Jurnalistika qazanır, ədəbiyyat itirir... - MÜSAHİBƏ |MANERA.AZ
Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan insanları ilə ədəbi və kültür mühitindəki hər şey barədə danışaq.
Manera.az-da hər həftə yayımlanacaq “Ədəbi Künc” silsiləsinin ilk müsahibi Admiral.az-ın baş redaktoru, şair Bəxtiyar Əlirzayevdir.
- Jurnalist Bəxtiyar Əlirzayev sizə daha doğmadır, yoxsa şair Bəxtiyar Elcan?
- Fərqli adamlardı. Biri bacardığı qədər praqmatik olur, digəri anı yaşamağa çalışan həyat sevdalısı. Əslində indi bir-iki şeir yazıramsa, bunu birinci şəxsə borculyam. Çünki Bəxtiyar Elcanı elədiyi səhvlərdən və düşdüyü çətin vəziyyətlərdən həmişə Bəxtiyar Əlirzayev dartıb çıxardıb.
Amma bu təkcə mənə aid deyil ki... Azərbaycan cəmiyyətində 90-cı illərdən sonra bir bədbəxtlik də artdı. Ədəbi istedadı olan insanlar pul qazanmaq, ailəsini saxlamaq üçün başladılar köşələr yazmağa, korrektorluq etməyə, kimlərinsə babası, nənəsi haqqında əfsanələr uydurub, kitablar yazmağa. İndi tanınmış şairlərimizdən, yazıçılarımızdan, media kapitanlarından kifayət qədər belə yol keçən insanlar var.
Məsələn, bir “JEK” müdiri rüşvətlə yığdığı pulla dədəsi haqqında 3-4 cildlik kitab yazdıra bilirdi. Dədəsi də kim olmuşdu? Hansısa kənddə briqadir. Bu tip “qəhrəman”lar haqqında qəzetlərdə də silsilə yazılar gedirdi. Pulla təbii. Açığı inanmıram ki, bu tip yazılar, kitablar hansısa müəllifin istəyindən irəli gəlirdi. Sadəcə, məcbur idilər.
Çörək ehtiyacı anlamayan adamı qul eləmir, çünki o qul olmağın mahiyyətini də anlamır. Amma anlayan adamı qul olmaqdan da betər günə salır. Çünki o, təkcə özünü düşünmür, həm də ətrafında olan, məsuliyyət daşıdığı insanların qul olmamağına çalışır. Bu kimi məqamlara görə jurnalist Bəxtiyar mənə heç vaxt doğma gələ bilməz, baxmayaraq ki, həyatım üçün ən çox çalışan odu. Naşükürlükdü bəlkə də...
- Çörək sizi qul elədimi?
- Əslində böyük mənada bəli, bunu bacardı. Əlimdə özümə aid heç nə qalmadı. Bütün arzularımdan, ümidlərimdən, hər şeyimdən əl çəkdim. Mən sadəcə, şeir yazmaq istəyirdim. Amma elə duruma düşdüm ki, jurnalistikaya gəlməyə məcbur oldum. Jurnalistika həmin dövrün ədəbiyyata gəlmək istəyən gəncləri üçün bir növ xilasedicisi rolunu oynadı. Hələ də davam edir bu vəziyyət. Bizdə ədəbiyyatda özünütəsdiqin mövcud formalarının əksəri jurnalistika ilə necəsə bağlıdı. Yenə burdan pul qazanıb, evdə imkan tapan kimi şeir yazırıq. Əslində bu jurnalistikanın bayaq dediyim xilasedicilik roluna xəyanətdi. Biriylə puluna görə evlənib, digərini sevirsən. Kobud da olsa, belə bir şeydi.
Qısası, 90-cı illərdə Azərbaycan jurnalistikası ədəbiyyatımızı ölümdən xilas etdi. İndi də süni nəfəs verib, yaşatmağa çalışır.
- Bəs jurnalistikanın özündə hansı problemlər var?
- İndiyə qədər onlarla problem sadalanıb. Bir çoxu təkcə bizə aiddi, bəziləri dünyanın hər yerində var. Zaman-zaman bunlar düzələcək. Amma əsas bir problem var ki, bu həmişə məni narahat edir. Əslində sadalanan əksər problemlər də bundan qaynaqlanır. Yaxşı yaza bilən əksər jurnalistlər 100-200 manat artıq pul alsınlar deyə, redaktorluğa başladılar. Moltanı dilində yazanların əksəri müxbir kimi qaldı.
