manera.az
manera.az

Buket- Səfurə Çərkəzqızının novellası/ MANERA.AZ

Buket- Səfurə Çərkəzqızının novellası/ MANERA.AZ


Manera.az Səfurə Çərkəzqızının novellasını təqdim edir.


Dünən onun yaşadığı şəhərə köçdüm. Bunu ona yaxın olmaqdan ötrü, bəlkə, bir gün hansısa küçənin tinində qarşıma çıxsın deyə eləmədim. Axı ondan mənə nə? Lap elə qarşıma çıxsın, nə dəyişəcək ki?! Ona olan sevgim yanlış biçilmiş atlas parça kimi bir şeydi. Qayçı parçanı korlayıbsa, yaxşı bir paltarın alınacağına ümid öldü, demək. Mənim də ona sevgim iki il əvvəl öldü...

Bu şəhərə özümə, işimə, gələcəyimə görə gəlmişdim. Bəxtim gətirmişdi. Burdakı moda evlərinin birində yaxşı maaşlı iş tapmışdım. İki gün sonra dərzi kimi yeni işimə başlayacaqdım...
Yol yorğunu olduğumdan bu səhər yuxudan bir az gec oyandım. Gözümü açanda günəş yuyunmağa hazırlaşan qadın kimi saçlarını açıb otağıma səpələmişdi. Bədənim tərdən mələfəyə yapışmışdı...

Səhər yeməyindən sonra dünən axşamdan otağın ortasında yığılıb qalan əşyalarımı yerbəyer eləməyə başladım. Amma otağın görünüşü heç xoşuma gəlmədi. Ev yiyəsindən qalma əşyalar, mebellər hara gəldi qoyulmuşdu. Əvvəlcə çarpayı ilə paltar dolabının yerini dəyişdim. Pəncərənin qarşısına qoyulan masanın üstündəki rəngi bozarmış, saçaqları sökülüb döşəməyə kimi sallanan örtüyü birbaşa zibil qutusuna tulladım. Onun yerinə üstünə ağ sapdan naxışlar toxuduğum süfrəni saldım. Mətbəxə də əl gəzdirdim. Soyuducunu bir az küncə, masanısa bir az sağa çəkdim. Pəncərələrin toz basmış şüşəsini təmizlədim, döşəmələri süpürüb sildim. Sonra qapının ağzında dayanıb hələ də qoxusu mənə yad olan yeni mənzilimin yeni düzəninə göz gəzdirdim. Pis deyildi. Elə bil kasıb, həmişə cır-cındır içərisində gəzən bir qadına təzə, gözəl libas tikib geyindirmişdim. Amma qadının bir eybi-metal dişləri onun yoxsulluğunu hələ də üzə çıxarırdı. Metal diş kimi görünən pəncərənin gün işığından bozarıb nimdaşlaşan pərdəsiydi. “Sabah gərək parça alıb təzə pərdə tikəm. Mütləq..!”
Bərk yorulmuşdum, bir yandan da isti. Amma dincəlməyi lap sonraya saxladım...

