"Cəhənnəmdən gələn zəng" - Hekayə / MANERA.AZ
![]()
Ləman Azər
Sözə mən uşaq olanda filan şey feşməkan cür olub deyərək başlamaqdan inanın ki, əməlli-başlı bezmişəm. Elə qorxuram ki, bir gün sizlərdən biri dözməyib ağzını açıb gözünü yumacaq, deyəcək bəsdi də, nə mən uşaq olanda, mən uşaq olanda deyib durmusan, nədi, dolaşıq relslər kimi qarmaqarışıq cümlələr qura bilirsən, arabir gərək ki ürəyində bu bir-birinə sarmaşmış ilan-qurbağa təsiri bağışlayan mürəkkəb, beşmərtəbəli cümlələrinlə qürur da duyursan, yaşından yaşlı düşündüyünü, dünyanı nə qədər böyük təfəkkürlə dərk elədiyini insanlara anlatmaq, duyurmaq və sübut etmək istəyirsən, amma necə də gülməlisən, ay yazıq, bu qədər böyümənə rəğmən hələ də uşaqlığından qopa, hamı kimi, dünyada normal şəkildə ana bətnində böyüyüb doğulan bütün insanlar kimi yaşadığın uşaqlığını ideallaşdırmaqdan kənarlaşa bilmirsən. Yox, əslində mən özünü, özünə aid hər şeyi ideallaşdırmaqdan, qloballaşdırmaqdan uzaq biriyəm, zəhləmi tökür “ mən, mən və mən” demək. Yəni, adam nə qədər gəvəzə olmalıdır ki ancaq “mən, mən, mən və yenə də mən”-dən danışmaqdan doymasın. Əslində mən də bir ayrı cürə axmağam, çünki daim başqalarının danışmaqdan doymadığı “mən”-dən şikayətçiyəm, ona heç nəyi güzəştə getmək istəmirəm, bir qadın bədəninə müvəqqəti oturan və əbədi ruh olduğumu bilə-bilə bu bədəni o qədər şeyə zorlayıram ki, hərdən elə təsəvvür edirəm ki, bir gün durduq yerdə ya başı, ya da ki elə hər yeri daxil olmaqla bütün bədəni partlayacaq mənə inad və mən qatardan şey-şüyləri ilə bayıra atılmış sərnişindən daha əlacsız qalacam, getməyə bir yerim belə olmayacaq....
26.04.2016-cı il. İşdən gəlirəm. Təxminən saat 22:45. “Pandoranın ümidi”ni o gün tamamlamışam. Yazıdan sonra özümü əməllicə it kimi hiss edirəm. Psixozam, nəyəm bilmirəm, qəribə şeylər yaşayıram üst-üstə, hansı ki ancaq itlər yaşaya bilər bunu, adamlarsa, daha doğrusu bir qism adamlar heç vaxt təsəvvür edə bilməzlər ki, it kimi olmaq və it kimi yaşamaq necə olur. Avtobusun adını çəkməyəcəm, çünki heç tənqidçilər də bu manerama yaxşı baxmayacaqlar. Nə isə №-li avtobusdan düşürəm və qaranlıqda, bütün dükanların bağlı, işıq gələn yerin olmadığı adamsız yol kənarı ilə evimizə qədər olan 200 metr məsafəni asta-asta yeriyərək qət etmək fikrilə addımlayıram. Bu arada bir şikayətim var, niyə bizim qəsəbədə gecə saat 11-dən sonra bütün yol işıqları sönülü olur, amma indi zamanı deyil və bu mənim danışacağımdan çox başqa bir mətləbdir. Elə yorğa yeriyirdim ki, sanki bu dənizkənarı bir gəzintidir, kənardan baxan üçün bu bədənini zorla sürüyüb aparmaq kimi də görünə bilərdi. Əslinə qalsa etiraf etməliyəm ki, doğurdan da özümü sürüyüb aparırdım, həm də bir az dalğın adamam, yol gedə-gedə belə xəyallarım zəbt eləyir bir para beynimi. İşin gözəl tərəfi odur ki, gecənin bu vaxtı məndən də başqa oyaqlar dolaşırmış bizim küçədə. Özü də nə az, nə çox. Qrup halında dayanmışdılar mən yanlarından