"Xəyanət" - Zinyət Zəkinin hekayəsi
![]()
MANERA.AZ Zinyət Zəkinin hekayəsini təqdim edir:
_____________________________________________________
- Ay qız, ay qız! Bir dayan daa.
- Salam, necəsən Nazirə?
- Üzünü görəndən yaxşıyam, ay Aytən, sağ ol - kinayə ilə dedi Nazirə .
- Niyə qınayırsan ey məni?
- Az, bəs qınamayım neyləyim, hə? Üzünü görən cənnətlikdi, vallah. Yaxşı ki, arada dükana-filan nəsə almaga düşürsən. Arada düş gəl bizə, oturaq da bir.
- Ehh, Nazirə. Elə bilirsən mənim ürəyim istəmir gəlib bir az oturmağı, başımın avazımağını?. - Aytən qəmli - qəmli başını buladı.
- Nolub, ay qız? Niyə belə danışırsan? Yoxsa bilmədiyim nəsə var?!
- Yox-yox, həmişəki məsələdir.
- Hə, qaynatandır yenə...
- Hə də, üstünə sağlıq, ağrıdığını bilirsən. Evdə tək qoyub cıxa bilmirəm onu.
- Allahın acığına getməsin, ölmür ki, onun da, sənin də canın qurtarsın daha.
- Sən allah, ay Nazirə, elə demə. O kişi mənə pis olmayıb. Ata əvəzi olub mənə. Etdiyi yaxşılıqları unuda bilmərəm mən!
- Eh, nəysə. Onu da düz deyirsən. Hec kim bilmir ki, bu dünyadan birinci kim köçəcək. Qismətdir belə şeylər, alın yazısıdır.
- Razıyam, qonşu, düzdür!
- Aytən, boş ver e bunları. Xəbərin varmı təzə xəbərdən ?
- Hansı xəbər?
- Məzələnirsən?
- De də bir. Mən nə bilim sən nəyi deyirsən?!
- Az, vallah, inanmaram , özünü bilməzliyə vurma. Bilirəm ki, bilirsən!
- Nəyi deyirsən, ay qız?
-Gülərin yoldaşını da - Arifi!
- Nolub ki Arifə? - deyib, gözlərini Nazirəyə dikdi.
- Nolacaq ay qız, kef eliyir kişinin oğlu, - Nazirə əyilib yavaşdan Aytənin qulağına pıçıldadı.
- Necə bəyəm?
- Kiminlə gəzdiyini dəqiq bilmirsən?! - deyib təəccüblə baxdı Nazirə .
- Yox, nolub ki? Kiminlə gəzir ki? - Aytən əli çənəsində, qısıq səslə soruşdu.
- Boyy, sən həqiqətən fil qulağında yatırmışsan, a yazıq! - əli üzündə mat-mat baxdı Nazirə.
- Neyniyim axıı? Deyirəm başımı qaşımağa vaxtım olmur. Camaatı güdmürəm ki.
- Burda kimisə güdməyə nə ehtiyac var ki? Hər şey elə açıq-aydındır.
- Yaxşı, bəs kiminlə?
- Odey, küçənin sonunda yaşıl darvazadakı qancıq var ha, bax onunla.
- Nazirə, hardan bilirsən bunu?
- Aytən, vallah, ordan çıxdığını öz gözlərimlə görmüşəm.
- Yox a! Dəqiq deyirsən? Oxşatmayıbsan ki?
- Yox ay qız, yüz faiz deyirəm! Özü də bir dəfə yox, iki dəfə yox, dəfələrlə.
- Ay Nazirə, deyirəm bəlkə səhv anlamısan, hə? Bəlkə heç gəzmir onunla? Bəlkə başqa səbəbə...
- Az, kəs,sən allah, (səsini bir az da qaldırdı) uşaq-zad deyilsən ki, allah evini yıxmasın! Elə danışırsan ki, elə bil biz bilmirik o qancığın nə yuvanın quşu olduğunu. Bütün qəsəbə ondan danışır. Sən nədən dəm vurursan?
- Nə bilim vallah, ay qız. İnanmağım gəlmir düzü. Arif belə etməz axı.
- Hardan bilirsən? Bu dövrdə kişiyə etibar var, az?
- Onu düz deyirsən. Amma...
