Təxəllüslərin cazibə qüvvəsi...
Manera.az Kazım Kazımoviçin "Həmin Quey" yazısını təqdim edir:
***
İncə bel armudu stəkandan çay içə-içə
uzun boy qələmlə ağ üzlü vərəqin üzərində
bu yazını yazanda mətbəxdə soyuducu öz içindəki boşluqu soyudurdu.
Sevgilisinə təzə qovuşan "məhlə uşağının" telefonunda səslənən İbrahim Tatlısəsin mahnısını,
ingilis bayrağı kimi gah o tərəfə gah da bu tərfə əsən külək, pəncərədən otağa gətirirdi.
Qulaqlarımın "səs keçirtmə məntəqəsinin" qarşısında bu mahnı təzəcə dayanmışdı ki, birdən fikrim düşüncəmin
əlindən tutub İbrahimin Tatlısəs təxəllüsünə getdi.
Soy adı Tatlı olan İbrahim abi müğənni deyil də şair olsaydı çox güman ki, Tatlısöz təxəllüsünü götürəcəkdi.
Çünki əksər fövqəladə və adi hallarda insanlar özləri ilə əlaqədar olanları təxəllüslərində əks etdirirlər.
Zamanın ölçülmədiyi zamanlarda (Bəlkə də ölçüldüyü) İlahi və dahi şairimiz Füzuli də belə etmişdi.
Çoxlarının təxəllüsü onların sahib olduqları məqamı, aid olduqları məkanı, daim olduqları halı və sair və ilaxırları özündə güzgü kimi əks etdirir. (İstisnalar olmaq şərti ilə)
Bu əsrlər boyu belə olub, az qala belə də olacaq yazacaqdım ki, anidən Nyutonun başına düşən alma kimi yadıma bu yazını yazma səbəbim düşdü.
Və mən təxəllüslərin cazibə qüvvəsini kəşf etdim.
Bu yazını yazmq səbəbim gənc şair Emin Akifin dünən isti yay gecəsində qəflətən adının sağına "Quey" sözünü birləşdirməsinin səbəbidir.
Eminquey. İlk oxunuşdan Amerikan yazıçısı rəhmətlik Ernest Heminqueyni xatırladır.
(Bu arada rəhmətliyin Qoca və Dəniz əsərini xatırladım)
Eminin, isti yay gecəsində aşırı dərəcədə belə bir ciddi həyati önəm daşıyan qərar verməsi, ictimai müstəvidə (Facebook sosial şəbəkəsində) oxucuları tərəfindən bir mənalı yox çox mənalı qarşılandı.
Gənc şairin özü şəxsən individual olaraq realist aspekdən məsələyə qısa açıqlama gətirsədə məsələ tam olaraq həllini tapmış sayılmazdı.
Bu yazını yazma səbəbimin əsas səbəbi məsələyə postmodernist aspekdən yanaşıb obiyektiv fikr bildirdikdən sonra məsələnin həllini gözlərim arxada qalmadan siz dəyərli oxucuların öhdəsinə buraxmaqdır.
Biraz əvvəl qeyd etdiyim kimi "Bu əsrlər boyu belə olub belə də olacaq..."
Yəni ki, təxəllüslərin təxəllüs sahibləri ilə əlaqədar olması.
Ama Emin bu qətiyyətli addımı ilə əsrlərin boyunu qısaltdı.
Təxəllüsünün özü ilə əlaqədar qoymadan özü ilə əlaqədar qoymasından daha çox həyati önəm daşıyan mətləblərə səbəb oldu.
Məsələn: Bilməyən biri ondan soruşanda ki, niyə Eminquey?
O cavabında; Amerikan yazıçısı var onun adı Ernest Heminqueydir ona intertekstuallıq olsun deyə belə təxəllüs götürdüm.
O bilməyən "intertekstuallıqın" nə olduqunu bu dəfə sual verəcək.
Söhbət postmodernizmə qədər gəlib çıxacaq.
Və beləliklə, o bilməyən çox şey öyrənəcək.
Bir şair bir yazıçını tanıdacaq.
Bir şairin imzası özü ilə birlikdə bir yazıçını xatırladacaq.
Bilənlər onsuzda bilirlər ki, bu Quey həmin Quey deyil.
Qızıl gülün adını dəyişəndə ətri dəyişməz.
(Şekspirin Romeo və Cülyetta əsərindən)
Lap əvvəl qeyd etdiyim kimi "İstisnalar olmaq şərti ilə" yazanda bunu nəzərdə tuturdum.
İncə bel armudu stəkanda çay bitdi.
Uzun boy qələmi ağ üzlü vərəqin üzərinə qoydum.
Telefonuma zəng gəldi, rayondan gələn taksi sürücüsü idi.
İngilis bayraqı kimi gah o tərəfə gah bu tərəfə əsən külək deyəsən anama xəbər aparmışdı.
Anam rayondan yemək göndərib, soyuducu bir müddətlik boşluqun soyudmaqdan əl çəkəcəkdi.
"Məhlə uşağının" telefeonunda isə İbrahim abi oxuyurdu: "Tam ümidi üzmüşken onu buldum karşımda..."