keçəndə, təqribən 6-7 dənə olardılar. Qoçaqlar ac imişlər, ya da mən özümü it olmağın xəyalına elə qapdırmışam ki, heç fərqinə varmamışam ki, küçədə gecənin bu vaxtı topa-topa dolaşan 6-7 vəhşi və ac köpək məni balaca küçük hesab edib boğmaq həvəsinə düşə bilər. Təbiətin qəribə qanunları var, böyüklər həmişə balacalara ya xox gəlir, ya da birdəfəlik parçalayır. Hə, düz fikirləşirsiz, bu aclıq ehtirası ilə veyil-veyil dolaşan vəhşilər hamısı mənə cumdu. Təsəvvür edin, qaranlıq, özü də zilindən, yenə də şikayətçiyəm, çünki bizim qəsəbədə gecə saat 11-dən sonra bir dənə də olsun yol işığını yanlı görə bilmərsiz, külək yox, tükürpədən, qorxunc kinolardakı sakitlikdən, ağaclarda bir yarpaq belə tərpənmir və əlimdə özümü qoruyacaq heç bir vasitəm yox halda bu qədər, səhərlər ət dükanlarının qabağında özünü yazıqlığa vurub bir iki sümük atışdıran vəhşinin hücumuna məruz qalmışam. Hərdən gülmək üçün deyirəm ki, yəqin məni dovşan falan zənn etmişdilər. Əslində onların mənə cummağı, mənim özümü bir an belə itirmədən ən yüksək sürətimlə qaçışım, onların azğın şəkildə, ən qorxuducu səs tembri ilə har-har hürərək “ qaqa, oyanın, burda qəşəng yem var” deyibən bir-birini səsləyişi və olanlar azmış kimi, istiqamət götürdüyüm yolun kənarlarında bir xeylaq boy atmış ot-alafın içində yatanların da ayılıb məni barrikadaya alması o qədər də vacib deyil, vacib olan o an mənim hiss etdiklərimdi. Nə qəribədi?! Gecə-gündüz həyatın mənasız bir şey olmasını düşünürsən və durmadan ölümü əzizləyib ona qovuşacağın ana təriflər yağdırırsan. Bunu niyə edirlər?! Bunu niyə edirdim?! O an, canımın hayındaykən bir anlıq nə olursa olsun yaşamaq ən gözəl səadətdir, bu Allahın hamıya bəxş etmədiyi göydəndüşmə səadətdir və mən necə də axmağam, məgərsə bugünə qədər necə də böyük absurdizmə uymuşam. Çoxunuz inanmazsınız ki, adam elə kəsik və qısa vaxtda necə bu qədər şeyi düşünə bilər, vallah inanın, həmən vaxt elə ancaq bunlar düşünülər. Bunu deyə bilməmişlərin adından deyirəm və bu yaxınlarda AGTA-nın saytından bizim aləmin əvəzolunmaz dəlilərindən U. Ekonun vəfatı münasibətilə italyan dilindən tərcümə olunmuş 1997-ci ildə “Espresso” jurnalı üçün yazdığı “Ölümə özünü necə hazırlamalı” məqaləsini oxumalı oldum təsadüfən. Eko Kritone adlı tələbəsinin “müəllim, insan özünü ölümə necə hazırlamalıdır?” sualına, “Ölümə hazırlaşmağın yeganə yolu, bütün digər insanların sarsaq olduğuna inanmaqdır”, deyə cavab verir. Arabir ölümə qovuşmağın möhtəşəmliyindən danışmağı da unutmur qoca və məqalə bu sözlərlə bitir: “Bu dediklərimdən sonra Kritone mənə dedi: “Müəllim, tələsik qərar vermək istəməzdim, amma daxilimdə bir şübhə baş qaldırdı ki, siz sarsaqsınız”. “Görürsən” , dedim, “artıq doğru yoldasan.” Məqaləni oxuduğum müddətdə, məgərsə doğurdan da Eko haqlıymış, bütün dünya o, mən və bizim kimilərin bu uydurma fəlsəfəsinə inanacaq qədər sarsaqdır, yaxud da ən böyük sarsaq elə biz özümüzük ki, inanırıq və inandığımız