manera.az
manera.az

Adam da sevdiyini bu günə salarmı? ... - Əziz Əlibəyli - MANERA

📅 01.06.2015 15:33

Adam da sevdiyini bu günə salarmı? ... - Əziz Əlibəyli - MANERA Əziz Əlibəyli

Xalq mahnılarımızın pis başa düşülən sözləri...


Azərbaycan folklorunda mahnıların xüsusi yeri var. Biz bu mahnıları müəllifləri məlum olmadığı üçün xalq yaradıcılığına aid edirik.

Bu yaradacılıq sözün geniş mənasında bizim xalqın sərvəti sayılır. Çünki bu sərvət özündə dilimizin gözəlliyini, insanımızın dünyagörüşünü və tariximizi ehtiva edir.

Bunlar öz yerində, amma xalq yaradıcılığının nümunələri bu gün ya başa düşülmür, ya da özünün ilkin mənasından aralanaraq, yad və zidd mahiyyət daşıyır.

Doğrudanmı min illərin süzgəcindən keçib-gələn xalq mahnılarının sözləri (bəzi ifadələri) anlaşılmaz, primitiv və lağ obyektinə çevriləcək qədər bəsitdir?

Folklorşünas alim M.Cəfərli yazır ki, “Xalq mahnıları folklorşünaslıqda məhz bədii mətnlər kimi öyrənilmişdir. Halbuki bir folklor janrı olaraq xalq mahnıları musiqini, sözü, arxaik mərasimlərdən gələn ifaçılıq ritualını və s. əhatə edən bir janr bütövü folklor sisteminin mətn vahididir”.

Burda belə bir nüans var: xalq mahnılarının kobud və qeyri-etik məna daşıyan ifadələrinin mənbəyi nədir?

Arxaik adət-ənənələr, yoxsa sonradan əmələ gəlmiş erroziya?

“Xalq mahnıları, xalq məsəlləri və folklorun başqa növləri SSRİ dövründə əsas mənalarından təhrif olunublar. Rəhmətlik folklorşünas Məhəmmədhüseyn Təhmasib bu barədə çox mübarizə aparıb. Amma gizli qüvvələr xalq ən çox təsir edə biləcək mənaları təhrif etməklə, onları bu cür primitivləşdiriblər. eyni oyunlar atalar sözləri əfsanələr və nağılların da üzərində aparılıb”. Maraqlı fikirdir. Elmin Nurinin fikrincə, mahnı mətnlərinin anlaşılmazlığı birbaşa məqsədli fəaliyətin nəticəsidir.

Elə isə gəlin başlayaq, görək hansı mahnılarımızın sözləri anlaşılmaz və mənasızdır.

“Bu gün ayın üçüdür” –məşhur xalq mahnısının ritmik gücü və yaratdığı enerji öz yerində, amma bir bənddə elə bir söz işlədilir ki, mənasını izah etmək mümkün olmur.

“Dam üstədir damımız, de gülüm, nanay ay narinay.

Qoşadır eyvanımız, yar qoşadır eyvanımız” .


Dam –damın üstündədir, bunu anladıq. Eyvan bu halda niyə qoşa olsun ki...

Ya arxitetkturada səhv var, ya da ən düzü “daş üstədir damımız” olmalıdır.

Yaxud “Sən ordan çıx, mən burdan,

hey hey hey hey ..... Kor olsun düşmanımız, yar kor olsun düşmanımız”.


Niyə hər şey sevgiyə deyil, məhz düşməni "qıcıqlandırmağa" hesablanıb?Məncə də burda şairə Rəbiqə Nazimqızı haqlıdır.

Maraqlıdır ki, bu mahnılarda verilən subliminal mesajların heç biri azərbaycanlı düşüncəsinin məhsulu da deyil.

"Budur gəlir cüt bacı
Biri mənim öz yarım, biri başımın tacı".

Birini başa düşmək olur, ikincini anlamaq üçün, ya ekstrasena axtarmaq lazımdır, ya da bu sözlərin əsil mahiyyətini, orijinalını tapmaq lazımdır.

