manera.az
manera.az

Türk romanı niyə yoxdur? - Tərcümə |MANERA.AZ

📅 09.12.2016 15:40

Türk romanı niyə yoxdur? -  Tərcümə |MANERA.AZ
Əhməd Həmdi Tanpınar

“Bizdə roman”
esse


Türk romanı niyə yoxdur? Əvvəla bu sualı yaxşıca aydınlaşdırmaq lazımdır. Şübhəsiz ki, türk romanı var, üstəlik bu roman öz cəmiyətimizin içində qalmaqla yanaşı, olduqca geniş oxucu çoxluğuna xitab etməkdədir; hətta bu oxucu çoxluğu ilə roman müəllifləri arasında qarşılıqlı təsir də mövcuddur. Bununla yanaşı, qərb dillərindən hər hansı birini bilən, əcnəbi ölkələrdə yaranan roman sənətinin ən yaxşı örnəklərini oxuyan və həyat haqqında az-çox fikir sahibi olan ziyalılarımızın zövq aldığı bir roman hələlik yoxdur. Bu ortaq cəhətlərlə yanaşı, cəmiyyətimizlə və həyatımızla, türk insanına və onun problemlərinə münasibətdən doğan, eyni zamanda, öz atmosferinə görə bir-birindən çox fərqlənən ədəbi nümunlər arasında belə bütöv görünən türk romanı yoxdur. Konkret əsərlərdə zaman-zaman hamımızı razı salan gözəllikləri bir kənara qoyub ümumi nəzərlə bu sənət növünə baxmağa çalışanlar belə romanın yoxluğunu asanlıqla inkar edə bilmirlər.

Hamımızın az-çox etiraf etdiyi bu çatışmazlığın səbəbləri nələrdi və görən niyə kitab bolluğuna rəğmən əsər kasadlığı var?

Bu sualı ilk soruşan mən deyiləm. Bu əzəldən bəri məmləkətdə dilə gətirilən və müzakirə olunan sualdır. Problem konkret şəkildə ortaya qoyulmasa da, gah bu günkü türk ədəbiyyatına ümumi nəzər salınanda, gah da fikir həyatımızla cəmiyyətimiz arasındakı münasibətlərə dair müzakirələrdə gizli və ya aşkar şəkildə bu suala rast gəlirik. Üstəlik bu məsələ bütün oxucu-yazıçı qruplarının əsas müzakirə mövzularından biridir, cavablar da adətən iki cür olur. Birinci cavabı artıq hamımız əzbər bilirik: “yazıçılarımız cəmiyyətimizlə, həyatımızla maraqlanmır, türk millətini, onun həyatını bilmir, oxuduqları qərb müəlliflərinin təsiri altındadırlar, əsərlərində səmimi deyillər.” Bu acı qənaət idealistlərimizin ağzından çıxan kimi hamı susur, üzlər qızarır, başlar əyilir.

İkinci cavab deterministlərindir. Onlar deyirlər ki, “istədiyimiz kimi türk romanı yoxdursa, bunun günahı həyatdadır. Həyatımız dərin deyil, keçid ərəfəsindəyik, bu vəziyyətdə güclü bir romançının çıxmağı mümkün deyil.”

Hər iki cavabda da böyük həqiqət payı olsa da, bir-bir bu cavabların üstündə düşünmək, elə bilirəm ki, sözügedən məsələni anlamağın ən yaxşı yoludur. Lakin əvvəlcə qeyd etməliyəm ki, bu tənqidləri səsləndirənlərin, bu hökmləri verənlərin heç biri təfərrüata varmaq zəhmətinə qatlaşmaq istəmirlər.

Məsələn, yoxluğundan şikayət etdiyimiz “həyatla əlaqə” nə cür əlaqədir, yaxud təsir, təqlid nə qədərdi, səmimiyyət deyəndə nəzərdə tutulan nədir? Digər tərəfdən, həyatımızın səthilikləri nələrdi ki, yaxşı yazmağımıza mane olur? Bu qansızlıq hardan gəlir? Bütün bunlar cavabsız qalıb. Ən nəhayət ikinci məsələ də var: Nümunə məsələsi. Bu tənqidlər səsləndiriləndə həmişə rus romanını nümunə gətirirlər. Bütün mükəmməliyinə baxmayaraq, rus romanı dünyada yeganə roman deyil. Bir də ki, niyə bir sənət növündən bu qədər çox şeyi birdən istəyirlər axı? Bunu yaxşıca izah etmək üçün gərək əvvəlcə tənqidlərin obyektivliyinə baxaq. Gəlin birinci cavabı irəli sürdüyü hökmlərə görə aşağıdakı bəndlərə ayıraq:
Türk romançısının cəmiyyətimizlə, həyatımızla bağları qopuqdur.

Qərb müəlliflərinin təsiri altındadır.

Səmimi deyil.

