manera.az
manera.az

Yaşıllar planeti müharibəyə hazırlaşır |MANERA.AZ

📅 18.05.2016 14:03

Yaşıllar planeti  müharibəyə hazırlaşır  |MANERA.AZ
Manera.az Xülya Cəfərovanın "Yaşıllar planeti" hekayəsini təqdim edir:


Yaşıllar planeti qızğın müharibəyə hazırlaşır. Ötən minillikdən bəri planetdə hökm sürən dinclik, sabitlik pozulmaq üzrədir. Buna səbəb əsrlərdir 2-ci dərəcəli hesab edilən Açıq yaşılların hakim təbəqə olan Tünd yaşıllara qarşı mübarizəyə qalxmasıdır.

Üsyanın lideri Yaşılsevər tərəfdarları qarşısında edəcəyi ilk böyük çıxışdan öncə xeyli həyəcanlı görünür. Bugün səsləndirəcəyi nitqin yalnız özünün deyil, bütün yaşılların taleyini həll edəcəyinin fərqindədir. Ona görə də ürək döyüntülərini tənzimləyərək qürurla kürsüyə qalxır. Tərəfdarlarını sevgi ilə salamlayır. Daha sonra Tünd yaşılların əsrlərdir Açıq yaşıllara verdiyi misilsiz zülmləri, əzabları xatırladır: «Əvvəlcə rəng tonundan asılı olmayaraq bütün yaşılların bərabər olduğunu bildirdilər, lakin öz vədinə xilaf çıxanlar da məhz onlar oldu. Yaşıllar planetində heç bir yaşıl digər yaşıldan üstün sayıla bilməz deyərək bizi aldatdılar! Əsrlərdir ata-babalarımız mənfur Tünd yaşılların köləsi olmağa məhkum edilərək alçaldılır, təhqir edilirlər. Kişi və qadınlarımız doğulduqları gündən ölənə qədər onların qarşısında nökər olmağa məcburdur.

Uşaqlarımız onların uşaqları ilə eyni məktəblərə gedə bilməz, heç bir Açıq yaşılın Tünd yaşılla evlənmək hüququ yoxdur. Nə vaxta qədər belə davam edəcək?! Artıq bu zalımlara Açıq yaşılların nəyə qadir olduğunu göstərməyin vaxtıdır!» İzdihamın içərisindən qəzəb və nifrət dolu nidalar yüksəlir. Yaşılların hiddət dolu uğultusu az qala yaşıllar planetini də aşaraq Yer Kürəsinə qədər gəlib çıxır.

Uzun, cəlbedici vədlərlə dolu çıxışının ardından Yaşılsevər özündənrazı və məğrur bir şəkildə Açıq yaşılları yara-yara öz cangüdənləri ilə uzaqlaşır. Onu az qala müqəddəs hesab edən Açıq yaşıllar böyük hörmət və izzətlə kənara çəkilərək yol verirlər. İndi cənab Yaşılsevər evinə gedib istirahət etməli, atılacaq növbəti addımları planlaşdırmalıdır.

Yaşılsevərin fikirləri səslənən kimi böyük əks-səda doğurur. Çünki uzun əsrlərdir nəinki kimsə bu barədə danışmağa, heç düşünməyə belə cürət etmirdi. Yaşılsevər yol boyu rastlaşdığı Açıq yaşılların nə qədər səfil vəziyyətdə olduqlarını müşahidə edərkən, bir daha doğru qərar verdiyinə əmin olur. Öz bellərini Tünd yaşıl ağaları üçün oturacaq edərək mənzil başına çatdıran Açıq yaşıl kişilərə, böyük ehtimalla verilən əmrə boyun əymədiyinə görə hamının içində təpiyin altına salınıb əzişdirilən Açıq yaşıl qadınlara, Tünd yaşıl uşaqlar tərəfindən gülüş hədəfi olan, bütün Tünd yaşılların işləri düz gətirməyəndə heyfini çıxdığı arıq, cılız Açıq yaşıl uşaqlara ürəyağrısı ilə baxarkən gözləri dolur. Sentimentallıqdan uzaq olsa da hər gün qarşılaşdığı bu mənzərə qarşısında indi ağlamaqdan özünü güclə saxlayır. «Yaşıllar planeti üzərindəki bütün Tünd yaşılların kökü kəsilməlidir!», – deyə çənəsi əsə-əsə pıçıldayır.

