manera.az
manera.az

Müharibənin alov səsi | MANERA.AZ

Müharibənin  alov səsi  | MANERA.AZ
Manera.az Xanım Aydının yeni hekayəsini təqdim edir:

"ÇAMADAN"


Həyətə girəndə talvarın altıyla sağ tərəflə, qırağı sınıq, üçkünc kərpiclərin düzüldüyü, onların arxasından yaşmaqlı şehli güllər boylanan dar cığırla kürsülü evimizə burulan yol var. Qapının girişində balaca dəhliz, ordan da otaqlara açılan xırda göz pəncərəli qapılar.

Azca cırıldayan taxta döşəməylə irəliləyəndə mənim otağım lap başdakıdır. Hər şeyim ordadı, həm yataq, həm də dərslərimi çalışdığım otaqdı. Təzəlikcə atam qəhvəyi rəngli, dolabıma, çarpayıma yaraşan yazı masası da alıb. Dolabın alt gözündə ütülü, köynəklərim, yuxarı gözündə atamın "Vinştorqdan" aldığı rəngbərəng paltarlar səliqə ilə asılıb. Üstündə isə anam dəstəyində qırmızı lent bağlanmış çamadanları yığıb. Deyir cehizliyimdi. Həmişə də maraqlı olub ki, içində nə var. Yatanda gözlərimi zillərdim onlara. Onlarla bağlı qəribə-qəribə yuxular görərdim. Elə maraqlı gəlirdi ki mənə içindəkilər. Anam yıryığış edəndə, çölə qaçıb oğru pişik kimi pəncərədən evə boylanardım. Uşaq ağlım kəsmirdi ki, elə dur ananın yanında bax da. Elə bilirdim nəsə gizli, sehrli əşyalar var orda. Onlarda mütləq möcüzə var. Divar rəflərində nə qədər kitab varsa hamısını oxumuşdum, hamısını. Uşaqlıqda bir də ən çox çöllükdə çiriş, qaratikan, yemlik, qozqurab, danayağının arasından qulançar yığmağı sevirdim. Nənəm ona mərəçüyüd deyir. Elə dadlıdı ki... Meqopolisdə dönər qoxuyan küçələrdə onun qoxusudur burnumun axtardığı. O vaxtlar atam icra hakiminin müaviniydi. Müharibə gedəndə da elə olurdu. Evə 2-3 saatlıq dəyirdi - o da ancaq əynini dəyişməyə, gözünün acısını alıb alaqaranlıqdan işə qayıtmağa. Hər axşam anam salırdı yerimə ki yat. Atam gələnə qədər gözümə acı bibər sürtülmüş kimi acışırdı, yata bilmirdim. Qaranlıq üstümə çökürdü, ağırlığını sinəmdə hiss edirdim. Maşın evə yaxınlaşıb dayananda, örtülən qapısının "takkk" səsini eşidirdim. Canıma dinclik gəlirdi. Elə bil o "takkk"la gözlərim cərəyandan ayrılırdı, sönürdüm. Atam evin kandarından girməmiş mışıl-mışıl yatırdım. Bir gecə yarı evimizin üstündən Formula-1 yarışlarının maşınları sürətində mərmilər şütüyürdü. Gözlərim yuvasından pırtlayıb çıxırdı azqala. Atəşfəşanlığa baxırdım sanki. O gün-bu gün sevmirəm atəşfəşanlıqları.

Bayramlarda şəhər alışıb-yanır. Bu gün yenə də vur-çatlasındı. Binanın nəmişlik iyi verən tağlı girişindən tələsik içəri atılıram. Pilləkanları iki-iki adlayıb qalxa-qalxa açarı çantamdan çıxarıram ki, qapıda yubanmayım. Evə girib qapını möhkəm kilidləyirəm. Hövlnak eyvana tərəf qaçıb qapısın, pəncərəsin kip örtürəm. Qalın pərdələri çəkirəm. İşıqları söndürüb, otaqdan otağa girirəm, qapılarını bağlayıram. Hövüllənib şəhadət barmağımın ucuyla qulaqlarımı qapayıram. Birazdan atəşfəşanlıq olacaq. Bu qurulan atəşəfəşanlıqlara baxmıram... Baxa bilmirəm... Qorxuram... Bu insanlar nəyə sevinirlər... Bu, müharibənin dəhşətli alov səsi, bu müharibənin yandırdığı gecəyə o qədər bənzəyir ki... Susdurun bu səsi, söndürün bu işıqları!!! Qaranlıq otağımda bircə fosforlu saatın məni sancan əqrəbləri görünür... Səssizlikdə dizlərimi altıma yığıb elə divara söykənikli yuxuya gedirəm...Çöllükdə qulançar toplamağa qaçıram, azad, bəxtəvər.

Xırda güllü donum küləyin həzin mehində yellənirdi. Elə xoşbəxtəm, elə xoşbəxtəm yuxuda. Oyanmaq istəmirəm. Heç istəmirəm.

Çirişlərin arasında qulançarlar mənə illərlə həsrətilə yolumu gözlər kimi boylanır. Xəsisliklə hamısını yığmaq, bağrıma basmaq istəyirəm. Hətta sevmədiyim qaratikanın alnından öpəcək qədər bəxtəvərəm. Əlimi qulançara uzadıram, gilizə dönür. Durduğum yerdən sıçradım o birinə toxundum o da, daha birinə toxundum, o da giliz oldu, o da, o biri də, hamısı da... Bütün güllər gilizə döndü... Əynimdəki donumun gülləri də gözümün qabağında bircə-bircə gilizə çevrildi. Atamın qəbri yuxarı qəbiristanlıqdan yelkənli qayıq kimi üzüb gəldi... Sinə daşını titrəyə-tətrəyə barmaqlarımın ucuyla oxşadım. Cadar-cadar olmuşdu. Aralarından alov dilimləri dartınıb çıxırdı. Elə yuxudan ayılmaq istəyirəm, elə istəyirəm... Ayıla bilmirəm... Allah yalvarıram ki ayılam, ayıla bilmirəm. Dönüb qaçmaq istəyirəm. Ayağım anamın cehizlik qırmızı lentli çamadanına ilişir, üzüqoylu qaratikanların üstünə yıxılıram. Sonacan yetişmiş nar kimi partlayıb ağzı açılmışdı çamadanın.

İçində atamın şəkli, "Raketa" qol saatı, çəpəki xəttli göy qalstuku, kənddəki evimizin və nənəmin qızılı, zayomu, pulu, xara "atrezləri" olan sandığının açarı, mənim körpəlik paltarlarım, anamın köhnə kiril hərfləri ilə "xoşbəxt olun" yazılmış güzgüsü və bir də qırmızı lentini çoxdan itirdiyi xatirələri vardı...

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031