manera.az
manera.az

Sədrlik məsələsi Anarın yaradıcılığına kölgə saldı... - MÜSAHİBƏ |MANERA.AZ

Sədrlik məsələsi Anarın yaradıcılığına kölgə saldı... - MÜSAHİBƏ |MANERA.AZ

Azərbaycan ədəbiyyatından, incəsənətindən çox danışmaq lazımdır. Ədəbiyyatı və kültürü sevdirmək həm də onları gündəmə gətirməklə mümkündür. Qərara aldıq ki, Azərbaycan ədəbiyyatı və jurnalistikasının, incəsənətinin tanınan insanları ilə ədəbi və kültür mühitindəki hər şey barədə danışaq.

MANERA.AZ-da hər həftə yayımlanacaq “Ədəbi Künc” silsiləsinin bu dəfəki müsahibi yazar Ayxan Ayvazdır.

Sədrlik məsələsi Anarın yaradıcılığına kölgə saldı... - MÜSAHİBƏ |MANERA.AZ
- Necə gedir işlərin və ən əsası dolana bilirsən?

- Dolanırıq, istədiyimiz səviyyədə olmasa da. Hər halda dolanmaqla bağlı elə böyük gözləntilərim olmadığı üçün indiki halım məni qane edir.

- Yazı işlərinlə bağlı bir az danışaq. Sən Kulis.az saytında çalışırsan, işindən kənar yazıb, çap etmədiyin yeni hekayələr, yazılar varmı?

- Yarımçıq hekayələrim var. Amma 24 yaşım var, çox adam kitabın çap olunmağını istəsə də, dəstək olsa da düşünürəm ki, kitab üçün tezdir. Son bir ildir bədii yazılar yaza bilmirəm. Depressiv bir dövrün içindəyəm.

- Qonorara görə yazdığın yazılarla qonorar almadığın yazılar arasındakı fərqi hiss edə bilirsənmi?

- İndi qonorarsız yazı yazmıram. İçdən gələn yazılar var ki, bir müddətdir yaza bilmirəm, özümü tükənmiş kimi hiss edirəm, əvvəlki yazılarım da özümə zəif təsir bağışlayır. Qonorarla yazdığım yazıların isə zəif olmamağına diqqət edirəm, çünki ən azından oxucu üçün hazırlanır və diqqətli olmaq mütləqdir.

- Sevdiyin işlə məşğulsan?

- Kulis sevdiyim yerdir. Orada hamı yaradıcı adamlardır və bir-birimizi çox yaxşı başa düşürük. İşdə azad mühit var. Bizdə müdir-işçi əlaqəsi yerinə, ədəbiyyat mühiti var. Başqa bir yerdə işləsəydim bəlkə də bu qədər rahat olmazdım. Kənardan elə görünməyə bilər, amma Qan Turalı ilə bizim aramızda müdir-işçi münasibəti yoxdur. Hamı görəcəyi işi bilir, sən də o işi görürsən. Sadəcə işə gecikəndə danlayır, belə ümumi heç bir konfliktimiz olmur. Təsəvvür eləyin ki, baş redaktor adama çay gətirir, burda nə müdir, nə işçi... (gülür.)

- Qan Turalı sənin baş redaktorun olana qədər və ondan sonra onun yaradıcılığı ilə bağlı düşüncələrində hansısa bir dəyişiklik oldu?

- Əvvəl onun haqqında necə düşünürdümsə, indi də elədir. O, intellektlidir, öz üzərində çalışır, tez-tez yeni, fərqli yazılar ortaya qoymağa çalışır. Təbii ki, onun da çatışmayan nüansları var və öz aramızda mübahisələrdə bunu qeyd edirik. O da mənim yazılarımda çatışmayan tərəfləri deyir. Kulis yaradıcılıq məktəbidir, biz yazdığımız hekayəni və sair yazını bir-birimizlə bölüşürük və bir-birimizə istiqamətlər veririk. Qan Turalı ilə bağlı da eyni situasiya. O, məndən yaşca böyükdür, məndən yazıda daha təcrübəlidir, mən sadəcə onun hansısa romanındakı dil qüsurunu deyə bilərəm, ya da hansısa texniki qüsuru, o da razılaşa da bilər, razılaşmaya da.

