manera.az
manera.az

Azan gəmilər limanı - Romandan parça /MANERA.AZ/

📅 31.10.2016 14:30

Azan gəmilər limanı - Romandan parça /MANERA.AZ/
Yaşar Bünyad

AZAN GƏMİLƏR LİMANI
(romandan bir parça)

...Cəfərə elə gəldi ki, qulaqbatıran uğultuyla yerdən üzülüb yuxarı qalxan TU-134 təyyarəsi yox, onun bağırsaqlarıydı; ağzını ikiəlli qapadı, yanında əyləşən qadın (belə hallarla çox rastlaşdığı məlum idi), tez salafan paket çıxarıb ona uzatdı.”Burnunuzla nəfəs alın, əgər ürəyiniz bulanırsa ,paketə qaytarın, utanmayın, dedi və Cəfər narahat olmasın deyə,üzünü yana çevirdi. Bilmədi, doğrudan burunla aldığı nəfəsin hesabına, yoxsa utandığından pörtmüş sifətinə tuşlanmış yad baxışlardakı nigarançılığa son qoymaq üçün daxili bir güc paketdən istifadəyə lüzum görmədi.Stüardessa yaxınlaşıb su verdi, oturacağın yuxarı hissəsindəki kondisionerin ekranını sifətinə tuşladı. Bir neçə dəqiqədən sonra halı yaxşılaşdı və gözlərini yumub yuxuya getdi və o yatan, bir də təyyarə Vnukova aeroportuna enəndə ayıldı...

-Bağışlayın, Cəfər, Cəfər var aranızda?...Kimdi Cəfər Kərimov? Ba-bağışlayın...
Bakıdan gələn sərnişinləri qarşılayan onlarla insanın arasında, əlində, iri hərflərlə “Джафар” yazılmış ağ karton parçasını havada oynadan cavan oğlan hamının diqqətini çəkdi.O , sanki axtardığı adamı itirə biləcəyindən , indicə görüşməsə, ağzınacan dolu aeroportun nəhəng zalındakı insan axınına qarışıb yox olacağından qorxur, heç kəsə məhəl qoymadan atılıb-düşür , onsuz da vağzalın hay-küyündə itib-batan cır səsiylə tanımadığı Cəfəri çağırırdı.
-Mənəm Cəfər,-deyə, nümayişlərdə balaca bayraq tutan uşaq kimi əlindəki plakatı hələ də havada yellədən oğlanın çiyninə toxunanda , sanki nazik bığlı cavanın ürəyi yerinə gəldi. “Huuu!” elədi, elə bil bir saatdı ciyərinə doldurduğu nəfəsdən azad olmaq üçün bu anı gözləyirmiş.
Çoxdanın tanışları kimi qucaqlaşdılar.
-Xoş gəlmisən...Dedim, gözümdən yayınarsan, itirərəm səni. - Gülüm-sündü. Əlindəki “Джафар”ı ikiqat edib baqaj şöbəsinin girişindəki zibil qabına tulladı.
Cəfərin gözləri dörd olmuşdu. Əsgərliyə gedib qayıdandan, bu qədər insanı, bu qədər səs-küyü “Sədərək” talkuçkasından savayı heç yerdə nə görmüş, nə eşitmişdi. Geniş və işıqlı, dəqiqəbaşı diktorun əsəbləri diksindirən gur səsi yayılan zaldan havaxt çıxdılar, pullu dayanacaqda dayanmış yığcam , ağ “LİMUZİN”ə havaxt yaxınlaşdılar bilmədi ; Cəfər acgözlüklə ətrafı yaddaşına yığırdı.
-Buyurun, -deyib ağ “LİMUZİN”inin qapısını açan oğlan ona oturmağı təklif edəndə lap çaşdı. İnana bilmədi, ”buna?” soruşmaq istədi, amma maraq təəccübünü üstələdi. Heç vaxt bu yekəlikdə “balaca maşın” görməmişdi, üstündəki yazını oxusaydı da başa düşməyəcəkdi hansı markadı. Bir anlığa keyini açıb iri rahat salona daxil oldu, cavan oğlan da dalınca. Maşın yerindən götürülən kimi qapıların zamoku şaqqıldayanda başa düşdü ki, sürücü o deyilmiş, sürücü, görünməz pəncərəinin o tərəfindəymiş.Buz kimi salonda hansısa amerika müğənnisinin klipini göstərən televizor işləyirdi.
“Malades Qasıma! Valla malades!..”- Heyranlığını gizlədə bilməyən Cəfər, ürəyində bəlkə əlli dəfə bunu təkrarladı, elə bil başqa söz qəhətə çıxmışdı. Fikirləşdi ki, kaş Qasım da , arvad-uşağı da yanında olaydı, görəydilər bu həngaməni!