- Amması-zadı yoxdur bu işin. Sən allah, mənə durub burda nagıl danışma!
- Yox, ay Nazirə. Arif fərqlidir axı.
- Ay qız, nəyi fərqlidir? Bütün kişilər eynidir!
- Axı o.
- Nə axı?
- Axı o, Güləri sevir!
- Hə, nə olsun ki?
- Necə nə olsun ki?
- Sevən kişi gözünü yumur dünyaya?
- Axı Gülər cox gözəldir, həm də ağıllıdır. Elə qadını aldatmaq olar, ay qız? Vallah, günahdır.
- Orasını mən bilmərəm. Hər keçini öz ayağından asarlar deyirlər. Günahını da, savabını da Arif düşünsün.
- Vallah, Nazirə. Gözümlə görməsəm, inanmaram. Mən Gülərə yaxınam. Nə qədər olmasa, evlərində olmuşam. Arifin Güləri necə sevdiyini, dəyər verdiyini öz gözlərimlə görmüşəm. Yəni, inanmağım gəlmir sözün açığı.
- Həə, demək belə. Mənə inanmırsan? Olsun, sən inanma mənə. Onsuz da təkcə mən yox, çox adam görüb Arifin ordan cıxdığını, bir gün sən də görərsən, inanarsan!
***
- Salam ay qız.Necəsən? Telefonu niyə götürmürsən? Gör neçə dəfə yığmışam səni.
- Xəyaləm, mən çox pisəm! - deyərək kövrəldi Gülər.
- Nolub, Gülər? Yenə niyə ağlayırsan?
- Xəyalə, mənim halım pisdir. Nəfəs ala bilmirəm!..
- Yaxşı, yaxşı.Gözlə, 20 dəqiqəyə özümü ora çatdırıram, - deyib dəstəyi asdı Xəyalə.
Yarım saat sonra...
Qapının zəngi çalındı və Gülər güclə qapını aça bildi...
- Xəyalə içəri girər-girməz çantasını stolun üstünə atıb, başladı nə başladı:
- Nolub, ay Gülər? Yenə nə hoqqa çıxarıb o, hə?
- Xəyalə, daha dözə bilmirəm, səbrim qalmayıb.
- Yenə həmin mövzular? Bezdim ey, vallah, bezdim! Nə qədər olar axı?! Hər gün eyni söhbət, hər gün göz yaşı. Bəsdir daha, qurtarın da.
- Xəyalə, Arif mənə xəyanət edir, - ağlaya-ağlaya dedi Gülər.
- Hə, bunu bilirik də. Elə bil yeni xəbər-zad verir mənə, - deyib ağzını büzdü Xəyalə.
- Mən carəsizəm, Xəyalə.
- Quzum, ağlama, Allah bəlasını versin onun - deyib, Gülərin saçlarını sığalladı.
-Elə demə, Xəyalə, xahiş edirəm, elə danışma.
- Bəsdir, bəsdir, ay qız! Deyirəm necə sadəlövhsən ey, vallah, sənə yazığım gəlir mənim. Ay qız, o, səni gör necə alçaldır, layiq olmadığın günləri yaşadır sənə. Gör necə göz yaşı tökürsən? Hələ bunun ağlamağına bax ey! Az, dəlisənmi, özünü niyə üzürsən?!
-Bəs neynəyim, hə? Əlimdən nə gəlir?
- Əlindən? Dəqiq bilmirsən ki, sənin əlindən nə gəlir?
- Nəyi deyirsən, ay Xəyalə ? Nə gəlir mənim əlimdən?
Xəyalə başını bulayıb, gözlərini Gülərin üzünə dikdi.
Gülər əlavə etdi :
- Keçən dəfə xəyanət edəndə ayrılmaq istədim, dedim ki mən buna tab gətirə bilmirəm. Evdən getmək istəyəndə yalvardı, hətta əlini Qurana basdı ki, vallah, bir də sənə heç vaxt xəyanət etməyəcəm. Getmə, Gülərim, səni sevirəm dedi.
- Hə, bəs nə oldu? Gördün nə oldu? Üstündən neçə ay kecib?! Yenə həmin şeydi də. Köhnə hamam, köhnə tas! Ay qız, sən gəl söz eşit. Bu kişi tayfasının hamısı belədi. Heç biri səmimi deyil, hamısı xəyanət edir. Ən yaxşısı sən mən dediyimi et. Onda həm ürəyin sakit olar, həm də bu qədər yanmazsan.