- Ədəbiyyatda yaş faktoru önəmlidirmi?

- Məncə, önəmlidir. Dünya ədəbiyyatında ən böyük əsərlər 40 yaşdan sonra yazılıb. Bir var 24 yaşlı bir adam “Hərb və Sülh”ü yaza, bir də var yaşı keçmiş biri. Mən elə bir əsər yaza bilmərəm, çünki yaş azdır və təcrübə çox aşağıdır. Həyat təcrübəsi və oxuduqlarımız üst-üstə yığılır və insan formalaşır.

- Qan Turalının yaradıcılığındakı son əsərləri necə xarakterizə edirsən?

- Onun özünə də demişəm, Qan Turalının ən yaxşı kitabı “Doqquz Hekayə”dir. Kitabdakı “Prokurorun Üç Günü”, “Kafka” hekayələri çox gözəldir. Qan Turalı “Mustafa” romanından sonra “Fələk Qırmancı”nı yazdı. İndidən sonra necə roman yazacağı bəlli deyil. Ancaq “Doqquz hekayə” kitabını daha çox bəyənmişdim.

- Bəs Mirmehdi Ağaoğlunun hekayələr kitabı haqqında nə düşünürsən?

- Mirmehdinin “Alman malı” kitabı haqqında yazı da yazmışam, Mirmehdi tələsdi o kitabı çıxartmağa. “Küləyi dişləyən”, “Bu gün səbr elə” kitablarından sonra bu hekayələr kitabı bir az aşağıda qaldı. Sanki bişməmişdi kitab. Elə bil ilk qələm təcrübəsi olan hansısa yazar yazıb hekayələri, halbuki, Mirmehdi o mərhələni çoxdan keçib. Bu kitab daha öncə çıxmalıydı. Yazıçı bütün sahələrə baş vurursa, onda alınmır. Ədəbiyyatda öz yerini tapmalısan. Mirmehdi Quran motivli hekayələrdə çox ustadır, onun gücü ordadır. Yazıçı öz gücünü və girə biləcəyi yükü daşımağı bacarmalıdır. Mirmehdinin “Küləyi dişləyən” romanı ideyası və mövzusu baxımından müasir dövrün ən gözəl romanlarından biridir.

- İnsan öz çalışdığı yeri tərifləməyə borcludur?

- Razı deyiləm. Bir yerdə işləyə bilərsən, amma ədəbiyyat elə bir sahədir ki, orada tərif xoş qarşılanmır, tərif tostdur, qonaqlıqda deyilir, ədəbiyyata xas deyil. Tərifə qarşıyam. Kulisdə bir-birini tərifləmək anlayışı yoxdur. Bizim haqqımızda bir-birimizi tərifləməyimizlə bağlı deyilən şeylər sadəcə dedi-qodudur.

- Şərif Ağayarın yaradıcılığı barədə düşüncələrin maraqlıdır. Yaş faktorunu qabartdın bayaq, Şərif Ağayarı uğurlu yazıçı hesab edirsənmi?

- Şərif aramızda ən böyüyümüzdür. Şərif imzası təsdiq olunan yazardır. Onun “Xürrəm” və “Kərpickəsən kişinin dastanı” kimi qalıcı işləri var. Mətni yaxşı yaza bilir, dili yaxşıdır, mövzuları aktualdır. Şərif mətndə harda olduğunu yaxşı bilir, özünün gücü çatmayan hansısa yükə girmir, bu baxımdan hamımızdan daha təcrübəlidir. Şərifin 42 yaşı var, mənim isə 24. Mənim ortada heç nəyim yoxdur, onun haqqında nəsə deməyim kənardan da yaxşı görünməz.

- Yazıçı üçün kənarın reaksiyası daha önəmlidir, yoxsa oxucunun?