-Adım Rəsuldu...Başımı elə itirdim ki, özümü təqdim etmək yadımdan çıxdı.Teymur Mürsəloviçin köməkçisiyəm.Qonaq qarşılamaq, yola salmaq, banketlər, hədiyyələr...mənlikdi.
-Çox yaxşı...Rəsul, indi hara gedirik ki?
-Qonağı hara apararlar? Əlbəttə, banketə! Teymur Mürsəloviçin daçasında bütün dostları yığışıb sizi gözləyir...Sərin su içirsən?- Soyuducudan bir butulka “Perrier” çıxarıb açdı, stəkanlara süzüb birini ona uzatdı.-Darıxmayın, kalçavoynan gedəcəyik , uzağı bir saata ordayıq.
“Dostları səni gözləyir” deyəndə ağlına gələn bu oldu ki, nə yaxşı gəlməmişdən bir gün əvvəl hamamı qalamışdı, yaxşı-yaxşı kisələnib, ətirli sabunla yuyunmuşdu, özü də düz üç saat hamamdan çıxmamışdı ki, illərlə dərisinə hopan salyarkanın iyini bir yolluq yox eləsin.( Təmizkar olsa da əvəllər vasvasılığı olmazdı, ancaq Qasımın “ salyarka iyi gəlməsə Alen Delona oxşayarsan “ deməsini üzə vurmasa da , yamanca ürəyinə salmışdı...) Özünə arxayın olmayıb, Tükəz onu iki dəfə kisələyib sabunlayandan sonra dərisini iyləmişdi, “valla sənnən gül iyi gəlir, day sürtməydən qabığdan çıxdun”,- demişdi. Sonra şübhəsini gizlətmədən, Cəfəri çəp-çəp süzüb soruşmuşdu: “ Bura bax,xeyir ola, sən Maskıvaya pul qazanmağa gedirsən, yoxsa arvadbazlığa? Özün demiş, heç toy hamamında bu qədər çimməmisən, noldu indi, birdən, təzə eşqə-zada düşərsən aa, xəbərimiz olmaz?!...Bax, Cəfər, Allahdan onu istəmişəm dəə, qulağıma bir söz çatsun! Dünyanı dağıdaram!..” Bu kəlmədən sonra Tükəzi necə sakitləşdirə bilmişdi, özü də məətəl qalmışdı...
Deməli , arxayınca adam arasına çıxmaq olar, xəcalət çəkməz...
Kisələnməyi yadına salıb güldü. Nəyə güldüyünü Rəsul bilsəydi, yəqin ki , lap qəşş edərdi. Bəlkə də yox?
-Qasım Teymur məllimi o qədər tərifləyib ki!..Allah saxlasın!Mənə xəcalət verirsiz valla...
-Nə xəcalət?! Onu yaxşı tanımırsan, kişinin ürəyi genişdi, elə Rusiya boyda!..
Cəfər bir stəkan da mineral su içdi.Xoşuna gəldiyinə baxmayaraq “bizim dağların suyunun yerin vermir” dedi və birdən yadına düşdü ki, tələm-tələsiklikdən əl çantasını baqaj şöbəsindən götürməyi unudub.Dilxor oldu. Rəsula deyəndə , o heç keyfini pozmadan soruşdu:
-Qiymətli nəsə vardı? Sənəd-zad, pul...
-Yoox, sənədlər üstümdə...Pal-paltar, dəyişik-filan...-Heyfislənərək cavab verdi.
-Eh, kefsən ee, klyanus...Yaddan çıxıb, lap yaxşı, şmotkadan ötəri geri dönməyə dəyməz! Özü də, bilməmiş olmazsan, yoldan qayıtmaq pis əlamətdi...Həm də , çatırıq, lap az qalmışıq.Unut , getsin...
Necə unutsun Cəfər? Olan-qalan pul-parasını toplayıb talkuçkadan əyin-baş almışdı. Heyif ...Qasım demişdi da, demişdi ki, özünlə heç zad götürmə, ayıbdı, o boyda kişinin yanına gedirsən, səni əyin-başsız qoymaz, həm də buranın geyim-keçimiylə oranınki tutmur ee... “Bu da əlamət! Gərək Qasıma qulaq verəydim, pulları da Tükəzə - necə olmasa, o pulla bir ay keçinərdilər...”
***
İki mərtəbəli evin birinci mərtəbəsi qırmızı kərpicdən,ikinci mərtəbəylə mansarda isə palıd ağacıyla üzlənmiş və elə ilk baxışdan binanın əsrin əvvəllərində tikildiyi hiss olurdu. Teymur Mürsəloviç bu möhtəşəm bağ evini sovetlərdən sonra yeni rejimin qanunlarına uyğunlaşa bilməyən rus generalının dul qadınından almışdı. Moskva Dairəvi yolundan on-on iki kilometr aralıda, çayın sahilində, ağcaqayın meşəsinə yaxın olan evinin geniş , mənzərəli həyətində dost-tanışını başına toplayıb Moskvanın ürəksıxıcı, hay-küylü həyatından bir neçə saatlıq da olsa uzaqlaşmaq ona xüsusi ləzzət verirdi. Axşamçağı , elə ki, fənərlər yandı, həyət daha gözəl görünür, rusiya təbiətinə uyğunlaşdırılmış ekzotik gül-çiçəklər, kollar başqa gözəllik yaradırdı.