Təbii, bura bütün müxbirləri aid etmək olmaz. İndi bizdə elə müxbirlər var ki, dünyanın ən tanınmış jurnalistləriylə eyni sırada durmaq səviyyəsindədilər. Amma sayları azdı. Redaktorluq daha çox texniki işdi. Məsələn, filankəs redaktordu, 3-4 aydı gəlib jurnalistikaya. Müxbirlər Xalid Kazımlıdı, İlham Tumasdı, İlqar Rəsuldu, Nicat Sadıqlıdı və s. Nə dəyişəcək? Çox şey. Hər şey daha yaxşı olacaq, daha səviyyəli mətnlər hazırlanacaq, oxucu hər materialdan nəsə yeni bir şey öyrənəcək. Biri də var indiki kimi. Mövzunu versin, sualları versin, danışdıracağı adamı tapsın, hətta nömrəsini də axtarsın, müxbir də zəng eləsin müsahibə sualları versin, sonra da oturub köçürsün də, atsın Xalid Kazımlıya. O da oturub yazını az qala yenidən yazsın, başlıq qoysun, girişini, sonluğunu düzəltsin, altda da özü böyük, qara hərflərlə həmin adamın adını yazsın. Minbirinci dəfə qayıdıb desin ki, a bala, heç olmasa, yazının altına imzanı özün qoy.
Niyə etməlidi bunu? Borcludu? Normal cəmiyyətlərdə peşəkara bu qədər əziyyət vermirlər axı. Şəxsən mən məcburiyyətdən redaktor olmuşam. Çünki maaşı daha artıqdı. Yoxsa, niyə redaktor olum ki? Redaktorluq hər şeyimi əlimdən alıb. Azərbaycan jurnalistikası məhz bu problemə görə qocalmır.
- Peşəkarlar nə etməlidir bəs?
- Götürək Vüsal Məmmədovu. O vaxt mən redaktor olduğum qəzetə köşələr göndərirdi. Oxumadan qəzetə qoyurduq. Çünki bu insan jurnalistikada fəhləlik etmiş biridi. Nəyi necə deyəcəyini əla bilir. Amma indi əvvəlki qədər yaza bilmir. Bir az sonra heç nə yaza bilməyəcək. Beyin olaraq yox, ruh olaraq, istək olaraq. Beləcə, Azərbaycan oxucusu daha bir yaxşı qələm sahibinin gündəlik yazılarından mərhum olacaq. “Nə etməlidir” sualının cavabını hamı bilir. Amma şəxsən mən özüm də əməl edə bilmədiyimə görə, heç üstündə dayanmaq da istəmirəm.
- Redaktor olmağınızdan həmişə narahat olduğunuzu vurğulasaz da, bir çox populyar media qurumlarında rəhbər olmusuz və indi də baş redaktorsuz. Məcburiyyət bu qədərmi hökmranlıq edir istəklərə?
- Məcburiyyət yox, maddiyyat deyərdim. İstəkləri yaradan da, yönəldən də, öldürən də odu. Niyə hansısa tanınan jurnalist bir quruma mətbuat xidmətinin rəhbəri getmək üçün alışıb-yanmalıdır? Mətbuat katibi hansısa peşəkar qələm adamı olmaqdan daha üstündürmü? Demək, başqa səbələr var.
- Ola bilərmi bu, toplumda məmur nüfuzunun yazı-pozu adamının nüfuzundan daha yuxarı olması ilə bağlıdır?
-Şəkilləndirən bizik. Hansına daha çox önəm versək, o daha zər-zibalı görünəcək. Amma məncə, seçimi səhv edirik. Allah deyib, ətəyindən yapışdığımız o ilahi qüvvənin ədalətini də özümüz pozuruq. Hər yerdə... Hər yerdə süstlük, eynilik. Artıq gözümüzü qıyıb baxırıq. Göydən qum yağır sanki.
- Sizcə, cəmiyyətin mənəvi süstlüyünün səbəbi kitabsızlıq deyilmi?
- Təkcə süstlüyününmü? Bu az deyilmi? Kitab olan yerdə heç bir başqa söhbət olmamlıdır. Kitabla bağlı niyə vergi tətbiq olunmalıdır ki? Yaxud hanısa nəşriyyat kitab nəşri adı altında ədəbiyyatın anasını niyə ağlatmalıdı? Yazarları niyə aldatmalıdı? Hər şeyin tərsini edirik sanki... Dünyada yazarlar kitabı çap olunanda 5-10 manat pul qazanır. Ən azından bilir ki, 5-6 ay rahat nəfəs alıb, nəsə yaza bilər. Bizdə də yazar kreditə girib kitab çıxartdırır.
