manera.az
manera.az

Qulu Ağsəs poeziyasında mifik-kosmoloji təzahür tipi | MANERA.AZ

📅 13.05.2016 11:56

Qulu Ağsəs poeziyasında mifik-kosmoloji təzahür tipi | MANERA.AZ
Şübhəsiz, peşəkar, örnək yaradıcılığa, nümunəvi, əxlaqlı poeziyaya sahib ola bilməyin də özünün məlum çətinlikləri var.

O qələm sahibi ki, zəhmətlə istedadı qoşalaşdırır, onun örnəklik qazanma şansı daha çox olur. Açığı, ümumi yaradıcı ruhunu fəlsəfi ovqatla cilalamış parlaq zəkalı qələmdaşımız Qulu Ağsəs də bəxtinə örnək poeziyaya sahiblik yazılmış şairlərdən biridir. Onun əksər şeirində bu səciyyə məzmun və məna birgəliyi yaradır. Deməzdik ki, istedadlı şairin poeziyası (tam olaraq) sadə-səmimi hislərin inikasıdır; əslində, onun şeirləri həcmi deyil, məzmunu, mahiyyəti əsas hədd kimi qabardır, üstəlik bu şeirlərdə reallıqda zahir olan həyat kodeksləri də oxucu dərkinə gerçək məna yükləyir və bu, cəmiyyət tempi üzrə ictimai konfiqurasiyalara sistemli-ədəbi və fəlsəfi-mifik izah verir.

Qulu Ağsəs poeziyasının mifik-kosmoloji xarakterləri də var. Bunu onun şeirləri ilə isbatlayaq.

Nə olar, bir səhər durub görəsən,
Divarlar üstünə Allah yazdırıb.
Qış günü soyuqdan ölən ağacın
Yasına mart ayı yarpaq yazdırıb...

Başını yelləsən, odu közərir,
İşıq vermir, amma işıq söz verir.
Bircə eybi var ki, dünya gözəlin
Məni qucağına qonaq yazdırıb...

Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür adımızı öz jurnalına
Əcəl adqoydudan qabaq yazdırıb...

Bəri başdan deyək ki, Qulu müəllimin «Yazdırıb» şeiri modern şeirin ən tipik, ən səciyyəvi və ən örnək nümunələrindən biridir. Bu şeirdə mifik təsəvvür Ruhun Allahda zühurudur. «Nə olar, bir səhər durub görəsən, Divarlar üstünə Allah yazdırıb» fikri Ruhun cana (bədənə) motivasiyasıdır. Və bu kosmoqonik təsiri A (əslində alfa) hərfi və 1 rəqəmi ilə işarələsək, Başlanğıcın - Allahın məntiqinə sirayət etmiş olarıq. A (alfa) ilk hərf - başlanğıcdır (ilkdir). 1 də məqsədin rəqəmidir, bütün hallarda aqressivlik (Mən Mənəm! rituallığı) və ambisiya kimi təzahür edir. Bu, o deməkdir ki, Qulu müəllim iki misra ilə Tanrı-zaman və insan nisbətini mifik quruluşda verib, bu üçlüyün kosmoloji zahirini 3 rəqəmi ilə əlaqələndirib. 3 rəqəminin dəyişkənlik məğzi olması qənaətinə gəlsək, «Qış günü soyuqdan ölən ağacın Yasına mart ayı yarpaq yazdırıb...» fikrinin mərkəzində keçmişin, indinin və gələcəyin rəmzi olan bir üçbucaq tapmış olarıq. Yəni istedadlı şair sonrakı iki misrada, daha doğrusu, bu misraların üçbucaq aspektində «Qış» (həyat çətinliyi) fonunda əks-təsir, «ölən ağac» (talesiz insan) görkəmində tənəzzülə uğramış təbəqə və «yarpaq yazdırıb» ziddiyyətində çürümək təhlükəsi yaşayan cəmiyyət uyğunluğu ifadə edib. Belə deyək, bir misrada 3 səciyəvi dinamika sistemləşdirən şair şeirin ümumi ruhunda 3 rəqəmini - uyğunlaşma rəmzi kimi təqdim edir. Bu israrlı məqam A+B+C və AB+BC+AC şəklində nisbət tapır. Eynilə də, şeirin 3 bənd olması (təsadüfdən yox) zərurətdən doğur; hər bəndin 4 fikir cığırı (yəni 4 misra yükü) 3x4=12 hasili yaratması 1 illik ədəbi perioda işarədir. 1 il 12 aya bitdiyi kimi, «Yazdırıb» şeiri də 3 pillədə (bənddə) 4 misralıq məsafə qət etmək və hasildə 12 məqam (1. Allah, 2. İnsan, 3. Tale, 4. Həyat, 5. Əcəl, 6. Ölüm, 7. Torpaq, 8. İmtahan olunmaq, 9. Çürümək xofu, 10. Daşlaşma (bərk suxura-torpağa dönmə), 11. Yenidən cücərmə (doğulma) və 12. Yenidən Allaha tapınma) tapmaq zərurəti verir. Şeirin sonuncu bəndi «Şükür o göydəki ismin halına, Şükür yağışına, şükür qarına. Şükür adımızı öz jurnalına Əcəl adqoydudan qabaq yazdırıb...» bütövlükdə bu kosmoqonik mifə sirayət edir.

