manera.az
manera.az

Açıq qapıları döymək lazımdırmı?- Ekspert rəyi/ MANERA.AZ

Açıq qapıları döymək lazımdırmı?- Ekspert rəyi/ MANERA.AZ
Varis yazır...

Ondan başlayım ki, «Ulduz»un baş redaktoru Qulu Ağsəs mənə jurnalın çıxdığını bəyan edəndə oktyabrın 31-i idi və jurnalın yazılarının təhlilinə ayırdığı vaxt da çox qısaydı – cəmi 4 gün. Həmin gün evdən iş yerinə qədər olan məsafədəki bütün qəzet-jurnal köşklərindən «Ulduz»u soruşdum, amma Bakının qəzet-jurnaldan başqa hər şey satan bu bərbəzəkli köşklərində «Ulduz»u gördüm deyən olmadı. Beləcə, bir günümü itirdim, növbəti gün doğma Sumqayıtıma səfərim var idi, jurnalı da məhz ordakı dədə-babadanqalma qəzet köşkündən alası oldum. Yeri gəlmişkən, satıcı məhz «Ulduz»u vərəqləyirdi mən ora təşrif buyurakən. Qaranəfəs jurnalı açanda sevdiyim və tanıdığım bir neçə imzanı gördüm, dodaqlarım qaçdı, sevdiyim və tanıdığım insanları qəfil küçədə görərkən keçirdiyim sevinc hissinə bərabər oldu bu hiss.

Təranə Vahid. «Özüylə söhbət»

