manera.az
manera.az

Vicdan mənə əmr etdi ki... - Əhməd Cavadın doğum günüdür MANERA.AZ

📅 05.05.2016 12:28

Vicdan mənə əmr etdi ki... - Əhməd Cavadın doğum günüdür MANERA.AZ

Manera.az xəbər verir ki, bu gün İstiqlal şairi Əhməd Cavadın doğum günüdür. Xatırladaq ki, O, 1937-ci ildə antisovet fəaliyyətində ittiham olunaraq güllələnib.

Əhməd Cavadın yaradıcılıq səhifələri


Görkəmli Azərbaycan şairi Əhməd Cavad ədəbi ictimai fikrimizdə romantizm ədəbi məktəbinin istedadlı nümayəndəsi, nasir, publisist və milli istiqlal şairi kimi məşhurdur. Onun zəngin ədəbi yaradıcılığı milli tarixi və ədəbi mədəni irsimizi araşdırmaq baxımından ədəbiyyatşünaslıq elmimizə dəyərli faktlar verir.

Əhməd Cavad Məhəmmədəli oğlu Axundzadə 1892-ci ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra təhsilini Gəncədə müsəlman ruhani seminariyasında davam etdirmiş, burada rus, ərəb, fars dillərini mükəmməl öyrənmiş, Hüseyn Cavid və Abdulla Sur kimi görkəmli ziyalıların tələbəsi olmuşdur. Poeziya ilə də ilk dəfə Gəncədə təhsil illərində maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir.

Birinci dünya müharibəsi illərində o, rus-türk cəbhəsi xəttindən müharibədən zərər çəkmiş dinc əhaliyə yardım göstərən cəmiyyətin üzvü və katibi olmuş, inqlabdan əvvəl və sovet hakimiyyətinin ilk illərində Gəncədə, Hacıkənddə, Quba rayonunun Xuluq və Laqer kənd məktəblərində, Bakıda müəllimliklə məşğul olmuşdur. 1926-cı ildə Ali Pedaqoji İnstitutu bitirmiş, ilk dərsliklərin və dərs vəsaitlərinin yaradılmasında bir maarifçi-pedaqoq kimi yaxından iştirak etmişdir.

1922-ci ildə Bakıda (fəhlə fakültəsində), 1924-cü ildə isə Nərimanov adına texnikumda dərs demişdir, Ədəbiyyat cəmiyyətinin katibi, “İnqlab və mədəniyyət” dərgisinin məsul katibi, Kənd Təsərrüfatı Texnikumunun müəllimi, AzərbaycanKənd Təsərrüfatı İnstitunun dosenti, həmin institutun dilçilik kafedrasının rəhbəri vəzifələrində işləmişdir.
1934-cü ildə Azərbaycan yazıçılarının I qurultayına nümayəndə seçilən Əhməd Cavad 1935-ci ildən ömrünün sonuna kimi Azərnəşrin bədii şöbəsində redaktor kimi fəaliyyət göstərmişdir.

Əhməd Cavad “Qoşma”, “Dalğa”, “Sinfi mübarizə”, “Şeirlər”, “Çırpınırdı Qara dəniz”, “Seçilmiş əsərləri” kitablarının, külli miqdarda publisist məqalənin, onlarca nəsr əsərlərinin müəllifidir. Onun poetik əsərləri zərif, lirik-romantik üslubi, dil təravəti, realist və demokratik məzmunu, sadəliyi və xəlqiliyi ilə seçilir.

Şairin bədii-siyasi ideya dünyası da təbiət və sevgi lirikası qədər çeşidli və zəngindir. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Təkcə üçrəngli bayrağa altı nəğmə yazıb, “Dilimiz” şeirini qələmə alıb, əlifbaya poeziya həsr edib. Cəfər Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən ilk iki ziyalıdan biri olub. Türklərlə birgə Balkan hərbində iştirak edib, Birinci dünya müharibəsində şərq cəbhəsində ermənilərə qarşı vuruşub. Şəhid məzarını və obrazını qələmə alıb; didərginlə, qaçqınla, girov düşənlə təmasda olmaq hələ 90-cı illərdən çox-çox əvvəl ilk dəfə onun taleyinə qismət düşüb.

