manera.az
manera.az

Aqşin Evrən: “Ramiz Rövşən mənim şairim deyil” - Müsahibə |MANERA.AZ

Aqşin Evrən: “Ramiz Rövşən mənim şairim deyil” - Müsahibə |MANERA.AZ

Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan insanları ilə ədəbi və kültür mühitindəki hər şey barədə danışaq.

MANERA.AZ-da hər həftə yayımlanacaq “Ədəbi Künc” silsiləsinin bu dəfəki müsahibi şair Aqşin Evrəndir.

Aqşin Evrən: “Ramiz Rövşən mənim şairim deyil” - Müsahibə |MANERA.AZ
- Necə gedir işlər?

- Bu tip suallara həmişə “əla” cavabını verirəm. Çünki istənilən neqativ cavab həm özümü, həm də qarşımdakı insanı sıxıntıya sürükləyir. İş deyəndə, son aylarda bir az bölgü aparmışam: ofis işi və ev işi. Ofis işində redaktorluq, jurnalistlik fəaliyyəti ilə məşğulam, maraqlı materiallar olanda həm özüm oxuyuram, həm redaktə edib, sayta – Axar.az-a yerləşdiririk. Ofis işi bitəndən sonra evdə 1-2 saat istirahət edirəm. Daha sonra qısa fasilələrlə yaradıcılıqla məşğul oluram: daha çox ssenarilər üzərində işləyirəm, mütaliəyə və filmə baxmağa da vaxt ayırıram. Gündə 4-5 saat yatıram, məncə, çox yatmaq ömürdən itkidir. Zatən torpağın altında 100 milyard il yatacağıq. Leonardo Da Vinçinin yuxu rejiminə keçmək fikrim var. Deyilənə görə, Da Vinçi hər 4 saatdan bir 15-20 dəqiqə yatırmış və bununla da gündə təxminən 2-3 saat yatmaqla gündəlik yuxu tələbatını qarşılayır, hətta çox gümrah olurmuş. Yaradıcılıq fəaliyyəti olanlar əgər hansısa müəssisədə çalışırlarsa, mütləq “ev işi”nə də düzəlməlidirlər.

- Planlı yaşamağı sevirsən?

- Yox, əslində, qəti şəkildə sevmirəm. Çünki insan həyatının mühüm dayaqlarını təşkil edən yaradılış və ölüm belə onun öz iradəsi xaricində baş verir. Bu prizmadan yanaşanda planlı həyat insan orqanizminə, psixologiyasına, anatomiyasına tamam zidd bir şeydir. Amma məcburiyyətdən belə planlı şəkildə yaşamağa çalışıram. Çünki yazmaq istədiyim mövzular rahatlığımı pozur, gün ərzində istəsəm belə, istirahət edə bilmirəm. Mənəvi məşğuliyyət adamı fiziki məşğuliyyətdən daha çox narahat edir.

- Məzuniyyətdə idin bu yaxınlarda. Səninlə danışanda telefonda qeyd etdin ki, sosial şəbəkələrdəki hesablarını dondurmusan. Səbəb nə idi?

- Hə, bir dəfə təcrübə üçün Feysbuk hesabımı təxminən 10 günlük bağladım. Gördüm ki, bir gündə əslində 24 yox, 28-29 bəzən də 33 saat var. Adamın istirahətə də, dincəlməyə də, mütaliəyə də, maariflənməyə də, hətta yaşamağa da bir xeyli zamanı qalır. Düzdür, sosial şəbəkənin istər sənət, istərsə də məişət baxımından üstünlükləri çoxdur. Ancaq həddindən çox vaxt alır. Sosial şəbəkənin yaradıcı adam üçün vaxtsızlıq sindromundan başqa, daha böyük bir faciəsi var – psixoloji faciə. Məsələn, səhər oyanırsan, görürsən ki, Azərbaycan dilində söyüşdən başqa normal cümlə qura bilməyən hansısa müğənni insanları təhqir edib, hansısa rayonun məmuru kitabxananı bağlatdırıb, orada dönər satdırır. Belə məzmunsuz, primitiv və qanqaraldıcı xəbərlər, mövzular yaradıcı insanın altşüuruna enir və onun yazacağı ciddi mətni gətirib elə həmin primitiv, vitaminsiz müğənninin təfəkkürü səviyyəsinə salır. Müharibə haqda dəhşətli bir roman yazmağa çalışan yazıçı hər gün səhəri müğənnilərin saçyoldusu ilə açanda, onun romanı elə saçyoldu janrında olacaq.