...Tər damcıları burnumda düyünlənib paltar yuduğum ləyənin içərisinə damırdı. Hərdən də çənəmdən aşağı-sinəmə doğru süzülürdü. Bütün bədənimi tər seli basmışdı. Tıncıxırdım, köpüklü əllərimlə gah alnımı, gah boyun-boğazımı silirdim. Heydən düşsəm də, işim qurtarandan sonra yaxşı bir duşun, yorğunluğumu canımdan çıxaracaq mixəkli çayın, kənddən bişirib gətirdiyim “Üç bacı” dolmasının xəyalı mənə güc verirdi...
Qəfil səsə diksindim. Yeni mənzilimin zəngini birinci dəfəydi eşidirdim. Əllərimi önlüyümə silə-silə qapıya sarı getdim. Başım hərləndi. “Yəqin, acındandı, ya da yorğunluqdan... Kim olar? Yəqin, ev yiyəsidi. Görəsən, niyə gəlib? Bəlkə, pula görə..? Danışmışdıq axı... Pulu ayın sonunda verəcəm. Bir də axı... O, “ kəndə gedirəm”, -demişdi.”
Qapıya yaxınlaşdım...
-Aaaa..! Gül?!
...Həyəcanlandım, başım bir az da bərk fırlandı. Gözlükdən bir də baxdım. Yox, səhv eləmirdim, yuxu-zad da görmürdüm! “Bəs bu, kimdi?!” Beynim işıq sürətiylə suala cavab axtarırdı. “Axı kimdi mənə gül gətirən?! Bəlkə? Yox bir, ev yiyəsi mənə niyə gül dətirsin? Qoca kişidi, işi-gücü qurtarıb? Bəs..? Axı ev yiyəsindən başqa heç kəs mənim bura köçdüyümü bilmir. Bəlkə?!”
...Ürəyimin döyüntüsü nəfəsimi kəsirdi. Ayaqlarımın taqəti qalmamışdı. Divara söykəndim...
“Həə, odu! Yüz, min, milyon faiz! Bilirdim... Mən... Mən pis adamam, qəddaram! Deməli, o hələ də məni sevirmiş! Məni unutmayıb. Mənsə onu unutmaqdan ötrü nələr eləmədim?! O, məni sevirmiş! Məni izləyirmiş. Yoxsa, bura gəldiyimi, bu şəhərə köçdüyümü hardan bilib?! Deməli, həmişə məndən xəbər tutub. Mən axmaqsa... Ay Allah, şükür sənə! Hər şeyi unutmağa hazıram. Xəyanətini, yalanlarını... Hər şeyi! Təki hər şey yenidən başlasın! O vaxt məndə də günah oldu. Olanları çox şişirtdim. Bəlkə də, üstünü vurmamalıydım!”
Yenə qapının zənginə diksindim...
Kilidi açanda əllərim sözümə baxmırdı, küləyin yedəyində aciz qalan yarpaq kimi titrəyirdi...
Günəş gözümə şığıdı...
-Sən o gözəl canın...
Gözlərimi iki dəfə möhkəm yumub açdım. Heç nə anlamırdım. Qapının ağzında uzun ətəkli bir qadın, yanındasa 10-12 yaşında bir qız uşağı dayanmışdı. Qaraçı qadının qıvrım, pırpız telləri dimdik- yuxarı qalxmışdı. Dalaşqan xoruzun pipiyi kimi...
-Siz... Bəs o adam..? Buket?!
Qadın mənə məhəl qoymadı:
-Allah səni xoşbəxt eləsin, ay gözəl!
Qadının dediklərini qız da təkrarladı. Hər ikisi yarıbükülmüş əllərini mənə uzatmışdı.
Əsəblərim dözmədi:
-Dayanın da! O adam hara getdi? Buket hanı? Neylədiz gülləri?
Qadın key-key üzümə baxdı:
-Nə gül?!
-Bayaqkı. Oğlan gətirən...
Qadın yanındakı uşağa sarı döndü. Bir-birilərinə baxıb çiyinlərini çəkdilər.
-Bayaq sizdən başqa burda kim vardı?
-Heç kim.
-Qapının zəngini basan siziydiz?
-Həə.
Qadın qoynundan əzik-üzük bir dəsmal çıxarıb istidən, bəlkə, bir az da çaşqınlıqdan pörtüb tərləyən üzünü sildi.
-Hikkəylə qapını qaraçıların üzünə çırpdım. Hələ də bir şey anlamırdım. Axı mən iki dəfə buketi gözümlə görmüşdüm.
Yenə gözümü gözlüyə gikdim.
-Aaaaa..!
Gözümün qabağında sarı, qırmızı, göy rənglər sayrışırdı...
Dəliyə döndüm. Cəld qapını açıb özümü çölə atdım. Qaraçıların arxasından - üzbəüz dayandığım pəncərədən düşən günəşin işığı yenə gözümü kor elədi.
-Sən o gözəl canın...
Birdən qaraçı qadının başı rəngbərəng oldu. Gözlükdən gördüyüm kimi: sarı, qırmızı, yaşıl...
Hər şeyi anlamışdım...
Bicgahlarımdan ayaqlarıma kimi bir istiliyin, cərəyanın axtağını hiss elədim, sonra bədənim süstləşdi. Özümə yazığım gəldi... Sən demə, mənim “güllərim” qaraçı qadının pırpız saçlarıymış. Günəşin işığında gül buketi kimi görünürmüş...
...Qaraçılar hürkmüş, çaşqın baxışlarla arxaya – mənə baxa-baxa pilləkənləri tez-tələsik – iki-iki düşürdülər. Onları belə hürküdən mənim dəli kimi gülməyimiydi. Gülməkdən az qala nəfəsim dayanmışdı. Sonra məni dəli kimi də ağlamaq tutdu...
Sakitləşəndə ilk ağlıma gələn fikir ev yiyəsinə zəng vurmaq oldu. Ona evdən çıxdığımı xəbər elədim. Qərarım qətiydi: sabah geri –kəndə qayıdıram!

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031