İndi bizdə kitab satışı bütün ölkəni əhatə etmir. Ciddi problemdi. Bizim kənddə 20 minə yaxın əhali var, bir dənə kitab mağazası yoxdu. Yəni həqiqətənmi nəşriyyatlar düşünür ki, əhalisinin böyük əksəri kitaba meyilli olan 20 minlik bir kənddə 500 nəfər alıcı olmayacaq? Gedib yoxlayan oldumu heç? Nəşriyyat yaxşı yazarları düz-əməlli təbliğ etməlidir ki, kitabını da çox sata bilsin. Bu dəqiqə Bakıdakı yeni yazarların əksərindən bölgələrin xəbəri yoxdu. Niyə? Çünki bölgədə onlara tələbatın olmadığını düşünürlər. Yaxşı indi bir sual verim? Tural İsmayılovu tanımıramsa, birinci kitabından xəbərim yoxdusa, ikinci kitabını nə deyib alacam?
Yəni nəşriyyatlar da yazarları sahiblənməyi bacarmalıdı. Yoxsa, özləri də bu gündə qalacaqlar, yazarları da bu durumda saxlayacaqlar.
- Alıcılıq qabiliyyəti də yoxdur, bunu unutmamalıyıq.
- Bəs 5-6 il əvvəl indiki qədər alıcı var idimi? Yox. Müəyyən işlər görüldü, yarmarkalar keçirildi, imza günləri təşkil olundu və s. Kitab bazarı ölü halından çıxmağa başladı. Demək hərəkət vacibdi. Deyirlər oxucu yoxdu. Mənim 6 minə yaxın kitabım vardı kənddə. İndi o kitablardan cəmi mini qalar, ya qalmaz. Hamısı kənddə fırlanır. İnsanlar oxumaq istəyir. Üstəlik indi sosial şəbəkələrin yaratdığı bir üstünlük də var. Bundan da istifadə edib, bölgələrdə kitab satışını canlandırmaq olar.
Çalışmaq lazımdır ki, kitabı hamı üçün ələçatan edək. Həm də insanlar kitaba münasibətdə səmimi olmalıdır. Son zamanlar saxta kitab piarı da var. İnsanlar var, oxumur, eyni kitabla 4 ay gəzir, özünü cəmiyyətə sırıyır. Öz gəncliyini oxumadığı kitabla insanlara sırıyan nəsil çox təhlükəlidir.
- Sizin sevilən şeirləriniz çoxdur, amma həmişə deyirsiz ki, mən şair deyiləm. Öz yaradıcılığınıza belə münasibətin kökündə nə dayanır?
- Ona görə şair deyiləm ki, saytda baş redaktoram. Şair şeirini yazar, fədakar olar, dolanmaq üçün poeziyasını atıb, redaktor olmaz. İldə 20-30 şeirini yazar, o şeirinin məvacibi, qonorarı ilə yaşayar, mən isə mövzu verməklə məşğulam. Arada nəsə yazıram. O da rahat nəfəs ala biləndə.
- Başqalarının şeirlərindən nəfəs ala bilirsizmi?
- Oxucu kimi xüsusi axtardığım şair yoxdur. Rastıma çıxan şeirləri oxuyuram. Şairləri heç vaxt kitabına görə axtarmırlar, hansısa misrasına, şeirinə görə sevirlər. Bu yaxınlarda Qismətin iki şeirinə rast gəldim. Birini bəyəndim. Digərini çox adam paylaşmışdı, amma heç bir anlam verə bilmədim. Qismət ziyalı insandır, mədəni və savadlıdır, amma məncə, yazdığı şeirlərin bir çoxu mətni məsxərəyə qoymaqdır. Bunu şeir həvəskarı kimi yox, ədəbiyyatçı kimi deyirəm.
- Ədəbi tənqidlə məşğul olan insanların fəaliyyəti sizi qane edirmi?
- Adamlar var, ədəbi tənqidlə məşğuldurlar, iki gün dalbadal qonaqlıq ver, sənə olmazın adlar, titullar pərçim eləsinlər. Təəssüf ki, indi ədəbi tənqid sahəsində bu tip insanların sayı kifayət qədərdi. Bəziləri də çox istədikləri, qonşu, kirvə olduqları yazarlar haqqında təhlillər-filanlar yazırlar. Bir növ ora da sanki hansısa şirkətdi, qohum-əqrabanı başlarına yığıb, gərdiş edirlər.
- Sizin şeirlərinizi Səlim Babullaoğlu bəyənir, onun yaradıcılığına münasibətiniz necədir?
- Səlim Babullaoğlu Azərbaycanda layiq olduğu qiyməti almayan insandır. Tək-tük adamlar var ki, onların şeirlərini oxuyanda görürsən ki, əvvəl bu misralara bənzər heç nə oxumamısan. Xanəmir də elədi, Salam Sarvan da, Camal Yusifzadə də. Əli Kərim də elə olub. Fərqli enerjilərdi.
- Əli Kərimin xəttini davam etdirən niyə yoxdur?
- Ədəbiyyatda davamçılıq öhdəliyi yoxdur ki. Ədəbi istedad təyantsızdır. Səni bu işə heç kim təyin etməyib, kimsə də nəsə öz zövqünə uyğun şey tələb edə bilməz.