Musiqi əsərlərinin məzmunu incəsənət janrının bütün növlərində olduğu kimi onların forma xüsusiyyətlərində öz əksini tapır.

Forma ilə heş bir problemimiz yoxdur. Elə isə mənaların dəyişməsi və ya dəyişdirilməsinin qarşısını almaq mümkündürmü?

"Bağa girdim üzümə, tikan batdı dizimə, Əyildim çıxartmağa. Yar sataşdı gözümə".

Məzmun sadəcə bərbaddır.

Çünki birincisi adam bağa girib, üzüm dərməyə. Ayağına tikan batır. İncitdiyi üçün əyilir çıxartmağa. (Guya əyilməsə. Olmazdə?).

Bax, Burdan sonra aləm qarışır.

“Əyildim çıxartmağa, yar sataşdı gözümə”. Məhz əyildiyi zaman yarı görmüş oldu. Çünki aşiq ayaqüstə olanda, məşuqu görməyib, əyiləndə görüb. Burda məşuqun harda və hansı vəziyyətdə olması kimi primitiv bir sual doğur.

Xalq mahnılarının ən böyük problemlərindən biri də məntiqi ardıcıllığın izlənməməsidir.

“Su atdım yara dəydi, sona bülbüllər,

Əlim divara dəydi, saçı sünbüllər,

Dilim-ağzım qurusun, sona bülbüllər,

Nə dedim yara dəydi, saçı sünbüllər”.

Yara su atdığı yetmir, qayıdıb sual da verir ki, nə dedim yara dəydi?

Mətnlərin forma xüsusiyyəti və semantik mənaları öz yerində.

Amma hər bir halda dəqiq tarixi hadisəyə söykənən mahnıların öz tarixçəsi var.



Bütün bu sadalaqdıqlarımız göstərir ki, bizim tariximiz olan mahnılarımıza ciddi şəkildə əl gəzdirilib.

“Bulaq başı toz olar,

Üstü dolu qız olar,

Əyil, dəsmalın götür,

Mən götürsəm söz olar”.


Bulaq başı su olan yerdir. Burda toz olmur. Qızın dəsmalını götürməsi söz olar, amma qızla yanaşı durub “sən götür”, “mən götür” söhbəti söz olmaz(?)

“Evləri var xana-xana, Mən kül oldum yana-yana” - belə çıxır ki, evlərinə görə paxıllıqdan ölür.

”Dəsmal dəvə boynunda, Dəvə Şirvan yolunda, Şirvan yolu buz bağlar, Dəstə-dəstə gül bağlar”.

Dəvənin boğazına dəsmal bağlayırlar? Nə baş verir? Boğazı ağrıyır?

Şirvan yolu buz bağlarsa, qışdır, gül bağlarsa, yazdır. Dəqiq qərar vermək lazımdır. Dəvə hansı fəsildə Şirvan yolunu keçib?

Bu mətni də izah edib, hələ ki, mövzuya son qoymaq olar:

“İstəyirəm görəm yarı

Üş gündən bir, beş gündən bir…”


İzahını sizə saxlayıram, əziz oxucular. Adamın ağlına pis-pis mənalar gəlir...)))


P.S

Azərbaycan xalq musiqisinin tarixindən yazırıqsa, mütləq Üzeyir bəyi, Bülbülü, Niyazini, M.H.Təhmasibi və s. böyük hörmətlə anmaq lazımdır.

Sadəcə məsələ gün kimi aydındır, ya mahnıların tarixi etimologiyası araşdırılaraq təmizlənməli, ya da bu cür əks-məna verən sözlərin işlədilməsindən qaçmalıyıq.

“Bu yerlərin üç yolu var, üçü də balam getməli,

Biri eniş, biri yoxuş, biri düz,

Eniş sənin, yoxuş sənin, düz mənim yar, düz mənim,


Bilirəm, gəlməlisən gəlməli…

Ayda bir yol, həftədə bir yol, gəlməlisən gəlməli…”


Adam da sevdiyini bu günə salarmı???


Baxış sayı - 2 690 | Yüklənmə tarixi: 01.06.2015 15:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031