Gülər acıqlı şəkildə :
- Xəyalə , sənə dedim ki, qurtar bu boş və mənasız məsləhətlərini! Özün bilirsən ki....
- Özüm bilirəm ki, sən qoyunsan, elə əcəb edir ay qız sənə! Sənin kimilərinə bu da azdır!
- Axı mən onu sevirəm! - ağlayaraq dedi Gülər .
- Ay dəli , sənə deyən oldu ki, sən onu sevmirsən? Sev də, ay qız! Bax o da səni sevir, eləmi ?
Gülər sakitcə başını tərpətdi.
- Bəs niyə sənə xəyanət edir? Belə çıxır ki, xəyanət edəndə sevgi itmir, eləmi? Onda sən də et! Et ki, qisasını alasan, xəyanət et ki, onun xəyanəti səni bu qədər yandırmasın! Vallah, yazığın gəlsin özünə, bu qədər göz yaşına heyfin gəlsin, hələ cavansan, görüb - görəcəyin qabaqdadır. Nə tutmusan ey sevgi belə gəldi, elə getdi. Gördüm də Arifin sənin sevginə qoyduğu hörməti, verdiyi dəyəri. Başına dəysin onun sənə olan sevgisi ki, səni bu qədər incidir . Ay qız, heç olmasa bir dəfə söz eşit! Vallah, təsirini görəcəksən, için rahatlayacaq, ürəyin sakitləşəcək. Onun xəyanəti səni bu qədər incitməyəcək ! Özün də bilirsən ki, hansı kişiyə bircə dəfə göz eləsən, sənindir. Maşallah, allah hər şey verib: boy-buxun, gözəllik. Nəyin əksikdir, az? Yaşa da həyatını. Neyləyirsən ey Arifi güdürsən bütün günü? Arif belə gəldi, Arif belə getdi. Belə cəhənnəmə getsin onu. Vallah onu elə yandıraram ki, dözə bilməz, ürəyi partlayar, ölər elə!
- Yox, yox. Sən nə danışırsan, Xəyalə ?! Sən Allah, niyə belə sözlər deyirsən axı? Mən istəmirəm ona nəsə olsun. Tək istədiyim odur ki, o, mənə sadiq olsun, məni kiməsə dəyişməsin! Mən onu sevirəm və ona xəyanət etmək istəmirəm.
- Sən mənim dediyimi et, gör necə qayıdır sənə, gör necə sənin ayağından öpəcək hələ. Kişilərin adətidir e bu, qınama! İstəyirlər ki, öz arvadları təkcə onlara məxsus olsun, əl dəyməmiş olsun.Amma özləri əlləməmiş qız, gəlin buraxsalar günah olar elə bil. Acıqlı şəkildə əlavə etdi:
- Tüpürüm onların hamısının üzünə!
Arif uzun müddətdi düşünürdü ki, artıq doğru yola qayıtmaq lazımdır və bir daha sevdiyi qadına xəyanət etməməyə söz verdi . Süfrə arxasında əyləşdikləri zaman Gülərə dedi:
- Gülərim, canım-gözüm , sənə bir sözüm var .
- Arif, mənim də sənə bir sözüm var. Artıq bu söz mənim ürəyimi parçalayır, mən bunu deməliyəm.
- Hə ,canım, buyur, dinləyirəm səni.
- Arif, əgər bacarırsansa, məni bağışla!
- Nolub ki, Gülər?
- Arif, mən… mən... bilirsənmi? - Gülərin dodağları titrədi.
- Nolub? Nə sən?
- Mən sənə xəyanət etmişəm - bağıraraq dedi Gülər...
Arif bir anlıq dondu sanki:
- Nə!? Nə dedin sən!? Neynəmisən sən!? Mənə!? Necə!? Harda!? Kiminlə!? - Arif bağıraraq Gülərin üzərinə yeridi.
Gülər:
- Məndən hesab çəkmə, buna haqqın yoxdur. Sən artıq bu haqqını itirmisən Arif.
- Mən sənin həyat yoldaşınam!