- Əslində heç birinin. Yazıçı nə oxucunun fikiri ilə oturmalıdır, nə də ədəbi mühitin. Yazıçını qane edən yalnız öz düşüncəsi olur. Oxucu yazdığın əsəri qəbul etməyə də bilər, yazıçı yazdığına özü əmin olmalıdır.

- Sən tez-tez sosial şəbəkələrdə suallar qoyursan. Məsələn, Aqşin Evrən, yoxsa Aqşin Yenisey? Bunu keçən müsahibədə Bəxtiyar Əlirzayev tənqid etmişdi. Ümumiyyətlə, bu tip suallar hansı cavaba olan tələbatdan qoyulur?

- Mən bir dəfə Dostoyevski və Tolstoyu soruşdum, sonra Şərif Ağayar və Seymur Baycan., Şərif və Seymur eyni ədəbi nəslin insanlarıdır. Oxucuların reaksiyası maraqlı idi mənə. Həm də bunu ciddiyə almaq da gərək deyil, təbii ki, bu tip sorğuda bir az da zarafat yoğrulur. İki Aqşinlə bağlı suallarda isə məqsədim tamam ayrı idi. Aqşin Yenisey adında bir şair vardı, mükəmməl şeirlər yazırdı, sonra ikinci bir Aqşin ortaya çıxdı. Mənim üçün maraqlı idi ki, Aqşin Evrən Aqşin Yeniseyi unutdura bilmişdimi? Sorğunun sonunda da məlum oldu ki, Aqşin Evrəni indi daha çox adam oxuyur.

- Onda sənin sualını belə verək: Mirmehdi Ağaoğlu, Qan Turalı, yoxsa Şərif Ağayar?

- Tematika baxımdan mənə daha yaxın gələn Şərifdir. İntellektual tərəfdən Qan Turalını seçərəm, struktur baxımdan isə Mirmehdi daha önəmlidir. Bu üç keyfiyyəti birləşdirən isə yoxdur. Məsələn, Orxan Pamuk bütün komponenetləri birləşdirir, bizim ədəbi mühit isə hələki yetişir. Oxucular haqqlıdır, biz çox eqoisik, özümüzü böyük yazıçı hesab edirik. Kənardan özümüzə baxanda görürəm ki, bizə verilən qiymət normaldır, cəmiyyəti qınaya bilmərik. Dünya ədəbiyyatını oxuyan insan məni oxuyanda görür ki, Ayxan ciddi heç nə yaza bilmir. Biz indi cəmiyyətlə dava halında olmamalıyıq, ağ bayraq qaldırmalıyıq, biz cəmiyyətin arasında olsaq, daha çox qəbul olunarıq. Oxucuya qarşı eqoist və özünü bəyənnmiş reaksiya qəbul olunmazdır. Bizim ortada ciddi heç nəyimiz yoxdur, bizdən əvvəlki nəsildən fərqli olaraq.

- Özündən əvvəlki ədəbi nəsil haqqında sən də çox tənqidlər yazmısan. Onların yaradıcılığını bəyənirsənmi?

- O dövrdə yadda qalan yaxşı əsərlər yazıldı. Sadəcə sonrakı yeni dövr ilə bir uyuşmazlıq var idi. Anarın demək olar bütün əsərlərini oxumuşam. Maraqlı əsərlər yazıb. Anarın uzun illər AYB sədri olmağı isə artıq başqa mövzudur.

- Anar AYB sədri omasaydı və diqqəti bu nüansa yönəltməsəydiz, daha çox yaradıcılığına fokuslanardız, elə deyilmi?

- Anar haqqında danışmaq artıq yersizdir. Onun haqqında çox danışıldı. Bu münasibəti də özü yaratdı, 25 ildir bir qurumda sədrdir. Anar danılmaz yazıçıdır, biz onun yaradıcılığını qəbul etməsək, çox gülünc olar, sadəcə onun o sədrlik məsələsi yaradıcılığına kölgə saldı.

- Mövqe yaxud sədrlik bir yazıçının yaradıcılığı haqqında fikir yaratmalıdırmı?

