manera.az
manera.az

"Deməyin uşaq yazarı yoxdur!" layihəsi Elvira Məmmədovanı təqdim edir... - MANERA


"Deməyin uşaq yazarı yoxdur!" layihəsi Elvira Məmmədovanı təqdim edir... - MANERA Elvira Məmmədova 3 iyul, 1979-cu ildə Bakı şəhərində anadan olub. 1986-1996-cı illərdə orta təhsilini Bakıdakı 63 saylı orta məktəbin ədəbiyyat təmaüllü sinfində alıb. 1998-2002-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində “Reklam işi” ixtisası üzrə ali təhsil alıb.

17 yaşından başlayaraq, “Planet” və “Şəkər Villası” uşaq qəzetlərində müxbir vəzifəsində çalışıb. Ədəbi yaradıcılığa nağıllar və hekayələr yazmaqla başlayıb. “Hər ulduz bir günəşdir” adlı ilk nağılı 1999-cu ildə “Şəkər Villası” qəzetində dərc olunub.

“Hər ulduz bir günəşdir”, “Zibil qabının arzusu”, “Zənci qar adamı”, “Sehirli konsert”, “Ayı və arı”, “Xeyirxah şahzadə”, “Dəcəl cırcırama”, “Qanadlı dostlar”, “Tənha dəniz” və s. nağılların, iki nağıl-pyesin – “Zənci qar adamı” və “Xeyirxah şahzadə”nin müəllifidir.

Nağılları mütamadi olaraq dövri mətbuatda dərc olunur. “Zənci Qar adamı” nağıl-pyesi 2014-cü ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzi və Space TV-də yayımlanan “Mən böyümüşəm” uşaq verilişi tərəfindən səhnələşdirilib, efirdə yayımlanmışdır.

Ssenariləri əsasında bir çox sənədli filmlər və reklam çarxları çəkilib.
Nağıllarından bir neçəsini təqdim edirik:


XEYİRXAH ŞAHZADƏ

Biri vardı, biri yoxdu. Nağıllar ölkəsində çox gözəl, ağıllı və xeyirxah bir şahzadə qız vardı. Bu şahzadə qız hər zaman köməyə ehtiyacı olan insanlara yardım edər, onlardan öz yaxşılığını əsirgəməzdi.
Qarşıdan Novruz bayramı gəlirdi. Şahzadə qız bayram sevincini ölkəsindəki insanlarla paylaşmağı çox sevirdi. Bir gün o, qərara gəldi ki, bayramda daha böyük bir yaxşılıq etsin. Şahzadə qız saray xidmətçilərinə çoxlu noğul və şokolad aldırdı. Saray aşpazına isə tapşırdı ki, bayrama şirin qoğal, paxlava və iri bir bayram tortu bişirsin, şəkərbura xəmiri hazırlasın. Şirin qoğal, paxlava və tort bişib hazır oldu, şəkərbura xəmiri gəldi. Bircə tortun üzərini bəzəmək qaldı. Şahzadə qız aşpazı saray bağçasına gedib, bağdan ona bir səbət nərgiz gülü yığıb gətirməyə göndərdi. Aşpaz ucsuz-bucaqsız bağda nərgiz gülü axtarmağa getdi. Əslində bu şahzadənin aşpazı mətbəxdən uzaqlaşdırmaq üçün bir kələyi idi. Fürsətdən istifadə edən şahzadə qız qolunu çırmalayıb mətbəxə keçdi. Masanın üzərinə saray xəzinəsindən götürdüyü rəngarəng, qiymətli daş-qaşlarla dolu zərxaralı kisə qoydu. Ətirli şəkərbura xəmirini kündələdi, yayıb açdı və içinə bir ovuc qiymətli daş-qaş qoyub, kənarlarını incə-incə bükdü. Şəkərburaları naxışladı.
O, işini tez başa vurdu. Şəkərburaları bişirib qurtaran kimi çoxlu xonça hazırladı. Hər xonçaya şirin qoğal, ləzzətli paxlava, noğul, şokolad, boyalı yumurta və bir ədəd içi daş-qaşla dolu şəkərbura qoydu. Sonra onları gizlətdi. Aşpaz bağdan qayıdıb yığdığı çiçəklərlə tortun üzərini bəzədi.
Bayram günü şahzadə qız əynini dəyişib sadə geyindi. Səhər tezdən hamıdan xəbərsiz xonçaları arabaya yükləyib şəhərə getdi. Kasıb evlərin qapısına Novruz xonçası qoyub qapını döydü, özü isə gizləndi. Qapını açan ev sahibləri naz-nemətlərlə dolu xonçanı görüb çox sevindilər, amma ətrafa boylanıb heç kəsi görmədilər. Kasıb ailələr şirin nemətlərdən yedilər. Qiymətli daş-qaş içlikli şəkərburanı böləndə isə sevinclərinin həddi-hüdudu yox idi. Şahzadə qız beləcə bütün kasıblara içində qiymətli şəkərbura olan bayram payı payladı. Kasıblar o gündən kasıblığın daşını atdılar. İndi onların da gözəl evləri, isti və yaraşıqlı geyimləri, bərəkətli süfrələri vardı. Şahzadə qız da xoşbəxt idi. Çünki onun məmləkətindəki insanlar firavan yaşayırdılar.