Əvvəlcə birinci hökmə baxaq: bir romançının cəmiyyətlə, həmin cəmiyyətin insanıyla, o insanın həyatıyla maraqlanmasını nəyə əsasən təyin edirik? Təsadüfi bir türk romanını açıram, içindəki adlara baxıram: türk adlarıdır. Yaşayışa baxıram: bizim məmləkətə aid yaşayışdır. Mənzərəyə baxıram: Anadolu və ya İstanbul mənzərələridir. Yazıçı bacardığı qədər öz mühitini ifadə etməyə çalışıb. Mövzu: Öz həyatımızdan seçilib. Üstəlik əsərdə həll edilməyə çalışılan problemlər var, bunlar cəmiyyətimiz problemləridir – yeri gəlmişkən, bu problem söhbətindən də ayrıca danışmaq laızmdır. Kəsəsi, yaşayışında təzadlar olsa da, bu məmləkətin insanı, bu məmləkətin peyzajında, bu xalqın diliylə öz kədərli və məsud macərasını yaşamaqdadır. İndi biz necə iddia edə bilərik ki, bu roman cəmiyyətimizlə bağlı deyil? Bir az da irəli gedib deməliyəm, qəzetlərimizdə və həyatımızda yer tutan məsələlərin təxminən hamısı türk romanında var. Türk romançısı başqa məmləkətlərdə təzə-təzə sınaqdan keçirilən kənd romanı belə yazmağa çalışıb. Qadın-kişi məsələsi, cəhalət məsələsi, yenilik məsələsi, ziyalının maddi vəziyyəti məsələsi… daha realistlərin əlində kəndlinin həyatı, cəhalət, tənbəllik – bütün bunlar romanlarımızda var. Deməli, türk romanı birəbir şəkildə öz həyatımızla bağlıdır. Bütün bunlara baxmayaraq, doğurdan bu romanların süniliyinə, oxuyarkən cansızlığına üsyan etməmək, hətta reallıqla arasında bir bağ qurmaq çətindir. Bu, ayrı məsələdir.

Keçirəm ikinci hökmə: “Türk romançıları qərb müəlliflərinin təsiri altındadır.” Bu fikrə qarşı “əlbəttə, romanı onlardan öyrənmişik” deyə bilərdim və söhbətin məcrası dəyişərdi. Amma məqsədimiz bəsit polemika olmadığı üçün daha geniş düşünərək belə bir mülahizə irəli sürə bilərik: dünyada hansı sənət hərəkatı başqa bir sənətin, başqa bir dilin və başqa bir mədəniyyətin təsiri ilə yaranmayıb ki? Burda bəsit ensiklopedik bilgilərə ehtiyac yoxdur. Az qala hər millətin ədəbiyyatında, hər dövrdə xaricdən gələn bir peyvəndin təsiri altında yeni həmlələr olub. Bizdə adı çox çəkilir deyə götürək Dostoyevskini: şübhəsiz ki, inqilabdan əvvəlki rus cəmiyyətini, rus insanını onun qədər ifadə edən romançı az olar. Bu cümləmi oxucular məzur tutsun, Dostoyevski haqqında belə danışmaq istəməzdim, amma burada onun həqiqətlərindən birinə ehtiyac var. Üstəlik o, qərb düşüncəsinin istilasına baxmayaraq, rus qalmağın əsas fiquru sayılır. Halbuki onun əsərlərinin modeli xaricdən gəlmə idi.
“Cinayət və cəza”dakı, “Karamazov qardaşları”ndakı qəhrəmanların bənzərlərini ondan əvvəl yetişmiş fransız romançılarında – Balzakda və Stendalda tapmaq mümkündür.

Napaleondan sonra Avropada üst-insan olmaq istəyənlər dəbə minmişdi. Bu nümunə bütün Avropanı gəzdi və hər yerdə, XIX əsrin axırına qədər fikir və sənət dünyasının başlıca məsələsi oldu, bütün ədəbiyyatçılar bundan qidalandı, bu müəlliflərin hamısı bir-birini oxuyurdu, təkrarlayırdı, bir-birini tamamlayırdılar. Deməli, qeyri-adi intriqanı, balaca mövzunu, yaxud bir kitabın mahiyyətini ifadə edən problemi çox asanlıqla başqa yerdən də götürmək olar. Texnika və həyata baxış məsələsinə gələndə isə rus romanının fransız romanı ilə olan münasibətləri bir ayrıca müzakirə mövzusudur. Özü də axı biz bunları hələlik ancaq fransız dilinə olan tərcümələrdən oxuyub qavraya bilirik.

Tolstoy uzun müddət hər səhər bir fransız müəllifindən tərcümələr edərmiş; sırf onun sənətini başa düşmək üçün. Bəs onda biz niyə öz romançılarımızı qərb müəlliflərini oxumaq və onların təsiri altında qalmaqda ittiham edirik? Təsir etməyən, iz buraxmayan mütaliə kimə lazımdır axı? İnsan özünə nəsə qatmaq, əlavə etmək üçün oxuyur, unutmaq üçün yox.