Hələ buranın qış mənzərəsini demirəm!...

...Ağ “Limuzin” hündür darvazanın önündə dayandı. Cəfər Rəsulun müşaiyətiylə həyətə daxil olanda gördüklərinə mat qaldı, heyrətdən güclə özünü ələ aldı . Təyyarədəki halsızlıq, aeroportdakı qələbəlikdən sonra bircə şey barədə düşünürdü; təki, başını soxmağa bir dam, yuyunmağa ilıq su, başını atıb yatmağa yorğan-döşək olaydı. “Limuzun”lə qarşılanma , bu yaraşıqlı sarayın həyətindəki bayram əhval-ruhiyyəsi onu , bu sadə istəyindən məhrum olacağına əmin etdi. İstədi Rəsuldan soruşsun ki, yəni , bu qonaqlıq onun şərəfinədi? Axı yolda demişdi, demişdi ki, onu gözləyir...Yaxşı düşməzdi deyə soruşmadı. Yanındaymış kimi yeznəsinə yağlı “malades !” dedi, amma ürəyində.Yanlarından ötüb keçənlərlə salamlaşan Rəsulun gözləri kimisə axtarırdı.Cəfərin dörd olmuş gözləri isə ətrafda baş verənləri maraq və heyrətlə izləməkdəydi. Elə bil nağıllar aləminə düşmüşdü. ”Yəni bunlar hamısı mənə görədi? Var da oğullar...”-fikirləşdi.
Evin qarşısındakı iri hovuzun ətrafında Bakı şirniyyatlarıyla dolu dairəvi stol açılmışdı. ( Cəfər sonralar biləcəkdi ki, həftədə bir dəfə Bakı-Moskva reysilə Teymur Mürsəloviç üçün cürəbəcürə təamlar, nərə balığı, quzu əti, bir də zoğal arağı göndərirlər, əlbəttə ki təmənnasız). Şirniyyat masasının yanındakı xüsusi masanın üstündə isə ona tanış olmayan çiçəklərlə dolu qeyri-adi səbətlər, beli qırmızı, yaşıl, çəhrayı lentlərlə bağlanmış bər-bəzəkli qutularar düzülmüşdü. Bir az aralıda bahalı içkilər, şirələr düzülmüşdü. Həyətin tən ortasındakı böyük masaya düzülmüş aq nimçələr, billur qədəhlər, gümüş çəngəl-bıçaqlar təzəcə doğmuş ay işığında bərq vururdu. Xüsusi reseptlərlə hazırlanmış soyuq qəlyanaltı və salatlar, talış aşbazın sobada qızartdığı ləvəngi, mal ətindən soyutma , növbənöv balıqlar xəstə adamı da iştaha gətirirdi. Qollarının üstünə ağ dəsmal atmış ağ əlcəkli, qara smokinqli ofisiantlar qonaqlara xidmət etmək üçün hazır durmuşdular . Çayın sahilinə yaxın həyətin aşağı hissəsində manqallar tüstülənirdi.Ağ xalatlı kababçılar quzu , balıq tikələrini , kartof və ət lülələrini şişlərə çəkib bişirmək əmrini gözləyirdi. Kabablar isti-isti , özü də şişdə verilməliydi süfrəyə. (Teymur Mürsəloviçin kaprizlərindən biri də bu idi-bundan da ,sonralar məlumatlanacaqdı).
