manera.az
manera.az

ETİMAD BAŞKEÇİD: PORTRET ESKİZLƏRİ

ETİMAD BAŞKEÇİD: PORTRET ESKİZLƏRİ


Bəzən adama elə gəlir ki, rəqəmlər həqiqəti ifadə eləmir: ağlın kəsənə hisslərin şübhəylə yanaşır, rəqəmlə həqiqət arasında uzun-uzadı mütənasiblik tapmaq üzərində baş sındırırsan...

Mən belə situasiyalara tez-tez düşürəm, qəlbimi bürüyən duyğu hələm-hələm ötüb keçmir...

Yubileylə bağlı isə üç dəfə sarsıntıya oxşar hiss keçirmişəm: əlli yaşıma çatanda heç inanmağım gəlmirdi, bəlkə ona görə ki, 50 məndən ötrü hədsiz nəhəng rəqəmdi, o hüduda gəlib çatacağıma heç cür inana bilmirdim

İkinci dəfə ötən il şair dostum Rafiq Hümmət 50-ni haqlayanda o duyğunu yaşadım – az qala otuz il tanıdığın adamın belə yaşlandığını sinirmək asan deyil...

İndi də özünü, necə deyərlər, iyirmi beş yaşında oğlan kimi hiss eləyən Etimad Başkeçid...

Mənim həqiqətlə rəqəmlər arasındakı münaqişəmin mahiyyəti budur...

***
Hərdən öz-özümə Etimad Başkeçidi nə vaxtdan tanışdığımı dəqiqləşdirməyə çalışıram. Hər dəfə də bir qənaətə gəlirəm: yəqin ki, Başkeçidin dağlar qoynundakı bir kənddə dünyaya gəlmiş qarayağız oğlan uşaqlıq oyunlarından əl çəkib Sözlə oynadığı vaxtdan – yəni hələ özünü görmədiyim, amma sorağını eşitdiyim vaxtdan...

Daha dəqiq desəm, o oğlanın atası Murtuz Muradov Borçalının sayılıb-seçilən ziyalılarından idi, Gürcüstanda yaşadığım illərdə tez-tez ictimai və ədəbi məclislərdə rastlaşırdıq. Onda Murtuz müəllim oğlunun Moskvaya oxumağa getmək istədiyini demişdi. Hələ sovet quruluşunun topdağıtmaz sayıldığı illərdə bu həddən artıq çətin idi, üstəlik, dağ kəndində böyümüş bir cavanın dünya ədəbiyyatının paytaxtlarından birini “fəth eləmək” arzusu çoxlarını ağlagəlməz görünürdü...

Amma o oğlan ağlagəlməzi həqiqətə çevirdi: M.Qorki adına Moskva Dünya Ədəbiyyatı İnstitutuna daxil oldu, təhsilini başa vurdu, hətta bir müddət Rusiya mətbuatında çalışdı.

Amma bir həqiqət də var: həmin təhsil ocağını bitirən xeyli adam tanıyıram. Bir neçəsi istisna olmaqla, qalanlarını, elə bil, dünya ədəbiyyatı bir yana, heç olmasa, rus dilinin, rus ədəbiyyatının mehi vurmayıb, diplomlarını alıb getdikləri kimi də qayıdıblar.

Xoşbəxtlikdən Etimad Başkeçid o istisna təşkil eləyənlərin arasındadı, ömrünün təhsilə ayırdığı illərinin haqqını verə bilib. Obrazlı desək, Aşıq Hüseyn Saraclıdan Moris Meterlinqə, Stiven Kinqəcən... yol keçib. Sözün bu iki mənzili arasındakı yol, əlbəttə, asan olmayıb, amma Etimadın yetkinləşməsində zəruri mərhələlərdən birinə çevrilib...

***
Etimad Başkeçidi başdan-binadan şair kimi tanımışam...

O poeziyaya Əli Kərim, İsa İsmayılzadə, Ramiz Rövşən, Eldar Baxış, Səməd Qaraçöp... kimi öz nəfəsi, öz havası, öz deyim tərzilə gəldi. Yazdıqları minilliklərin o üzündən yol alır, həm də qəribə tərzdə yenidi, hamısının üzərində öz ruhunun möhürü var.