bunca yalana inandırmağa çalışırıq kimi bir fikir ağlımdan keçdi. Hətta mən son abzası oxuyuncaya qədər ürəyimdən beləcə səsləndim “Allah sənə rəhmət eləsin Eko, amma sən özün məgərsə nə qədər sarsaqmışsan”. Ancaq son abzas, Kritonenin sözləri, “müəllim, tələsik qərar vermək istəməzdim, amma daxilimdə bir şübhə baş qaldırdı ki, siz sarsaqsınız”, onu oxuyarkən bir anlıq həqiqətən bu adamın sözlərilə bu yazıda qoyub getdiyi təsiri hiss elədim və mənə elə gəldi ki, əslində həmən an şagirdinin yerinə o özü olmaq istəyib və əslində, özü –özünə “ Eko, bəsdir, sən özünü axmaq kimi aparırsan, yaşamağın möhtəşəmliyini nə sənin baban ölümə satmazdı, nə də sən satmarsan” deməyi o qədər çox istəyib ki. Mənim o gecə ki əhvalatım heç də o qədəri ilə bitmədi, yəni qaçarkən havada asılı qalmadım, bacardıqca sürətlə qaçırdım, hətta uçurdum, amma özünüz təxmin edin də mənim sürətimlə onların sürəti heç müzakirə belə oluna bilməz, hətta sport ayaqqabım qoçaqlardan birinin açıla qalmış sulu ağzına da yapışdı, yəni az qalmışdı ki o tərəfə gedəm. Deyirlər ha, affekt halında beynin ağıllı düşünmə qabiliyyəti sıfırdır, yalan deyirlər, bax bu da daha bir yalan. Başqa vaxt olsaydı, yəni belə bir məntiqi məsələ həll etməli olsaydım ən adi və sakit halımda yəqin ki cavabım A variantında qeyd olunmuş “qorxudan dilim tutulardı və durduğum yerdəcə qalıb, tərpənə bilməzdim” olardı, amma beynin özfəaliyyətinin sıfıra bərabər olduğunu iddia etdikləri affekt halımda, nədənsə çox qəribədir ki, ilk dəfə, hətta deyərdim həyatımda ilk dəfə ən uğurlu və ağıllı qərarımı vermiş kimi hiss etdim özümü və elə o andaca qarşımdakı qaladan gözlərimi qırpmadan atıldım. Etdiyim hərəkət hansısa bir əzamı sındırmaq riski idi və bu olduqca real, gözlənilən nəticə olacaqdı əgər olsaydı, amma olmadı, pişik balası kimi üzüstə düşdüm. Dizlərimin qatlaşmış formada duruşu, əllərimin yerə dirənərək bədənimin sanki instinktiv olaraq özünümüdafiə mexanizmini işə salması sadəcə diz qapaqlarımın bir balaca əzilməsinə, uzaq başı 4-5 gün çətinliklə yeriməmə gətirib çıxartdı. İnanılmaz idi, hətta yıxıldığım an uşaq kimi çığırıb ağlayarkən və qalanın yuxarı tərəfində dayanıb yemi əldən buraxmış ovçular qəmgin nəzərlərlə həmən anki halıma gözlərini döyərək tamaşa etdikləri halda belə birdən məni qəfil gülmək tutdu. Üst-başım pis gündə idi, əynimdəki paltarlar tamamilə yararsız hala qalmışdı, üstəlik dizlərim qan içində, amma mən gülürdüm ən lazımsız səy gülüşümlə... Nə deyirsiz deyin, sarsaq deyin, axmaq deyin, amma o gün bu günə kimi doğurdan da bir axmaq kimi yaşadığımı anlamışdım. Və həmən günki hekayəm heç bununla da bitmədi. Çox əcaibdir bilirsiz bəzən tanrı böyük bir tarixi sadəcə bir günə sığışdırır, bunu necə bacarır bilmirəm, düzü heç onun işinin sorğusu da ola bilməz, axı O, Tanrıdır. Və üst-başım boğuşmuş bir it balasının günündə evə çatandan sonra əl-üzümü yuyub özümə gələr-gəlməz bir stəkan bol köpüklü qəhvəmi