- İlk müsahibəmizdə şair Bəxtiyar Əlirzayev qeyd etdi ki, Salam Sarvan sosial şəbəkələrdə uduzur. Səncə, şairin sosial şəbəkədə uduzması nə deməkdir?

- Əgər Bəxtiyar qardaşımız məsələyə “Şair əlçatmaz olar” prizmasından yanaşıbsa, demək istərdim ki, Folkner ətrafında yaradıcı adamların olmağından yox, çobanlarla, fermerlərlə söhbət etməkdən zövq alırdı və məhz bunu yararlı hesab edirdi. Ya da götürək Orxan Pamuku: küçədə dönər satanlarla söhbət edir, uşaqlardan velosiped alıb sürür. Sənət səmada, hansısa yaradıcı qüvvənin yanında yox, gündəlik gördüyümüz sıradan insanlarda, insanın öz içindədir, ağacda, quş yuvasında, elektrik xətlərindədir.

- Jurnalistikada təmsil olunan ədəbiyyat adamlarında bir giley olur. Düzdür, ötən müsahibələrdə Ayxan Ayvaz qeyd etdi ki, jurnalistika da yazı işidir və ədəbiyyatçı üçün jurnalistika əngəl deyil. Sən də “Axar.az” xəbər portalında ədəbiyyat şöbə müdirisən, necə fikirləşirsən, jurnalistika həm də Azərbaycan ədəbiyyatını məhv edir?

- Belə bir təcrübəni bölüşüm: uşağın qabağına 10 şokolad qoyurlar, o, birini yarımçıq yeyib qaçır, 9 şokolad oradaca qalır. Amma ona 2 şokolad təklif edəndə, birini yeyir, digərini isə sonra yemək üçün götürür. Burda məsələ bolluqdur. Yazı bolluğu oxucuda da, yaradıcı adamda da mətn aclığını doydurur. Bu mənada jurnalistika yazıçının mətn aclığını öldürür, xüsusən də köşə yazıları. Dəfələrlə rastımıza çıxıb: dostlarımız bir romanlıq, hekayəlik mövzunu 5 min işarəlik köşə yazılarında məhv ediblər. Məncə, jurnalistika cəbhənin bütün istiqamətlərindən ədəbiyyata artilleriya atəşi açır. O, yazıçının həm ruhunun suyunu çəkir, həm də boş qalmış suyun yerinə kül üfürür.

- Bir çox yazıçı və şair də yazdığı hekayə və şeirə görə qonorar ala bilmir, jurnalistika həm də ədəbiyyat adamlarını dolandırır bir növ. Səncə, jurnalistikaya qarşı haqqsızlıq etmirsinizmi?

- Başa düşdüm nəyi nəzərdə tutursan, ancaq biz burda məsələyə mənəvi tərəfdən yanaşırıq. Məncə, bu məsələdə malı mala qatmaq olmaz. Burda ədəbiyyat üzünü çevirib, “Jurnalistika, filan qədər maaşa görə çox sağ ol!” deməməlidir. Çünki jurnalistika özü ədəbiyyatdan, sözdən qidalanır.

- Jurnalistika yaradıcılığa mane olursa, sən özün sosial şəbəkələrdə fəal olsan da, mediada çalışsan da gənclər arasında xüsusilə sevilən şeirlər də yaza bilirsən. Yəni necə olur ki, jurnalistika sənin yaradıcılığına təsir etmir?

