manera.az
manera.az

Suprematizmdən Ədəbi Suprematizmə

📅 13.01.2017 12:08

Suprematizmdən Ədəbi Suprematizmə
Əli Şirin Şükürlü


(esse)

Ədəbi Suprematizm cərəyanının yaranma zərurəti, onun mahiyyəti barədə açıqlamalar və bu cərəyana aid edilən bədii mətnlər kütləvi informasiya vasitələrində dərc olunmağa başladıqdan az sonra sevimli tələbələrimdən biri mənə müraciət etdi: “Müəllim, bu cərəyan barədə söhbət düşərkən deyildi ki, hər hansı bir cərəyanın nəzəriyyəsi olmalıdı, mən də cavab verdim nəzəriyyə var və o nəzəriyyəni əsaslandıran bir çox movzular barədə mühazirələrin dinləyicisi olmuşam”.

Tələbəm haqlı idi. Yaradıcılığımın dinamikası, zamanla formalaşan elmi-bədii laboratoriyam sayəsində ərsəyə gələn bədii əsərlər eyni zamanda bu laboratoriya əsasında intellektual poeziya barədə bir sıra nəzəri movzuların da meydana gəlməsi zərurəti yaradırdı. Beləliklə, dəqiq elmlərə aid elmi anlayışları, elmi faktları, populyar elmi nəzəriyyələri ədəbiyyatla, bədii mətnlərlə əlaqələndirən movzular yarandı: Bədii mətnlərdə ehtimal anlayışları (və Ehtimal nəzəriyyəsi), Qeyri-səlis məntiq və ədəbiyyat, Nisbilik nəzəriyyəsi və ədəbiyyat, həndəsi fiqurlar, hərəkət, Zenon paradoksları, məkan və zaman, sonsuzluq və s. bədii mətnlərdə. Bu movzular elmi informasiyaların fəlsəfi düşüncə vasitəsilə bədii mətnlərdə inikasının əsaslandırılması idi. Yəni intellektual təmayüllü bədii əsərlərin yaranması texnikası, fəlsəfi düşüncənin elmi təfəkkürlə bədii mətn arasında bir körpü, bir keçid aparatı olması barədə tezislərdən ibarət idi.
Yaranan bədii əsərlər, bu əsərlərin nəzəri əsaslarını təşkil edən movzular yeni bir ideyanın yaranmasına təkan verdi. Elmi informasiyaların fəlsəfəsinin ifadə olunduğu bədii mətnləri bir cərəyan altında sistemləşdirmək.

Ədəbi Suprematizm. Nə üçün məhz suprematizm və nə üçün ədəbi?

Suprematizm ( latınca supremus – mənası “ən yüksək” deməkdir) – təsviri sənətdə avanqard cərəyan olub, əsası Kazimir Maleviç tərəfindən, böyük ehtimalla (bu barədə müxtəlif versiyalar var), 1913-cü idə qoyulub və sadə həndəsi fiqurların (üçbucaq, dairə, kvadrat və s.) abstrakt formalarından rəsm əsərlərində istifadə texnikasıdı. Onun geniş ictimaiyyətə tanış ən populyar əsərlərindən biri “Qara kvadrat” rəsm əsəridir. Maleviç 1916-cı ildə “Kubizm və futurizmdən suprematizmə” essesini dərc etdirir. Mənbələrin birində yazılır ki, Suprematizm nəzəriyyəsi Maleviçin rəsm əsərlərində ifadə olunan sadə həndəsi fiqurların abstrakt formalarının üstünlük təşkil efməsinə əsaslanır və bu rəsm əsərləri nəzəriyyəyə ən yaxşı illüstrasiyadır.
Məncə, məsələ bir qədər aydınlaşdı. Yəni sualın birinci hissəsinə cavab verildi. Deməli, yaradıcı sferada – incəsənətdə belə bir təcrübə var; həndəsi fiqurların abstaksiyasından təsviri sənətdə istifadə olunur və bu sahədə yaranan əsərlər xeyli estetik mənalara, fəlsəfi fikirlərə yol açır. Necə deyərlər, movcud olan hər şeyin öncə “riyazi dildə” ifadəsi vardır. Hər şey həndəsi formaya malik olub, əsasında ədədi münasibətlər dayanır.

