Könül elçisinin ömür yolu
6 gün ərzində “Könül elçisi yaxud Xuan de Persia – Oruc bəy Bayatın hekayəti ”ni oxudum. Bu müddəti qətiyyən zaman itkisi hesab etmirəm. Dünya – yaşam deyilən şey – Sirr içində sirrdi. Yoxsa mövculuğun mənası olmazdı. Kitabın üz qabığındakı bu sözlər insan təbiətinin anlaşılmaz olduğunu , bir ömür boyu anlaşılmazlıqlar içində yaşadığını əks etdirir. Əsərdə Səfəvi Xanədanlığında baş vermiş fəlakətlərdən, hakimiyyət uğrunda mübarizələrdən, daxili intizamsızlıqdan bəhs olunur. Oruc bəy Bayat Səfəvi elçilik heyətinin tərkibində Moskov Knyazlığına və Avropa ölkələrinə səyahət edir. Qeyri – adi hadisələrə şahidlik edir. Qadınlarla eşq macərası yaşasa da Nisəxanımı unuda bilmir. Dəfələrlə onun rəsmini çəkmək istəsə də rəsimdəki qadın Nisəxanımdan daha çox Avropa qadınlarına bənzəyir. Bəlkə də bu , mühitin insan həyatına təsirinin nəticəsidir.
Əsəri oxuduğum zaman gəldiyim konkret nəticə bu oldu : - Mütləq olaraq heç kim heç zaman heç nəyi dəqiq bilmir. Heç kim nə yaşadığını bilsə də nə yaşayacağından əmin ola bilməz. Çünki bəşər övladının öz məqsədləri olduğu kimi taleyin və təbiətin də öz oyunları var.
Nəriman Əbdülrəhmanlının necə yazıçı olduğu hər kəsə məlumdur. Məqsədim romanı tərifləmək deyil. Oruc bəy Bayat İspan krallığında xüsusi qayğı, hədsiz şəfqət görür. Krallıqda xristian dininin , kral əzəmətinin şahidi olur. Nümayəndə heyətinin bir neçə üzvü Xristian dinini qəbul etdiyi üçün qınaq hədəfinə çevrilirlər, lakin sonda onları qınayan elçilər də dinlərini dəyişirlər. Oruc bəy Bayat artıq Səfəvi xanədanına inamını itirib, daxili çəkişmələr nəticəsində hakimiyyət sarsılıb .
Sonda Oruc bəy Bayat yazdığı təzadlarla zəngin olan kitabında xaç suyuna çəkilməsindən, dinini dəyişmə zərurətlərindən, İspan krallığında gördüyü hadisələrdən yazır. Güman etmək olar ki, Oruc bəy Bayat kimi azadlıq arzusunda olan insan hakimiyyətə tabe olmaqdan usanmışdı. Əsərdə ən çox sevdiyim fikir :
- Əgər məqsəd Allaha qovuşmaqdırsa hansı dinə inanmağın nə fərqi var ?
Bu romandan öncə Nəriman Əbdülrəhmanlının “ Qurban ” və “ Yolçu ” romanlarını oxumuşdum. Növbədə “ Yalqız ” və “ Yolsuz ” romanları var . “ Qurban ” romanı Azərbaycan ədəbiyyatında ən çox sevdiyim iki romandan biridir .
Nicat Həşimzadə
Manera.az