«Ulduz»un ən maraqlı, orijinal rubrikası olan yazarın özüylə söhbəti hər dəfə, təbii ki, tam fərqli qiyafədə qarşımızda dayanır, özünü təqdim edən yazarın əksər gizlinlərini ortaya qoyur. «Söhbətə hardan başlayaq»la söhbətə başlayan Təranə xanımın dünənin xatirələrindən və sabahın xəyallarından bugünün yaşantılarını üstün tutması bəlli olur və elə bu bəllilik də bizim gözümüzdə yazıçı Təranə Vahid obrazının aydın siluetini canlandıra bilir. «Mənə elə gəlir ki, bütün zamanların kəsişdiyi nöqtə elə indidir. İndidən qaçmaqda biz, əslində, özümüzdən qaçıb özümüzü unuduruq» yazır yazar.
«Ruhuna yaxın olan yazıçılar kimlərdir» sual-cavabı yazıçımızın mütaliə diapazonunu canlandırır, «Hansı yazıçının yaradıcılığı səni təsirləndirirsə, ürəyinin şah damarına toxunursa, yaddaşında kök salırsa, o, sənin yazıçındır» deyir Təranə xanım. Dünyaca məşhur Dostoyevski, Servantes, Çexov, Hüqo, Folkner, Markes, Aytmatov kimi yazıçılarla yanaşı favoritlər palitrasında Xəlil Cibran, Nəcib Məhfuz, Əziz Nesin, Qoderzi Çoxeli kimi məhdud dairədə tanınan və populyar olmayan yazıçıların da (Təranə xanım sonuncu barədə o qədər xoş sözlər işlədib ki, ekspertlik işimi bitirəndən sonra ilk işim bu gürcü müəllifini oxumaq olacaq) adlarının sadalanması, şübhəsiz, bir qədər qeyri-ənənəvi görünür, elə yazar özü də məhz buna görə «Ədəbiyyat zövq məsələsidir» postulatını təkrarlamaq zərurəti hiss edib.
Sual-cavabın «özünə məktublar» hissəsi orijinal və maraqlıdır, yazarın «hərdən adamlar adamların ruhuna toxunur, bu məni çox qorxudur, ruh toxunulmazdır» qənaəti düşündürəndir, «biz qovulmuşlarıq, yerə sürgün olunmuşlarıq» ifadəsi insanla yaradanın münasibətlərinə subyektiv şərhdir. «Adamları ən çox harda müşahidə edirsən» sualına yönəli «metroda» cavabının açıqlaması da orijinallığı ilə seçilir: «Hər dəfə eskalatorla düşəndə mənə elə gəlir ki, insanların ağırlığından, qaramatından, fikir qarışıqlığından metronun boğazı ağrıyır».
Ədəbiyyatı ucsuz-bucaqsız bir dünya sayan və bu dünyada hər kəsin öz uçuş zolağı olduğunu iddia edən yazar «hər kəs bacardığı qədər uçur, arzuladığı yerə qədər uçmaqsa çox az yazara nəsib olur» söyləməklə öz ədəbi iddialarını da ortaya qoymuş olur, hərçənd növbəti cümlədə təvəzökarlıqla «ədəbiyyatda mən kiməm?» sualına «olsa-olsa, mən toz dənəsiyəm» cavabını verir.
Açılan hər sabahdan möcüzə gözləyən, «kimsə açılan səhərdən möcüzə gözləmirsə, demək onun arzuları, xəyalları tükənib» söyləyən müəllif oxucuları qarşısında bu tanıtım imtahanından, deyim ki, üzüağ çıxır, onun söz bağçasının rəngarəngliyi, fikir təlatümü, düşüncə dərinliyi cəlb eləyir, cəzb edir, maraqlandırır və düşündürür.
Təranə Vahidin «Özüylə söhbət»i jurnalın açılış yazısı olması səbəbindən ekspertliyimin ən enerjili vaxtına düşdüyü üçün onun üzərində nisbətən çox dayandım.
İndi də keçək Təranə Vahidin hekayələrinə. Jurnalın bu sayında onun 3 hekayəsi təqdim olunub: «Asan xidmət», «Müharibə, sərçə və ümid», bir də «Çolağın zərif uçuşu».
XIX əsrin əvvəllərindən bu günümüzə transfer olunmuş Mirzə Cəlil qəhrəmanı – Məmmədhəsənov Novruzəli Pirverdi oğlunun kəndin icra nümayəndəsi Xudayar bəy tərəfindən təqibə məruz qalması, alış-verişçün, əsasən də bəydən şikayətçün kənddən şəhərə gəlməsi, orada macəra dolu bir gün keçirməsi axıcı nəzmlə təqdim edilir. Sonda o, alış-verişini edir, bir loxma çörək yeyir, itirdiyi şəxsiyyət vəsiqəsinin əvəzinə Asan xidmətdən yenisini alır, amma şikayətçün bir ünvan tapmayıb geri dönür. Və qəribədir ki, Novruzəlilər bir əsr keçsə belə əsla dəyişməyiblər, yenə də «şirinquş ver, başını aldat» ampluasındadırlar.
Hadisə üzərində qurulmuş birinci hekayədən fərqli olaraq digər iki hekayə psixoloji halın təhkiyəsindən ibarətdir. Çoxmərtəbəli şəhər binasının eyvanında boz sərçəyə «get erməni əlində olan kəndimdən mənə bir xəbər gətir» ismarıcı verən qaçqın düşmüş nənənin, eləcə də olduqca gözəl futbol oynamaqla bir vaxtlar «gələcəyin Pelesi» adını alan, sonradan maşın qəzası nəticəsində çolaqlıq qazanan, hazırda da futbol yanğısını stadionda süpürgəçi işləməklə söndürən kişinin psixoloji durumunu yazar incə detallarla, inandırıcı və təsirli təsvir etməyi bacarıb.


Aqşin Evrən. «Şeir vaxtı»

Son vaxtlar poeziya səmamızdakı yeni ulduzların ən parlaqlarından olan Aqşin Evrən şeiriyyatının «Ulduz»un bu sayındakı nümunələri də öz bənzərsizliyi, fikir naminə fikir söyləmək şablonçuluğundan qaçma meyilləri, eləcə də bir qədər səmaviliyi, bir qədər dünyaviliyi ilə, hisslər basqısı və emosiyalar çılğınlığı qopara bilməsi ilə diqqət çəkir. «Çörək qırağı qadın»a nəzər yetirək:

Bizim orta məktəb yaşımız deyil axı,
indi bizi «2» almaq deyil, iki ola bilməmək ağrıdır...

- «Salam, necəsən?»
- «Salam, yoxam»la başlayır bütün ayrılıqlar...

Ayrılıq elə sondu, bitməkdi
gecələr...
Gecələr öz yatağının içində itməkdi.