Əhməd Cavad türkün başında qatılaşan dini, milli, qövmi genasidə qarşı türk birliyi ideyasının beşiyi başında duranlardan biri olub. Elə bütün bunlara görə də onu hamıdan çox təqib ediblər, “xalq düşəni”, “müsavat şairi” anlamına və obrazına tuşlanan bütün zərbələr ona dəyib. Üç dəfə həbs olunub, həyat yoldaşını sürgünə, üç oğlunu koloniyaya göndəriblər.
Azərbaycan Cümhuriyyətinin ilk himni, ilk marşı, ilk bayrağı onun adı ilə bağlı oldugu kimi, ilk şəhidi, 37-də mehraba gətirdiyi ilk qurbanı da Əhməd Cavad olub.
Əhməd Cavadın sovet dövrü poeziyası da fəal ideya məzmunu, inqlabi romantikası, lirizmi, obrazlılığı, ilə şeçilir. Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə həm də görkəmli tərcüməçi kimi daxil olmuşdur. O, Şekspirin “Otello” pyesini, A.S.Novikov-Priboyun “Sualtı səfər”, puşkinin “Kapitan qızı”, “Tunc atlı”, F.Berezovskinin “Ana”, M.Qorkinin “Mən necə oxumuşam”, “Mənim darülfünunlarım”, “Çocuqluq”, V.P.Kinin “O tayda”, T.Şevçenkonun “Kobraz”, F.Rablenin “Qarqantua və Pantaqruel”, B.Ronin “Od uğrunda mübarizə” əsərlərinin bədii tərcüməsinin müəllifidir. 1930-cu ildə gürcü ədəbiyyatının klassiki Şota Rustavelinin məşhur “Pələng dərisi geymiş pəhləvan” poemasını orijinaldan azərbaycancaya çevirmiş və həmin tərcümə kitab halında Bakıda 1978-ci ildə nəşr edilmişdir.
Əhməd Cavadın adı çəkilən kimi bu gün dilimizin əzbəri, ruhumuzun qidası olan himnimiz qeyri ixtiyari olaraq səslənir.

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə cümlə qadiriz.
Üç rəngli bayrağınla məsud yaşa!

Ürəyimizin sevincinə, soydaşlarımızın həmrəyliyinə, qüruruna çevrilən bu misraların müəllifi Əhməd Cavad, ona möhtəşəm musiqi təsiri verən Üzeyir Hacıbəyovdur. Azərbaycan Xalq Cmhuriyyıtinin himni kimi həyata vəsiqə alan, bir müddət repressiyaya məruz qalaraq yenidən həyata qayıdan himnimiz! Nəqarətdə dönə-dönə təkrarlanan “Azərbaycan” nidası dahi Üzeyir bəyin musiqisi ilə birləşərək elə bir harmoniya yaradır ki, varlığımızda anladığımız hislər baş qaldırır.

Əhməd Cavad müdrik insan, qayğıkeş müəllim, bənzərsiz publisist, əvəzolunmaz tərcüməçi və alovlu istiqlal şairi olmuşdur. Əhməd Cavadın ömür kitabının hər səhifəsi vətənə, xalqa dərin sevgi ilə dolu olmuşdur. Bu ömür yolunu vərəqlədikcə şairin getdiyi keşməkeşli, acı və fərəhli, ən əsası isə şərəfli tale yolunun şahidi oluruq.Milli qurtuluş hərəkatının, Azərbaycan ruhunun həssas tellərinə təsir dərəcəsini əks etdirən milli şairin 28 May İstiqlal günü münasibətilə hürriyyət pərisinə müraciət etdiyi “Nədən yarandın?” şeiri son dərəcə lirikdir.

Sən qüdrətin aşıb, coşan vaxtında
Mələklərin gülüşündən yarandın.
Sehr dili bir fırçanın əliylə
Ahuların duruşundan yarandın.