- Məsələn, Səməd Vurğun böyük şairdi. Tutaq ki, Sovetə olan mövqeyinə görə onu silməliyik?. Sırf yaradıcılıqdan danışırıqsa, bu söhbətləri ortaya atmaq hardasa əbləhlikdir, sənin insan olaraq neqativ obrazını formalaşdırır.

- Atalar və oğullar niyə müzakirə olunur? Sən və Eyvaz Əlləzoğlu yaxud Kəramət və Qəşəm Nəcəfzadə...

- Mən əvvəllər yazanda hamı elə bilirdi ki, atam yazır yazılarımı. Sonra da dedilər ki, atası yazıçıdır deyə tanınır. Mənim atam nə məmur idi, nə də vəzifə sahibi. Atam ədəbiyyatda olmağımı istəmirdi, çünki o, məhrumiyyətləri yaxşı bilirdi. Amma sonra anladı ki, yazmağım taleyin işidir. Hamı da elə düşünür ki, ata oğula şərait yaradır, amma atam əlimdən tutub yazı yazmırdı ki.

- Sənin haqqında şəxsi ailə faciələrini çox qabartmağın müzakirə olunur. Buna səbəb nədir?

- Kəramət sənə verdiyi müsahibədə belə bir fikir demişdi. İsa Hüseynova Mehdi Hüseyn irad bildirmişdi ki, sən atandan çox yazırsan, o da “mən öz atamı yaxşı tanıyırdım” demişdi. Mən atam haqqında ona görə yazıram ki, içimdəki ağrı bir az xəfifləsin.

- Oğul kimi yox, yazıçı Ayxan Ayvaz kimi Eyvaz Əlləzoğlunun yaradıcılığını bəyənirsən?

- Atamı doqquzuncu sinifdə tanıdım hekayələrində, mənə qəribə gəldi ki, evimizdə yazıçı var. Amma o öləndən sonra yaradıcılığına başqa gözlə baxdım. Markez və Rafiq Tağı öləndə də yazdıqlarına yenidən baxdım. Atam romanlar yazmışdı, amma anladım ki, o, romançı deyil, usta bir hekayəçidir. Cavan vaxtında şeirlər də yazmışdı, heç birini çap elətdirmirdi, bəyənmirdi, özü üçün yazırdı, mən də bəyənməmişdim şeirlərini. Bir romanını çap eləmişdik, imkan olsa, onun hekayələr kitabını çap elətdirəcəm. Özüm heç nə yazmasam da, atamın çap olunmayan bütün yazılarını çap edəcəm, baxmayaraq ki, üç hekayələr kitabı və bir roman kitabı sağlığında çap olunub.

- Evinizdən yazdığın hekayə niyə çox tanındı?

- Sən nələrsə yazmısan, yaxşı da ola bilər, pis də. Özümü yazıçı hesab eləmirəm mən. Həvəskar qalacağıma inanıram, mən sadəcə ədəbiyyat vurğunuyam, ədəbiyyatdan başqa özümü ifadə edəcəyim heç nə yoxdur. O hekayəmin niyə bu qədər çox sevilməsi mənə də müəmmalıdır, axı orda elə qeyri-adi heç nə yox idi.

- Qardaşın Oğuz Ayvaz da şeirlər yazır...

- Mən 13 yaşımdan ədəbi mühitin içində oldum. Bəlkə də yaxşı deyildi, amma mən atamla birgə ədəbiyyatın üzdə olan bütün adamları ilə otururdum. Hardasa gənc yaşda qocaldım. 2006-cı ildən yazıram, atamla daha yaxın idim, onunla zarafatlar edirdik, atam hansısa qızla münasibətlərimə kimi soruşurdu. Oğuz daha soyuqqanlıdır, 2008-ci ildən yazmağa başladı. Mən həm də insan tanımağa daha çox meyilliyəm, amma Oğuz bir az asosialdır, uşaq vaxtından da elə olub. Şeirlərində maraqlı çalarlar var, fərqlidir tərzi, amma hələ axtarışdadır.

- Deyirsən ki, son vaxtlar yaza bilmirəm...