Bir də ki, Etimad şairliyi rəsmən yox ruhən qəbul elədi, Söz amanını kəsəndə, böyük dərddən, ya da istəkdən doğulan qəhər kimi, öz içinin dərinliklərindən qalxıb boğazına tıxananda, rahat yaşamağa qoymayanda yazdı, kürsülərdə oxumaq, AYB-yə girmək, təqaüd almaq, müsabiqələrdə iştirak eləmək, toplulara düşmək, kitab buraxdırmaq, populyarlaşmaq... üçün yazmadı. Özünü xəsisliklə xərclədi, oxucunun gözünü yağır eləmədi, Sözünü dəyərləndirənləri intizarda saxlamağı bacardı. Etimadın "Broy&Panoptikum" toplusu həcmcə o qədər iri olmasa da sanbalına görə qat-qat ağırdı.

Əlbəttə, zamanla populyarlıq da gəldi, amma bu Sözünün, istedadının, intellektinin, savadının, zəhmətkeşliyinin, prinsipiallığının, ünsiyyətcilliyinin... hesabına baş verdi. Bir də Sözə sədaqətinin hesabına... Etimad Başkeçid həmişə Sözün abrını gözləməyi, qəhrini çəkməyi bacardı.

Etimad Başkeçidin Söz yaddaşının yaşını rəqəmlərlə ifadə eləmək mümkünsüzdü. O yaddaşın əvvəli minillərin ö üzündə sonu əlçatmaz gələcəkdədi. Məsələn, onun bu bəndlə başlayan bir şeiri var:

içim bir sovrulmuş xırman, bilirəm,
sən sitəm yapırsan –
dərman bilirəm.
nə gördüm, nə çəkdim - bir mən bilirəm,
tək bir mən bilirəm, bir Allah bilir.
Bir də “Qara-qışqırıq” şeirindən misraları götürək:
duymadım bəli,
heç duymaq belə istəmədim.
eşitmədim, görmədim,
umrunda deyildim çünki,
bilmədim, görmədim, eşitmədim deyə,
öldürəcəksinizmi məni indi?

Bu iki Yaddaş mənzili arasındakı genişlik Etmad Başkeçidin ruhunun genişliyidi, bu da ki, hər söz adamına nəsib olmur...

***

Zahid Sarıtorpaqla bağlı bir yazımda ifadə elədiyim fikrə bir də qayıtmaq istəyirəm. Qəbul elədiyim şairin nəsr yazması, yaxud, nasirin nəzmə keçməsi həmişə məndə qəribə narahatlıq doğurub. Ola bilsin, o qələm adamının uğursuz nəsr, ya da nəzm əsəri ortaya çıxaracağından, bununla da haqqında formalaşmış təsəvvürlərimi insafsızcasına dağıdacağından ehtiyatlanmışam.

Boynuma alıram, Etimad Başkeçidin ilk hekayələrini oxuyanda o narahatlığı yaşamışdım. Amma xoşbəxtlikdən “Devri-aləm və bir gün”, “Velosiped”, “Tüklücə”, “Veyil dərəsi” hekayələri narahatlığımı aradan qaldırmağa bəs elədi.

Sonra “Min yol mənə söylər” romanını qələmə aldı.

Görünür, poeziyanın imkan vermədiyi genişliyi, sərbəstliyi nəsrdə tapmışdı, Yəqin ki, o ənginlik də Etimadı öz arxasınca çəkib aparacaq.
Etimad Başkeçidin nəsri avtobioqrafik nəsrdi, ömrünün yaşanmış məqamlarıdı, həmin məqamları ustalıqla, eyni zamanda illərin onun canına hopdurduğu qəribə ağrıyla təsvir eləyir. Etimadın nəsrinin müşahidəçilikdən yarandığını Ramiz Rövşən dəqiq ifadə eləyib: “Lev Tolstoy hələ keçən əsrin əvvəlində yazırdı ki, nəsrdə bədii təxəyyül get-gedə öz yerini canlı müşahidəyə verəcək. Yazıçı müxtəlif süjetlər uydurmaqdan əl çəkib, iştirakçısı və ya şahidi olduğu hadisələri yazacaq. Ya da ki, ən azı bu görüntünü yaratmağa çalışacaq. Tolstoy belə bir nəsrin yüz il sonra, yəni təxminən bizim günlərdə yaranacağını demişdi. Etimadın "Min yol mənə söylər" romanı da, "Veyl dərəsi" hekayəsi də, məncə, Tolstoyun dediyi həmin o nəsrin ana dilimizdəki nümunələridir”.