- Əslində, sosial şəbəkədə elə də fəal deyiləm. Tutaq ki, tez-tez şeir paylaşa bilərəm, amma onu da sağ olsunlar, oxucu dostlar mənim əvəzimə hər gün paylaşırlar. Maraqlı sualdır. Qəti bir şey deyə bilmərəm, ancaq düşünürəm ki, heç bir qüvvə poeziya axınına təsir edə bilməz. Şeirin yaranma, yazılma dalğasının qarşısında müharibə, döyüş prosesi belə dayana bilməz. İnsan ən çətin vəziyyətlərdə belə şeir yaza bilər. Məsələn, mən hərbi xidmətdə gecə zülmət qaranlıqda, 14-15 dərəcə şaxtada da şeir yazmışam.

- Yaxşı şeir üçün mənəvi sarsıntı mütləqdir?

- Əlbəttə. İnsana toxunan, onu boğazından tutub dabanına dartan ağrılar olmalıdır. Yoxsa sən dostunla gözəl bir gün keçirərkən redbul içə-içə “Ana” şeiri yazırsansa, bu şeirin canı elə redbul bitənə qədərdir. Təkcə ağrı, sarsıntı yox, hansısa güclü bir xoşbəxtlik hissi də insana yaxşı şeir yazdıra bilər. Keçən dəfə rastıma çıxdı, 14 yaşlı bir qızın şeirində yazmışdı ki, mən sənin unuda bilməyəcəyin qadınam. İstədim yazam ki, “ay qızım, sən hələ heç qadın kimi formalaşmamısan, üstəlik, özün də unutmaq sözü boydasan”. Bir də görürsən uşaqlıqdan sevdiyi kişi ilə ailə quran, bütün gün xoşbəxt fotolarını paylaşan xanım ancaq çiçək-böcək formatında ayrılıq şeiri yazır. Bax, bu cür saxta şeir yazmaq nəinki insanın öz içinə, elə ədəbiyyata da xəyanətdir. Yaxud da 17 yaşlı bir gənc deyir ki, 120 şeirim var, kitab çıxarmaq istəyirəm. 17 yaşlı məktəbli, həyatında bəlkə 120 fraqment yaşamayan insan necə 120 şeir yaza bilər?

- Söz kitabdan düşmüşkən, sənin kitabın nə vaxt çıxacaq?

- Doğrusu, 3-4 nəşriyyat təmənnasız kitabı nəşr etmək istəyirdi, sadəcə, o qədər həvəsli deyildim kitab çıxarmağa. Son zamanlar Qan Turalı sağ olsun, mənim yerimə bu məsələnin üstünə düşdü, şeirləri yığıb Qismət Rüstəmova göndərdim. Qismətin dediyinə görə, kitab oktyabrın sonlarına çıxacaq. Artıq 1 ildən çoxdur ki, rastlaşdığım hər beş adamdan dördü kitabı soruşur. Özüm də bu sualdan xəcalət çəkməyə başlamışam.

- Nəsr yazırsan heç?

- Yox, nəsr yazmaqdan qorxuram. Qeydlər aparmışam, ağlımda bir neçə mövzu var. Bir hekayə yazdım bu yaxınlarda, Pərviz Cəbrayıla yolladım ki, çatışmazlıqları göstərsin. O da tənqidi fikirlərini dedi, amma nədənsə sonra həvəs olmadı o hekayəyə qayıtmağa. Bilirsən, mən şeirləri 2-3 dəqiqəyə yazıram. 2-3 dəqiqəyə şeir yazan adamın 2-3 ay, 2-3 il bir romanın üstündə işləməsi hələ ki, mənə əlçatmaz və absurd görünür. Özümü nəsr yazacaq qədər təcrübəli hesab eləmirəm. İndi gənclər elə rahatlıqla “Təzə romana başladım” yazırlar ki, adamı cərəyan vurur. Nəsr çox ciddi, çətin və adamdan hətta heyvan olmağı belə tələb edən bir məsələdir. Nəsr yazan gənc görəndə elə bilirəm, tankın üstünə pol ağacı ilə gedir.

- Orta məktəbdən şeir yazırsan, ya sonradan?