HƏR ULDUZ BİR GÜNƏŞDİR


Biri var idi, biri yox idi. Yer üzərində hələ heç kəs olmayanda göydə bir Günəş vardı, bir də ki, Ay. Günəşlə Ay qonşu idilər. Onlar həmişə bir yerdə deyib-gülər, oynayar, səmanı birgə gəzərdilər. Lakin bir gün necə oldusa Günəşin atasıyla Ayın atası dava etdirlər. Elə o gündən də Günəşin atası Günəşlə Ayın görüşməsinə, onların bir yerdə oynamasına icazə vermədi. Ata həmçinin bir zamanlar Ayın Günəşə hədiyyə etdiyi parlaq boyunbağını da Aya qaytarmasını Günəşdən tələb etdi. Bu boyunbağı parlaq muncuqlardan düzəldilmişdi. Atasının sözünü yerə salmayan Günəş boyunbağını boynundan çıxarıb Aya qaytardı.
Günəşin hədiyyəni geri qaytarması Aya pis təsir etdi və o, kədərindən boyunbağını qırdı. Qırılmış boyunbağının parlaq muncuqları isə səmaya səpələndilər və hərəsi dönüb bir ulduz oldu. Elə o gündən Ay nə qədər çalışsa da səpələnmiş ulduzları heç vaxt bir yerə toplaya bilmir, üstəlik, ulduzlara baxanda həmişə Günəşi xatırlayır. Ona görə də insanlar hər ulduz bir günəşdir deyirlər.

ZİBİL QABININ ARZUSU

Biri var idi, biri yox idi. Güllər çiçəklər, yaşıllıqlar içərisində bir parkda köhnə bir zibil qabı var idi. Bu parka gəzməyə, oynamağa, istirahət etməyə gələnlər əllərinə keçəni bu zibil qabına tullayardılar. Kimisi dondurma kağızı, kimisi su butulkası, sınıq oyuncaq daha nələr, nələr... Zibil qabı hər gün ağzına qədər dolu olardı. Günlər, aylar, illər beləcə keçərdi. Zibil qabı öz zibil həyatından bezmişdi. Onun yanından keçən hər kəs üzünü yana çevirib burnunu tutardı. Zibil qabı ətirli, gözəl-göyçək gül çiçəklərə həsədlə baxardı.
- Eh, kaş ki, mən də bir günlük gül-çiçək olaydım. Məni də qoxlayıb, bəh-bəh deyərdilər. Yanımda dayanıb şəkil çəkdirərdilər. “Necə də gözəldir”,- deyə gözəl sözlər söyləyərdilər.
Gül ömrü yaşamaq arzusu vardı köhnə zibil qabının. Bir gün parkın təmizlik və təmir işlərinə baxan xidmətçi insanlar parka yeni zibil qabları və skamyalar gətirdilər. Köhnə zibil qabını görüb bir xeyli fikrə gedib dayandılar. Onlardan biri:
- Gəlin bu zibil qabına ikinci həyat verək. - Deyə fikrini bildirdi. Zibil qabı ətrafına toplaşan bu insanların sözündən lap təəccüb içində qaldı.
- Necə yəni ikinci həyat? Yenə də zibil yığmağa qulluq edəcəyəm? Bezdim! Məni də zibilə atın!
Amma heç kəs onu eşitmirdi. Köhnə zibil qabının arzularından, düşüncələrindən hamı bixəbər idi...
Bir həftə keçdi. Həmin parkın girişində zibil qabı, yox-yox, gül qabı qoyulmuşdur. İkinci həyatını yaşayan zibil qabı. Bəli, parkın təmizlik və təmir işlərinə baxan insanlar zibil qabının içini boşaldıb, rəngləyib, torpaq doldurmuşdular. Torpaqda isə çəhrayı çiçəkləri olan ətirli güllər əkmişdilər.
Bax, beləcə, indi hər kəs zibil qabının yanından ötəndə “Nə gözəldir, bu parka çox yaraşır”,- deyə zibil qabında bitən çiçəkləri qoxlayır, bəh-bəh deyir. Zibil qabı isə özünün illərlə arzuladığına çatmışdır.