Gələndə ona da fikir vermişdi ki, gələn qonaqların avtomobilləri avtomatik açılıb-bağlanan darvazanın qarşısındakı böyük meydançada park edilmişdi. Hiss olurdu ki, dəvət almış bütün qonaqlar təşrif buyurub, yoxsa onlar həyətə girən kimi darvazanı arxadan bağlamazdılar . Rayonun meri, deputatlar, biznesmenlər, aktyorlar, rəssamlar-bir sözlə , sonradan, onlarla sayılıb seçilən insanlar Cəfərə təqdim edildikdə , o, bir daha əmin olacaqdı ki, bu məclis onluq deyil ... Teymur Mürsəloviç qonaqların hər biriylə ilk dəfə görüşürmüş kimi hal-əhval tutub masaya dəvət edirdi. Başı qonaqlarına qarışmış ev sahibi , nəhayət, Rəsulla Cəfəri gördü , “dostlar, bağışlayın “ deyib dairəvi şirniyyat masasının qarşısına tərəf tələsdi. “Əzizim Cəfər, xoş gəlmisən!..Sən allah bağışla, qarşılamağa özüm gələ bilmədim. Çatdırmaq olmur, görürsən də... ” deyib qoynuna sarıldı, Qasımı, uşaqları xəbər aldı, necə uçduğunu, yolda narahat olub –olmadığını , duş qəbul edib-etməyəcəyini soruşdu, Cəfər isə cavabında minnətdarlıq edərək :”narahatçılığa ehtiyac yoxdu”-deyəndən sonra, nəzakətlə qolundan tutub , artıq yerlərini tutmuş qonaqların yanına gətirib onu təqdim etdi :
-Dostlar, tanış olun , bu, Cəfərdi. Sadəcə, Cəfər , mənim həmyerlim, sadə , zəhmətkeş və gözəl bir insan!..Əminəm ki, yaxından tanıyandan sonra onu sevəcəksiniz!
Bollucadan çıxandan, taa bu dəqiqəyə kimi yuxusuna girməzdi ki, yeznəsinin belə imkanlı, adlı-sanlı, hörmətli dostu onu gör kimlərə təqdim edəcək . Özü də Bollucada yox, Bakıda yox ee, Moskvada! Eyni vaxtda da fikirləşdi ki, axı ticarətlə əlaqəsi olmayan bu adlı-sanlı adamların arasında onun işi nədən ibarət ola bilər?
Əlbət ki,az əvvəl hamının diqqəti Teymur Mürsəloviçdəydisə, bu təqdimatdan sonra bütün qonaqların nəzəri Cəfərdə ilişib qaldı və onu, ilk baxışdan heç bir maraq doğurmayan orta yaşlı qafqazlı kişini biganəliklə süzən Moskva elitasına, xüsusiylə də bu cür məclislərə uyuşmadığını ilk duyan da Cəfərin özü oldu. Niyəsini başa düşməsə də, ona elə gəldi ki, bura onun yeri deyil, adamlar da onun adamı deyil və əgər Teymur Mürsəloviçin təqdimatı olmasaydı , burdakıların əksəriyyəti , bəlkə də hamısı, ona heç salam da verməzdilər. Bəlkə də yanılırdı Cəfər? Elə deyildisə, bəs nədən, bu geniş həyətdə, açıq havada nəfəsi daraldı, ürəyi sıxıldı?... Pışıltılar... ikrah , təkəbbür ...gizli istehza...bir neçə qəribə, ehtiraslı baxış...onu müşayət edirdi. Narahatçılığını hiss edən Teymur Mürsəloviç əlini onun çiyninə qoymasaydı, “sakitləş...bura sənin evin...” deməsəydi, özünü lap itirəcəkdi.
Dəvətlilərin çoxu bu həyətdə dəfələrlə olduğundan, özlərini çox sərbəst hiss edirdilər. Həmişəki kimi , ən vasvası qurmanları belə heyrətləndirməyi bacaran Teymur Mürsəloviç , bu gün də qurduğu məclisinin təmtarağı qonaqlarını heyran edə bilmişdi . “Ooo! Вот это даа!..” , “ Прелесть !” , “Kрасотаа!..” . Təriflərə ehtiyacı olmasa da ev sahibi çox məmnun görünürdü.
Axır ki, hamı yerini tutdu. Teymur Mürsəloviç yüngülcə gülümsəyib bayaqdan onun göstərişini gözləyən köməkçisinin qulağına nəsə dedi o da “baş üstə” deyib sağ əlini havada yellədi. Heç beş dəqiqə keçmədi ki, manqalların gümüşü tüstüsü və qızardılmış ətin xoş qoxusu ətrafa yayıldı...Ofisiantlar soyuq qəlyanaltılardan qonaqların nimçələrinə çəkir, içkiylə, şirələrlə badələri doldururdu. Çox keçmədən qaraçı ansamblının şux nəğmələri çəngəl-bıçaqların cingiltisi eşidilməz etdi...
Artıq heç kəsin diqqət mərkəzində olmasa da , məclisin axarı onu daha da sıxırdı. Ömründə çəngəl-bıçaqla yemək yeməyən Cəfəri soyuq tər basdı. Elə bildi hamı onu izləyir, ona baxır. Gah sağ, gah da sol əlinə aldığı çəngəl barmaqlarının arasında titrəməyə başladı. Bıçaq isə əlinə heç yatmırdı. Sakitləşmək üçün onları yerinə qoyub dayandı, özünü ələ alıb Teymur Mürsəloviçin qulağına pıçıldayaraq tualetin yerin soruşdu. Ev sahibi çox nəzakətlə gülümsədi, Rəsula işarə etdi ki, Cəfərə yaxınlaşsın.