hazırlayıb, içib qonaq otağındakı divanda rahatca uzanmışdım ki wifi-ya qoşulu olduğundan nadir hallarda açıq olan ev telefonumuza qəfil zəng gəldi. Birinci zəngdən dəstəyi qaldırmayacaqdım, çünki gecənin bir aləmində gələn zəngin heç xeyirli bir zəng olmadığını düşünürdüm və elə də etdim, dəstəyi qaldırmadım. Ancaq telefon heç susmadı, daha bir zəng, sonra daha bir zəng və ard-arda gələn bu qədər gecə zənginin arxasında hansısa bir narahatçılığın, vacib bir xəbərin olduğunu düşündüm. Yorğun bədənimi zorla divandan qaldıraraq dəhlizdəki telefonun yanına sürüdüm, dəstəyi qaldırdım:
-Alo, buyurun eşidirəm
Dəstəyin o tərəfində alosuz falansız, quyunun dibindən gələn xırıltılı bir səslə, “Sən Ləmansan?” dedilər. - Bəli, mənəm. Buyurun eşidirəm sizi. Kimdi ki? Nə lazım idi?
- Bu mənəm, Ləm, sənin dünyada ən çox sevdiyin adam, Markes.
- Nə? Kim? Markes? Məncə siz dəlisiz ki gecənin bu vaxtı kimisə narahat edirsiniz bu cür boşboğazlığınıznan.
Qarşı tərəfə ağzını açmağa imkan vermədən dəstəyi yerinə qoydum və “dünyada nə qədər axmaq var, ilahi”deyib, deyinə-deyinə qonaq otağına keçdim. Onsuzda beynim kifayət qədər doluydu, hətta daşırdı cürəbəcürə insan qafilələrinin əlindən. Mən yetəri qədər teatral bir həyat yaşayırdım, oyunçularsa nə qədər istəsəniz. Mənim ölkəmdə bu qədər aqressivləşmiş insan varkən və hər gün avtobusda, işdə, dərsdə, hara çevrilib baxsanız elə orda onların öhdəsindən gəlməyə çalışarkən özüm də onlardan birinə çevrilməkdə idim. Çünki gələn telefon zənginə verdiyim cavab hər gün ətrafımdakılardan gördüyüm hərəkətlərin bir təkrarı idi. Hər gün işdə azı 600 dəfə “azad kassa” deməkdən durduq yerdəcə evin ortasında azad kassa deyib qışqırmaq istəyirdim, bu hiss metroda da gəlirdi, bəzən avtobusda da, dəqiq bilmirəm hələ bəlkə yuxulu halımda belə bir şey etmişəm də. Dəqiq məndə nəsə yolunda getməyən bir şeylər var deyə düşünərkən və az öncə gəlmiş zəngə verdiyim kobud cavabın məyusluğunu içimdən keçirərkən daha bir zəng gəldi. Dəstəyi götürməməkdə qərarlıydım, çünki təbii olaraq ikitərəfli zədə vurmaq istəmirdim, yəni nə öz əsəblərimi pozmaq, nə də bir başqasını kobudlamaq, acılamaq istəmirdim, amma gedişat başqa cür olduğundan, yəni telefon zəhlətökən zəngi ilə heç susmadığından onu susdurmaq məcburiyyətində olduğumçün naqili şəbəkədən ayırmaq qərarına gəldim və ayırdım da, amma nə baş verdisə, özümə də agah olmayan bir hisslə qəfil bu adamla danışmaq ehtiyacı duydum, naqili şəbəkəyə saldım və telefonun qırağında əyləşib zəngin gələcəyi anı gözlədim. İlk 5 dəqiqədə onun heç zəng etməyəcəyini düşündüm. Olan qalan bütün həvəsimin ölməyinə rəğmən o məni şaşırtdı və 6-cı dəqiqədə telefon cingildəməyə başladı. Ilk zəngdə həmən dəstəyi qaldırdım, kifayət qədər yerimi də rahatlamışdım danışmaq üçün, divara söykənərək oturmuşdum və barmaqlarımın saçlarımın arasında olduğu həmən o gərginliyim də üstümdə idi. Hazır idim, hə hazır idim: - Alo
- Ləm, dəstəyi qoyma!