- Dördüncü, ya beşinci sinifdə oxuyurdum, 4 misralıq bir şeir yazmışdım. Qafiyəli, ideoloji şeir idi. Onu Azərbaycan dili müəlliməm Lalə xanıma oxudum, mənə qısa bir məsləhət verdi. Əvvəllər heca şeirləri yazırdım. Sonra dünya, xüsusən türk poeziyasını oxumağa başladım. Yavaş-yavaş hecada yazdığım şeirlərdən imtina eləməyə başladım. Məncə, yaradıcı adam çox rahatlıqla öz mətnindən imtina etməyi bacarmalıdır. Əgər potensialı varsa, yazacaq, yoxdursa, elə imtina eləsə, yaxşıdır.

- Şeirin oğurluq olduğunu hiss edə bilirsənmi?

- Hərdən dostlar mənə müəyyən linklər göndərirlər ki, bax, filan gənc şair sənin misralarını oğurlayıb. Təsəvvür elə, o gəncin şeirinin bir misrasını “Quql”da axtarışa verirəm, mənim yazdığım şeir çıxır. Yəni bu qədər bənzərlik olur. Ancaq təsirlənmək pis bir şey deyil, hamı kimdənsə təsirlənib yazıb, elə Nazim Hikmət, Pablo Neruda da. Amma bu, 18-20 yaşlı gənc üçün keçərlidir, əgər 25-30 yaşlı adamlar bunu edirsə, getsin moyka açsın, ya da qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarına hazırlaşsın.

- Özünün kimdənsə təsirlənib yazdığın bir şeirin varmı?


- Əlbəttə olub. Amma o şeirlərdən çoxdan imtina eləmişəm. Dediyim kimi, Nazim Hikmət, Nizami Gəncəvi təsirlənibsə, demək, bütün şairlərdə təsirlənmə olub. Mütləq hamının bir istinad nöqtəsi olub. Mənim hətta 5-6 il əvvəl Respublika üzrə 1-ci yeri tutan bir şeirim var idi, o vaxt böyük maraqla qarşılanmışdı. O şeirdən də imtina etmişəm. Çünki bilirəm ki, mənim şeirim deyil, orta məktəbdə oxuduğum hansısa şairin şeirinin qalıqlarıdır. Yəni orda gülünc bir şey yazdığımı düşünürəm.

- Dünya ədəbiyyatında sevdiyin şair kimdir?

- Nazim Hikmət. O, hamınındır – Ronaldinyonun formasını geyinən uşağın da, küçəni süpürən anaların da, qucağına bomba düşən uşaqların da. Çünki bəşəridir. Məsələn, Nazim Hikmət Səməd Vurğunla dost olub. Lakin Səməd Vurğun ceyran ovundan, dağlardan şeir yazıb, Nazim isə Xirosimadan, atom bombasının dəhşətlərindən. Burda təkcə istedad yox, təfəkkür faktı da ortaya çıxır. Nazim Hikmətin bir misrası var: “...insanlar üçün ölə biləcəksən, həm də heç tanımadığın insanlar üçün, həm də heç kimi səni buna məcbur etməsə də”. Bax, poeziyada insanlığa bundan artıq xidmət etmək olmazdı. Nazimin sevgi şeirlərini o qədər də bəyənmirəm. Amma bu da məncə, ondan qaynaqlanır ki, onun insana olan sevgisi qadına sevgisindən daha böyük idi. Adam möhtəşəm olub.

- Bəs, dünya ədəbiyyatında sənin yazarın kimdir?

- Tolstoy. Vallah, onu doğma babam qədər sevirəm, o, nəhayətsiz bir nəhənglikdir. Amma mənə ən çox təsir edən yazıçı Albert Kamyu olub. Öz baxışlarıma uyğun bir xətt axtarırdım. Gəlib o xətti Kamyunun absurdizmində tapdım.

- Azərbaycan şairlərindən kimləri bəyənirsən?

- Nizami Gəncəvini... Nizami bütün dövrlər üçün böyükdür. O, bir misrada 10 hadisənin təsviri verə biləcək qədər fövqəladə insan olub. Nizaminin əsərləri primitiv tərcümələrdə belə öz əzəmətini itirmir.

- Mənim üçün maraqlı oldu. Sərbəst şeir yazan bir çox gənc Nizami Gəncəvini bəyənmir, amma sən hətta onu dünya ədəbiyyatı prizmasından xarakterizə edirsən.

