manera.az
manera.az

Qonkur qardaşları və psixologizm |MANERA.AZ

📅 17.06.2016 12:57

Qonkur qardaşları və psixologizm |MANERA.AZ

Dünya ədəbiyyatı tarixində Qrim, Roni kimi həm üslub, həm ideya baxımından bir-birini tamamlayan bir çox yazar qardaşlara rast gəlirik. Onları əlbəttə yalnız ailə, soyad yox, həm də dünyaya baxış bucağı, gördüklərini ifadə etmə tərzi ortaq nöqtəyə gətirmişdir. XIX əsrin II yarısında Fransada böyük şöhrət tapmış Edmon və Jül de Qonkur qardaşları da istər ideya, istər yazı tərzi ilə həmfikir olan belə yazıçılardandır.

Qonkur qardaşları neologizmlər, sözbirləşmələri yaradaraq "Bədii yazı" («L'ecriture artiste») üslubunu yaratmağı qarşılarına məqsəd qoymuşdular. Bu üslub təəssüratla söz arasındakı məsafəni maksimal şəkildə qısaltmağa nəzərdə tutulmuşdu.

Qonkur qardaşları "klinik yazı" metodunun da əsasını qoymuşdular. Psixologizmin bu yeni növü "elmi müşahidə"yə əsaslanırdı. Bu da qəhrəmanların zahiri hərəkətlərinə təsir edən daxili aləmin əsasən utancverici tərəflərinin "elmi müşahidə" yolu ilə göstərilməsi idi. Bundan əlavə Qonkurlar impressinost üslub da yaratmışdılar ki, burada düşüncələrin dəyişməsi hisslərin ani dəyişməsi nəticəsində baş verirdi. Bu üslubun yaradılmasında həlledici rolu isə onlar tərəfindən ədəbiyyata gətirilən imoressionist peyzaj olmuşdur.

Qonkur qardaşları "Gündəlik" romanında həqiqi həyat lövhələrinə yer verməyi üstün saymışlar. Burada hadisələr fraqment, eskiz şəklində təsvir edilmişdir. Lakin "Gündəlik"də real həyatla səsləşən obrazlara, dərin psixoloji xarakterlərə rast gəlmirik. Romanın qəhrəmanları müəlliflər tərəfindən sanki qəfil yaxalanıblar.

Qonkur qardaşlarının yaradıcılığında əsasən miras hesabına dolanan və heç bir maliyyə asılılığı olmayan insanların mənəvi-psixoloji xüsusiyyətləri apolit estetizm nöqteyi nəzərindən qələmə alınmışdır. Bununla da Qonkur qardaşlarının hədsiz dərəcədə "həyatın ən kiçik xırdalıqlarına" düşgün olmaları və "sürətli, qısamüddətli hisslərin" impressionizmi təyin olunur. "Gündəlik" romanında "İnsan yaradıcı şüurla mükafatlandırılıb. Düzü, biz min il də yaşasaq ölüm günü anlayırıq ki, etmək istədiklərimizin yarısını belə etməmişik".
Qonkurların naturalist tendesiyalarına görə yazıçı təsvir etdiyi obrazı elmi şəkildə araşdırmalıdır. Qonkurların əsas istiqaməti müasir nevrozun təsvirini vermək idi. Onlar özlərini "sinir tarixçiləri" adlandırırdılar. Qonkurlar belə hesab edirdilər ki, "onların yaradıcılıqları bütünlüklə əsəb xəstəlikləri üzərində qurulmuşdur".

Qonkurların sənədlilik prinsipi əsas diqqəti insan həyatının psixo-fizioloji tərəfinə yönəltmişdi. Burada da onlar əsasən sosial cəhətdən yoxsul siniflərin təsvirinə önəm verirdilər. Çünki "adi xalqdan olan kişi və qadınlar təbiətə, həyati hisslərə daha yaxındırlar; onlar öz sadəliyi seçilirlər". " Müşahidəçi işçinin daxili aləmini çox rahat şəkildə duya bilir". Qonkurlar "Jermin Laserte" romanının girişində "aşağı siniflər"in təsvirini verərkən bunun özlərinin sosial-ideoloji görüşlərindən qaynaqlanmadığını irəli sürmüşlər. " Seçki hüququ, demokratiya və liberazmin mövcud olduğu epoxada, XIX əsrdə yaşayaraq, biz özümüzə sual verdik ki, "aşağı təbəqədən" yazmaq ədəbi qadağası daha götürülsün. Yazıçılar aşağı təbəqəyə xor baxır, buna görə də onların qəlbi, ürəyi və göz yaşları haqqında bir söz deyilməyibdir. Halbuki, maraqlıdır, aşağı təbəqədə göz yaşlarına səbəb olan səbəblələr yuxarı təbəqədə ki insanların da ağlamasına səbəb ola bilərmi?"

