Bədii əsərdə əsas məsələ... |MANERA.AZ
![]()
Rafiq Yusifoğlu, şair, filologiya elmləri doktoru, professor
QARŞILIQLI DIALEKTIKASI
Dünyanı, kainatı, təbiət hadisələrinin sirlərini, özünü dərk etməkdə aciz olan insan əsl həqiqətin nədən ibarət olduğunu bilmədiyi üçün daim həqiqət axtarışlarında olmuşdur. Həqiqət isə təkcə gözlə görünənlərdən ibarət deyildir. Füzuli deyirdi ki, ''Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir''. Ona görə ki, dünyanın dərki o qədər də asan məsələ deyil, insan təxəyyülünün gücü onun son hüdudlarına qədər getmək, ucalığına qədər ucalmaq, dərinliyinə qədər enmək iqtidarında olsaydı nə vardı ki?!
Həyat həqiqəti məsələnin, hadisənin, canlının, predmetin zahirən görünən tərəfidi. Onun görünməyən tərəfi isə yaradıcı təxəyyülün, bədii sözün, sənətin gücü ilə göstərilir. Həyat həqiqəti sənətkarın yaradıcılıq karxanasına xammal kimi daxil olub, onun zəngin düşüncələri vasitəsilə emal olunduqdan sonra müxtəlif bədii formalı, müxtəlif çeşidli hazır məhsul kimi – şeir kimi, poema kimi, hekayə kimi, novella kimi, povest kimi, roman kimi, dram kimi, komediya kimi, faciə kimi, esse kimi yenidən həyata qayıdır. Hazır məhsulun mayası, nüvəsi, skeleti həyatdan gəlmədi, onu ətə-qana gətirən, dolğunlaşdıran, bədii formaya salan isə sənətkar təxəyyülüdü, sənətkar düşüncəsidi, bu təxəyyülü, düşüncəni reallaşdırıb uyğun bildiyi bədii formaya salmaq qabiliyyətidi… Həyatda və sənətda həqiqət axtarışlarından söhbət açanda istər-istəməz adamın yadına məşhur fransız yazıçısı və ədəbiyyatşünası Jül Renarın bu fikirləri düşür: ''Həqiqət heç də həmişə sənət deyil. Sənət də heç də həmişə həqiqət deyil. Lakin həqiqətdə və sənətdə ümumi cəhətlər var ki, onları axtarıram'' (Jul Renar. «Gündəlik», Bakı, 1974, s.44).
Məlumdur ki, həyat elmin, incəsənətin, bədii ədəbiyyatın qida mənbəyidir. Arı gül-çiçəkdən bal çəkdiyi kimi, şair, yazıçı, bəstəkar, rəssam da təbiətin, cəmiyyətin bədii obrazını, rəngini, ritmini sənətə gətirməyə çalışır. Hərə bu məqsədə rəngarəng, fərqli üsullarla, metodlarla, bədii vasitələrlə nail olur. Ümumi nəzəri-estetik prinsiplərlə yanaşı hər kəsin mövzuya, həyat hadisəsinə fərdi yanaşma üslubu vardır ki, bu da bədii inikasın özünəməxsusluğunu şərtləndirən əsas, aparıcı amil kimi diqqəti cəlb edir.
Həyatı necə varsa elə əks etdirməklə oxucu, dinləyici, tamaşaçı diqqətini cəlb etmək, onları həyəcanlandırmaq, düşündürmək mümkün deyildir. Çünki insan təbiət, cəmiyyət hadisələrindən az-çox baş çıxarır, gözəlliklərdən, rənglərin çalarından, quşların nəğməsindən, suların şırıltısından, yarpaqların pıçıltısından zövq almağı bacarır… Insan görür, eşidir, hiss edir. Sənətin əsas qayələrindən biri isə məhz adi gözlə görünə bilməyəni, adi qulaqla eşidilməyəni, adi intuisiya ilə qavranılmayanı göstərmək, eşitdirmək, hiss etdirməkdən ibarətdir.
Təbiətin gözəllikləri insanları görkəmli rəsm ustalarının yaratdıqları peyzajlar, tablolar qədər həyəcanlandırırmı? Quşların, şəlalələrin səsi Bethovenin, Baxın, Şopenin, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Soltan Hacıbəyovun ecazkar musiqisinin təsir gücünə malikdirmi? Həyatdakı rəngarəng insani münasibətlər, hadisələr oxucuya Balzakın, Hüqonun, Moppassanın, Tolstoyun, Dostayevskinin, dünyanın digər görkəmli sənətkarlarının əsərlərini oxuyarkən aldığı zövqü verə bilirmi?