Sən də bilirsən,
Sevgidə ayaqları yox, əlləri yorur gözləmək...

Hisslər kulminasiyası, fikir üsyanı yaradır bu bənzərsiz misralar. «Qəpik soyuqluğu, Saakaşvili və digər adamlar»a diqqət edək:

Dostumuz Rəşadın atasını müharibə aparmışdı,
anasını ərsizlik...

Biz də təkliyimizi bölüb iki nəfər olmağa çalışdıq...

Uşaqlıq dostlarımızı da sonuncu qizlənpaçda itirdik...

Göründüyü kimi, çox sərrast deyimlərdir. Yaxud, «Konfutsi belə buyurdu»ya baxaq:

Cənab qrossmeyster, bu ağaclar ölülərin əlləridi,
torpaqdan çıxıb yaşama doğru dartınırlar...

Əvvəlcə, atasının bədənindən anasının bədəninə,
sonra Yer kürəsinə atılır insan...

Qırmızı diplom qara çörək almaqçün verilmiş
talondu indi...

Hər bir misranın fikir yükü o qədər ağırdır ki, düzü, sözlərin bu yükü necə daşıdığına təəccüblənməmək mümkün deyil.
«Şərhsiz» adlı bir «Euronews» rubrikası var, gəlin bu bəndləri də sadəcə, şərhsiz-filansız oxuyaq:

İndi bütün gözləməklər qapında ölüb
Day o gəlmir deyə, pəncərən kor qalıb,
qapın da ölüb...

Qocalıq...
Bu məzlumun yaşadığı otel Mədain xarabalarıdı,
Bu ömür yolunda, bu Tolstoy taleyimdə
sürülməmiş qəzaya uğrayan ilk maşınlar
əlil arabalarıdı.

Deyirlər, Allah dünyanı 6 günə yaradıb,
mənsə 7-ci gün, yəni bazar günü doğulmuşam
Bəlkə də, bu səbəbdən Allahla rastlaşmamışam...

Son sevgi məktubumuzu nisyə dəftərinə yazdıq,
bu, ölüb getmiş müştəridən qalan borcdu.
İmsakda göz yaşımızı içməklə,
iftarda özümüzü yeməklə
bizim orqanizmimiz xoşbəxtliyə oruc tutur.

Əsəd Cahangir. «16-lar»
Rəşad Bərgüşadlı. «Tikanlı cığırlar»


Növbəti yazı «Ulduz» jurnalı ilə ayb.az saytının birgə layihəsi olan Qarabağ mövzulu esse müsabiqəsi barədədir. Müsabiqənin eksperti Əsəd Cahangir 16 müsahibə iştirakçısının yazılarını təhlil edir, sonra da qalib elan edilmiş Rəşad Bərgüşadlının essesi təqdim olunur.
Azərbaycanın üzdə olan peşəkar tənqidçilərindən biri Əsəd Cahangirin qalib barədə kifayət qədər dolğun və obyektiv rəy verdiyini nəzərə alıb adlayırıq jurnalın növbəti səhifələrinə.

Aysel Fikrət. «Mən atamın yazmadığı şeirəm».

Yenə şərhsiz keçinək.

Xeyli vaxtdır düşünürəm bu dərdi,
Dərdlərimin ən gözəli Vətəndir.
Ta əzəldən ürəyimdə cücərdi,
Sevgilərin ən alisi Vətəndir.
(?)


Gülsadə İbrahimli. «Üşüsün dodağımda yalan».

Artıq bütün sözlər söylənib, bütün fikirlər səslənib. Min illərdir ki, ədəbiyyat mövcuddur, minlərlə özündə yazıb-yaratmaq istedadı hiss edənlər, yaxud yazıb-yaratmaq dəbinin təsirinə düşənlər yazdıqca yazıblar və yazmaqdadırlar. Amma bununla belə, hər halda oxucunun bir fərqli fikir eşitmək, bir bənzərsiz hiss, duyğu keçirmək, bir sirli aləmə varmaq hüququ var bədii ədəbiyyatı oxuyarkən. Və deyim ki, Dünya Gənc Türk Yazarlar Birliyini təmsil edən Gülsadə xanım bu hüququ tanıyanlardandır.