Müəlliflərin hər xırdalığa varan ədəbi üslubunu mənəvi və fiziki coşğunluq adlandırmaq olar. Həmin stil isə naturalizmlə mükəmməliyin vəhdətini özündə əks etdirir. Bu "xəstənin ehtiraslı, tələsik nitqi"nə bənzəyir. Onların məqsədi öz əsərlərində "insan həyatı haqqında canlı təəssürat" yaratmaq idi. Buna görə də Qonkurların romanlarında əsas süjet xəttindən ayrılan dialoq və səhnələr çoxdur. Flober ənənələrinə sadiq qalaraq Qonkur qardaşları əsərlərində zahiri dramatizmdən qaçmağa, ümumiyyətlə dramatizmi ikinci plana salırdılar. Buna isə impressioniztik peyzaj vasitəsilə nail olurdular.

Qonkurlar ilk dəfə fiziologiyanı insan davraşının əsas yönəldicisi kimi qəbul etmişlər. Bu ideya sonradan "naturalist məktəb" tərəfindən inkişaf etdilirmişdir; şəxsiyyətin hərəkətlərinin "fizioloji" izahını naturalistlər elmi cəhətdən doğru hesab edirdilər. Bu yanlış qənaətə onlar təbii və sosial mühit arasında fərq görməyən, insanı yalnız bioloji məxluq kimi götürən pozitiv psixologiya nümayəndələrindən sonra gəlmişdilər.

Qonkurların bütün əsərləri fransız ədəbiyyatında yenilik idi. Lakin "Jermin Laserte" əsəri personajların mənəvi emosiyalarını dalğa kimi coşdurması ilə seçilmişdir. Qonkurlara görə gərgin emosional həyat tərzi əsasən mədəni, həssas, ətraf aləmin təsirinə tez məruz qalan insanlarda müşahidə olunur. Qonkurlar bu yüksək gərginlikdə əsəbdə belə seçilmişliyi, mənəvi yüksəkliyi, intelektual fərdi xüsusiyyətləri görürdü. Belə insanlar aktiv gücü təmsil etmirlər, onlar xarici qıcıqlandırıcıları qəbul edən reseptorlardır, başqa sözlə desək hissiyyatdır. Onların bütün qəhrəmanları: yazıçı Şarl Demayi, Filomena bacı, ali təhsilli gənc qız olan Mopren, xidmətçi Jermin də məhz belədir.

Qonkurlar öz istedadını "əsəb yazıçıları" olduğunda görürdü. Onlar "nevroz"lara olan diqqəti ilə bir tərəfdən impressionizmə, digər tərəfdən isə "fiziologizm"ə yaxın idilər. Lakin onu da qeyd edək ki, Qonkurlar ədəbiyyata az əhəmiyyəti olmayan yeniliklər gətirmişlər. Onlar insanın daxili aləmini dəqiq təsvir etmək üçün onun psixikasının məntiqlə idarə olunmayan hissəsinə kimi daxil olmağın gərək olduğunu göstərdilər. Həmin dövrün elm səviyyəsinə görə Qonkurlar bu impulsları fiziologiyaya və "əsəb"ə əsaslandırırdılar. O dövrdən elm inkişaf etmiş, amma onların qənaətlərini inkar etməmiş, əksinə təsdiq etmişdir. Belə ki, psixoloji analiz zamanı fizioloji amillər də nəzərə alınmalıdır.

Qonkurlar "nevroz"lara epoxanın məhsulu, əsrin bəlası kimi baxırdı. Onların qəhrəmanları mühitin eybəcərliklərinə həssaslıqla yanaşırlar. Bu qəhrəmanlar elə Qonkurların özləri kimi müasir dünyanın gərginliyinə, qovhaqovuna yaddırlar. Əsəbi gərginlik Qonkurlara görə müasir gözəllik anlayışının estetikasıdır.

Qonkur qardaşlarının yaradıcılığında naturalist, realist və impressionist görüşlər mürəkkəb şəkildə bir birilə əlaqəyə girir, vəhdət yaradır. Onlar ətraf mühitdən və insan təbətindən aldıqları təəssüratları, hiss və həyəcanları ən dəqiq ifadəsinə müvəffəq olmuş sənətkarlardır.

Məlahət Ramiz qızı Babayeva,
fil.ü.f.d. ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı
kafedrasının müəllimi


Baxış sayı - 2 644 | Yüklənmə tarixi: 17.06.2016 12:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031