Lakin onun bu sevinc dolu nidaları çox qısa sürür; bu sevinci onun əlindən sovet hökuməti qoparıb alır. Məmməd Əmin Rəsulzadənin təbirincə desək, Əhməd Cavadın işi bilşevik dövründə qətiyyən gətirmir. Əski bir “müsavatçı” olduğuna görə onu həbs edirlər. Mətbuat səhifələrində, ədəbiyyat qurultaylarında hər yerdən uzaqlaşdırılır və qovulur. Əsərlərini nəşr etmirlər və nəşr olunanları isə toplayırlar. Bütün bunlara baxmayaraq onun yazdığı şeirlər əldən-ələ gəzərək gənc kommunistlərin belə arasında yayılır. Gənc bolşevik şairlər öz yazdıqları şeirlərini Cavadın tənqid və təqdirinə tuş gələcək dərəcədə onun təsirinə düşürlər. siyasi olmayan şeirləri bəzən fürsət olduqda mətbuat səhifələrində özünə yer tapır. Bunların çoxu rəmzi idi. Bu rəmzlər çekist ruhlu tənqidçilər tərəfindən deşifrə olunub şairə hücum üçün bir vasitə oldu. Cavad rəmziliyinin başlıca elementi Azərbaycan təbiətinin mənzərələridir:

Əyil, Kürüm, əyil keç!
Dövran sənin deyil, keç!

Başqa bir seirində Göy-gölü təsvir edir:

Bir sözün varmıdır əsən yellərə?
Sifariş etməyə uzaq ellərə.
Yayılmış şöhrətin bütün dillərə,
Olursa qoy olsun haralı, Göy-göl.

Sovet tənqidçiləri “Bir sözün varmıdır əsən yellərə, Sifariş etməyə uzaq ellərə” misralarında əks-inqilabçı bir rəmz görürlər. Cavid, onların mühakiməsinə görə, “inqilab tərəfindən uzaq ellərə atılmış müsavatçı millətçilərə” işarə etmək istəyirmiş.

Cavada bir ara gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”adlı mənzuməsini şeirlə türkcəyə tərcümə etdirdilərsə də sonradan onu tamamilə inkar etmiş, tərcüməsini də aradan götürmüşlər. Hüseyn Cavid kimi o da ziyalılara qarşı tətbiq olunan ümumi təmizləmə qətli-am illərində Azərbaycan mühitindən uzaqlaşdırılmış, gedər-gəlməz bir diyara göndərilmişdir. Hüseyn Cavid və Əhməd Cavad kimi milli şairlərin məhvindən doymadılar, onlara bənzəyənləri də meydandan götürdülər. Sadəcə cismən öldürməklə kifayətlənməyib, təmsil etdikləri ədəbi cərəyana da yeni bir istiqamət vermək istədilər. Türklük və türkçülük ideologiyası qoxuyan duyğu və düşüncələr kimi “türk” kəlməsi də qadağan edildi.

Soranlara bən bu yurdun
Anlatayım nəsiyəm.
Bən çiynənən bir ölkənin
“Haqq” bağıran səsiyəm.

Əhməd Cavad bu misraları “rus imperializminə qarşı kəskin şeirlər yazma”, – deyənlərə cavab olaraq qələmə almışdır. Ömrünün sonuna qədər bu sözlərinə sadiq qaldı və yazdı. Ölüm ayağında belə, sözlərindən dönmədi, yenə yazdı. Ancaq bu dəfə “simvolizm” ədəbi məktəbini özünə yazı tərzi seçərək yazdı. Onun “Moskva” şeirində də saysız kinayə və iynəli sözlər vardır. Bir dəfə AKP rəhbərliyi Əhməd Cavada 1 May münasibətilə şeir yazmağı təklif edir. Əhməd Cavad aşağıdakı misraları qələmə alır:

Bən hər gələn bir mayısa
Pək çox ümidlər bağlarım.
Hər gələcək mayıs için
Nisan ağlar, bən ağlarım.

Bu şeir nəşr olunduqdan bir neçə həftə sonra sovet ədəbiyyatının məddahları Əhməd Cavada qarşı hücuma keçdilər: “Sənin hər il gəlməsinə ümid bağladığın may, Beynəlxalq Həmrəylik Günü olan may deyil, Azərbaycan istiqlalının elan edildiyi 28 Maydır. Aprel ayında rus Qızıl Ordusu bu istiqlalı darmadağın etdiyi üçün aprel yağışları ilə birlikdə sən də may üçün ağlayırsan”.