Onsuzda belə bir fikrim yox idi, amma onun bilinməyən uzaqlıqdan qopub gələn bu xırıltılı səsində nə isə bir qərarlılıq var idi və əlbəttə ki, bu məni daha da çox həyəcanlandırırdı və həyəcanımın göstəricisi idi ki durmadan başımı qaşıyırdım, adamın nəinki səsi, səsinin tonu, hətta danışığa başlamaq qaydası da məni ovsunlayırdı. Bir baxın, “Ləm, dəstəyi qoyma”, elə deyir ki, sanki yüz ildir məni tanıyır və sanki bu qədər əminliklə özünü at dərədən desə atacam.
- Mən sizi eşidirəm, dediniz siz 2 il əvvəl vəfat etmiş həmən o dünyaca məşhur yazıçının özüsünüz, səhv eləmirəm?
- Yox Ləm, səhv eləmirsən. Mən çox uzun adı olan dünyaca məşhur yazıçı Qabriel Qarsia Markesəm.
Bir də adam bilirsinizmi necə danışır?! Elə bil cəhənnəm əzabı görüb, güldürsən gülməyəcək, ağlatsan ağlamayacaq. Seçə bilmirəm səsində kədər var, yoxsa bu mənə heç tanış olmayan səsi, danışıq tövrü olan adamın təbiiliyidir.
- Alo, alo, yaxşı eşitmirəm sizi, səsiniz çox uzaqdan gəlir, axı mən biləni ölülər danışa bilmir. Gecənin bir vaxtı mənə zəng vuran adam niyə Markes olsun ki?
- Sən axı bunu bilməlisən, Ləm bugün itlər sənə hücum etdi, səncə niyə? Çünki sən magikal reallığa inanırsan və özünü balaca bir küçük kimi hiss etdiyinçün onlar da səni elə gördü və boğmaq qərarına gəldi. Sən də mənim kimisən, biz eyni cürük.
Adamın nitqi məndə bir xeyli çaşqınlıq yaradır, əvvəl özünü ölmüş bir yazıçı, özü də mənə, mənim ölkəmə, mənim dilimə aidiyyatı olmayan bir yazıçı kimi təqdim etdiyində mən düşünürəm ki, görəsən bu başdanxarabın dərdi nədi?! Fikirləşirəm ki, əgər o telefon dələduzudursa niyə bu qədər kübar, mədəni danışır, yaxud da əgər onun mənimlə ya tanışlıq, ya da sadəcə olaraq mənim əsəblərimlə oynamaq fikri varsa bu nə gülməli obrazdır ki uydurub?! Özü də durmadan Ləm deyir. Niyə? Bəs bayaq mənim üstümə itlərin cumduğunu hardan bilir? Axı həmən vaxt küçə bomboş idi. Off elə şaşırmışam ki saçlarımın dibini dərin-dərin qaşımaqdan, ən pis halımda etdiyimi etməyə, saqqalım varmış kimi çənəmin altını xıncım-xıncım çimdikləməyə keçmişəm.
- Yəni siz doğurdan da iddia edirsiniz ki, Markessiniz? -şaşqın halımla dönüb-dönüb ya eyni sualı verirəm, ya da Markes ölüb, Markes ölüb deyə təkrarlayıram,- axı Markes çoxdan ölüb, o yoxdur.
