-ci ildə mən bu filmi çəkdim. Orada otuz illik hadisələrdən danışılırdı. Yəni uzaq keçmişdən… Bu gün həmin qırılma daha kəskin hiss olunardı.1941-ci ildə anadan olmuşam. Mənim on yaşım olanda ətrafımdakı hər şey, hər kəs bu haqda danışırdı: müharibə, faşizm, qarşıdurma.Qəribə olan bu idi ki, həmin dövr mənim üçün çox yaxın keçmiş olmaqla yanaşı, həm də çox uzaq zaman kəsimi idi. Bu cür hisslərlə böyüdüyüm üçün “Konformist” filmi doğuldu. Həmin hisləri bu gün yenidən yaşaya biləcəyimi, bacaracağımı deyə bilmərəm.
-Bu gün öz köhnə filmlərinizə baxanda nə hiss edirsiniz?– Deyə bilmərəm ki, filmlərimi seyr etdiyim zaman həmişə mənə xoş olur. Bəzən bu hədsiz ağrı və əzab verir. Bilirsinizmi, film çox şəxsi məhsuldu. Sən öz işgəncələrinin nəticəsi kimi filmi dünyaya gətirirsən, sonra isə onu hər kəs görə bilir. Digər tərəfdən də öz filmlərimə kütlə ilə birlikdə baxmağı sevirəm… Onlarını gülüşünü və yaxud da xorultusunu eşidirsən…Bundan başqa proeksiyanın keyfiyyəti mənim cavanlığımdan bu yana yaxşılaşdığı üçün ekrandan film izləmək xoş təsir yaradır.
-Sonuncu filminizi Venesiya film festivalına nə üçün vermədiniz? Həmçinin İtaliyanın milli film mükafatı olan “Grolle d Oro”nun konkurslarında iştirak etməkdən də imtina etdiniz…– İtaliya filmi üçün hər zaman Venesiyada ilk baxış çox təhlükəli olub. Venesiya hansıkı jurnalistlər mafiyasının yığışdığı məkandır. İlk dəfə film ekrana çıxır və tamaşaçıda belə bir təəssürat yaranır ki, bu film artıq köhnədir. İkinci bir tərəfdən də İtaliya filmini təhqir etmək, məhv ermək- bu artıq bizdə milli idman növüdür. Sözün yaxşı mənasında bizdə fransız milliyətçiliyi çatışmır.
- Bu gün İtaliya kinosu nədir?– Öz zamanında Pazolini deyirdi ki, neorelizmin törəməsi özünü hətta iyirmi birinci əsrdə də bitirməyəcək. İndi bizim kinomuz genetik mutasiya mərhələsini yaşayır. Təəssüf ki, bu gün İtaliyada yetərli sayda olan istedadlar dünya proseslərdən təcrid olunmağın yaratdığı qaçılmaz hislərlə əyalət atmosferinin inkişafına mane olurlar. İkinci problem isə dialoqla bağlıdır. Bu İtaliya kinosunun zəif yeridir. Nə vaxtsa neorealist rejissorlar üçün küçə dialoqları məktəb idi. Bu gün isə kütləvi rabitə, internet, televiziya kino üçün yeni dil verir.
- Siz kino sahəsində xeyli inkişaf edən Rusiyanı yada salmadınız…– İyirmi il əvvəl mənim “İyirminci əsr” filmim Moskvada nümayiş olunanda ölkələrdəki “kollektiv fərdiyyəçilik” məni maraqlandırırdı. İstər İtaliyada olsun, istərsə də Rusiyada. Ancaq yenə də mən rus kommunizminin nə demək olduğunu başa düşmürdüm. Necə olmuşdu ki, Çexov və Çaykovskinin ölkəsində bu yaranmışdı.
O vaxtı sovet film prokatında “Konformist” filminin tanınmaması üçün hər vasitədən istifadə olundu. Mədəniyyət xadimləri onlardan biri də səhv etmirəmsə Sergey Gerasimov “Parisdə son tanqo” filminin Sovet İttifaqında heç vaxt nümayiş olunmaması haqda fikri təsdiq etmişdi. Onların fikirinə görə Rusiyada seksual problemlər mövcud deyildi. Onlar sənətə kənd keşişi mövqeyi ilə yanaşırdılar.
- Sizin nəslin rejissorları öz cavanlıqlarında kinomatoqrafiyanın köməkliyi ilə dünyanı dəyişməyə çalışırdılar.– Bunlar hamısı bitmiş məsələlərdi. Bu gün təxribat elementi olmadan hissləri tamaşaçıya ötürmək gərəkdir. Kamera pulemyot deyil və onu bu cür keyfiyyətlə istifadə etmək olmaz.
Tərcümə: Samirə Əşrəf/sim-sim.az
Baxış sayı - 1 602 |
Yüklənmə tarixi:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.