Xatirələrini xatırlaya-xatırlaya
Xatirələşir insan.
Aç gecənin pəncərəsini,
Üşüsün dodağında yalan.

Bir şəhər sevmişəm
Sahili sən,
Dənizi mən.
Qorxuram taxılıb qağayı qanadına
Atılan hər yemin arxasınca gedərsən
Düşərsən xəyallarımın gözündən.

Uçurumun kənarındayam,
Göylər əlimdə «Uçurtma».
Rüzgar oynaşır ətəklərimlə,
Ayağım altda diblər,
Başımın üstündə göylər –
Yaxınam Tanrıya özüm qədər!

Gülsadə xanımın təqdim edilən cəmi 4 şeirində bu cür uğurlu misralar kifayət qədərdir və onların işığında xırda kəm-kəsirləri («kukla» sözünün dilimizdə gözəl qarşılığı var – «gəlincik»; yiyəlik hal şəkilçilərinin «aç gecənin pəncərəsin», «yükləmə ürəyinə yasaq sevginin yükün» sayaq kütləvi ixtisarı yolverilməzdir) görməmək mümkündür.

Cəlil Cavanşir. Nəsr.

Son illər Azərbaycan poeziyasının ən oxunaqlı imzalarından olan Cəlil Cavanşir imzasının nəsr kəhkəşanında necə parlayacağı kimi maraqlı bir suala cavab tapmaqçün Cəlil bəyin 3 hekayəsiylə tanış oluruq. Şübhəsiz ki, qardaşının arvadı ilə yaxınlıq etdiyinə görə cəzalandırılıb meşədə azdırılan dəli Cəmilin «Cəmo» adlı hekayəti də, görüşüb sevişdiyi, eləcə də platonik sevgi bəslədiyi altı xanımı öldürüb sonra da özünü öldürən qatilin həyat epizodlarından ibarət «Yeddi qorxulu yuxu» hekayəsi də alınıb. Amma mən daha çox məşhur «Oyuncaq» filminə, onun ölməz Fransua Perren obrazına nəzirə olaraq yazılmış «Panduşka» hekayəsini bəyəndim. Cəlil bəy burada baş rolda özünün timsalında ehtiyac üzündən Sevgililər günündə sevgilisinə babat bir hədiyyə ala bilməyən bütün qələm əhlini cəmləşdirib. Ad günlərinə 22 metrlik tortlar hazırlanan, Novruzda tonqal əvəzi «Galenvagen» avtomobili yandırtdırıb «bu ecazkar mənzərəni» vertolyotla səmadan seyr edən, Yeni ildə Tayqadan üstü dələli küknarlar gətizdirib həyətlərində əkdirdən kaprizli nişanlısının tələbiylə Cəlil bəyin qəhrəmanını oyuncaq ayı qismində alıb villasına gətirən milyonçu gənc isə hər şeyi pulla almağa qadir olan toplumun xüsusiləşdirilmiş nümayəndəsidir.
Hekayənin sonunda zəngin xanımın qəhrəmana daha ayı gözüylə baxmamasını, oyuncaq saydığı dönəmdəki kimi qarnından, kürəyindən, yanağından dişləmək əvəzinə artıq uzun uzadı dodaqlarından öpməsini, hətta əzizləyərək yatanda da öz yatağına salmasını, ustəlik onu adam kimi danışdırmasını, şeir oxutmasını, ən nəhayət bütün bunlardan dolayı, ondan xoşu gəlməsi ehtimalının yaranmasını Cəlil Cavanşirin maddiyyatlıların mənəviyyatlılara qarşı həqarətinə bir cavab jesti kimi də qəbul etmək olar.

Şəhla Vahid. Debüt.

Qısaca deyək ki, Şəhla Vahidin heca vəznində yazdığı bu 9 şeirlik debütü alınıb. Sabahkı gündən nigarançılıq, bir qədər qüssə, bir az nisgil, azacıq da umu-küsü ovqatlı bu şeirlərə bir az folklor motivlərinə mövzu meyilliliyi, bir az da qoşma, gəraylı üslubu ahəngi xüsusi sanbal gətirir, onları oxunaqlı edir. Şəhla xanımın şeirlərindən, gəlin, ən qısasına – üçbəndlik «Köçün başına» adlı uğuruna diqqət yetirək.