- Mənə istədiyin qədər istədiyin sualları verə bilərsən.
- Yaxşı, tutaq ki, mən inandım ki, sən Qabriel Qarsia Markessən - adam məntiqi cəhətdən kəskin şəkildə dolaşanda “siz”-dən “sən”-ə də keçə bilir,- bilmək olar hardan zəng vurursan, ya da mənim yaşadığım ünvanı və mənzilimin nömrəsini hardan bilirsən, ya da sən ümumiyyətlə məni hardan tanıyırsan və ən əsası əgər sən olduğunu iddia etdiyin şəxssənsə necə mənim dilimdə belə səlis danışa bilirsən????? Hə, bir də mənə niyə “ Ləm” deyirsən?
- Əvvəl mənzilinin nömrəsi və ünvanla bağlı suallarını cavablandırım və əlavə edim ki, itlərlə bağlı məqamı ürəyindən keçirdinsə də o sualı verməyi unutdun ki, səni harda və necə görmüşəm. Ağıllı qızsan, bunu özün də bilirsən ki, ruhların nə dili, nə də məkanı olmur və biz tanrı deyilik, amma yaşayanlardan fərqli olaraq istədiyimizi bizə icazə verilən zamanda görə, istədiyimiz yerdə peyda ola və istədiyimiz adamla istədiyimiz dildə danışa bilirik.
Bağışlayın, yenə ən sevmədiyim bir ifadə ilə fikrimə giriş edəcəm. Uşaq vaxtı mən nənəmgilin “Qozlu qoruq” dediyimiz böyük fındıq və qoz ağacları olan bağında ilk dəfə sərbəst, anamsız gəzəndə qabağıma yoğun və kifayət qədər uzun, qara bir ilan çıxmışdı. Əgər məni haylaya-haylaya axtaran anam vaxtında, ən həlledici məqamda gəlib çatmasaydı, məni ilanın qabağından kənara dartmasaydı mən o qorxanda dilimin tutulduğu, heç udquna bilmədiyim, el arasında kəssən qanım çıxmaz deyilən halımla elə oradaca donub qalmışdım və gümanki indi yox idim. Bax indi də elə idim, kəssələr qanım çıxmazdı, axı mən ruhlar haqqında çox oxumuşam, çünki inanmışam. Axı mən dəfələrlə hansısa bir ruhu çağırmaq ayinini tək başıma gerçəkləşdirmək istəmişəm. Bəs niyə etməmişəm? Çünki qorxmuşam, çünki tükürpədicidir, olmayan, görünməyən biri ilə danışmağın qorxusunun izahı çox çətindir. Həm də narahat edilən ruhun qəzəbli olub-olmayacağından savayı, bu işin günah tərəfi də var və s. Əlqərəz, dilim tutuldu yenə, ona cavab verə bilmirdim, iş orasıdır ki bu cür həyatımda ikinci dəfə idi ki qorxurdum və birinci təcrübəmdən belə halda qışqıra, qaça, kimisə səsləyə bilmədiyimə o qədər əmin idim ki bu dəfə heç cəhd də etmədim. Astadan bircə cümlə ilə “bəs niyə ləm?” ,dedim.