Tualetin qapısından içəri girən kimi əl-üz yuyana yaxınlaşıb krantı açdı, sərin suyu sifətinə, boynuna vurdu. Kağız dəsmaldan cırıb üzünü quruladı. Birdən, gözü iri güzgüdə ilişib qaldı; Bollucadan olan traktorist Cəfər heyrətlə öna baxırdı... Qəribə də olsa, fikirləşdi ki, görəsən bizim kəndimizin adını hansı axmaq Bolluca qoyub?...”Bolluca!”...O kəndin nəyi bol olub axı? Bol idisə , mənim burda nə pox yeməyim vardı?!...
Öz sualına özü də güldü.Çünki cavab tapa bilmədi. Cavab yox idi!
Həyətə çıxanda özünü bir az toxtamış hiss etdi. Həm də fikirləşdi ki,nahaq hər şeyi ürəyinə salır, bu qələbəlikdə , belə kef məclisində kimdi axı sənə baxan, səni güdən... İndi ki, daşı ətəyindən töküb basa-basa bura gəlmisən, uyğunlaş, vecinə də alma, başını sal aşağı, öz bildiyin kimi ye, hələ iç də. Kişi bu hallı məclis qurub, səni başda oturdub, kefinə soğan doğrama, iç təmiz rus arağından (bu da öyrəşdiyin ucuz cecə arağı deyil ki!), hər şey tamtaraz olacaq, valla! Hələ görəcəklərin qabağdadı...
Cəfər masaya yaxınlaşanda Teymur Mürsəloviç narahatçılığını gizlədə bilmədi:
-Nəhayət ki..!-deyib, oturmağını xahiş etdi.-Yaxşısan?... Ürəyini sıxan nəsə var, de?.-soruşdu. Cəfər cavabında minnətdarlıq edib gülümsədi, “yaxşıyam” deyə bildi.Oturdu.
Qonaqlar artıq soyuq qəlyanaltılardan dadıb keyflərinə keyf qatırdılar. Başını aşağı salıb yeməklə məşğul olan kim, bərkdən danışıb gülən kim...Cəfər də yerini rahatlayıb nimçəsinə çəkilmiş salatı təzəcə dadmaq istəyirdi ki, birdən , onunla üzbəüz oturmuş, ev sahibinin “mer” deyə müraciət etdiyi, saqqallı, narıncı pencəkli, o rəngdə də qalstuk taxmış əlli-əlli beş yaşında kişi badəsini qaldırıb :
-Timur Mursaloviç,-dedi,- əziz dostlar, çalışacam bu gün qısa və aydın danışım. İstəmirəm rayonumuz üçün etdiyin təmənnasız yardımlardan, həyata keçirdiyiniz projelərdən danışıb vaxtınızı alam. Əlbəttə, Siz bunları bir xeyriyyəçi kimi , ciddi-cəhdlə ictimayətdən gizlətsəniz də, biz ki, sənin dostların , bunu bilrik... Keçək əsas məsələyə...Timur Mursaloviç.., yox, əziz Timur Mursaloviç! Bu gün özəl və möhtəşəm bir gündür...Bu gün sənin əlli illik yubileyinə yığışmışıq və bu əziz gündə səninlə olmaq bizim üçün şərəfdir! Təbrik edirəm, mənim əziz dostum! Bu badəni sənin şərəfinə içirəm...Sənin şərəfinə!
Hamı ayağa qalxdı. Badələr cingildədi, “yaşa!”, “min yaşa, Teymur Mürsəloviç!” , “təbrik edirik!”sədaları ucaldı.
Merin təbrikindən sonra ona minnətdarlığını bildirən Teymur Mürsəloviç boşalmış badəsini masaya qoymamışdan hiss etmişdi ki, Cəfər , hələ də badəsini əlində tutub. “İçmirsənki?” –soruşdu. Merin danışdıqlarını tam başa düşməsə də, “ yubiley” məsələsini anlamış, Qasımın, lap elə Rəsulun bu barədə heç nə deməməsi onu bir balaca pərt eləmişdi. Bilsəydi, axı təsadüfi də olsa , ən əziz günündə kişinin qapısına gəlib, pay-parça cəhənnəm ,heç olmazsa quruca təbrik edərdi. Düzdü, bayaqdan ona elə gəlirdi ki, Teymur Mürsəloviç bu təmtarağı onun şərəfinə təşkil edib, dost-tanışını ona görə bura yığıb. “ Həə, indi hər şey aydın oldu...Özündən razı axmağammış!” Sadəlövhlüyündən buna özünü inandırmağa çalışsa da, bir yandan da fikirləşirdi ki, axı mən onunçun kiməm ki, belə təmənnada da olmalıyam? Mən, Tükəz demiş, “el içində rüsvay olmamaq üçün” yetişməkdə olan qızlarıma cehizlik-filan almağa pul qazanmaqdan ötəri yola çıxmış, vur-tut, bığlarımı qırxdırsam, Alen Delona oxşuyan traktorist Cəfərəm!..” Düşdüyü axmaq vəziyyətdən çıxmaq üçün tələsik Teymur Mürsəloviçin sualına cavab verdi:
-İçirəm.- Sonra da ağzını onun qulağına yaxınlaşdırıb pörtmüş halda əlavə etdi:-Ü-üzürlü sayın, sən allah, məlumatım yox idi...Ürəkdən təbrik edirəm, Teymur...