Deməli, bütün sənət əsərlərinin qida mənbəyi, tikinti materialları həyatdan gəlsə də, onu emal eləyən, formalaşdıran, cilalayan, hadisələrə yeni nəfəs verən yaradıcı insanın bədii əksetirmə qabiliyyətindən çox şey asılıdır. Yalnız həyat həqiqətlərini öz zəngin təxəyyülü, sənətkarlıq bacarığı ilə bədii həqiqət səviyyəsinə qaldıra bilən bəstəkarlar, rəssamlar, yazıçılar el arasında sevilir, daim yaşayırlar.
Bədii inikasın qanunauyğunluqları, prinsipləri mürəkkəb, çoxçeşidli, təkrarsızdır. Elə buna görə də o, estetikləri, filosofları, nəzəriyyəçiləri daim düşündürmüş, qayğılandırmışdır. Bədii əksetdirmənin rəngarəng təzahür formaları hər bir sənətkarın fərdi yaradıcılıq üslubu ilə sıx surətdə əlaqəli olduğundan, konkret fikir söyləmək, bütün əsərlərə şamil edilən ümumi nəticələr çıxarmaq bir qədər çətinlik törədir.
Həyat yoxdursa, heç bir bədii yaradıcılıqdan söhbət belə gedə bilməz.Təbiətdə, onun ayrılmaz tərkib hissəsi olan cəmiyyətdə baş verən hadisələri dərindən öyrənməyən sənətkarların əsərlərinin uzun ömürlü olması absurddur, təsəvvürə gəlmir. Görünür elə buna görə də böyük rus yazıçısı Lev Tolstoy deyirdi ki, sənətkar daim el içində olmalı, hətta səfərə çıxanda belə ümumi vaqonda getməlidir. F.Dosteyevski gənc yazıçıya təsadüfən məsləhət vermirdi ki, özünüzdən süjet, fabula uydurmayın, həyat bizim təxəyyülümüzdən qat-qat zəngindir.
Buradan belə nəticə çıxarmaq olar ki, həyat hadisələrini dərindən öyrənib onu yüksək sənətkarlıqla əks etdirmək, bədii həqiqət səviyyəsinə yüksəltmək ədəbi uğurların rəhnidir. Həyat həqiqəti isə məhz sənətkar təxəyyülü ilə dolğunlaşandan sonra bədii həqiqət səviyyəsinə yüksəlir.
Fikrimizi izah etmək üçün klassik ədəbiyyatdan bəzi nümunələrə müraciət edək. Ədəbiyyat tarixçilərinə yaxşı məlumdur ki, böyük Azərbaycan şairi Xaqani Şirvani keşməkeşli bir ömür yolu sürmüşdür. Onun övladlarının vaxtsız ölümü atanın ürəyinə çalın-çarpaz dağ çəkmiş, şair bu ağrı və əzabı özünəməxsus bir tərzdə öz əsərlərində əks etdirmiş, həyat hadisələrini bədii həqiqət səviyyəsinə yüksəltməyi bacarmışdır. Əks təqdirdə həmin şeirlərin təsir gücü xeyli dərəcədə azalardı. Görün şair qızının ölümünü necə mənalandırıb:
Yenicə doğulan qızım gördü ki,
Qarşıda gözlənir min bəla, öldü.
Qeybdən gələn o töhfə duydu ki,
Dərdlərə olacaq mübtəla, öldü.
O kiçik gövhərim yaxşı anladı,
Çox pis yaranıbdır bu dünya, öldü.
Bildi ki, ürəyim dərdə düşəcək,
Üzünü tutaraq binəva, öldü.
O, böyük qızımı pərdədə görcək,
Dedi: -Kifayətdir bir cəfa, öldü…
Qızın ölümü bioloji hadisədir və tale işdir. Şair isə bu adi həyat həqiqətini poetik həqiqət səviyyəsinə qaldıraraq yaşadığı cəmiyyətdə qadın hüquqsuzluğuna qarşı üsyan edir. Şairin təfsirində qız qarşıda min bəlanın gözlənildiyini, dərdlərə mübtəla olacağını, dünyanın pis yarandığını, ata ürəyini dərdə salacağını bildiyi üçün ölür. Şeirin son beyti daha mənalıdır. Böyük bacısını pərdədə görən kiçik bacının ''bir cəfa kifayətdir'' deyə ölməsi çox düşündürücüdür.