Etimad nə vaxtdan bəri “Divlərin yürüşü” adlı roman üzərində də işləyir. Amma romanı nə vaxt başa vuracağını özü də bilmir: “Elə zəmanədə yaşayıraq ki, imkanımız olanda yazırıq, ürəyimiz istəyəndə yox. İmkanı isə heç vaxt kənarda axtarmamışam, özüm yaratmağa çalışmışam. Amma belə görünür ki, çox işləyən az qazanır, az işləyən çox və bu, bəlkə də, dialektikanın qanunudur. Ona görə də darılmağa dəyməz, hər şey yolundadır.”

Mənsə bir şeyə əminəm: indi poeziyanın Etimad Başkeçid məqamı onun vəfasızlığına için-için göynəyir...

***
Şübhəsiz, Etimad Başkeçid də Allahdan Söz adamı olanların çoxu kimi oxşar tale yaşayır: ailə qayğıları, dolanışıq problemləri onu vaxtının çoxunu köşə yazmaq, tərcümə eləmək, inzibati işlərlə məşğul olmaq məcburiyyətində qoyub. Özü demiş, Azərbaycan Tərcümə Mərkəzinə keçənəcən Bakı Slavyan Universitetində rektor və prorektordan başqa bütün vəzifələrdə çalışıb, "Tərcümə nəzəriyyəsi və praktikası" kafedrasının müdiri kimi dəyərli işlər görüb.

Bədii tərcüməylə təxminən on beş ildir ki, məşğulam, - müsahibələrinin birində deyir. - İlk dəfə O,Henrinin “Bağdad quşu” hekayəsini çevirmişəm. Hekayəni çevirdim, sonra başım qarışdı, çapa verməyi də unutdum. Haradasa, ay yarımdan sonra baxıb gördüm, heç üzə çıxarılası deyil. O tərcüməni hələ də evdə saxlayıram ki, mənə görk olsun – belə tərcümə eləmək olmaz”.
Mətnlər üzərində səbrlə işləməyə zamanla alışdı. Elə Boris Yevseyevin "Süddə çəpiş" (şərikli), Stiven Kinqin "Ölü zona", Lev Anninskinin "Ceviz ləpəsi" (şərikli), M.Jirmunskinin "Xalq qəhrəmanlıq eposu" kitabları, Stiven Kinqin, Moris Meterlinqin “Seçilmiş əsərləri”... də həmin illərin məhsuludu. Hər iki dilə bələdlik, peşəkarlıq, bədii söz və üslub duyğusu Etimad Başkeçidin tərcümələrinə xas olan cəhətlərdir

“Poetik mətnləri, fəlsəfəyə, dilçiliyə aid əsərləri tərcümə etmirəm, bu ixtisaslaşmış tərcüməçilərin işidir. Üslubçu yazarların əsərlərini də tərcümə etməyi xoşlamıram. Mənə görə, yazıçı yaddaqalan obraz yarada və oxucuların ürəyinə yol tapa bilməyəndə özünə “istedadlı üslubçu” imici qazanmağa çalışır. Yerdə qalan nəsr əsərlərinin bədii tərcüməsi ilə bağlı problem yoxdur”. Bu sözlər Etimad Başkeçidin tərcümə işinə münasibətini açıqlayır. O, rus dilinə tərcümədə də eyni ölçülərə sadiq qalır. Sifarişli tərcümə olsa belə, Etimad öz prinsipini qoruyub saxlamağı bacarır...

***
Nəhayət, 50 yaşlı Etimad Başkeçidin portretinə bir neçə cizgi:

Bir çox cəhətlərilə standart insan tipindən uzaqdı...

Ona tam etibar eləyə bilərsən, düzlüyünə söz yoxdu, amma arada unutqanlıq baş versə, gərək olub-keçəni bağışlamağı bacarasan...

Şaqqıldayıb gülməyi, qəfildən mahnı oxumağı çoxlarını təəccübləndirə bilər, onu tanıyanlarsa bunu ruhən azad olmağının əlaməti sayırlar...

İmtina eləməyi bacarır: AYB-nin “Min yol mənə söylər” romanı üçün mükafatını ədalət prinsipi pozulduğuna görə qəbul eləməyib...

Darıxan adamdı: həmişə ruhuna doğma yerlər, adamlar və məkanlar üçün darıxır..

Bir də elə hey görmək istədiyi, macal tapıb gerçəkləşdirə bilmədiyi işlərin göynərtisini yaşayır...

Amma hələ ömür möhləti var, təki sağlıq olsun...

Nəriman Əbdülrəhmanlı,
MANERA.AZ



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930