- O insanlar Nizamini köhnə valyutadan – 500 manatlıq əsginasdan tanıyan adamlardır. Elə onlar Şeyx Nizamini bəyənib onu biabır etməsələr yaxşıdır.(gülür)

- Nəsr yazanlarımızdan kimləri bəyənirsən?

- Son illərdə Azərbaycan nəsrini oxuya bilmirəm, ya da buna fürsət olmur. Oxuduqlarımdan Axundovun “Aldanmış Kəvakib”ini, İsmayıl Şıxlının “Dəli Kür”ünü, çağdaşlardan Pərviz Cəbrayılın “Yad dildə” romanını, Etimad Başkeçidin “Min yol mənə söylər”ini çox bəyənmişdim. Şərif Ağayarın da son dövrlərdə yazdığı hekayələri bəyənirəm. Ümumiyyətlə, bu ad çəkmək mina düzməyə oxşayır, kimsə yadından çıxır, anidən mina partlayır.

- Ayxan Ayvazla müsahibəmizdə dedi ki, Aqşin Evrən Ramiz Rövşəndən böyük şairdir, bu məsələ bir qədər müzakirə olundu. Ayxanın fikirləri ilə razısanmı? Özünü Ramiz Rövşəndən böyük şair hesab edirsən?

- Əvvəlcə onu deyim ki, kimdənsə böyük olmaq kimi bir arzum olsaydı, bu adam Ramiz Rövşən yox, elə Nazim Hikmət olardı. Amma məni tanıyanlar bilir ki, ədəbiyyatda Messi-Ronaldo rəqabəti aparmamışam heç vaxt. Yəni mən analar demiş, başımı aşağı salıb şeir yazıram. Gəlin etiraf edək ki, Ayxan Ayvaz Ramiz Rövşənin əksər oxucularına Ramiz Rövşən yaradıcılığı haqqında bir saat mühazirə deyər, dərs keçər. Ayxan Ramiz Rövşəni onlardan da çox istəyir, onlardan da yaxşı duyur. Bir sözə görə bəzi adamlar Ayxanı təhqir elədi, onu tərbiyəsiz adlandırdı ki, böyük, ahıl yeri bilmirsən. Sən canın, bunların ədəbiyyata münasibətlərinə bax. Bu, nə biabırçılıqdır axı? Ayxan kimi ağır yaşantıları olan işıqlı gəncimizi təhqir etdiklərinə görə heç mi utanmadılar? İndi belə bir sual verim: “Öz fikrini ifadə eləmək tərbiyəsizlikdir, yoxsa öz fikrini deyən adamı söymək?”. Bütün gün söz azadlığı tələb edən adamlar Ayxanın sadə bir cümləsinə erməniləşdilər. Özü də bunlar guya poeziya sevən adamlardır. Şeir sevən bir insan necə başqasını söyə, ona qarğış edə bilər? Oxuduqları şeirlər onlara bunu öyrədib?! Məsələn, mən Nazim Hikmət oxuyub sevmişəm, Nazim mənə insana, yaşamağa sevgini öyrədib. Hə, bir də Ayxanın bu sözlər ilə Ramiz müəllimdən heç nə azalmır, elə həmin Ramiz Rövşəndir. Elə onu əvvəlki kimi çox istəyirik.

Əgər Dostoyevski kimi bir ucalıq tənqid olunursa, Azərbaycan ədəbiyyatında kult ola bilməz. Pelevindən soruşurlar ki, Dostoyevski və Tolstoy haqda nə fikirdəsiniz? Cavab verir ki, onlar ölüb, mən isə sağam. İndiyə qədər Tolstoy və Dostoyevski haqda belə dəhşətli tənqidi fikir deyən olmamışdı.

Ramiz Rövşənin bəyəndiyim şeirləri var, amma mənim şairim deyil. O, Azərbaycan ədəbiyyatında öz oxucusu olan və kifayət qədər sevilən şairdir. Yenə deyirəm, kimdənsə böyük olmaq arzusunda olsaydım, bu, Nazim Hikmət olardı.

- Aqşin Yeniseylə sənin adın tez-tez yanaşı çəkilir, müqayisə olunursunuz.