-Məncə sən məni o qədər çox sevirsənsə bunu dəqiq bilirsən ki, mən öz adım daxil bütün uzun adları sevmirəm, çünki onların tərkib hissələrini yada salmaq həm çox çətindir, həm də istər- istəməz adamın dili dolaşır. Sənin adın, “ Qurbanova Ləman Azər”, bu çox uzundur, Ləm. Məncə, sən incimərsən də heç. Bu mənim xoşuma gəlir, yəqin elə sənin də, yoxsa heç ilişib qalmazdın orda. Axı belə şeyləri adətən sən özün deyirsən ki, adamlar ya onları ən çox qıcıqlandıran, ya da ən çox xoşlarına gələn məqama ilişib qalırlar. Söhbət elə bir şeydir ki, ən pis bədheybətlə belə ən yaxşı söhbət canı qorxudan azad edir. Mən o danışdıqca ondan zərər gələ biləcək heç bir yanın olmadığını hiss etdim və bayaqdan az qala ağzımdan bayıra çıxacaq ürəyim yavaş-yavaş rahatlandı. Ahəstə bir şəkildə dialoqa atıldım yenə. - Bəs indi Markes Ləmana hardan zəng vurur?,- çox astadan bir səslə soruşdum, sonra da bir sağıma, bir də soluma boylandım ürkmüşcə. Bir də dəhlizin qaranlığı, bir də evin sakitliyi və təkliyim, bir də bayaq başıma gələnlər, bir də indi düşdüyüm vəziyyət. Ay Allah, nə baş verir görəsən? Dəli oluram, yoxsa bütün bunlar hamısı doğurdan da magikal reallıqdır ki, mən yazdıqlarımı, ya da yazmaq üçün eskizini beynimdı cızdığım hər şeyi bir-bir yaşayıram. Çünki sonuncu dəfə gənc yazıçı dostum Müşviqlə görüşəndə ona “getdiyim hər yerdə qəribə bir hiss keçirirəm, daim elə bilirəm ki, Markes cəhənnəmdədir və günlərin bir günü ordan mənə zəng vuracaq” demişdim. Müşviqsə mənə “Ləman, məncə bu çox maraqlıdır, hətta bunu yazmağa da dəyər”, demişdi və mən həmən gecəni səhərəcən yatmamış və “Cəhənnəmdən gələn zəng adlı” balaca bir hekayə yazmışdım, hansı ki orda hər şey məni basan qaramı deyim, yoxsa tez-tez daldığım xəyalmı deyim bilmirəm, bax eynilə ordakı kimi idi. - Cəhənnəmdən, balaca. Eynilə sənin yazdığın kimi. - Necə yəni cəhənnəmdən? Mən axı heç nə başa düşmürəm, yəni cəhənnəmdə belə asudə və rahatlıqdır ki, siz ruhlar istədiyinizi edə bilirsiz? Bəs cəhənnəm əzabları? - Ləm, bu sənin dünyandır, hər şey sənin yazdığın kimidir. Məni cəhənnəmə sən zəbt etmisən, amma buna görə səni qınayacaq deyiləm, ya da günahlandıracaq, çünki yazdığım yazıların çoxunda mən də çox adamın başına çox oyun açmışam.Əksinə sənə minnətdaram. Sözünü kəsərək, “nə üçün?” dedim. - Çünki burda hər şey adamların xain və saxtakar olduğu dünyadan çox-çox yaxşıdır, hamımız sənə minnətdarıq. -Hamınız? -Unutmusan yoxsa, burda məndən başqa bizim aləmdən Kafka, Hemenquey, Virciniya Vulf, Cek London, Dostoyevski, Albert Kamü, Lui Araqon, Lorka, Folkner, Drayzer, Sartr, El Qreko, Modelyani, Vinsent Van Qoq, Mikelancelo, Şopen, Motsart, Bethoven və çox-çox çoxları var və biz hamımız burda odlu-alovlu cəhənnəmin zalım keşikçilərindən uzaq, İblisin ən yüksək məramlı qonaqlarındanıq. Gecə-gündüz iblis balalarının uca mələklərin daim qoruduğu cənnət bağlarından oğurladıqları meyvələrdən yeyib, şərabdan içirik. Deyə-gülə əylənirik, arabir yeni nəsə də fikirləşirik və bizdən sonra yerində qalan dünyaya, sevdiklərimizə xeyir gətirəcək hər yeniliyi hansısa