Sözünü axıracan deməyə qoymadı, eləcə, qulağına pışıldadı:
-Eyb etməz...sən sıxılma, ye, iç, rəqs elə...özünü sərbəst apar. Hamı öz adamlarımızdı,- əyilib qulağına dedi, nə fikirləşdisə, astaca əlavə etdi.- Sən...sən çalış rusca danış...elə mənimlə də...İncimirsənki? Çətin olsa da, bilirsən, açılışarsan, öyrənərsən, həm də...həm də , gəlmisənsə, bu millətin dilinə də hörmətlə yanaş, çəkinmə, pis danışsan da səni anlayarlar.-Dedi və səssiz gülümsədi.
Cəmi on iki il ondan böyük olsa da məsləhətindən acıqlandığını üzə vurmadı, “öz dilimizdə söhbət etməkdə nə qəbahət varmış?” deyə bilmədi, çünki ,dəyirmanda dəyirmsançıyla tutuşmaq xislətinə yad idi. Cəfər , heç nə olmayıbmış kimi badəsini qaldırıb içdi. Yubilyar :-“Bax belə, oldun bizim adam !”- dedi. İçdiyinəmi , yoxsa cəsarətinəmi görə belə dedi, bilmədi, amma çox məmnun göründü.
Kabablar süfrəyə veriləndən sonra məclis daha da qızışdı.Bir neçə tostdan sonra Cəfər özünü rahat hiss etməyə başladı. Balığı, salatı, lülə-kababı eyni çəngəllə yediyinə də fikir verən yox idi.Bəlkə də göz qoyan vardı, amma bu, onun vecinə deyildi!.. Tez-tez bulaşmış nimçəsini, çəngəl-bıçağını dəyişdirən, boşalan kimi bakalını araqla dolduran, şirə və mineral süzən ofisiant da daha onu qıcıqlandırmırdı. Vəziyyət o yerə çatmışdı ki, artıq , sifəti tanış, hansı filmdən tanıdığını yadına sala bilmədiyi aktyor onu “DOM KİNO”da nümayiş ediləcək filminin primyerasına , keçisaqqal qoca rəssam , Puşkin muzeyinin foyesindəki fərdi sərgisinə dəvət edir, Moskvanın ən elitar gözəllik salonunun sahibəsi isə , mütləq onunla rəqs etməyi xahiş edirdi.Cəfər bu gözlənilməz təkliflərin səmimiliyindən özünü itirmişdi.Rus dilinin qol-qanadını sındıra-sındıra fikirlərini çatdırmağa çalışırdı. Əvvəlcə ona elə gəlirdi ki, dili yaxşı bilmədiyinə görə onu məzəmmət edər, bəlkə də lağa qoyarlar. Amma yox, əksinə, -Teymur Mürsəloviç düz deyirmiş- imkanı daxilində qonaqlarla ünsiyyət qurmağa çalışdığına , bəzən, fikrini aydın çatdırmaq üçün tapa bilmədiyi sözləri onun yadına salıb sevinirdilər. Əlbəttə, çulunu sudan çıxardığına görə ,Cəfər, özünü daha xoşbəxt hiss edirdi.