Həm həndəsi fiqurların, həm də dəqiq elmlərə aid digər faktların, anlayışların, nəzəriyyələrin fəlsəfəsindən istifadə etməklə qələmə aldığımız bədii mətnlər (şeirlər, şeir-esselər, esselər, hekayələr və povestlər) ədəbi müstəvidə anoloji cərəyannın yaranmasını zəruri edirdi. Beləliklə, suprematizmdən həm də ədəbi suptematizmə keçidin zəruriliyini nəzərə alıb, Ədəbi Suprematizm ədəbi-fəlsəfi cərəyanının yaranmasını məqsədəuyğun hesab etdik. Bu da sualın ikinci hissəsinin cavabı.

Bu cərəyana aid edilən intellektual təmayüllü əsərlərin yaranma texnikasına sadə bir nümunə əsasında nəzər salaq – mətnyaranma prosesi bu bədii texnika əsasında aşağıdakı ardıcıllıqla həyata keçirilir:

1. Hadisə: Payız fəsli. Otaq. Pəncərədən müşahidə.
2. Elmi təfəkkür: pəncərə - dördbucaqlıya bənzər həndəsi formaya malikdir.
3. Fəlsəfi düşüncə: pəncərə - həyatın dördbucaqlı mənzərəsi, onun yalnız bir parçasını təsvir edir və payız dördkünc çərçivədən görünür.
4. Bədii təfəkkür: pəncərə - çərçivəsinə rəğmən otaqda asılan canlı rəsm əsərinə bənzəyir.
5. Və nəhayyət bədii mətn:

Payızdı. Seyr edirəm payızı otaqdan.
Pəncərə - dördbucaqlı mənzərəsi həyatın;
payız dördkünc çərçivədə. Və
sanki canlı şəkildi payız pəncərədə
asılıb otağımda.

Bədii mətn yaradılarkən istifadə etdiyimiz bütün elmi nəzəriyyələrin, elmi faktların və anlayışların fəlsəfəsindən bu ardıcıllığın şərtləndirdiyi modeldən istifadə edirik: elmi informasiya – fəlsəfi düşüncə - bədii təfəkkür. Vəssalam.
Sadəcə, burada bir vacib məsələ nəzərə alınmalıdı: əsərin bədii həlli zamanı elmi informasiya təkcə informasiya olaraq qalmamalı, təsvir olunan hadisəyə adekvat olub, mətnin içində əriməli, mətnin məna çalarlarını zənginləşdirməli, fəlsəfi tutumunu artırmalıdır.

Ədəbi Suprematizm cərəyanı altında təkcə dəqiq elmlərdən deyil, eyni zamanda digər elm sahələrindən də bədii vasitə, bədii model olaraq istifadə texnikası sayəsində yaranan əsərləri sistemləşdirmək, təhlil obyektinə çevirmək olar. Belə olan təqdirdə yorğun ədəbi-bədii estetikanı dincə buraxıb, ədəbi mühitdə tamamilə yeni ədəbi yolun, ədəbi-fəlsəfi estetikanın, yeni poetexnikaların yaranmasına nail olmaq mümkündür. Bu, həm də bədii mətnlərin informativliyindən həzz alan oxucu zövqünün də formalaşmasına xidmət edər.

Sonda fikrimi təsviri sənətdə Suprematizm nəzəriyyəsini əsaslandıran yuxarıda qeyd olunan tezislərə oxşar tezislərlə yekunlaşdırıram:

Ədəbi Suprematizm nəzəriyyəsinin ən yaxşı təsdiqi – I. Bu cərəyan adı altında sistemləşdirdiyimiz ədəbiyyatın intellektual qoluna aid bədii mətnlər və II. Bu formatda mətnlərin yaranması prosesində fəlsəfi düşüncə fasitəsilə elm təfəkkürdən bədii aparat kimi istifadə texnikası barədə yazılan və yazılacaq məqalələrdir. Yəni Ədəbi Suprematizm cərəyanını nəzəri əsaslandıran bu esse sona çatsa da cərəyanın formalaşması sona çatmayıb.

P.S. Essenin davamı olaraq Ədəbi Suprematizmə örnək, elmi informasiyaların fəlsəfəsinə istinadən qələmə alınmış bir neçə bədii mətn nümunəsini təqdim edirik.


Baxış sayı - 1 936 | Yüklənmə tarixi: 13.01.2017 12:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031