XX əsrin əvvəllərində zərbaycanın romantik poeziyasının bir nümayəndəsi kimi Əhməd Cavad Türkiyə ilə ədəbi əlaqələrin inkişafında, türkçülük və istiqlal ideyalarının formalaşmasında və təbliğində iki ölkə arasında ictimai-siyasi, ədəbi-mədəni əlaqələrin qüvvətlənməsində, Türkiyə istiqlal şairləri ilə münasibətlərin genişlənməsində xidmətləri böyükdür. Bu cəhət xüsusilə vurğulanmalıdır ki, heç bir Azərbaycan şairi Əhməd Cavad qədər Türkiyə ilə bu dərəcədə bağlı olmamışdır. Hətta cümhuriyyət dönəmində Azərbaycanın çətin zamanlarında yurdumuza çağırılan Qafqaz İslam Ordusu ilə birgə döyüşlərdə iştirak edən Türkiyə şairlərini Azərbaycanda qarşılayan, görüşlər keçirdən, ən çox çıxışlar edən sənətkar da Əhməd Cavad olmuşdur.

Əhməd Cavad Türkiyədə daha çox tanınmışdır. Hətta Mustafa Kamal Atatürkün imzalı kitabları arasında Əhməd Cavadın “Qoşma” kitabının da olduğu müəyyən edilmişdir. Əhməd Cavad adına və əsərlərinə yalnız bəraət aldıqdan sonra ehtiyatla, müraciət olunmağa başlanmış, onun yaradıcılığının əsas mahiyyəti xalqdan gizli saxlanılmağa çalışılmışdır.

Əhməd Cavad xalqımız üçün yalnız ədəbi yox, eyni zamanda tarixi şəxsiyyətdir. O, təkcə Azərbaycanın deyil, butun türk dünyası xalqlarının gələcəyini düşünür, birliyini arzu edirdi. Onların yaşam və tərəqqisini bir-birindən ayrılıqda təsəvvür etmirdi. Bu yolda Türkiyənin roluna ayrıca önəm verirdi. Ümumtürk mədəniyyətinin parçalanmamasını, birliyinin daha da güclənməsini arzu edirdi, onun mədəni türkçülük görüşləri türk birliyi və türk dövlətçiliyi məsələsinə siyasi türkçülüklə qovuşurdu.

Klassik Azərtürk şairi sayılan Əhməd Cavad türk xalqının dərdlərilə dərdləşmiş, sevinclərinə də sevinmişdir.

1912-ci ildə Balkan müharibələri başlayanda Osmanlı dövləti daxilində türk qardaşları faciəli günlər yaşayarkən, Azərbaycandan İstanbula gedən könüllülərin içində Əhməd Cavad da var idi. O, Azərbaycan klassik ədib və şairi Abdulla Şaiqlə birgə Qafqaz könüllü hissəsi sıralarında Türkiyə cəbhəsində “Mehmetcik”lərlə səngərdə çiyin-çiyinə döyüşə girmiş və düşmənlə mübarizə aparmışdır. Balkan müharibəsi qurtardıqdan sonra Yusif Akçura oğlu hər iki Azərbaycan şairinə Azərbaycanda onlara daha şox ehtiyac duyulduğunu, öz doğma yurdlarına dönərək, xalqına xidmət etmələrini tövsiyyə edir. Bu tövsiyyədən sonra hər iki ədib Azrbaycana dönür.

Birinci dünya müharibəsi zamanı Türkiyənin şərq hissəsi rus ordusunun işğalına Qars və Ərzurum əhalisi rus və ermənilərin qırğınına məruz qalarkən Əhməd Cavad Bakıdakı “Azərbaycan xeyriyyə cəmiyyəti” vasitəsilə Türkiyənin şərq vilayətindəki əhaliyə yardım edir, rusların Bakı ilə Qars arasında yaratdığı bütün maneələrə baxmayaraq gedib-gəlir, yardım işlərində yorulmadan çalışırdı. Qardaş xalqın bu bədbəxt günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni bədii şəkildə “Nə gördümsə” şeirində dilə gətirir:

Armağanım yaslı nəğmə
Bir quş oldum, çıxdım yola.
Getdim, gördüm dost elində
Nə bir səs var, nə bir layla.