Birdən, ən çox əsgərlik illərində eşitdiyi tanış musiqi səsləndi. Adını bilməsə də, yadına gəldi ki, “samavolka”da olanda , kənd diskotekasında , cavanların, elə yaşlıların da bir-birinə sarılaraq oynadıqları melodiyadı. Təsəvvüründə o illərə qayıdırdı ki, qarşısında, mütləq onunla rəqs etməyi xahiş edən bayaqkı xanımı gördü. Sağ əlini ona uzadıb gülümsünürdü. Cəfər nə edəcəyini bilmədi.Tükəz gəlib durdu gözünün qənşərində , elə bil bir az ayıldı da. Pörtmüş sifətini gizlətmək istədi, amma bacarmadı; Teymur Mürsəloviç , “qızın əlini boşda saxlama, ayıbdı” deyirmiş kimi sifətini turşudub ona baxırdı. İstədi “bacarmıram ” desin, ani olaraq ağlından durub aradan çıxmaq da keçdi, amma gözəl xanımın alışıb yanan mavi, məst gözlərini görəndə özündən ixtiyarsız ayağa qalxdı, onun əlindən tutub meydançada rəqs edənlərə qarışdı. Toylarda, bütün Bolluca camaatı yalvar-yaxar eləsəydi, allahın “Süleymani”sinə əl qaldırmayan Cəfərin ,Moskvanın düz göbəyində vals oynamasını kəndçilərindən kimsə görsəydi, yəqin ki, matı-qutu quruyardı. Bilmədi içkinin təsirindənmi, yoxsa , ayağı rus torpağına dəyər-dəyməz mələk kimi qadınla təmasda olmağındanmı bütün bədənindən ilıq bir gizilti keçdi. Ayaqlarının gah büdrədiyini, gah biri-birinə dolaşdığını hiss etdiyindən səriştəsiz portnyorunu yumşaq sinəsinə sıxaraq onu pis vəziyyətdən çıxarmaq üçün durduqları yerdəcə yırğalanmağa çalışan xanım , həm də musiqinin pozulmaqda olan ritmini tarazlamağa çalışırdı. Qələbəlikdə diqqəti o qədər də cəlb etməyən cütlük sanki rəqs etmir, biri-birinə sarılaraq öz müvazinətlərini saxlayırdılar. On yeddi illik evlilik dövründə Tükəzdən savayı kimsəylə belə məsafədə olmayan Cəfər , ona o qədər yaxın idi ki, vicudunda təlatüm yarada biləcək hisslərini boğmağa çalışır, lakin bu sərxoş yuxudan ayılmaq da istəmirdi...
Nəhayət, musiqı bitdi. Alqış sədaları ətrafa yayılanda hiss etdi ki, bədəni od tutub yanır. Xanımı masasına kimi ötürüb üzrxahlıq etdi, özü isə heç kimə bir söz demədən vanna otağına tələsdi.
Bir neçə saat ərzində bu qədər həyacan keçirdiyi yadına gəlmirdi. Evin birinci mərtəbəsindəki tualet otağını tapıb içəri girdi. Divar boyu güzgülər, üstündə çürəbəcürə gellər, şampunlar, ətir və kosmetik vasitələr düzülmüş dolablar olan geniş otağın bir küncündə iri duş kabinəsi vardı. Bakıdan yola düşəndən ayağında olan ayaqqabılarını çıxarıb rahatlandı, paltarını soyunub asılqandan asdı. Kabinəyə girib suyu açdı və güclü su şırnağının altında dayandı.Sərin su saçlarına ,üzünə, tüklü sinəsinə, gərilmiş əzələlərinə toxunduqca sakitləşir, bu xoş təmasından bütün vicudu, zehni aydınlaşırdı. Bəlkə də xeyli dayanıb durardı, amma fikirləşəndə ki, Teymur Mürsəloviç narahat olar, kabinədən tələsik çıxdı, dolabdan dəsmal götürüb qurulandı, geyinib otağı tərk etdi.
Qonaqların yarısı yeyib-içir, yarısı da rəqs edirdi. Rəqs edənlərin çoxu qadınlar idi.Masaya yaxınlaşanda Teymur Mürsəloviç təlaşla soruşdu:
-Özünü narahat hiss etməyindən belə başa düşürəm ki, məclis səni sıxır, eləmi? Bəlkə Rəsul səni otağına ötürə, uzanasan, rahatlanasan?
-Yox, yox, sıxılmadım...Valla, özüm də bilmirəm mənə nə olub...Yəqin...
-Bilirəm , Cəfər, bilirəm...Bu hal mənə tanışdı, çox tanış... Çox vaxt bizdən asılı olmayan səbəblərdən ev-eşiyindən, sevdiklərindən uzaq düşmək... Bu çoxları üçün ağır olur.Hər adam daşıya bilmir bu yükü...
-Bəs..?
-Həə, demək istəyirsən ki, mən necə daşımışam?- Cəfərin gözlərinə baxdı.-Mən...mən hələ də o yükün altındayam, qardaşım...Nə isə, bir gün oturub söhbətləşərik, yeri deyil...-Səsini ucaltdı.- Bu gün ancaq şənlənmək lazımdı. Ancaq şənlənmək!...Dostlar, qaldırın badələri!
Teymur Mürsəloviçin səsindəki üzücü titrəyişdən, gicgahındakı əzələlərin qabarıb gərilməsindən başa düşdü ki, deyəsən onun zəif , bəlkə də ağrılı yerinə toxunmuşdu. Söhbət uzansaydı, yəqin ki, bayaqkı o şən, qayğısız insandan əsər-əlamət belə qalmayacaqdı. Maraq Cəfəri üzdü:” Hansı yük? Görəsən nə demək istədi?...Yubileyi olmasaydı, bu haqda nə danışacaqdı ki? “
Demək olar ki, hamıda xoş əhval yaradan məclis gecənin bir vaxtınacan davam edərdi, əgər, qəfil telefon zəngi Teymur Mürsəloviçi məclis əhlindən ayırmasaydı. Traktor əyləci boyda kobud əl telefonunu tutmuş Rəsul onu çağıranda qulağına nə pıçıldadısa , halı dəyişdi. Tez-tez başını tərpədərək nəyisə təsdiqləyən kimi “hə” deyir, amma dəstəyə toxunmurdu. Nəhayət qərara gəlib telefonu götürdü , “alo” deyib, xeyli dinləyərək susdu ,və sonda təmkinlə “indi...indi gəlirəm” dedi.