- Hə, amma sən məni özün bu addımı atmağa vadar etdin, Arif! Bəlkə yalan deyirəm!? De ki,yalan deyirsən!
- Sən… sən neylədiyini bilirsən, ləçər !?
Gülər Arifin üzünə möhkəm tüpürdü . Arif isə Gülərə elə bir möhkəm sillə cəkdi ki, Gülər sillənin təsirindən yerə sərildi ...
Arif diz çökdü, hönkürtü ilə ağlamağa başladı…
- İlahi, mən nə etdim!? Mən öz əllərimlə öz yuvamı dağıtdım, xanımımın bu yola düşməsinə mən təkan verdim, onu bu yola mən itələdim. Bilirəm, buna görə məni hec vaxt bağışlamayacaqsan, heç mən özüm də bu səhvimi bağışlamayacam. Hec vaxt! Amma Tanrım, mən buna dözə bilmərəm axı. Mənim xanımım, sevdiyim qadın mənə xəyanət etdi. Bu xəbər, bu hal mənə ölümdən də betərdir. Mən daha yaşaya bilmirəm, nəfəs almaq belə mənə haramdır! Gülərin üzünə necə baxım!? Onun həyatını öz əllərimlə məhv etdim, onu, üzərindən həyatı boyu götürülməyəcək damğanı vurdurmağa mən təhrik etdim! İlahi, mən pisəm, pozğunam, hətta ən ləyaqətsiz kişiyəm! Mənim ailəm... Məhv olan ailəm.
Arif tükənmişdi,o özünü elə yorğun hiss edirdi ki, bütün gücü ilə qışqırmaq istəyirdi, ancaq bu düşüncənin tam əksi olaraq çox səssiz dayanmışdı. Beynində nələrisə düşünür və özünə nifrət edirdi. Bütün baş verənlərin günahkarı kimi görürdü özünü.
Axı niyə də görməsin ki? Axı Gülər ona , “Arif, səni sevirəm .Mənə hec vaxt xəyanət etmə, məni bu hərəkətinlə təhqir etmiş olarsan, mən buna tab gətirə bilmərəm” demişdi! Axı Arif onu dinləməmişdi, onun xahişini,yalvarışlarını ayaqlar altına sərərək , “kişiyə hər şey olar“ düşüncəsi ilə yaşamışdı. Xanımını hansısa küçə qadınlarının ayağının altına vermişdi, ona xəyanət etmişdi. Özü də dəfələrlə.Təkrar -təkrar. Hər dəfə verdiyi vədlərə, içdiyi andlarına xələf cıxmışdı o. O, bir qadını layiq olmadığı bədbəxtliyə sürükləmişdi! O, öz xanımını evdə qoyub, hansısa fahişə ilə aldatmışdı. Halbuki bütün kişilərin gözü onun xanımında idi.
Gülər tanrı tərəfindən xüsusi reseptlə yaradılmış bir varlığa bənzəyirdi. Gülərin gözəlliyi göz qamaşdırırdı. Arif Güləri sevirdi. O,qadınına heyran idi. Amma təəssüflər olsun ki, Arif qadınının sözünə qulaq asmırdı. Beş illik evlilik həyatında ona dəfələrlə xəyanət etmişdi! Ancaq xanımı buna layiq idimi? Yox, yox! Qətiyyən! - O, bütün bunları ürək ağrısı ilə düşünürdü .
Bəs Arifin fikri nə idi? O da mı düsünürdü ki, qadınlar susmalıdı? Gördüyünü görməməzliyə vurmalıdı? Axı niyə!? Həmişə hər əziyyətə dözən qadınmı olmalıdır!?
Arif bir anlıq Güləri basqa kişiylə təsəvvür edəndə belə dəli olurdu. Az qalırdı ki, ürəyi yerindən çıxsın. Arif düşünəndə ki, onun qadınına başqa kişinin əli dəyib, Gülərin dodaqlarını başqa biri öpüb, dəli olurdu.
Ən çox Gülərin uzun saçlarına başqa kişinin toxunduğunu hiss etdi. O, düşündü ki, görəsən Gülər başqa biri ilə yataqda olarkən mənimlə olduğu kimi eyni hisləri keçirdimi? Əlləri əsdimi? Hərarətdən bədəni lərzəyə gəldimi? Gözlərini yumub özünü mənə bütünlüklə təslim etdiyi kimimi, özünü unutdu? Öz-özünə düşünərkən dəli olurdu Arif.