Hamı bilir ki, yenicə doğulan, hətta danışmağı bacarmayan bir körpə bu sözləri deyə bilməz. Bu, qətiyyən həqiqətə uyğun deyildir. Ancaq sənətkar qızının ölümünü məhz bu cür mənalandırır və həssas oxucu şeirin ruhundan doğan bədii həqiqətə inanır.
Şairin oğlu Rəşidin ölümü münasibətilə yazdığı şeir də çox mənalı, düşündürücüdür:
Rəşidim ölən zaman ona belə söylədim:
Ürəyində bir arzun varsa, söylə müxtəsər.
Cavab verdi ki, arzu həyat üçün gərəkdir,
Həyat əldən gedirkən arzu qalırmı məgər?
Həyat hadisələrini olduğu kimi qələmə almaqla ədəbi uğurlar qazanmaq mümkün deyildir. Əsas məsələ faktlara, olaylara sənətkar münasibətidir. Hadisələri necə təqdim etməkdən də çox şey asılıdır. Tutalım, Nizami Firdovsinin qələmə aldığı hadisələri özünəməxsus şəkildə yenidən poetik təsvir obyekti seçərək təkrarsız sənət inciləri yarada bilmişdir. Fakt həmin faktdır, hadisə həmin hadisədir, mövzuya sənətkar münasibəti isə tamam fərqlidir.
''Isgəndərnamə''dən söhbət açarkən Firdovsi ilə Nizamini müqayisə edən Bertelsin bu qənatləri çox inandırıcı və dəqiqdir: ''Firdovsi öz qəhrəmanlarının psixolojisi üzərində düşünməmişdir. O, özünə məlum olan əfsanələri vicdanla ifadə etmişdir, lakin bu ifadədə ştamp halına gəlmiş adi sözlərə müraciət etmişdir ki, bu da şairin ziddiyyətlərə düşməsinə səbəb olmuşdur. Nizami öz qəhrəmanının qəlbinə girir, onunla birgə düşünür və ən xırda cizgilərdə belə qəhrəmanın xarakterinin ümumi quruluşuna müvəffəq olur…
…Firdovsidə sözdən ritorik istifadə başlangıcları vardır, lakin Nizamidə söz bütün qüdrətiylə parlayır'' . (Nizami haqqında məqalələr məcmuəsi, 2-ci cild, Bakı, Azərnəşr, 1940, s.78-79)- Məşhur şərqşünas, professor Bertelsin ''Nizami və Firdovsi'' adlı tədqiqatından götürdüyümüz bu fikirlər bədii həqiqətlə həyat həqiqətinin qarşılıqlı tənasübünü öyrənmək baxımından maraq doğurur. Tədqiqat boyu Bertels fikirlərini əsaslandırmaq üçün müqayisələr aparır, təkzibedilməz faktlara istinad edir.
Ulu Nizaminin təbiriylə desək, ''Palazdan ipək yaratmaq'', hər hansı bir tarixi faktı, həyat hadisəsini insanları düşündürən, onları fəaliyyətə səsləyən bədii həqiqət səviyyəsinə yüksəldə bilmək hər sənətkara nəsib olmur.
Fikrimizi əsaslandırmaq üçün Nizami əsərlərində öz əksini tapan iki məqam üzərində dayanaq. ''Xosrov və Şirin'' əsərində Fərhadın öz külüngü ilə Bisitun dağını çapıb yol açmasından, ''Yeddi gözəl''də Fitnənin öküzü boynuna alıb pillələrlə yuxarı qalxmasından söhbət açılır. Dağı çapmaq da, bir qızın öküzü boynunda qaldırması da həqiqətə uyğun deyildir. Hətta müasir texnikanın gücündən istifadə etməklə belə dağ çapmaq uzun bir prosesdir. Ginnessin rekordlar kitabına düşən elə bir pəhləvan yoxdur ki, nəhəng öküzü boynuna alıb pillələrlə yuxarı qalxsın. Onda bəs Nizaminin təsvir elədiyi bu uydurmalara niyə inanırıq? Ona görə ki, Nizami öz ideyasını, fikirlərini vermək üçün həyatda mümkün olmayan hadisəni bədii həqiqət səviyyəsinə qaldıra bilmişdir. Eşqin gücü ilə dağ çapmaq da, vərdişlə, gündəlik məşqlərlə zərif bir qızın öküzü boynunda qaldıra bilməsi də sənətkar məramının ifadəçisidir.