- Özüm haqqında daha pessimist düşünürəm. Beynimdə bir xeyli mövzu var, amma masada oturmağa qorxuram. Oturub nəyəsə başlamağa ərinirəm. Tənhalığa da çəkilə bilmirəm. İşimə görə də sosial şəbəkələrdəyəm. Həm də mənim üçün önəmsizdir. Yazmaq üçün mütləq tənhalıq lazım deyil, yazanda mən həmişə səs-küy istəmişəm, tam sakit olanda elə bilirəm bütün dünya mənə baxır. Mənim dərdim təklik deyil.

- Kənardan daha pozitiv görünürsən.

- Atamdan gələn bir şeydir. Zarafatcıl adam idi. O olan məclis heç vaxt sönük keçmirdi. Dahi biri də deyiləm, insanlar məni rahatlıqla başa düşürlər. Mənim başa düşülməmək dərdim olmayıb, həm də izah olunmaz bir adam da olmaq istəməzdim.

- Yazdıqlarını ilk kimə oxuyursan?

- Mən hekayələrimi yazanda ilk bacıma oxuyuram, o rəssamdır, mənə yazı adamı olmayan birinin mövqeyi daha maraqlıdır, onun mətnə başqa bir münasibəti olur, sonradan Oğuza oxuyuram.

- Nə yaxşı ki Azərbaycan ədəbiyyatında var dediyin insanlar kimdir və ya kimlərdir?

- İstedadlı olan hər kəs... Nə yaxşı ki, varlar...

- Ədəbiyyatımızda olmasına təəssüf etdiyin insanlar var?


- O qədər çoxdur ki, konkret ad deyə bilmərəm. Gənclərin bir çoxunda belə tendensiyalar var, bizdən sonrakı cavanları deyirəm. Təzə-təzə yazsalar da, iddiaları yerə-göyə sığmır. Aqşin Evrən yaxşı deyir ki, bizdən sonra gəlməyən nəsil. Hər halda, cinayət etmirlər ki, yazı yazırlar. Feysbuk bağlansa, çoxu yoxa çıxacaq.

- Kimlərin şeirlərini oxuyursan?

- Çağdaş rus şairlərini oxuyuram daha çox. Son vaxtlar Azərbaycanda Aqşin Evrən qədər istedadlı ikinci ad yoxdur. Aqşin yerimədən əvvəl qaçmağı yox, uçmağı öyrənib. Bizim nəslin arasında ən istedadlı odur, mən onun yanında çox aciz görünürəm. İndi mənə görə, Aqşin Evrən Ramiz Rövşəndən böyük şairdi. Ramiz Rövşən öz dövründə gözəl şair idi, çağdaş zamanda isə köhnəlib. Pessimist ruh, animist düşüncə indi lazım deyil.Qismətin bəzi şeirlərini də bəyənirəm, eləcə də Aqşin Yenisey öz möhürünü qoyub artıq. Çoxdu oxuduğum şairlər. Ən sevdiyim şair də Nazim Hikmetdir.

- Sən filmlərdən də paylaşımlar edirsən, teatrlara gedirsən, evinizdə rəssam var. İncəsənətin digər sahələri ilə münasibətin necədir ?

- Mən filmlərə baxıram ki, nələrsə öyrənim. Hətta əvvəllər rejissor da olmaq istəmişəm. Bir roman bir həftəyə oxunur, amma film daha az vaxt aparır. Rəssamlığa da maraq duyuram, az-çox anlayışım da var. Ədəbiyyatdan kənar sahələri daha çox öyrənməyə çalışıram indi. Elmlə bağlı araşdırmalara da baxıram, Yalçın İslamzadədən məsələn, çox şey öyrənirəm. Mütləq incəsənət haqqında məlumatlı olmalısan, özünü ədəbiyyata qəlibləyə bilməzsən.

- Ən bəyəndiyin hekayən hansıdır?

- Hamının bəyəndiyi “Evimizdən gecə reportajı”. Amma “Monoton” hekayəmi də bəyənirəm.


Hazırladı:
Tural İsmayılov,
MANERA.AZ







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31