ZƏNCİ QAR ADAMI

Biri var idi, biri yox idi, balaca bir Qar adamı var idi. Bu Qar adamı Yeni il şənliklərini, hədiyyələri və şokoladı çox sevirdi. Amma ömründə heç vaxt görmədiyi yayı və həmişə yay olan Afrikanı lap çox sevirdi. Yayı və Afrikanı o, televizorda görmüşdü, haqqında jurnallarda, kitablarda oxumuşdu.
Qar adamının ən böyük arzusu isə zənci olmaq idi. Onun bu arzusunu eşidən digər qar adamları gülməkdən yerə yıxılıb dombalaq aşırdılar.
- Maraqlı və qeyri-adi Qar adamısan. Zənci olmaq üçün, gərək, Afrikada-dünyanın ən isti yerində yaşayasan, günəşin altında gəzib qaralasan, onda da əriyə bilərsən axı!
- Elə mən də qeyri-adi qar adamı olmaq istəyirəm. Yoxsa, hamımız ağappaq, bir-birimizə oxşayırıq. Qış çox darıxdırıcıdır. Səma boz, ətraf isə bir rəngdə olur. Yayda, Afrikada isə hər yan al-əlvandır.
Yeni ilə üç gün qalmışdı. Qar adamının dostları ilə söhbətini eşidən ağ ayı ilə ağ dovşan meşəyə - Şaxta babanın yanına gəlib, bütün əhvalatı Şaxta babaya danışdılar. Şaxta baba bir az düşündü, sonra gülümsəyərək Qar adamına gözəl bir hədiyyə bağışlamaq qərarına gəldi...
Bayram günü gəldi. Şaxta baba bütün uşaqlara, ağ ayı ilə ağ dovşana, pinqvinlərə, digər qar adamlarına hədiyyələr payladı. Bizim Qar adamına isə qırmızı lentlə bağlanmış qızılı rəngdə iri bir çəllək bağışladı.
Qar adamı təəccüblə çəlləyin o yan-bu yanına baxdı:
- Bu nədir belə?
- Gözlərini yum. - Şaxta baba ona göz vurub, yanındakı ağ ayıya işarə etdi.
Qar adamı gözlərini yumar-yummaz ağ ayı çəlləkdəki şokolad kremini onun başına tökdü.
- Şaxta baba, nə oldu? Başıma nə isə tökülür.
Qar adamı nə baş verdiyini başa düşmədi.
- Heç, balaca bir sürprizdir. İndi isə gözlərini aça bilərsən.
Qar adamı gözlərini açdı - qarşısında, ağ dovşanların əllərində tutduğu güzgüdən ona bir zənci qar adamı baxırdı.
- Hə, necədir, bəyəndinmi? - Yenə Şaxta babanın səsi gəldi.
- Bu, mənəm?
- Əlbəttə, sənsən! Dünyanın ilk qarabala Qar adamı!
Qar adamının sevincinin həddi hüdudu yox idi, çünki o, özü boyda şokolad hədiyyəsi almışdı. Üstəlik, indi o, dünyanın ən şirin və yeganə zənci Qar adamı idi.

Layihə rəhbəri: Əfsanə Laçın
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31