Sordum qərib minarədən:
“Axşam olmuş, azan hanı?
Bayquş qonmuş minbərlərə
Deyən hanı, duyan hanı?”

Şeirin son bəndində şair bayramdan söz açır. Şeir 1915-ci il martın 22-də qələmə alınmışdır. Martın 22-si Novruz bayramıdır. Əhməd Cacad belə bir gündə bayram etmir, Qarsdakı qardaşlarının yasını saxlayır. Çünki Qars rus orduları tərəfindən işğal edildiyi zaman oradakı türk soydaşları ruslar və ermənilər tərəfindən qılıncdan keçirilmiş, Qars xarabazara çevrilmişdir.

Vicdan mənə əmr etdi ki:
“Belə gündə bayram etmə!”
Quran mənə yol göstərir:
“Yoxsulları məyus etmə!”

Əhməd Cavad Mudros müqaviləsindən sonra İstanbulun işğal olmasından yasa batan türk və Azərbaycan xalqı ilə birgə kədərlənir:

O sevdiyim mərmər sinəli yarın
Diyorlar qoynunda yabancı əl var.
Baxıb üfüqlərə uzaq yollara,
Ağlıyormuş mavi gözlü axşamlar…
Ah, ey solğun üzlü dalğın İstanbul!
Mavi gözlərin pək bayqın, İstanbul!

Daha sonra Bakı Antanta dövlətlərinin Sevr sazişinə əsasən ingilislərin işğalı altında olarkən Azərbaycanda mətbuat, toplantılar ingilislərə qarşı çıxır, mitinqlər keçirilirdi. Əhməd Cavad o zaman “İngilis” adlı şeir yazır:

Bakıya gəlmişik salam verməyə,
Ey xan sarayını tutan ingilis!
Gedərkən Kəbəyə hacı karvanı
Hacılar yoluna çıxan ingilis!

Dimağında “Çanaqqala” ağısı,
Sənmisin türk ellərinin yağısı?
İslam dünyasının ölüm çalğısı,
Ölüm niyyətilə yakan ingilis!

Bu şeirin son misrası Əhməd Cavadın qabaqcadan hiss etməsilə bitir: Düşəcək təxtinə talan, ingilis!

Əhməd Cavad pantürkist və ya panislamist deyildi. Sadəcə olaraq o, hər bir türk xalqının öz torpaqlarında azad və müstəqil yaşamasını istəyirdi. O, Azərbaycanın hələ də müstəmləkə altında qalmasından çox həyəcanlanırdı, növbəti azadlıq mübarizələrinin daha çətin, qanlı, itki ilə nəticələnəcəyi onu narahat edirdi. Azərbaycanın azadlıq mübarizəsində Əhməd Cavad özü də qurbanlar, şəhidlər karvanına qoşularaq 1937-ci ildə macar şairi Potefi kimi izi bəlli olmadan yox olmuşdur.

Əhməd Cavad ömrünün sonuna qədər azərbaycanın azadlıq mübarizəsinə sadiq qalmışdır. 1920-ci il aprel ayının axırlarında Azərbaycanın azadlığına son qoyan rus ordusu tanınmış Azərbaycan ziyalılarını, xalqın görkəmli şəxsiyyətlərini güllələdiyi zaman Əhməd Cavad qırğından qorxmamış, və bu şeirilə üçrəngli milli bayrağa həsrət qaldığını kədərlə qələmə almışdır:

Çoxdandır ayrı düşdüm
Üç boyalı bayraqdan.
Ay dostlar, mən yoruldum
Bu gizli ağlamaqdan.

O, təkcə gizli ağlamaqla kifayətlənmədi, Azərbaycan xalqının qara günlərini bölüşdü. Onlarla birgə həbs olundu, işgəncəyə məruz qaldı, ailəsi uşaqları pərən-pərən düşdü, sürgün olundu və nəhayət, Stalin tərəfindən yüz minlərlə Azərbaycan ziyalısı, zəhmətkeşi kimi sürgündə öldürüldü. Əhməd Cavad “Sus” adlı şeiri ilə sovet hökumətinin “kommunist” yalanlarına və onların vəd etdikləri haqq və azadlığa inanmadığını açıqlayır:

Çoxdan dəyişdirib şəkki yəqinə
Bən üsyan etmişəm məzhəbə, dinə…
Bilməm sənin böylə “həqq” dediyin nə?
Hökm etmə fikrimə, vicdanıma… Sus!

