İçinizin dili tutulmasın... -ESSE /MANERA.AZ
![]()
Tural Turan
Bəzən aylarla içi dolu gəzirsən. Narahat – narahat vurnuxursan, amma qələm kağız görəndə ikrah hissi keçirirsən. Qələm dostların, tanışlarınla parkda, çayxanada üz-üzə oturub çay buğladanda söhbət “yeni yazılar”a gələndə çənənin altından qollarındakı tüklərə qədər ürpənir.
Yeni nəsə yazmaq...
Heç nə yaza bilmirsən və sanki bişməkdə olan nəyinsə qızarmağını gözləyirsən. Bəlkə elə bunu müşahidə etməyin özü də bir yazı məhsuludur, bilmirəm. Bəzən bu “qızarma” aylarla vaxt aparır. O gün yazdıqlarımı gözdən keçirirdim. Saf-çürük etdikdə, ikinci kitabım çıxandan sonrakı bir il üç ay ərzində cəmi 9 şeir yazmışammış. Üşəndim açığı... Çoxmu, azmı bilmirəm. Tək bildiyim odur ki, 26 yaşında, görüb-götürmənin, müşhidələrin ən göziti vaxtında cəmi 9 hissim özünü mənə yazdıra bilib...
Üç aya yaxındır ki, əlimi ağdan qaraya vurmuram. Partlayış öncəsi vulkan deyirəm, vulkanın da partlamadan öncə “xəbərdarlıq müddəti” cəmi bir həftədir. Amma içimdə bir ağırlıq var. Bu ağırlıq məni yerin bir metr dərinliyinə çəkməmiş xilas ola bilsəm, deyə düşünürəm bu sətirləri yazarkən...
Niyə hər şeirin, hekayənin, essenin öz hamiləlik müddəti var deyə öz-özümə sual verirəm, bir də görürsən... Verdiyim ayaqbaş suallar kimi içimdən bir cavab gəlir və deyir ki, sənin kimi biz də özümüzü ifadə etməyə tam hazır deyilik. Tək səbəb budur....
Bəs nə oldu ki, içimizin dili tutuldu?
Bir ilə yaxındır ki, kəndimizə gedə bilmirəm. Press-də preslənmişəm açığı. Hər gün ölçülü bir dildə cinayət, şou, siyasət yazıları yazmaqla keçir günüm. Nə bir köy ifadəsi qalıb dənciyimdə, nə də ki, bir dədə deyimi. Aladəmgil gündəmdə həşdən-hüşgdən dəm vura-vura 26-nı 27-yə, 27-ni 28-ə calayırıq... Sizin tələbləriniz, istəkləriniz bizim də yaradıcılığımızı öldürür, oxucu böyük... Sizin sükunətiniz bizi Hindistandakı kama-sutradan, Ərəbistandakı dollar səpmə vidolarından yazmağa vadar edir. Özümüzdən yazmağa vaxtımız olmur, özümüzü özümüzə yadlaşdırırıq. Sənə də diktafon, mikrofon, uzadanda gah üstümüzə hücum çəkirsən, gah dalını çevirirsən, gah da daban 56...
Özünüzün cəhənnəmə sarı vərəqə ilə getməyiniz cəhənnəm, hələ “dostluq maçında əl sıxışmamış” içimizdəki dilimizi qurudursan... Bağışla ki, beşinci sinif uşağı kimi bəzəksiz, düzəksiz yazıram...
Sənə nə olub? –deyənlərə...
İndi payızdır. Yatmaq vaxtıdır demirəm, soba qırağında kitab oxuyub buğlu pəncərədən çöldə düşüb-qalxana baxmaq da bizə yaraşmaz. Amma evimiz soyuqdur, işdən gələn kimi əvvəl yorğanı isidirəm, sonra yuxuya düşürəm... Sonra səhər açılır və iş... Elə sizdəki kimi... Bir çoxunuzun evi istidir və bu istilikdən istifadə edib yazmağa yox, anı yaşamağa odaklanıb. Yaşayın, yəqin ömrünüzün uzun olacağı ürəyinizə damıb. Mənə atılan güllə isə köynəyimin düyməsinə ilişib qalıb... Hələ ki, istisi əridə bilmir...
P.S: Təki içinizin dili tutulmasın diyircəkli adamlar... Dil tutulanda döyüntü də soyuq olur.
əkin, 2016 – Bakı