Dərdimiz sünbül bağlayıb,
Dur gedək biçin başına.
Yolu tərsinə gedirik,
Kim keçib köçün başına?

Çağırın tale yazanı,
Gəlsin əlində pozanı,
Hazırdı xeyrət qazanı,
Buyurun, keçin başına.

Qismət bildik azı, çoxu,
Yol üstədir acı, toxu
Hanı bu dünyanın oxu?
Fırlanır heçin başına.

Nə deyə bilərik. Doğrudan da gözəl nümunədir.

Ziyad Quluzadə. «Hyundai Sonata, Kafka və...»

Gənc yazar Ziyad Quluzadənin «Bu hekayə oxunmaq üçün yazılmayıb» altbaşlığı ilə yazdığı hekayəsi orijinal təhkiyəsi, şablon olmayan süjetqurması, «bəzən həyatda düzgün qərarlar vermək üçün qəlbimizin alovuna, cəhənnəm atəşinə biz də sərcə kimi çör daşımalıyıq» kimi uğurlu bədiilik ornamentləri ilə diqqət çəkir.
Amma altbaşlığı kiçik hekayə boyunca daha 4 dəfə təkrarlayan gənc yazar sanki doğrudan da oxucusunu nəql etdiyi hekayətin məğzindən uzaq saxlamaq istəyir, «bu hekayəni oxumayın» nidasını «mən onunla gördüyümüz işlər barəsində söhbət açmaq istəmirəm», «bu səhvin nədən ibarət olması bir az gizli və şəxsi məsələdir» və s. kimi ibarələrlə bir az da dolğunlaşdırır. Nəticədə, oxucu qazpulu yığan «Hyundai Sonata»lı qəhrəmanın vətəndaş Kafka Nəcəfovla əhvalatının məğzini yalnız öz təxəyyül səviyyəsi ilə təxmin etmək zorunda qalır.
Hər halda, istedadı göz qabağında olan gənc Ziyad bəyin gələcəkdə «Oxucu kütləsi anlamayan ədəbiyyat yaxşı ədəbiyyatdır» antişüarının dalınca düşməyəcəyi, kubizm, abstraktizm və bu sayaq digər psevdoizmlərin mücərrədliyi ilə sadəlik və gözəllik mücəssiməsi olan klassik Azərbaycan hekayəçiliyi ənənələrinin qarşıdurmasında ikinciyə üstünlük verəcəyinə inanırıq.
Ziyad bəyin xırda bir qüsurunu da qeyd etmək istəyirəm. Hekayə indiki zaman nəqletməsi ilə başlayır: «Məni həyəcanlandırır, əminəm, bilirəm, rəngi tündləşir, daha da parlaqlaşır...» Və birdən növbəti «di gəl ki, bunların hamısı çox keçmişdə qaldı» cümləsi ilə hər şey keçmiş zamana atılır. Bu, qüsurlu nəqletmədir. «Bunların hamısının keçmişdə qalması» üçün öncəki cümlələrin «həyəcanlandırırdı, əmin idim, bilirdim, rəngi tündləşirdi...» şəklində olması məcburidir. Belə ki, zamanın istənilən şəkildə qarışdırılması eksperimenti hətta effektli olsa belə yanlışlıq və dolaşıqlıq təəssüratı yaradır.
Ümumilikdə isə hekayəni bəyəndim.

Adil Mirseyid. «Çap olunmamış hekayə»

Azərbaycan poeziyasını öz rəssamlıq sənətindən gətirdiyi al-əlvan boyalarla büsbütün zənginləşdirən, poeziyamızda bir fəlsəfəçilik qatı yaradıb hiss və fikir burulğanı qoparmaqla bir-birinin ardınca neçə-neçə poetik incilər ərmağan qoyan və qəfildən də hər şeyi yarımçıq saxlayıb dünyadan köçən Adil Mirseyid işığına sığındım yenidən. Onun çap olunmamış «Trafey və ya qəlyan əhvalatı» hekayəsini yenidən ulu şairi görürmüş, üz-üzə dayanıb söhbətini dinləyirmiş kimi oxudum.
Düşünürəm ki, mənim böyük Adil Mirseyid yaradıcılığı barədə ekspert fikri söyləməyim qeyri-etik səslənər, odur ki, keçirəm növbəti yazılara.