Burada özlüyündən bir etiraz yarana bilər və mən bunu gözləyirəm. Kimsə deyə bilər ki, təsir düşməklə kopyalamaq arasında fərq var axı. Mən də belə cavab verirəm: Xeyr, bu məsələni o qədər böyütməyək, şübhəsiz ki, belə fərqlər var, amma bu alındırmaq məsələsidir, yəni müvəffəq olmaq, ya da olmamaq. Bu paradoksu izah edim:

Məsələn, təsəvvür edək ki, Dostoyevski kimi Balzakı və Stendalı oxumuş, amma onun dühasına sahib olmayan bir müəllifin eyni temaları işləyir. Biz həmin ehtimal olunan müəllifin yazacağı, yaxud yazdığını təsəvvür etdiyimiz əsərlərinə, əlbəttə ki, böyük yazıçının əsərlərinə olan heyranlıqla yanaşmayacağıq və ondan Dostoyevskidən danışdığımız kimi danışmayacağıq.

Halbuki tema eyni, sxemlər eynidir. Aradakı fərq fərdiyyət fərqidir; Dostoyevskinin şəxsiyyəti, ürəkkeçməsi, müvazinətsizliyi, xəstəlikləri və xilqətin o əlçatmaz sirri olan dühasıdır. Problem təsir və təqlid deyil. Biz Dostoyevskini tanıyırıq, özü də uzaqdan, uğur qazanmış cəhdi, ən yüksək təpəni görürük; yarı yolda qalanları heç düşünmürük.

Bunlar heç, qayıdaq əsas lazımlı fikrə; demək istəyirəm ki, kopya ilə orijinal əsər arasındakı fərq çox vaxt adicə alındırmaq məsələsidir. Sənətkarlarımızın uğursuzluğunun səbəbi qərblilərin təsirində qalması deyil. Alındıra bilmir deyə, qərb müəllifləri olan münasibətləri bu qədər çox gözə batır.

Burada bir nöqtə də var: görən biz həqiqətən oxuyuruq ki, şikayət etdimiz qədər qərbin təsirində olaq? Mən buna inanmıram. Bizdə oxuyan adam o qədər azdır ki, barmaqla göstərirlər. Bizdə dünyanın heç bir yerində olmayan elit bir zümrə formalaşıb: oxuyanlar zümrəsi. Bir cümlə yazmasa da, bir cümlə söz dilə gətirməsə də hörmət görən adamların olduğu məmləkətdə yəqin ki, oxuyan az olar. Fəqət biz bu mütaliə məsələsinə də ayrıca toxunacağıq. İndi ümumiləşdirək:

Türk romançısı deyildiyi kimi, bizə, öz məmkələtimizə üz çevirməyib; sadəcə bizi özünə çəkə bilmir, cəlb edə bilmir.

Türk romançısının boynuna qoyulan qərblilərin təsirində qalmaq məsələsi başqa şərtlər altında hətta arzuolunandır, üstəlik bu təsir elə də güclü formada alınmır. Deməli ortada sadəcə müvəffəqiyyətsizlik məsələsi var ki, bunun da səbəblərini başqa yerdə axtarmaq lazımdır.

Bura qədər gəldiksə, müzakirə etdiyimiz hökmün üçüncü bəndi özü-özünə çıxdaş olur. Məncə, alınmamış əsərin səmimiyyətsizliyindən danışmaq olmaz. Fikrimcə, xətalarını örtə bilməyən, bütün iplərini bizə göstərən, şikəstliklərini və zəifliklərini ələ verən bir əsər səmimilikdən də o yanadır, birbaşa səmimiyyətin özüdür. Bəlkə biz səmimiyyət deyəndə böyük yazıçıların birinci özəlliyi olan təsiretmə qüdrətini nəzərdə tutmalıyıq?

İndi deterministlərin yanaşmasına keçək. Onlar deyirlər ki, “həyatımız dardı, səthidir, biz keçid dövründəyik; həqiqi türk romanı ancaq məmləkətin özünəməxsus həyatı olandan sonra yazıla bilər.” Bu iddiada şübhəsiz ki, doğru məqamlar var. Fəqət ilk ağlıma gələn şey odur ki, elə bu iddianın özündən mükəmməl bir roman yazmaq olar.

Həyatımız dardı, qarışıqdır. Yaxşı, amma nəticədə bu həyat var və biz onu yaşayırıq, nifrət edirik, iztirab keçiririk, ölürük. Bir romançı üçün bunlar bəs deyil? Bircə insanın iztirab çəkdiyi yerdə insanlığa deyiləcək hər şey var. Bəli, bunlar doğrudu… Bəs niyə alınmır? Bunu ikinci məqalədə izah etməyə çalışacam.
(1936)

Dilimizə uyğunlaşdırdı: Qismət Rüstəmov,
Sim-sim.az


Baxış sayı - 1 412 | Yüklənmə tarixi: 09.12.2016 15:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031