... asfalt zavodunun fəhləsi
torpaq uğrunda həlak oldu,
köhnə qəbristanda uyuyur o gündən.
indisə dəmiryolu
adlayır üstündən...

Həcmə deyil, mənaya dürüstlük verən bu şeirdə də kosmoloji-mifik konsentrasiya 5 ünsürlə (Tale, zəhmətsevərlik, aşağılanma, son mənzil və unudulmaq dəhşəti) ifadə olunur. Elmi təcəllada da 5 rəqəmi - son nəticəni səyahət və sınaqlar vasitəsi ilə əldə edən risk və təhlükə kimi xarakterizə edir. Diqqət yetirirsinizmi, Qulu müəllim kiçicik bir şeirdə 5 elementin mərkəz xəttini son nəticədə hansı həyat və tale zəminləri ilə birləşdirib... Burada başqa bir nüans da var: şair 5 rəqəminin astarında əlavə əks bir sistem də gizlədib - o mənada ki, 5 həm də əla qiymət, güzəran saflığıdır, demək, şeirdə nəticə odur ki, aşağılanan fəhlə qismi 5-in təhlükə vahidi, alqışlanan imkan sahibləri 5-in əla güzəran daşıyıcılarıdır...

Uşaq vaxtı
kişilərin hərəsi
öz nənəsinin
tumanı altda gizlənir;
qocalanda
hamısı
Xatirə arvadın...

Bu şeirdə kosmoloji vahid 1+1-dir: İnsanın uşaq çağı 1+insanın qocalma anı 1=2. 2 rəqəmi Göylə Yerin birgəliyini ehtiva edir. İnsana ruh göydən gəlir, ölüm anında bədən torpağa qarışır. Şeirin mifik zəmini - Allahdan gen düşmə, 1-1=0 fərqi verir. Yəni insan ruhdan çıxır, torpaqda sıfırlaşır - yox olur (0-a çevrilir).

Şeirin kosmoqonik təfsilatı uşaq və qoca çağları arasındakı yaşantıya da fon verir. Yəni insan 360 dərəcə bucaq sistemində 5 yaşından başlayaraq uşaqlıq, 16 yaşına qədər yeniyetməlik, 18 yaşdan gənclik, 40-dan sonra orta yaş həddi və 70-dən sonra qocalıq dövrü keçirir, bu period üzrə 360 dərəcəlik dönmədə 5,16,18,40 və 70 dərəcə çevrilmə bucağı qurur. Qulu müəllim bu sistemi bildiyi üçün iki enmə dərəcəsi olan kiçik bir şeirdə təxminən 100 illik həyat tempi qura bilib.

Özün dağ başına qoyan şəhərin
ayağın xan kəndi yuyurdu
kürəyinin təri
cıdırda soyuyurdu.
Girməzdi
dumanına gün işığı,
havasına çay qaşığı.
Qayaları sərxoş idi,
adamları tay-tuş idi,
küçələri tay-keş idi.
Qəbirüstü yazıları
nəğmə kimi oxunurdu,
kolda-kosda tələf olan
qurd-quşu gül qoxuyurdu.
Kim idi qalxan o boyda dağı? -
yağışdan sallanıb enirdi qonağı.
... Dağın dizləri əsdi bir may səhəri
gözünün yaşı
ayağının suyuna qarışdı şəhərin...