- Aqşin Yenisey dəyərli şairdir, dostumuz, qardaşımızdır. Şeirlərini sevə-sevə oxuyuram.

- Sənin oxucularınla yaxşı münasibətin var. Bəzi şair və yazar dostlarımızın oxuculara qarşı sayğısız bir münasibəti olur bəzən. Bu barədə nə deyə bilərsən?

- Nə bilim vallah, öz işləridir. Doğrusu, mən mətndən başqa şeylər haqda fikirləşmirəm. Yəni insanlarla münasibətimi tənzimləmirəm. İçimdən necə gəlir, elə də davranıram. Oxucu-şair münasibətləri sənət yox, məişət məsələsidir.


- Bəxtiyar Əlirzayev sənin yaradıcılığını tənqid edəndə qeyd etmişdi ki, şeirlərin 90-cı illərin köşə yazısının yaradıcılığa köçürülməsidir. Razısan bu tənqidlə?

- 90-cı illərdə mən nəinki köşə, heç mahnı belə oxuya bilməyəcək qədər balaca idim. Üstəlik, indi nəinki başqalarının, heç öz köşələrimi belə oxumuram. Mənim 90-cı illərlə bağlı 3 şeirim var. O illər məndə dəhşətli ağrılar qoyub gedib. Gözümü açıb müharibə əlillərini görmüşəm. Atam da müharibə veteranı olduğu üçün bir qolu, ayağı, barmaqları olmayan adamlar tez-tez bizə gəlib-gedib. Evdə deyirlər, uşaq vaxtı gəlib təəccüblə deyirmişəm ki, filankəsin atasının iki əli və ya iki ayağı var.

- Şeirlərin üçün ideya haradan gəlir?

- Şeirlərin necə yarandığını bilmirəm. Bu, mənim iradəmdən kənar bir şeydir. Məncə, izahını tapsam, daha şeir yaza bilmərəm. Bir məsələ yadıma düşdü. 4-5 il əvvəl Eynşteynin bir məsələsi yayılmışdı: “Bu məsələni dünyanın yalnız 2 faizi həll edə bilər”. Heyranlıqla baxdığımız o məsələni bir gün nəhayət ki, həll etdim. Ondan sonra o məsələ əzəmətini itirdi. Məncə, şeirin də yaranma düsturunu tapsaq, şeir erası başa çatar.

- Ən sevdiyin şeirin hansıdır?

- Həmişə deyirəm ki, ən yaxşı şeirimi hələ yazmamışam, bəlkə də yaza bilməyəcəm. Ancaq haradasa “Bənazir Bhutto ölməmişdi” şeirinin adını çəkə bilərəm:

“Üç keçi” nağılı “üçbaşlı əjdaha”ya çevrildi ailəmiz dağılanda
Gecə məni “Bayu-bayu” ilə yatırıb
səhər anamın yoxluğu ilə oyatdılar
Anasının narıncı koftasını iyləyib yatan bu uşağı
birdən “narıncı inqilablar”ın qucağına atdılar

Sonra həyat məhkəmə çəkici ilə döydü sinəmi
Ürəyimi açıb içimdən çıxıb getdi uşaqlığım
Son dəfə dolmuş gözlərlə
boş ömrümə baxıb getdi uşaqlığım

Qapının ağzında ayaqqabının biri azaldı
Atam “əcəb evimiz genişləndi e” deyib təsəlli doldurdu cibimizə
Anam evdən getdiyi gün bizi atıb çölə çıxdı ev,
həsrət qaldıq evimizə

Hələ bu zəhrimar ayrılıq qapımıza gəlməmişdi
Hələ Bənazir Bhutto ölməmişdi – Şərq anasız qalmamışdı
mən anasız qalanda
Dominodan qurduğumuz evlər dağılanda ağlayan uşaqlar idik
Bəs görəsən, niyə susduq ailəmiz dağılanda?