bir vasitə ilə çatdırmağa çalışırıq. Bir söz var, tutulmuşdum, hə yaman tutulmuşdum. Susub-susub dəli kimi gülürdüm, arada ağlamaq da tuturdu məni. Dəqiq bilirdim ki, heç nə normal deyil, amma hər şey olduqca gözəl idi. Bu mənim xəyalım idi ki, bütün yaradıcı insanlar ölümündən sonra birbaşa cəhənnəmə gedir, çünki onlar hamısı bəzən ən pozğun adamlardır. Çünki onların üçüncü gözü var, çünki onlar istədiyi hər şeyi həm gerçəkləşdirə, həm də görə bilərlər. Nə bilim, məsəlçün Markes həyatında heç olmasa bir dəfə də olsun hansısa bir tanımadığı qadını çılpaq halda öz fantaziyasına uyğun olaraq təsəvvür edib. Kimisə çılpaq təsəvvür etmək və s. bu kimi şeyləri nəzərdə tutmuram pozğunluq deyərkən, yəni onların düşüncəsində sədd, hansısa bir buxov yoxdur, inancında şübhə yoxdur və onlar nəyə inanarlarsa onu da görərlər və istədikləri kimi görərlər. - Ləm mən bilirəm, dostlarına verdiyin bütün kitablara, özünə aid bütün profillərə imza kimi” from little Markes” yazdığını, mənə oxşamaq istədiyini də bilirəm, adamların inanmadığı, inanmayacağı və görməyi bacarmadığı gücə, öz mənqəbəmizin gücünə inandığını da bilirəm eynilə mənim kimi. Bir düşün bəzən bəlkə də bu sənin xəyalın yox, gerçəkdir, bəlkə bizim kimilərin yeri ya dünyadakı tonqallar, ya da burdakı cəhənnəmdir. Yadındadır Freyd nə demişdi? - Deyəsən yadımdadır. Adamlar onun cild-cild əsərlərini tonqalda yandıranda bircə ağız gülüb, “ hə, sevinirəm ki, özümü yox, əsərlərimi yandıracaq qədər inkişaf etmisiniz, hər halda təkamül var” demişdi. -Hə düzdü, eynilə o cür demişdi. Vaxtdır mən getməliyəm balaca, bəlkə bir də görüşdük. Gələn görüşədək.Səni çox sevirəm, bunu bil və ancaq öz gücünə inan və düşündüyün kimi ol, həyatın möhtəşəmliyi nəinki ölümə bir qətrə belə olsa ölüm ağrısına dəyişmə. Bunu sənə bir ölü deyir. Vidalaşmaq üçün heç bir söz deyə bilmədim. Adətən ölülər adamı ağladır, amma o ağlamaqla bu ağlamaq çox fərqli idi. Çox yorğun idim, göz yaşından sulanmış üzümü əlimin tərsi ilə silib yerimdən qalxdım, yataq otağına daxil olaraq divarın bir küncündə yerdən qoyulmuş, köhnəlməsinə baxmayaraq işləkliyi hələ də əla vəziyyətdə olan musiqi mərkəzini düyməsini basaraq işə saldım, nə xoş təsadüf ki radio dalğasında, ispan müğənnisi Bebenin “Tu Silencio – Sənin sükutun” mahnısı səslənirdi və bu gün yaşadıqlarımın hamısının bir yuxu olması ümidilə özümü yatağa atdım. Müğənninin qeyri-adi səsi ruhumun ən içəri qatlarına qədər nüfuz edib sanki damarlarımda ilıq bir yaz nəfəsi kimi dolaşırdı. Mən də öz sükutum üçün darıxmışdım, xüsusilə də bu gün və şirin yuxuya gedən körpələr kimi göz qapaqlarımı bağladım, açdım, yenə bağladım, yenə açdım və birdən elə qəfil bir dəli gülüş gəldi ki mənə. İnanın heç nə yuxu, nə uydurma, nə də xəyal deyildi. Mən heç belə gözəl həqiqət yaşamamışdım. Və dünyanı sevərək, sevinərək sizə son tövsiyyəm: Heç vaxt həyatın, nəfəs almağın, var olmağın, sevib-sevilməyin möhtəşəmliyini ölümün möhtəşəmliyi ilə əvəz etməyin xəyalını belə qurmayın. Bilin, əgər bu dünyada təksinizsə, bir sevəniniz yoxdursa, mən sizi çox sevirəm!!!