Bu şeirdə mifik-ədəbi situasiya 7 vahidlə (ünsürlə) cərəyan edir: sirr, məchulluq, görünməzlik, ruha tapınma, zahirdə görünmə, motivasiyalı yanaşma və ideya-süjet. Elə 7 rəqəmi də başqa bir mərhələdə bütün bunları öyrənmək və bilmək yoludur. Ayrıca, 7 rəqəmi həftənin yeddi günü, yeddi musiqi qamması ifadə edir, bu rəqəm məqsədi (1-i) və harmoniyanı (6-nı) birləşdirərək, özünün psixoloji simmetriyasını yaradır, şeirin mifik-kosmoloji tipini açır.

Şeirdə əlavə olaraq 9 şifrə və 9 kod da var: şəhər, ayaq, tər, cıdır, gün işığı, çay qaşığı, sərxoş qaya, tay-tuşluq, tay-keşlik, qəbirüstü yazı, nəğmə, qurd-quş, bilinməzlik, qonaq, dizləri əsən bir may səhəri, göz yaşı, ayaq suyu və qarışma-birləşmə anı... Üst-üstə 18 vahiddə (9+9) əks olunan şeir Qulu Ağsəs poetik ruhunda ənənəçi gözəlliyə təşnəlik aşılayır və bu mifik amil özünü müxtəlif aspektlərdə qabardır. Bu əhatədə zəruri ədəbi məğzlərin sistemli xarakterizəsi maksimum əks olunur.

Şeirdə 9 rəqəminin ən böyük birrəqəmli ədəd məğzi, uşağın ana bətnində 9 aya formalaşması, 3-ün 3-ə hasili, dəyişkənlik və irəliyə doğru hərəkət və s. kosmoloji-mifik təsəvvürlər aşılanır.

Qulu müəllim, səmimiyyəti ölçü vahidi kimi qabartdığı şeirlərinə yaddaş ağrısı yaşayan və bu ağrıda komioloji zəmin tapan talelər sığışdırıb; bunun fonunda da özünün yaşadığı, qarşılaşdığı və şahidi olduğu məqamları ustalıqla cilalayıb.
Və Qulu Ağsəsin mifik-kosmoloji şərh verən şeirlərində bir neçə səbəb əsas göstəricidir: 1. zamanın təsir gücü, 2. dəyişən, inkişaf edən cəmiyyət, 3. hadisələri fəlsəfi-poetik əhatəyə salmaq və s. Bu ədəbi kriteriyalar onun məna və məzmunda birgəlik doğuran yaradıcı ruhunu əsl yaradıcılıq prosedurlarına kökləyir.

Həmçinin, müəllifin şeir-yazı dilində Sanskrit ruhu, Orxon-Yenisey ovqatı sərgilənir. Bəlkə də on illərdir şairlər bu çətin situasiyadan kənardırlar. Sanki adi və qeyri-adi prosesləri (təfərrüat olaraq) mifik-kosmoloji müstəvidə xarakterizə etmək Qulu Ağsəs üçün bir xobbidir.
Adama elə gəlir ki, şair ruhi təcəllada zühur edən hisslərini labirint kimi qurur, obrazların ədəbi-fəlsəfi israrında zaman meyllərindən bir qədər kənar hisslər qabardır.

Bəlkə də Qulu müəllimin bəzi hissləri fəlsəfi-gerçək məğzə israrçı zəmin kimi deyil, sistemli proyeksiya kimi nüfuz etdikləri üçün taledən gələn hənirlərə daha sürətli alışa bilirlər. Belə deyək, onların cəmiyyət tərzlərində həyat da, tale də, talesizlik və acıçəkmə də fərqli müstəvilidir. Açığı, onun duyğularının bir çoxunda kosmoqonik təsirlər müsbət aura yaradır və müəllif onları həyat israrlarında mümkün gerçəklərə tuş sala bilir.

...Və sanki bu duyğuların həyat-tale pərvanələri elə onların öz içlərində bərq vurur...

Hikmət Məlikzadə
MANERA.AZ



Baxış sayı - 2 513 | Yüklənmə tarixi: 13.05.2016 11:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031