“Ananı çox sevirsən, ya atanı?” sualını verənlər
“Ananla qalırsan, ya atanla?” sualı ilə üstümə gəldilər
Qışqırıb “Bu dünyada anasızlıqdan böyük atasızlıq yoxdu” dedim
Bacım ağlamağımı eşitməsin deyə,
gecələr anamın paltarını dişləyib hönkürdüm,
hər gecə onun narıncı koftasını güvə kimi dişimə sıxıb yedim

Yamaqlı şalvarımı tikdikcə qırış düşdü anamın əllərinə:
söküldü əlinin dərisi
Ayaqlarının şişmiş yaşıl damarında öldü bütün flora
Qapımızın ağzında canını tapşırdı fauna
Atam siqaretin tüstüsüylə öyrətdi bizə gələcəyin dumanlı olacağını

Sən gedəndən sonra qapımızı açan olmadı deyə
o xəstə “bobik” də ağzını açıb bir kəlmə hürmədi
Ana, mən Səddamın edamını gördüm
Bircə qardaşımın nə vaxt böyüyüb bu yaşa çatdığını görmədim.

Ailəmiz dağılanda öyrəndim ki,
burnunda ana qoxusu,
gözlərində ana yuxusu gəzdirən qızlar
mətbəxi əzbər bilirlər
Öyrəndim ki, anasının ömründə yıxılan kişilər
sevgini əzbər ölürlər.

Atamın köynəklərini bacım ütüləməyə başladı ailəmiz dağılanda
Beləcə, bacım “üçbucaq teoremi”ni ütüdən
“Çevrənin raduisu”nu qazandan
Nidanı atamın çəliyindən
Nöqtəni də anamın yoxluğundan öyrəndi.


- Gözəl şeirdir. Amma mən bu şeirini daha çox bəyənirəm:

Çörək qırağı qadın,
indi səndən “Necəsən?” yox, “neçəsən?” soruşmaq istəyirəm
Bizim orta məktəb yaşımız deyil axı
İndi bizi 2 almaq deyil, iki ola bilməmək ağrıdır

İndi
- “Salam. NEÇƏSƏN?”
- “Salam. Yoxam”la başlayır bütün ayrılıqlar
Yalandı, “ayrılıq” sözünün yanında heç vaxt “başlamaq” sözü olmur
Ayrılıq elə sondu, bitməkdi,
gecələr…
gecələr öz yatağının içində itməkdi

Yerdən götürüb daşın üstünə qoyduğum tikələr haqqı,
bir xalqın çörəksizliyi qədər ağrıyıram

Çörək qırağı qadın, görəsən
bir pencəyin altında iki can gəzdirənlər daha çox bədbəxtdi,
ya eyni yorğan altında bir-birini bezdirənlər?

Sən də bilirsən,
Sevgidə ayaqları yox, əlləri yorur gözləmək…

Çörək qırağı qadın,
Bu şiddətli ağrıların bir asta-asta öldürməyi var,
bir də gecə yarısı yuxudan oyatmağı
Səndən heç nə istəmirəm… bircə
Ayaqlarına qayıtmağı öyrət, qayıtmağı.

- Çox adam məhz “Çörək qırağı qadın” ifadəsini bu şeirin özündən daha çox sevdiyini deyir.

- Bəs, sevmədiyin şeirin hansıdır?

- Hecada yazdığım və əksəriyyət tərəfindən bəyənilən bir şeir var, o şeiri bəyənmirəm, zəif hesab eləyirəm.

- Aqşin, ölümdən sonra həyata inanırsan?

- Mən heç indiki həyata da inanmıram, nəinki ölümdən sonrasına...

- Rep dinləyirsən?

- Əvvəl daha çox dinləyirdim, indi nadir hallarda. Hazırda daha çox klassik mahnılarımıza - Oqtay Ağayev, Hüseynağa Hadıyev, Akif İslamzadə, Flora Kərimovanın oxuduğu mahnılara qulaq asıram.

- Ölümünə bir gün qalsa, nə edərsən?

- Çox dəhşətli sualdır. Həmin situasiyaya düşməmiş bu suala cavab vermək olmaz.
Bəlkə də belə məzmunsuz, vitaminsiz ölümü gözləməyin ağrısından intihar edərdim. Bəlkə də uşaqlıq dostlarımla futbol oynayardım.

Hazırladı:
Tural İsmayılov,
MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31