Məclis əhli bunu təsadüf saysa da , Teymur Mürsəloviç elə bil bu zəngi gözləyirmiş. Çox həyacanlıydı. Sürücüsünə maşını hazırlamağı əmr etdi. Qonaqlardan üzr istəyib təcili çıxacağını bildirdi.Rəsula da tapşırdı ki, qonaqlarla məşqul olsun.Özü isə evə girdi, bir neçə dəqiqədən sonra qara portfellə evdən çıxıb maşına tərəf tələsdi...
4.


Son illər baş verən kriminal hadisələrdən sığortalanmaq üçün cangüdənlə gəzən iş adamlarından fərqli olaraq , Teymur Mürsəloviç özünü mühafizə etdirmək barədə düşünmürdü . O, əcəldən yayınmağın mümkün olmadığına, ölümdən necə qorunsan da, onun qaçılmaz olduğuna inananlardan idi.Həm də, pul xatirinə kimisə aradan götürən killerləri, bir insanın həyatını qoruyaraq özünü güllə qabağına atan, bunu “iş” adlandıran cangüdənləri də başa düşə bilmirdi. Lakin bu gün, özünə görə yox, dəvət etdiyi tanınmış insanların təhlükəsizliyini təmin etmək namınə, xüsusi mühafizə dəstəsi dəvət etmişdi. Əlbət ki, bir gecəlik və əlbət ki, artıqlamasıyla pul ödəmək müqabilində.
O, yubileyi Moskvanın ən bahalı restoranlarından birində də keçirə bilərdi. Amma bu, təhlükəliydi. Kim təminat verərdi ki, hər an baş tuta biləcək mafiya savaşları, bandit “razborkaları” arzuolunmaz anda, həmən restoranda reallaşmasın?! Həm də ona görə qorxuluydu ki, dəvətlilərin çoxu kriminal aləmdə sevilməyən nüfuz sahibləriydi və belə təsadüf lap göydəndüşmə ola bilərdi deyə,Teymur Mürsəloviç restorandan, ələlxüsus da qafqazlılara məxsus restoranlardan vaz keçmişdi. Çünki qafqazlılar yeni Rusiyadan dünyaya göz açan kriminal dünyasının həm kiçik , həm də böyük qruplaşmalarının diqqət mərkəzindəydi...
Gecənin bu vaxtında qəfil telefon zənginin nəylə əlaqədar olduğu anlaşılmaz olsa da, hamı üçün təsəlli yeri, Teymur Mürsəloviçin görüşə təkcə getməsiydi; xətalı bir şey olsaydı, Rəsul ,əlbət , onu tək buraxmazdı. Yenə də, bu zəng qonaqları narahat etdiyindən , Rəsulun onları ciddi-cəhdlə sakitləşdirməyinə baxmadan getməyə qərar verdilər.
Gecə saat 02.15- də, bağ evinin həyətində yır-yığış edən xidmətçilər, fəvvarənin yanında var-gəl eləyən Rəsul, bir də danışmağa belə heyi qalmayan Cəfər qalmışdı. O, başını ikiəlli elə tutmuşdu ki, sanki əlini çəksə, başı yerə düşəcək. Teymur Mürsəloviçdən isə hələ də səs-soraq yox idi. Cəfər bilirdi ki, Rəsulun baş verənlərdən xəbəri var, amma ondan gizlədir. Niyəsini bilməsə də yaman narahat olmağa başladı.” Görəsən zəng eliyən kimiydi? Nə istiyirdi bu gecə vaxtı?...Birdən , -allah, sən özün köməy ol,- birdən kişiyə nəsə olar haa...Onda mən batdım!.. “ Bunları düşünsə də, Cəfəri başqa şeylər də narahat etməyə başladı; cibi boş, işsiz-gücsüz nəhəng şəhərdə, tanımadığı adamların arasında səfil həyatı keçirəcəyini göz qabağına gətirmək belə dəhşət idi! ”Gərək Qasıma qulaq asmayaydım, heç olmazsa, qayıtmaq üçün bilet pulu saxlayaydım...Lənət sənə kor şeytan!”


Baxış sayı - 1 192 | Yüklənmə tarixi: 31.10.2016 14:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031