Mücirəddlin Quluzadə. Debüt

«Ulduz» bu sayında bizə daha bir ilk imza təqdim edib. Qoşmalı, təcnisli Mücirəddin bəy ululardan aldığı estafeti layiqli şəkildə daşıyacağına ümid verir:

Gözü diri açdım bir çox sabahı,
Ay görsə, seçərdi «gecələr şahı».
Səssizcə içimdə çəkdiyim ahı
Göylər yer üzünün ahı seçdilər.

Qəni Camalzadə. Novella

«Ədəbiyyatın Lətafəti» novellası hazırda himayədarları hesabına ədəbiyyat cıdırımızda at oynadan istedadsızlar zümrəsinə həsr olunub. Bir qəzet redaktorunun xahişi ilə belələrindən biri – 15 (!) kitab müəllifi olan gənc xanım barədə tənqidi yazı yazan yaşlı yazar Həşim Güllü bunun altını çəkməli olur, sonda qadının basqısından sağ-salamat qurtulmasına şükür edir.
Yazıçı janrın tələblərinə uyğun və bir qədər də «sosializm realizmi» təhkiyəsi ilə oxucusunu ədəbiyyatın aktual bir problemi ilə üzbəsurət qoyur.

Ülviyyə Niyazqızı. Hekayə

«Uşaq papışları» hekayəsinin mövzusu maraq doğursa da təhkiyə qüsurludur, hekayə janrının tələblərinə riayət olunmayıb. Gəmi 3 səhifədə müəllif qız qəhrəmanına tələbəlik dövrü yaşadır, oradan magistraturaya adladır, sevdirir, nişanlandırır, ailə həyatı qurdurur, daha bir neçə il ailə həyatı yaşadır, sonsuzluğu səbəbindən ərindən ayırır, sonra qəhrəmanın əri başqası ilə evlənir, ərinin qız övladı olur, qız övlada əvvəlki əri qəhrəmanımızın adını qoyur, sonra da bu körpə böyüyür, qəhrəmanımız onunla tez-tez parkda gəzməyə çıxır...
Razılaşın ki, bir romanlıq, lap hətta epopeyalıq mövzu var burada.
Hekayə janrının libası bir anın, bir saatın, uzağı bir günün yaşantısından biçilir. İstisna halda – proses böyük zaman məsafəsi tələb edəndə isə, adətən, xatırlama üsulundan istifadə olunur.
«Çantamı toplayıb getməyə hazırlaşırdım» cümləsində «çantamı toplayıb» ifadəsi leksikonumuza xas deyil.
Oğlanın qıza: - «İstəyirəm mənimlə evlənəsən» söyləməsi yanlışdır, «evlənmək» kişilərə aid xüsusiyyətdir, xanımlar isə «ərə gedir».
«Başım çox ağrayırdı» səhvdir, «ağrıyırdı» olmalıdır.
Eyni sözün gah «papış», gah «papuş» yazılması yolverilməzdir.
Ülviyyə xanım Gənc Ədiblər Məktəbinin yeni müdavimidir. Düşünürəm ki, bu böyük məktəb onun ədəbi yaradıcılığında mütləq müsbət iz qoyacaq və gənc yazarımız gələcəkdə bəyənilən bir imza sahibinə çevrilə biləcək.
***

«Ulduz»un oktyabr sayında yazıçı Sona Vəliyevanın Həsən bəy Zərdabinin həyat və yaradıcılıq yolundan bəhs edən «İşığa gedən yol» romanı barədə Anar Aminin dolğun resenziyası, özbək ədəbiyyatşünasları Marquba Mirqasımova və Saodat Muhammedovanın Xanım İsmayılqızı, Afaq Şixlı, Elçin Mirzəbəyli, Firuz Mustafa, İbrahim İlyaslı, Yasin Xəlil, Ayaz Arabaçı kimi Azərbaycan şairlərinin özbək dilinə çevrilmiş şeirlərinin üslub xüsusiyyətləri barədə qeydləri, Sərvaz Hüseynoğunun «Anım» rubrikası altında unudulmaz şairimiz Nurəngiz Gün yaradıcılığına həsr edilmiş «O bir ayrı röyadı» yazısı, Məti Osmanoğlunun təqdimatında «Psixoanalitik nəzəriyyə» adlı gənc yazarlar üçün nəzəriyyə dərsi kimi oxunaqlı yazılara da yer ayrılıb.