O, beləcə, zülmü istismarı, ölümü “hürriyyət” deyə təbliğ edən sovet istilasına hayqırmış, bununla kifayətlənməyib ömrünün sonunda Azərbaycan xalqının düçar olduğu əziyyəti və ağır fəlakəti simvolik xarakter daşıyan “Səsli qız” poemasında dilə gətirmişdi:

Cənnət kimi bir ölkə
Məzarlığa dönmüşdür.
Bir çox evlər yıxılıb
Xanimanlar sönmüşdür.
İşlənməmiş qalmadı
Bir cinayət, bir günah.
Əzmişdi insanlığı
Ordusilə padşah.

Gülmək zatən yox idi,
Ağlamaq oldu yasaq.
Zavallı məğlub ölkə,
Sana nə hüquq, nə haqq!

Poemada görünən acı və qanlı simvolik tablolar Azərbaycanın azadlıq mübarizəsində şairin simvolik pərdələrə bürüyərək təsvir etdiyi faciəli hadisələrdir. Bu hissələrdə Azərbaycanın müstəmləkə altında yaşamasını çox acı bir şəkildə təsvir etmişdir. Şair rus işğalından sonra xalqının yaşadığı bəxtsiz yaşayışa sözün əsl mənasında ürəkdən acımışdır.

Lakin bu azadlıq carçısının qələmini hər vəchlə sındırmağa, əl-qolunu bağlamağa çalışmışlar. Hüseyn Baykara Əhməd Cavad haqqında xatirələrində yazır: “Şeirlərini oxuduğum və sevdiyim bu şairi 1923-cü ilin axırlarında həbs olunduğum zaman Bakının “Staro-Politseyski” prospektindəki həbsxanada tanıdım. O da həbs olunanlar arasında idi. Onunla bir neçə ay eyni kamerada qaldıq. Kamerada bizə kitab, dəftər, qələm vermirdilər. Necə oldusa mənim əlimə bir qələm keçdi. Bu qələmlə Əhməd Cavadın şeirlərini divara yazır və əzbərləyirdim. Bir gün gözətçi Nikolay mənim divara yazdığım yazıları taxta parçası ilə sildi. Cavadın dörd-beş şeiri beləcə unuduldu, yox oldu. Bu hadisədən sonra yazdığı iki şeirini əzbərlədim, taleyin köməyi ilə bura qədər gətirdim. Bu şeirlər “Ay ellər”, “Neylim” başlıqlı idi:

Hanı yaz mövsümü, gülüm, çiçəyim?
Tez düşdü yurduma xəzan, ay ellər!
Mən yaza bilmədim əllərim bağlı,
Yoxmu bir dərdimi yazan, ay ellər!

“Neylim” şeiri gözətçi Nikolayın divara yazılan şeirləri sildikdən sonra yazilan şeirdir. Bu şeirin bir bəndində həmin hadisəni kinayəli surətdə təsvir edir:

Barı sən gəl dedim, dinləyib bir az
Ey vəfalı qələm, dərdimi gəl yaz…
Gəldi bir çirkin əl söylədi: olmaz!
Dinləyənlər məni gec duyar, neylim”,

Əhməd Cavad Azərbaycanın azadlığına son nəfəsinə qədər sadiq qalmış və bu yolda şəhid kimi canını qurban vermişdir. Onu əvvəlcədən bilərək girdiyi və canını qurban verdiyi azadlıq mübarizəsinin heç bir səhifəsində bədbin və ümidsiz görmürük. Onun başladığı ədəbi fəaliyyəti sürgün edilməsi və öldürülməsilə sönmüşdür. Həyatının 25 ili müəllimlikdə, döyüş cəbhəsində, həbsdə, ən çətin siyasi mübarizədə keçmişdir. Əhməd Cavad Azərbaycanda həyata keçirilən terror illərində yazdığı şeirdə belə deyir:

Hüsranlar, ələmlər, böhranlar içində
Qısıq bir səs kimi öləcəyəm bən…
Böylə göz yaşıyla keçən ömrümün
Sonunda bir acı güləcəyəm bən…
Yaxında didarın nəsib olmazsa
Ümidsizlik bəni düşürməz yasa.
Alaraq əlimə dəmirdən əsa
Bir gün hüzuruna gələcəyəm bən.