Gör indi Mən Gülərə necə əzablar vermişəm. O,hansı hissləri kecirib!? Necə göz yaşları töküb!? -ürəyində düşünüb, bir saatlıq səssizlikdən sonra Arif ayağa qalxdı.
Gülər evin bir küncünə sıxılmış halda sakitcə Arifə baxırdı.
Arif bir qərar vermişdi artıq. Arif mətbəxdən bir kəndir tapdı. O, kimə qəsd edəcəkdi?
Gülərin gözləri böyüdü. Arif kəndiri düzəltdi, taxdı evin çilçırağına. Bir stul gətirdi. Gülərə baxıb dedi:
- Gülər, inan ki mən buna layiqəm və bütün olanların günahı məndədir. Mən nəfsimə uydum,nəyinki ailə səadətimi,həyatımın yoldaşını, hətta canımı belə itirməyə layiqəm mən! Bilirəm ki, məni bağışlamayacaqsan! Günah məndə olsa belə heç mən də səni bağışlamayacam! Bir kişiyə edilmiş ən böyük pislik onun yatağına başqa kişini salmqadır! Bilirəm ki, hətta buna da şəraiti mən yaratmışam sənə. Gecələr evdə olmalıydım mən. Nə gəzirdim basqasının yanında ki, mənim xanımım da məcbur qalıb bu hərəkəti edirdi!? Mən nəfəs almaqda çətinlik çəkirəm, Gülər. İnan ki, mən ölümə layiqəm !
Gülər bərk qorxmuş və ağlayırdı.
Arif :
- Bilirəm ki, sənə yaxşı həyat yoldaşı ola bilmədim. Sənin istədiyin bir parça səadəti, xoşbəxtliyi sənə çox gördüm. Düşünürdüm ki, əgər ailəmi hər baxımdan təmin edirəmsə, deməli, mənə hər yerdə yaşıl işıqdır. Mənə olar deyə düşünürdüm. İndi isə tam əksini düşünürəm. Düşünürəm ki, bu fikirlər həyatımdakı ən murdar düşüncələr imiş. O düşüncələr ki, mənim ailəmi uçuruma apardı. İndi anladım ki, əsl kişi öz xanımına sahib çıxan və öz xanımı ilə kifayətlənən , onu gözü yaşlı qoyub, hansısa 3 günlük pozgunla dəyişməyəndir! Əks halda həmin ailələrin mənim ailəm kimi sonu olacagına hec bir şübhəm qalmadı mənim. Bütün canını mənim ücün fəda etməyə hazır olan, məni dəlilər kimi sevən qadınım belə mənə xəyanət etdisə, demək ki, biz kişilər cox aciz və olduqca pis varlıqlarıq. Kaş ki, 5 il öncəyə dönə bilsəydik. İnan ki, etdiyim səhvləri bir daha təkrarlamayacaqdım. Bilirəm, bunu çox gec anladım, bəlkə də sənin xəyanətin olmasaydı, yenə də etdiyimin səhv olmadığını düşünərdim və bunun normal hal olduguna içimdə bir az ümid olardı. Amma indi bunun tam əksini düşünürəm. Çünki səni hansısa alçaqla yataqda düşünürəm, - deyərək bağırdı Arif, - və indi bilirəm ki,sən nələr çəkmisən bu 5 il ərzində.
Otaqda tam səssizlik var idi.
Arif stula çıxdı , kəndiri boğazına taxıb Gülərə baxdı . O, hönkürtü ilə ağlayırdı və Arifə heç nəzər də yetirmirdi.
Arif stulu təpiklə itələdi.
Axı niyə Gülər onu saxlamır? Niyə “etmə, Arif, səni sevirəm!” demir? Niyə hönkürtü ilə ağlayır, niyə? Bu qədərmi bezib hər şeydən?
Yarım saat sonra.
Gülər nəhayət, özünü toplayıb ayağa qalxdı. O, Arifin boğazından kəndiri açdı. Səssizcə onu yerə uzatdı və stulu düzəltdi. Yarım saat əvvəl Arifin etdiyini təkrarladı.
MANERA.AZ