- Gənclərdən daha çox kimin şeirlərini bəyənirsiz?
- O gün kimsə “Aqşin Evrən yoxsa, Aqşin Yenisey” sualı olan bir status yazdı. Yəqin adlara görə yazıbmış. Nəsə məndə belə təəssürat yaradır ki, Aqşin Evrən oxuduğu köşələri şeirə çevirən şairdir. Nəsə yazdığı şeirlərdən 94-95-ci illərin köşələrinin qoxusu gəlir.
- Aqşin Yenisey də populyar şairdir, onun şeirlərini bəyənirsiz?
- Aqşin Yenisey gərək redaktor olmayaydı. Yaxşı şeirlər yazırdı. Redaktor olandan sonra yazmır, ya da yazdıqlarını bölüşmür. Bu tip dəyişikliklərdən sonra adətən şairlər jurnalistikadakı populizmi yaradıcılığa köçürürlər. Beləcə jurnalistika qazanır, ədəbiyyat itirir.
- Salam Sarvanın adını çəkdiz bayaq...
- Salam Sarvanın yazısını oxumaq hətta özü ilə söhbət eləməkdən də maraqlıdır. Amma təəssüf ki, son zamanlar sosial şəbəkədə dəhşətli dərəcədə uduzur. Fikrimcə, yazdığı hər satutus onu yazıdan ayırır. Yazı belədir ki, oxucu onu oxuyanda nə düşündüyünü, necə reaksiya verdiyini dərhal bilmirsən. Amma status yazırsan, rəylərdən-filandan reaksiyanı anlayırsan. Bu da insanı soyuq və sakit yazı mühitindən, qaynar və 1 saat sonra unudulacaq “Facebook” cəngəlliyinə salır. Salam kimi qələm sahiblərinin sosial şəbəkələrdən bezəcəkləri günü səbirsizliklə gözləyirəm.
- Niyə şeirlərinizi kitab halına salmırsız?
- Tələbə vaxtı “Yazıq Ölməyənlər” adlı kitabım çıxdı. İndi bir az tərəddüd edirəm. Amma bu hissimə qalib gələ bilsəm, payızda belə bir şey edəcəm.
- Ən sevdiyiniz şeiriniz hansıdır?
Şeydi...
Onu deyəcəkdim axı...
Bir yaşa gəldikdən sonra
ağrıkəsicilər ağrı verir adama.
Kəklikotu çayı təzyiqi salmır...
Görürsən, duyursan hər şeyi,
amma heç nə yadında qalmır...
Hər şey qurama olur... qurama
Şeydi...
Onu deyəcəkdim axı...
Bir yaşa gəldikdən sonra
durub hamıya arsız-arsız sevgidən danışırsan,
uzun-uzadı...
Axırda da ”yoxdu” deyirsən...
Görürsən, amma korsan,
Eşidirsən, amma karsan,
Yeriyirsən, amma nə fayda?..
Belə qəribə olursan... qəribə...
“Şah Edip”ə baxıb gülürsən,
Cem Yılmaza baxıb ağlayırsan...
Gül alırsan, verəcək biri yox,
Ulduzları sayırsan
yadına düşənin yox...
Belə qəribə olursan... qəribə...
Şeydi...
Onu deyəcəkdim axı...
Bir yaşa gəldikdən sonra
bütün şəhərin uyuyub daşa dönən vaxtında
yatağa söykənib kəpənək qanadı kimi əsirsən...
Baxırsan yanında heç kim yoxdu
getməyə tələsirsən...
- Məncə, ən yaxşı şeiriniz budur:
Mən yaxşı deyiləm, ömrüm-günüm,
halımı sorma.
Günəş batacağı yerə getmir,
ağlar qarada itmir,
qarpızlar ağ çıxır.
Dondurmalar dişimi,
suya düşmüş kəpənəklər ürəyimi sızlatmır...
İydələrin qoxusu yox,
çiçəklərin rəngi yox...
Mahnılar səssiz,
filmlər mənasız,
yağmurlar anlamsız...
Mən yaxşı deyiləm,
ömrüm-günüm, halımı sorma...
Nəsə sevgidən o tərəfə bir şey var içimdə -
qəhəri daha çox,
kədəri daha çox...
Ümidi minbaşlı,
ölümü minüzlü...
Yanımda olanda da əllərim telindən,
Gözlərim gözündən ötrü darıxır...
Belə darııxmağı eşidib, gördünmü heç?
Mən yaxşı deyiləm, ömrüm-günüm,
halımı sorma!..
Daşa dönmüşəm, daşa...
Sevən daş gördünmü heç?
Hazırladı:
Tural İsmayılov,
MANERA.AZ