Böyük Füzulinin əsərlərində də olmuş və olması mümkün hadisələrə sənətkar təxəyyülü yeni bir don biçmiş, onlara bənzərsiz bir rəng, təzə bir ahəng gətirmişdir. Məsələn, Leyli və Məcnun mövzusu Şərq ədəbiyyatında yeni deyildir. Nizami Gəncəvi də Füzulidən əvvəl ''Leyli və Məcnun'' kimi qiymətli bir sənət incisi yaratmışdır. Bəs nə üçün Füzulinin əsəri təkrar təsiri bağışlamır? Ona görə ki, şair məlum hadisəni, əfsanəni özünəməxsus bir tərzdə nəzmə çəkmiş, hadisələrə öz gözü ilə baxmağa, onları öz duyduğu və düşündüyü kimi mənalandırmağa çalışmışdır. Sənətkarın özünəməxsus ədəbi üslubu, düşüncə tərzi, hadisələrə poetik münasibəti yeni bədii həqiqətlərin meydana gəlməsinə zəmin yaratmışdır.
Dünyaya gələn uşağın ağlaması həyat həqiqətidir. Məcnun da dünyaya gələndə hamı kimi ağlayır. Lakin Füzuli bu həyat həqiqətini özünəməxsus bir şəkildə mənalandırıb bədii həqiqət səviyyəsinə yüksəldir:
Ol dəm ki, bu xakidanə düşdü,
Halını bilib fəğanə düşdü.
Axır günün əvvəl eyləyib yad,
Axıtdı sirişkü qıldı fəryad,
Yəni ki: ''Vücud dami-ğəmdir,
Azadələrin yeri ədəmdir.
Hər kim ki, əsir olur bu damə,
Səbr etsə gərək ğəmi-müdamə''
Olmuşdu zəbani-hali guya,
Söylədi ki, ey cəfaçı dünya!
Bildim ğəmini sənin ki çoxdur,
Ğəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam ğəmin hərifi,
Gəl təcrübə eylə mən zərifi!
(Füzüli. Leyli və Məcnun. Bakı, 1958, s.30-31)
Məcnun ona görə ağlayır ki, onu gələcəkdə bəlalar, müsibətlər gözləyir.
Yeni doğılan uşağın danışması da qeyri-mümkündür. Lakin Füzuli öz qəhrəmanını doğulan kimi danışdırır… Özü də bu uşaq uşaq kimi yox, dünyagörmüş bir filosof kimi fikirlərini şərh edir.
Zövq ilə keçirmə ruzigarım,
Fani olana yox etibarım.
Ey eşq, ğəribi-aləm oldum,
Avareyi-vadiyi-ğəm oldum.
Tədbiri-ğəm etmək olmaz oldu,
Gəldim, geri getmək olmaz oldu.
Səndən dilərəm mədəd ki daim,
Təmkinim ola sən ilə qaim.
Bu bəzmdə kim şərab qandır,
Saqi cəlladi-biamandır;
Bir mey mənə sun ki, məstü mədhuş,
Daim özümü qılım fəramuş.
Nə gəldiyimi bilim cəhanə,
Nə onu ki, necədir zəmanə.
Aləm gözümə görünməyə hiç,
Bu riştədə bulmayam xəmü piç…
(Yenə orada, s.31)
Füzuli bu sözləri təzəcə doğulan Qeysin dili ilə deyir. Bu cür mühakimə yürütmək bir yana, təzə doğulan uşaq necə danışa bilər axı! Həyatda bu mümkünsüz bir işdi, ədəbiyyatın isə öz qayda-qanunları, bədii təqdimat üsulları vardır.
Deməli bədii əsərdə əsas məsələ poetik həqiqətin səviyyəsində, onun inandırıcılığında, sənətkarın əsas məramını ifadə etmək gücündədir. Sənətkarın böyüklüyü, qələminin gücü ondadır ki, real həyatda olmayanı belə bədii həqiqət səviyyəsinə qaldıra və oxucunu bunun doğruluğuna inandıra bilsin.
Qocalarkən insan belinin bükülməsi izahata ehtiyacı olmayan adi həyat həqiqətidir. Lakin ustad Füzuli bunu orijinal, özünəməxsus şəkildə mənalandıraraq bədii həqiqətə çevirmiş, dünyanı dərk etməyə çalışan həssas oxucuları düşüncələrə qərq etmişdir:
Ey Füzuli, qədimiz qıldı fələk xəm, yəni
Vəqtdir çıxmağa dünya qapısından, əyilin.
