Nərgiz Lətifli: "Qaranlıq otaq"- Hekayə |MANERA.AZ
![]()
Manera.az
O gün ruhumun göz yaşları olan yağış,dayanmadan Xəzərə öpüşünü göndərirdi.Hamının dayanıb özünü dənizə hökmdar hiss etdiyi həmin qayada indi mən, dayanmışdım. İçimdə ruhən bir soyuqluq, tənhalıq və ağırlıq hiss etdirdim.
Səfehcəsinə uzanan sahil küçəsi.....
Mən elə bir baxış nöqtəsi axtarmağa çalşırdım ki, oradan bu küçə gözümə görünməsin. Astaca evimə qədər aparan bu dolaşıq küçədə yeriməyə davam edib, getdiyim bu üfunətli küçədən sadəcə öz evimə aparmağını xahiş etdim. Yolu getdikcə otluqlara, daşlara baxır, elə hey düşünürdüm.Məni düşündürən isə xatirələrdir- zibilliyə tullanılan köhnə acılar, bəlkədə sevincdən küçədə söylənilən mahnılar.
Həyətə girəndə yenə əvvəlki kimi yatdığı yerdən üstümə şığıyan Alabaş pəncəsiylə mənə salam verib xoşgəlmisən deyirdi. Bu zaman qapını açıb bir-birini gözləyib cərgə ilə gələn ailəm, qohumlarım üzümə baxıb yenə də Alabaşın onları qabaqladığını gördükdə üzlərində qəribə bir şey sezdim. Uzaqadan gəldiyim üçün başımda fırfıra kimi dönən qohumlarım yenə də həmişəki kimi məni sanki məngənə arasında sıxırdı.Evə girən kimi süfrənin üstünə düzülən boşqablar, çəngəllər, salfetlər, hər cür təamlar göz oxşayırdı. Hələ evə girəndə ən çox sevdiyim yeməyin qoxusu dörd bir tərəfi bürümüşdü. Düzdür, acmışdım, susamışdım, yeməyə, içməyə ehtiyacım var idi, amma mənə lazım olan tək şeyin otağım olduğunu heç kim bilməsə də mən bilirdim. İnsanları qırmağı bacarmadığım və sevmədiyim üçün qırmadım onları. Əziyyət çəkib hazırladıqları növbənöv təamlardan daddım. Yeməkdən sonra məni söhbətə tutan qohumlar and içmişdilər ki, mənə imkan verməyəcəklər otağıma girməyə .Amma çox keçməmiş onlara yorğun olduğumu, istirahət etmək istədiyimi dedim.
Oradan aralandıqda pilləkənlərlə yuxarı qalxıram,yuxarıda divardan asılmış şüşə güzgüdə bir kimsəsizin ani görüntüsünü görürəm. Saatın kəfkiri tıqqıldayır, zamana nəzarət edir, təmiz ayaqqabılarda olan ayaqlarım pilləkənləri bir-bir addlımlayır. Otağıma girirəm ,qaranlıq basan otaqda əlimi divara gəzdirib işığı axtarıram və bir andaca əlimi çəkirəm ,yadıma düşür ki,otağımın işığı yoxdur. Mən də göz qapaqlarımı yumub, beynimdə gizlətdiyim xəyalları qaranlığın qoynunda azadlığa buraxıram. Bütün xəyallar uçaraq havanın zərif və şəffaf maviliyin,səmanın parçalanmış yerindən süzülən isti, quru şüalarına qərq olur.Bu zaman içimdə yaşadığım bütün hadisələri danışır, dərdləşir,dənizin dalğaları ağuşuna aldığı kimi sinəsinə basdıqda gözümdən axan yaş damlalarını yanağıma içizdirir.Bəzən sanki gülməli bir komediyaya baxır, gülür,hətta gülməkdən dözə bilməyib yerə yıxılırdıq.Bəzən isə susur,heçnə demir,danışmadıqca qəhər boğur,deyə bilmədiyim sözlər isə kəndir kimi hörülüb boğazımı sıxmağa davam edirdi.Əslində isə ən çox danışan hər şeyi izah edən həmin kəndir kimi boğan sözlərim idi...
Amma özümü heç vaxt yalnız,tək adlandırmadım,əksinə ətrafımda milyonlarla insan var ünsiyyət qurmağa.Sadəcə bütün xəyallarımın gerçək olduğu ,danışmaq istədikdə danışdığım,ağladıqda qucaqlayan qollar,güləndə mənlə gülən,dərdlərimi böldükdə məsləhət verən,susmaq istədikdə başımı sığallayan ya ailəm,ya sevgilim,ya da dostlarım yox qaranlıq otağımdır.
Uşaqlıqda mənə valideynlərimin qoyduğu qadağalar böyüdükdə də dəyişmədi.Ehh,pul istəməyə çəkindiyim günlər...Sinif uşaqları günorta yemək yeyərkən "yox, mən ac deyiləm"-deyib 1 parça,qırıntıda olsa çörək axtarmağa gedirdim.Pulum olmadığı üçün yemirdim ,amma valideynlərimə də demirdim.Bütün bunları dediyim sadəcə bir dostum var idi qaranlıq otağım...
O gün evə qayıdanda qarşıda,daşın üstündə oturan boynu bükük,günəş şüalrından utanan bənövşə kimi əlini uzatdığı üçün peşiman olmuş,utandığından heç əlini açmayıb yumulu saxlayan bir dilənçi qadın gördüm.Yanından ötüb keçdim ,amma öz halım yadıma düşdü, qadının halına acıdım. Kim axı? Hansı vicdansız övlad, övladı yoxdursa bacı, qardaş, qohumlar bu ağbirçək nurani bir nənəni bu hala düşməyinə səbəb ola bilər? Yaxınlaşıb cibimdə olan son pulumu qəpiyinə qədər ona verdim,əlimi çiyninə qoyub :
-Allah böyükdür,nənə. Gözəl Allah nə edərsə,gözəl eylər,səbirli ol dedim.
-Bilirəm oğlum,ümidim Allahadır.
Nənənin göz qapaqlarının altında gizlətdiyi duzlu su gölməçəsi çox keçmədiki axar gur suya çevrildi.Utandığından ağladı, ya da yox bəlkədə bu sözləri kiminsə ağzından eşitmə istədiyi üçün ağladı.Nənəylə sağollaşıb uzaqlaşdım ordan.Vicdan qoxan küçələrdən,qəddar insanlardan uzaqlaşıb otağımla baş-başa qalmaq üçün addımlarımı böyük atdım.
Yolda çox fikirləşdim.Bax, o nənənin belə hələ də ümidi var, ən çarəsiz halında niyə mənim olmasın? Fikirləşdim və bir qərar verdim, ailəmi,sevgilimi, dostlarımı xoşbəxtliyimi qoyduğum çamadanın üzərinə son bir şey -acılarımı, dərdlərimi, yaşamaq istədiklərimi və ümidimi qoyub sadəcə öz yaşamaq istədiyim dünyama-otağıma gedib, ömürlük həbs olum və oradan heç vaxt çıxmayım.Elə bəlkədə həmin həyat sadəcə qaranlıq bir otaqdadır.Otağın qaranlıq olması sizi qorxutmasın yadınızda saxlayın ki, şam həmişə sizin əlinizdədir lazım olan kirbiti tapıb otağı aydınlatmaqdır..