Əhməd Cavad Azərbaycan poeziyasında özünəməxsus ədəbi taleyi, sənətdə orijinal dəsti-xətti olan nadir simalardan biridir. O, əsərlərində istifadə etdiyi vəzn, üslub və dil xüsusiyyətlərinə görə Azərbaycan ədəbiyyatında “Cavad ədəbi məktəbi”niyaratdı. Anadilli şeirimizə dərindən bələd olan şair bir sıra dilləri bilib, həmin dillərdə elmi-bədii ədəbiyyat oxuması onun məlumat dairəsini vüsətləndirmiş, bədii zövqünü cilalamışdır. Əsərlərini oxuduqca görürük ki, onun bütün sənət ruhu, fikri-bədii cəhətdən şifahi xalq yaradıcılığına, klassik ədəbi irsə bağlı olmuşdur. Azərbaycan şeirinin, folklorunun qədim xəzinəsindən faydalandığı qənaətində olan Əhməd Cavad əzəli mənbəyə bağlılığını dilə gətirir və həmin əvəzsiz mənəvi sərvərlərin varislərindən biri kimi iftixar edir:
Açın qəlbin qubarını, baxın nədir baş yazısı:

Əvvəl Allah göndərəndir, sonra türkün bayatısı!

Şairin yaradıcılığı, bayatılar da bura daxil olmaqla, şifahi xalq ədəbiyyatından, onun zəngin obrazlar aləmindən, deyim tərzindən sənətkar kimi faydalanmağın bariz nümunəsidir. Əhməd Cavad folklorumuzun vurğunu, onun yorulmaz toplayıcılarından biri idi. Nizami muzeyində şairin topladığı folklor nümunələrindən bir neçə dəftər saxlanılır. Həmin dəftərlərdən birində 32 xalq mahnısının mətni qeydə alınmışdır. Şairin yaradıcılığının hələ ilk mərhələsində özünü göstərən dilin sadəliyi, axıcılığı, ahəngdarlığı bilavasitə folklordan süzülüb gələn vacib keyfiyyətlər idi. Bu dövrə məxsus “Yaralı quş” şeiri həm də belə əlamətləri ilə XX əsr Azərbaycan poeziyasında nadir və çox əhəmiyyətli bir hadisə idi. Dilinin təbiiliyi, rəvanlığı, ahəngdarlığı etibarilə Azərbaycan söz sənətinə həqiqətən də yeni bir istedad gəlmişdi:

Yaralıdır könlüm quşu, yaralı,
Yaralıdır yazıq aşiq olalı.

Əhməd Cavadın klassik irsə, anadilli şeirimizin tarixinə və taleyinə münasibətini açıqlamaq üçün “Füzuli” şeirinə nəzər yetirmək kifayətdir:

El dərdinin dərmanını buldu Füzuli,
Onunçün də böyük şair oldu Füzuli.

Füzuli irsinin gücü onun elm və sevgi kimi iki yaşarı dayaq üzərində ucalmasındadır. Füzuli lirik qəhrəmanının məhəbbət yolunda fədakarlığı, qeydsiz-şərtsiz cəfakeşliyi də bu şeirdə Əhməd Cavadın yüksək qiymətləndirdiyi bir keyfiyyətdir:

Çox doğrudur, sevdiyindən yandı Füzuli,
Sevdiyindən dərdi də xoş sandı Füzuli!

O, klassik irsə, Füzuliyə arxalansa da onu təqlid etmirdi, mümkün qədər açıq və anlaşıqlı yazmağa çalışır, əsərlərini də geniş oxucu kütləsi yaxşıca qavrayırdı. Lakin şair bununla da daxilən tam təmin oluna bilmirdi, mühitinin seir dilini nəzarətdə saxlayırdı. “Dilimiz” şeiri bu nəzarətdən doğan əməli addımlardan biri idi. Şair Azərbaycan dilinin təbiiliyinə xələl gətirən, onun lüğət tərkibini ağırlaşdıran, xalq tərəfindən anlaşılmasını çətinləşdirən əcnəbi sözlərinə aludəçiliyi şeirində çox kəskin tənqid edirdi. Aydınlıq, rəvanlıq Əhməd Cavad şeirinin yeganə xüsusiyyəti deyildi, onun dilinin ən mühüm keyfiyyətlərindən biri yiğcamlıqdır, az sözlə çox mətləb ifadə etmək bacarığıdır.

