Qadın daha çox gözləntidi ... Şeir- Esse | MANERA.AZ
MANERA.AZ Əli Şirin (Şükürlü) Sayadın şeir-esselərini təqdim edir:
Üç fərziyyə
Bir neçə günlük yoxluğun
bir həqiqəti anlatdı mənə;
varlığın yox olması deyilmiş ölüm,
ölüm – yoxolmanın varlığı imiş.
Sonra üç fərziyyə gəlir ağlıma:
I fərziyyə: mən yoxam.
Sən gözləyirsən. Qadın daha çox gözləntidi axı.
Çox gözləyirsən dönüşümü, lap çox. Anlayanda dönüşüm
hər dəfə dönüşüdü yoxluğumun, uzun-uzadı şəkillərimə
baxmağa başlayırsan gözü yaşlı, sığal çəkirsən bəzən
paltarlarıma. Gecələr bağrına basıb yastığımı hönkürürsən, -
belə olur adətən. Sonra yavaş-yavaş yoxluğumla danışmağa,
dərdləşməyə alışırsan... hər nəsə.
Əməlli başlı öyrəşirsən Yoxluğuma.
II fərziyyə: sən yoxsan,
daha doğrusu, varsan yoxluq şəklində.
Qayıdıram hardansa, fərqi yox, işdən, gəzintidən
və sairə. Kişi də ki daha çox qayıdışdı axı – bunu
deməmişəm deyəsən. Açarı uzadıram qapının kilidinə...
yoxluğun açır qapını, əlimi uzadıram - yoxluğun yandırır işığı.
Masanın arxasına keçmirəm. Hələ bir müddət alışa bilmirəm
yad olan Yoxluğuna – isinişmək lazımdı görünür onunla.
Yatağıma uzanıram, qollarım çarpazlanır sinəmdə məsafə olmadığından
sinəmlə qollarım arasında; yoxluğunu qucaqlayıram hər gecə beləcə.
III fərziyyə: mən də yoxam, sən də.
Nə sən gözləyirsən dönüşünü yoxluğumun,
nə də mən qucaqlayıram yoxluğunu.
Ya əbədi itiririk bir-birimizi,
ya da əbədi qovuşur bir-birinə
varlığı yoxluğumuzun.
Hər üç fərziyyə bu qədər bəsit sadəcə;
bütün yoxluqlarla olduğu kimi. Amma
anladığım həqiqət çox dahiyanə idi, əzizlərim:
varlığın yox olması deyilmiş ölüm,
ölüm – yoxolmanın varlığı imiş.
şair və aktyor
deməli belə: mən bayılda yaşayıram,
ikimərtəbəli evin birinci mərtəbəsində.
pilləkənlə qalxıram yaşadığım mənzilə,
pilləkənlə də enirəm.
şeir yazır, elmlə baş qatıram.
hər qalxıb-enmədə həm azalır,
həm də çoxalıram. bilirsiz niyə? -
axı yaşamaq daha çox itirməkdi əslində.
qalxırsan, sonra enirsən. enirsən, sonra da
qalxırsan. təzədən enirsən... və təsviri
sinisoid əyrisinə bənzəyər, lakin və lakin
enmələr hardasa qalxmaları üstələr; nə vaxtsa
çevrilib düz xəttə enmə əyrisi yerlə bərabər olar –
həyat kardioqraması çəksən şəklini.
o isə aktyordu. həm də rejissorluq edir.
mənzili yasamalda doqquzmərtəbəli evin
yeddinci mərtəbəsində.
əsasən liftlə qalxıb-enir mənzilinə. amma
nə də olsa o da qalxıb-enər daima.
neçə ildi dostluq edirik. oturub
bəzən uzun-uzadı söhbət edirik
şeirdən, sənətdən və zəmanədən.
neçə ildi ayr-ayrı mənzillərdə yaşasaq da
ikimiz də
“eyni yolu gedirik Zaman kişi” ilə əl-ələ.
mənim saçım ağarır get-gedə, onun saçı tökülür.
amma bir məsələ var – çox qəribədi;
hər dəfə ayr-ayrı insan olaraq
fərqimiz barədə düşünərkən
ağlıma ilk gələn bu fikir olur:
o, liftlə qalxıb-enir mənzilinə,
mən pilləkənlə.
otaqda qara milçək
əsas olan qələbədi, həqiqət deyil! – eristik dialektika.
daima qələbəyə canatım daimi məğlubiyyətə düçar edib bəşəriyyəti –
anlayanda bu həqiqəti büsbütün ititrir mənasını xöşbəxtlik anlayışı.
xöşbəxtlik axtarmaq həyatda – bilirsiz bu, nəyə bənzəyir:
zibillikdə çiçək axtarışına.
25 damcı valeriana azca su qatıb çəkdi başına
azca dincəlsin keçib masa arxasına. şəffaflıq işə qarışsa da
dəf edə bilmir otaqda hökm sürən xoşagəlməz valerian qoxusunu.
iri qara bir milçək vızıltı ilə çırpır özünü pəncərə şüşəsinə.
sonra qonur dibçəkdə məyus dayanmış gül koluna.
qara milçək heç yaraşmır sarı çiçəklərə - bir yandan da
qələbə marşı kimi səslənən vızıltısı.
öldürmək istəmir – canlıdı axı! açıb pəncərəni,
çox səy göstərir qovmaq üçün milçəyi bayıra.
əməlli-başlı mübarizə gedir
qələbə marşı çalan qara milçəklə
valerian içib azca dincəlmək istəyən adam arasında.
qara milçək azadlığı əldən vermək istəmir
sarı çiçəklərin boylandığı otaqda,
adam hakimiyyət əzmini. və
milçəyin də, adamın da öz həqiqəti var yəqin
qələbə uğrunda gedən bu mübarizədə.
inanırsız,
xeyli vaxt keçsə də, hələ də başa çatmayıb
hakimiyyət uğrunda gedən bu qlobal mübarizə.
sarı çiçəklərdən hər biri
təbəssümlə seyr edir bu mənzərəni
pəncərə önündə
əbədi məhkum olunduğu dibçəkdən.
MANERA.AZ