İntiqam Yaşar. Dərgidə kitab

Nəhayət, gəlib çatdıq «Ulduz»un sonuncu yazısına. Jurnalın ən çox maraq doğuran bölümlərindən olan «Dərgidə kitab» bu dəfə istedadlı gənc şair, Dünya Gənc Türk Yazarlar Birliyinin təmsilçisi İntiqam Yaşarın «Qismət»inə ayrılıb.
Dərhal deyim ki, İntiqam bəyin heca vəznindəki şeirləri sərbəstindən daha oxunaqlıdır. Sanki gözəl bir lövhədir, baxdıqca baxırsan, sanki gözəl bir musiqidir, dinləyib həzz duyursan.

Ən gözəl şeirlərimi,
deyirlər, sənə yazmışam.
İnanma hər deyilənə,
Hələ sənə nə yazmışam?!

Sən mənim ümidlərimin,
Yeganə sığınacağı.
Nə qədər uzaq getsəm də,
Sənə gələrəm uzağı... – söyləyən şairin sevgi təşnəsi hər sətirindən, misrasından, bəndindən boylanır, alışıb yandıqca alışdırıb yandırır.
Bu sevgi odunun ayrılıq adlı qara-buza tuş gəlməyi də var həm də, sahilə can atdıqca suların qoynunda daha da dərinliklərə yan alan qayığa bənzərliyi də.

Oralarda qar yağırmı,
Mənsiz havalar necədi?
Sükutlar necə haldadı,
Səslər, sədalar necədi?, - soruşur şair. Və onu da bilir ki...

Payız rəngində görünür
Bütün köhnə şəkillərin.
Düşünürəm, şəkildə də
Üşüyür incə əllərin

Mübaliğəsiz İntiqam Yaşarı lövhə yaratmaq ustası hesab etmək olar. Ölçü-biçimi, rəngləri yerində olan, hətta isti-soyuğu belə duyulan bu lövhələrin qarşısında ayaq saxlamamaq mümkün deyil.

Əlim əsə-əsə indi
Kağıza tumar çəkirəm.
Sanki qayıq batıb gedib,
Mən amma avar çəkirəm.

Elə qışqırasan durduğun yerdə,
Mələklər diksinib səsə gələlər.
Təntiyib yolu da səhv salalar lap,
Üstünə birbaşa, kəsə gələrlər

Şeir yazmaq iki tələbatdan irəli gəlir. Biri var, «şair xalqın şeir dəbinə» uyğunlaşıb yazırsan, biri də var, mənəvi tələbatdan. Təbii ki, İntiqam bəy mənəvi tələbatdan yazır. Yazmır ki, üst-üstə qalaqlansın, toza bürünsün. Yazır ki, dilləri oxşasın, ürəkləri ovutsun.

Neynəyək ki, həyatdı də,
Bir gün elə, bir gün belə.
Bugünkü dərdə min şükür,
Sabahı bilmirəm hələ, - yazan şairimizə də, şeirimizə də, deyirəm, dərdsiz sabahlar necə də yaraşardı!
***

Ədəbi gəncliyə «Ulduz»un qapıları taybatay açılıb, bu qapıdan on-on beş istedadlı keçəndə hələ ki, bir-iki istedadsız da sivişib birtəhər adlaya bilir. Tezliklə o «bir-iki»ləri də burada görməyəcəyimizə əminliklə, gəlin, «Ulduz» jurnalının yaradıcı kollektivinə ədəbiyyat səmasını yeni-yeni kiçik və böyük ulduzların tapıntısı ilə daha da parlaq etmək işlərində üğürlar arzulayaq.

Daim parla, ədəbi gəncliyimizin ulduzu!/ "Ulduz"

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728