(Məhəmməd Füzuli, Əsərləri, 5 cilddə, 1-ci cild, Bakı, 1958, s.212)
Bax əsl bədii həqiqət budur. Füzulinin yozumunda qocanın beli ona görə bükülmür ki, o qocadır, ona görə əyilir ki, bu dünyanın qapısından çıxanda onun başı həmin qapıya dəyməsin…
Yeri gəlmişkən, maraqlı bir faktı xatırladım. Böyük ispan şairi Federiko Qarsia Lorkanın şeirlərinin tərcüməsi üstündə işləyəndə belə misralara rast gəldim: ''Ispan qızları hər gecə aya baxırlar. Ispan qızlarının ayaqları uzundur''. - Sətri tərcümənin mənası belə idi. Ancaq inanmadım ki, Qarsia Lorka kimi böyük bir sənətkar bu tipli ümumi sözlər işlətməklə kifayətlənə. Ağlıma gəldi ki, Lorkanın demək istədiyi sözlər belə ola bilər: ''Ispan qızları hər gecə pəncərədən aya baxırlar. Aya boylanmaqdan onların ayaqları uzanıb''… Və onun şeirinin ilk bəndini bu cür tərcümə elədim:
Pəncərədən baxır
Neçə ispan qızı;
Aya boylanmaqdan
Ayaqlar upuzun…
Tam əminəm ki, həmin şeirin cövhərindəki bədii həqiqət ''aya boylanmaqdan ayaqların uzanmasında''dır. Bu incə detal, ştrix vasitəsilə gözəlliyə, azadlığa can atan insanların bədii obrazı yaradılmış, onların daxili dünyası, arzu və düşüncələri sətiraltı məna ilə ifadə edilmişdir.
Öz qidasını həyat həqiqətindən götürən əfsanələrin əksəriyyəti yaradıcı insan zəkasından nurlanaraq bədii həqiqət səviyyəsinə yüksəlmişdir. Bu əfsanələr əsasında isə yeni-yeni şeirlər, poemalar, povestlər, romanlar, dramatik əsərlər yaranmışdır. Bu tipli əsərlərə diqqət yetirdikdə aydın olur ki, insanlar həyatda baş verənləri görmək istədikləri kimi təsvir etməklə öz arzu və düşüncələrini ifadə etməyə çalışmışlar.
XX əsrin nəhəng tarixi şəxsiyyətlərindən biri olan Hüseyn Cavidin ''Şeyx Sənan'' faciəsində həyat həqiqətinin bədii həqiqət səviyyəsinə yüksəlməsi prosesi aydınca sezilir. Cəmiyyətin əxlaq qanunları arzu və düşüncələrin yolunda keçilməz hasar çəkəndə bir-birinə qovuşmaq istəyən insanların özlərini öldürməkdən başqa çarəsi qalmır. Bu mövzu bütün dünya folklorunda, dünya ədəbiyyatında yetərincə öz bədii əksini tapmışdır. Cavidin ''Şeyx Sənan'' əsərində də həmin problemin yüksək bədii sənətkarlıqla öz həllini tapmasının şahidi oluruq.
Müsəlmanlığın canlı mücəssiməsi olan Şeyx Sənanın öz sevgisi yolunda dinindən uzaqlaşması, gürcü qızı Xumardan ötrü donuz otarmağa belə razı olması islam əxlaqı nöqteyi-nəzərindən çox böyük qəbahətdir. Lakin ''Tanrısı gözəllik və sevgi olan'' Hüseyn Cavid rəvayətlərdən, əfsanələrdən süzülüb gələn bu ''fakt''dan öz ədəbi məramını açmaq vasitəsi kimi istifadə etmişdir. Qüdrətli sənətkar təxəyyülü ilə bədii həqiqət səviyyəsinə yüksələn bu hadisənin islam dünyasında etirazla qarşılanmaması da qanunauyğun haldır. Çünki əslində Cavidin qəhrəmanları dini yasaqlardan, mənsub olduqları xalqların mənəvi təkamül yolunda buxova çevrilən adət ənənələrindən sıyrılaraq daha yüksək bir mərtəbəyə ucalırlar. Elə buna görə də Cavidin qəhrəmanları mənsub olduqları zümrənin fövqündə dayanırlar. Bu sevgi əslində dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insanları birliyə, qardaşlığa, dostluğa səsləyir. Axı bütün dünyanın, eləcə də bütün insanların yaradıcısı bir, yeganə, şəriki və bənzəri olmayan Allahdır!