Gecə-gündüz yatmadan, istirahətsiz, ac, susuz vəziyyətdə müharibəyə hazırlaşan Yaşılsevərin yeganə qidası sonsuz nifrəti olur. Tərəfdarlarının da köməyi ilə böyük, əzəmətli, güclü bir ordu toplaya bilir. Ancaq Yaşılsevərin planına əsasən, döyüşlər təkcə orduda deyil, hər bir evdə fərdi olaraq aparılmalıdır. Döyüşdə iştirak edə bilməyənlər evində xidmət etdiyi sahibini öldürməyi özünün ali məqsədi saymalıdır. Əvvəlcə Yaşılsevərin üsyana başlaması xəbərinə kinayə ilə yanaşan Tünd yaşılların da yavaş-yavaş canına qorxu düşməyə başlayır.

Müharibə başlayan kimi Açıq yaşıllar yüzillərdir daxillərinə həbs etdikləri nifrəti qusmaq üçün fürsət tapırlar. Dünənə kimi ağasını belində daşıyan, yumruqlarına dözən, ayağının altında əsgi olan Açıq yaşıllar cəsarətlənir, Tündləri gecə yuxularında bıçaqlayır, yeməklərinə zəhər qatır, uşaqlarının başını kəsib axşam yeməyində ziyafət kimi təqdim edirlər. Bir müddətdən sonra Tünd yaşıllar sülh yaratmaq məqsədilə Yaşılsevərin yanına öz elçilərini göndərirlər. Elçi bildirir ki, Tünd yaşıllar Açıq yaşıllara qarşı tətbiq edilən şərtlərin yaxşılaşdırılmasına hazırdır. Bundan sonra Açıq yaşıllar heç bir zorakılığı məruz qalmayacaq və onların hüquqları müdafiə ediləcək. Lakin həmin elçinin də iyrənc, tünd yaşıl kəlləsi qiyamçılar üçün şam yeməyi olur.

Üsyan getdikcə daha da alovlanır. Açıq yaşıllar öldürdükləri Tünd yaşıllardan toplanan qənimətlər sayəsində xeyli güclənirlər. Gecə-gündüz döyüşlər gedir. Qadına, uşağa məhəl qoymadan bütün Tünd yaşıllar qılıncdan keçirilir.

Nəhayət, ortalıqda heç bir Tünd yaşıl gözə dəyməyəndə balaca Yaşıllar planetində müharibənin sona çatdığı elan olunur. Açıq yaşılların sevgi dolu nidalarının, sevinc göz yaşlarının müşayiətilə Yaşılsevər kürsüyə tərəf irəliləyir. O, qələbə münasibətilə hər kəsi təbrik edir və bildirir: «Hər birinizdən rica edirəm ki, bundan sonra leksikonunuzdan Açıq yaşıl sözünü çıxarasınız. Bugündən etibarən yaşıllar planetində yalnız yaşıllar var. Hamımız bərabərik! Heç bir yaşıl digər yaşıldan üstün sayıla bilməz!»

Və beləcə yaşıllar xoşbəxt, firavan ömür sürməyə başlayırlar. Müharibənin ardında qoyduğu dağıntıları qısa müddətdə bərpa edirlər. Hər kəsin bir-birinə yardım etdiyi, təbəssümlərin işıq saçdığı bir cəmiyyət qurulur. Lakin təəssüf ki, bu xoşbəxtlik əbədi davam etmir. Çox keçmir ki yaşıllar arasında yenidən mübahisə düşməyə başlayır. Mübahisələr davaya, davalar cinayətə, cinayətlər isə qırğına çevrildikdə artıq vəziyyət dəyişir.

Yaşıllar planeti yenidən müharibəyə hazırlaşır. Yüzillərdir planetdə hökm sürən dinclik, sabitlik pozulmaq üzrədir. Buna səbəb əsrlərdir 2-ci dərəcəli hesab edilən Solğun yaşılların hakim təbəqə olan Parlaq yaşıllara qarşı mübarizəyə qalxmasıdır.





Baxış sayı - 1 976 | Yüklənmə tarixi: 18.05.2016 14:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031