Nəzrin Məcidli: "Hava limanı"
![]()
Nəzrin Məcidli
Heç sevmədim mən hava limanlarını. Hər zaman sevinc və kədərlə doludur buralar. Burada ayrılan yollar, başqa bir yerdə qovuşur. Bir yerdə həsrət sona çatırsa, başqa bir yerdə sevincə qucaq açır. Bu gün səni sevindirir, başqa bir yerdə birisini ağladır. Həsrətlə gözlədir, səbri öyrədir. Hər zaman içimizdə hüzünlə, çoxu zaman ümidlə sevgiylə gözləməyi öyrədir. Boğur məni buralar. Sıxılır ürəyim, döyünür yaman. Sanki kədər məskən salıb burada. Gələnlər gedənlərə, gedənlər gələnlərə qarışır yaman. İnsanların üzlərindən kədər yağır ele bil, gülən üz azdı burada. Qəlbinə daş basan çoxdu, ürəyini buz eyləyib yaxşı yol "get" deyən çoxdu .. "Gözləyəcəm mən yolunu, unutma sən də" deyən çoxdu .. "Məsafələr mane deyil, sevgimizə, gələcəyəm gözlə məni sevdiyim" deyən çoxdu..
Özdemir Asaf demişkən;
"Gələcəksə gözlənən gözləmək gözəldir!"
Hər dəfə bu cümləni xatırlayanda sən ağlıma gəlirsən. Yox, yox indi səni mənə xatırladan hava limanı deyil. Səni məndən bu liman ayırmadı ki, geri də gətirsin. Bizim yollarımız burada ayrılmadı ki, indi səni burada gözləyim. Artıq gözlədiyim də sən deyilsən. Sən gedərkən məndən getmisən və bu gedişi gözə alacaq qədər cəsarətliykən, mən də buna alışacaq qədər dözümlüyəm sevgilim.
Düşündüm , bir anlıq gözləmək doğurdanda gözəlmiş, doğru yerdə doğru insanı. Bəlkə də bizi bu liman ayırsaydı, bir gün hər şey bir başqa ola bilərdi. Ən azından o zaman bu yerdə yollar ayrılsa da içimdəki sevgimlə, həsrətimlə, səbrimlə bir gün qovuşmaq ümidi ilə səni sevə - sevə gözləyərdim sevgilim... Elə bax bu limanda indicə sevinc gözyaşlarıyla,bu uzun həsrətdən sonra həyacanla gözləyərdim gəlişini. Ürəyim əsə - əsə, gözlərim dola - dola.. Gəlməyinə saatlar qala həyacandan ürəyim yerindən çıxacaqmış kimi, bir neçə saat keçməzmiş kimi. Bir - birimizə qovuşmağa dəqiqələr qalmışkən, xoşbəxtlikdən uça - uça gözləyərdim bu limanda .. Çox istərdim boynuna atılıb sənə sarılmağı. Qoxunu içimə çəkib xoşbəxtliyi dadmağı. Unudardım o anda sənsizlikdə çəkdiyim acıları..
Amma əfsus .. Nə sən mənə gələcəksən, nə də mən səni bağışlayacam sevgilim .. Toxunmayacaq əllərim əllərinə, baxmayacaq gözlərim gözlərinə. Biz - birimizdən uzaqda, başqa limanlarda məskən salaraq döndərəcəyik ömrü heçə. Ay və günəş kimi imkansızdı bu sevgi daha. Ay qorxdu günəşin atəşinə düşüb sevdasında yanmaqdan çəkildi bir kənara, sənin də məndən gedişin, ayın günəşdən getməsi kimi oldu. Mən bir də günəş olub doğmayacam heyatına, sən məni axtaracaqsan gecələr göy üzünü bəzəyən ulduzlarda .. Amma heç biri "bir günəş" etməyəcək bunu saxla yadında! (Demək istərdim ona)
Təyyarəm qalxır, gedim mən daha...