Şeyx Sənanın fikrincə, dünyada sevgidən başqa hər şey yalandır. Başqa dinə mənsub olan Xumar da bu fikirdədir. O da sevgini monastrdan uca hesab eləyir. Sevgililəri bir-birinə yaxınlaşdıran da məhz onların yeni düşüncə tərzidir. Onlar dini yasaqlara etiraz əlaməti olaraq birlikdə özlərini qayadan atıb öldürsələr də, əslində göylərə ucalır, insanları da ulu yaradanın hüzuruna təmiz, pak gəlməyə səsləyirlər. Müəllif öz düşüncələrini, ədəbi məramını Dərvişin dili ilə belə ifadə edir:
Şeyx Sənan Xumarı izləyərək,
Rəqs edir göydə imdi, sanki mələk…
Hər kimin kor deyilsə vicdanı,
Görür əlan Xumarı, Sənanı.
Baxınız, ərşə yüksəlir onlar,
Baxınız, iştə Şeyx, iştə Xumar…
(Hüseyn Cavid. Seçilmiş əsərləri, 3 cilddə, 1-ci cild, Bakı, 1968, s.264).
Şair və yazıçılar adi həyat həqiqətlərini bədii həqiqət səviyyəsinə yüksəltmək üçün obrazlı, poetik inikasa yardımçı olan bütün sənətkarlıq komponentlərindən, bədii təsvir və ifadə vasitələrindən istifadə edirlər.
Həyatda baş verən hadisəni hərə bir cür qiymətləndirir, hərə bir cür yozur. Həyat həqiqətinin bədii həqiqətə çevrilməsi sənətkarın üslubu ilə sıx şəkildə əlaqədardır. Məsələn, kosmosa ilk dəfə it göndərilməsi faktını kimisi ironiya ilə ''mənim layka qardaşım'' kimi dəyərləndiririr, kimisi isə (R.Rza) kinayə ilə söyləyirdi ki, özün it oğlu it olasan, bu mərtəbəyə ucalasan…
Insan yaşlandıqca onun saçlarının ağarması adi həyat həqiqətidir. Hər şair bunu bir cür mənalandırır, ona özünəməxsus bir şəkildə poetik şərh verməyə çalışır. Tutalım, Bəxtiyar Vahabzadə deyir ki, qara saçları mənə təbiət verib, ağ saçları isə özüm qazanmışam. Qasım Qasımzadə ağ saçların bəzilərinin ''dövlət tükü'', bəzilərinin ''qeyrət yükü'', bəzilərinin ''vay, şivən səsi'' olduğunu vurğulayır. Fikrət Qoca isə həmin həyati faktı bu cür dəyərləndirir:
Başıma gəlib
yağdıqca yağışlar,
yuyulub ağarıb
qara saçlar, qara qaşlar…
Xalq şairi Hüseyn Arif adi bir həyati faktı bədii həqiqət səviyyəsinə yüksəltməyi bacarmışdır. Kənd həyatını gözəl bilən, özünəməxsus tərzdə müşahidələr aparan şair çəpəri saxlamaq üçin yerə vurulan söyüd payasının göyərib bitməsini çox gözəl mənalandırır:
Ağac tək yaşamaq istəyənləri,
Paya tək çəpərdə saxlamaq olmaz…
Dünya, eləcə də Azərbaycan şairlərinin, yazıçılarının əsərlərində həyat həqiqətinin bədii həqiqətə çevrilməsi faktına aid nümnələr az deyil. Ancaq elə hesab edirik ki, fikrimizi əsaslandırmaq üçün istinad etdiyimiz poetik nümunələr yetərlidir.
Həyat həqiqəti yazıçını, şairi düşündürür, onu bədii yaradıcılığa sövq edir. Yazıçının təxəyyülü, ədəbi üslubu nəticəsində araya-ərsəyə gələn bədii həqiqət isə həyat həqiqətini daha dərindən anlamağa, onu daha düzgün meyarlarla qiymətləndirməyə yardımçı olur.
Xatırlatmaq yerinə düşərdi ki, bu məqalə həyat həqiqəti ilə bədii həqiqətin mahiyyətini, onların qarşılıqlı dialektikasını açmaq yolunda atılan ilk addımdır. Ümid edirik ki, cavan tədqiqatçılar elmi araşdırmalar apararkən bu məsələni də nəzərdən qaçırmayacaq, bədii əsərlərin daha mükəmməl təhlilinə nail olacaqlar.
MANERA.AZ