Sovet imperiyası dövründə Əhməd Cavadın yaradıcılığının bolşevik ideoloji prinsiplərilə vulqar sosialoji yanaşma üzündən 70 ildən çox müddətdə gərəyincə dəyərləndirilməməsinin, çap edilməməsinin, həmişə tənqid olunmasının istiqlalçı və türkçü, Türkiyəyə və türklüyə sevgi ruhlu şeirlərinin xalqdan gizli saxlanılmasının da başlıca səbəbi də bununla bağlıdır. Hüseyn Cavid neçə-neçə dəyərli insanın ömrünə balta çalmış, həyatını zülmə döndərmiş qara tufan ondan da yan keçməmişdi:

Bu qaranlıq gecə nə qədər sürdü?…
Yetiş imdadıma, ey dan ulduzu!
Barı sən gəl mənə, yuxu gəlmədi,
Yetiş fəryadıma, ey dan ulduzu!
Qudurğan qasırğa, çarpaşıq yollar,
Yolumda zülmət var, uçurumlar var.
Yetiş ki, ömrümün karvanı ağlar,
Aman, gəl dadıma, ey dan ulduzu!

Əhməd Cavad yaşadığı çox qısa, lakin şərəfli ömür çərçivəsində yalnız vətənin azadlığını, müstəqilliyini, xalqının, millətinin firavanlığını düşünmüşdür. Belə olduğu halda öz xalqını, vətənini cani-qəlbdən sevən bir şairin adı 1937-ci ildən 1985-ci ilə qədər yasaq edilmişdir. Lakin 1992-ci ildən başlayaraq şairin haqqında silsilə məqalələr, xatirələr, şeirlər yazılmışdır.Yalnız sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycanda milli konsepsiyanın yaranması ilə bağlı repressiyaya məruz qalmış sənətkarlarimizın yaradıcılığının obyektiv dəyərləndirilməsi üçün şərait yaranmışdır. Son illər bu istiqamətərdə tədqiqatlar çoxalmış və Əhməd Cavad haqqında da bəzi araşdırmalar meydana gəlmişdir. Onun yaradıcılığının qaranlıq məqamlarını ilk dəfə işıqlandırmaq məhz görkəmli ziyalımız prof. Əli Saləddinə nəsib olmuşdur. Əli Saləddin bir Cavidşünas kimi uzun müddət fəaliyyət göstərmiş, şairin haqqında qələmə aldığı silsilə yazılar və zəhmətkeş illərin, dərin axtarışların bəhrəsi hesab edilən kitabları ilə Cavidşünaslığa dəyərli töhfələr vermişdir.
Əhməd Cavad Azərbaycanın böyük vətənpərvər şairi olaraq Azərbaycan xalqının qəlbində yaşamaqdadır və yaşayacaqdır. O bilirdi ki, qırmızı rus terrorunun qurbanı olacaq. Ancaq o, ölümün maddi anlamda olacağını və Azərbaycan tarixində heç zaman ölməyəcəyini də bilirdi. Ölməz şair bu misralarda deyir:

Bən bir aşiqim ki, bu çaldığım saz
Dumanlı dağlara səs salacaqdır.
Ağlatdığım teldə inləyən avaz
Elin xatirində çox qalacaqdır.

Bu günün, bu quruluşun – Azərbaycanın dövlət müstəqilliyi və azadlığı uğrunda ömrü mübarizələrdə keçən Əhməd Cavad öz qəlbinin duyğuları ilə əmin idi ki, uğrunda həyatını qurban verdiyi Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti onu heç zaman unutmayacaq.

Şükürzadə Şahnazxanım,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantı





Baxış sayı - 4 366 | Yüklənmə tarixi: 05.05.2016 12:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031