Həkimin arzuları |MANERA.AZ
![]()
Təyyarə səmanın ənginliklərində dövrə vuraraq aşağıya enməyə başladı. Az keçmiş kəndə xüsusi yaraşıq verən yaşıl meşə, sürətlə şığıyıb axan Ağstafa çayı, adam boyundan da hündürə qalxmış kolluq və sıx qamışlıq göründü. Həyat öz axarı ilə davam edirdi. Mal-qara sürülərini otaran çobanlar günəşin qızmar tellərindən qorunmaq üçün ağacların dibinə çəkilərək bir-biriləri ilə şirin söhbət edirdilər. Camışlar çayın içərisində vecsiz halda yatışır, qoyun-quzular otlamalarına ara verib sərinlikdə tövşüyə-tövşüyə nəfəs alırdı.
Günəş bərq vuraraq ətrafı parlaq şüaları ilə yandırırdı. Arabir balıq tutan vağlar başlarını suya vurur, sonra uçaraq kolların arasına girir, balalarına yem verirdi. Taxıl zəmilərinin sarı saçaqlı sünbülləri üzərinə qonmuş sərçələr sevinclə vurnuxur, yerin altındakı yuvalarına çəkilmiş həşəratlar isə günün batmasını səbirsizliklə gözləyirdi.
Kənd uşaqları həvəslə çayda üzürdülər. Səs-küyləri aləmi başına götürmüşdü. Gah suda qaçdı-tutdu oynayır, gah da suyun altında kimin daha çox qalacağını müəyyən etmək üçün yarışırdılar. Birdən təyyarənin gurultusu eşidildi. Bayaqdan qışqırıb çığıran uşaqlar diksindilər. Təəccüblə yuxarı boylandılar və təyyarənin çox aşağıdan uçması onlara qəribə gəldi. Doğrudan da, təyyarə yavaş-yavaş lap aşağı milləndi və onların başı üzərində dövrə vuraraq yaxınlıqdakı meşəyə tərəf istiqamət götürdü. Sonra isə dərələrin yanından keçib boz təpələri arxada qoydu və kəndin içərilərinə doğru hərəkət etdi.
Uzun illər müxtəlif vəzifələrdə çalışmış, hörmətli ağsaqqallardan sayılan məktəb direktoru Həsən müəllim gözlərini təyyarədən çəkməyərək fikrə getmişdi. Birdən dik atıldı və yanında dayanmış həyat yoldaşı Tərlana dedi:
-Bəlkə Rəhimi gətirirlər?! - Bir qədər duruxdu, çiynindən az qala sürüşüb düşən pencəyini düzəltdi, ancaq əllərinin əsməsi daha da artdı. Odur ki, bir qədər duruxdu. Özünə gəldikdən sonra davam etdi: - Axı, qardaşım Moskvada müalicə olunarkən bildirmişdi ki, əgər sağalmasam, son nəfəsimdə doğma kəndimin səmasında təyyarə ilə gəzdirərsiniz ki, axırıncı dəfə olaraq yaşadığım, suyunu içdiyim, havasını udduğum yurduma doyunca tamaşa edim.
Bayaqdan qaradinməz dayanməş Tərlan ərinin sözlərindən sonra sanki yuxudan ayıldı, qəhər içərisində boğula-boğula artıq fəlakətin baş verdiyini anladı. Ürəyinə damdı ki, bu tamaşa şadlıq deyil, ölüm haqqında kədərli xəbərin sorağıdır. Deməli, təbabət sahəsində kəşfləri ilə tanınmış alim, bilik və bacarığını xalqın yolunda əsirgəməyən gözəl insan, tibb elmləri doktoru, professor Rəhim Abbas oğlu Yusifov canından artıq sevdiyi insanları, yaşadığı və sevdiyi dünyanı tərk edir. Onun şəfalı əlləri neçə-neçə xəstəyə həyat, can vermiş, sağaltmışdı. Belə bir insan da ölə bilərdimi?!
Tərlan bədbin fikirləri beynindən uzaqlaşdırmağa çalışdı, ancaq bacarmadı. Elə bil qorxduğu hansısa bir hadisə baş verəcəkdi. Bu anlarda Həsən də vahiməli xəyallarla çarpışırdı. Kiçik qardaşının xərçəng xəstəliyindən əzab çəkməsi xəbərindən nə qədər sarsıntı keçirmişdisə, indi də o qədər qorxu və həyəcan hissi keçirirdi. Daxili sanki od tutub yanır, başı bədənindən qopub düşmək istəyirdi. Boğazına elə bil acı bibər sürtmüşdülər, nəfəsi zorla gedib-gəlirdi. İkinci Dünya müharibəsində aldığı yaraların yeri sızıldayır, ayaq və əllərinin titrəməsi dayanmaq bilmirdi. Hələ əlli yaşı tamam olmamış qardaşı Rəhimin keşməkeşli həyatı, iztirabları, həyat yoldaşı və övladırının nankorluğu onun qəlbini çox incidirdi. Var gücü ilə qışqırıb təyyarəni geriyə qaytarmaq istəyirdi.
-Mən qardaşımın sağ-salamat qayıtmasını gözləyirdim, ay Tərlan! - deyə üzünü həyat yoldaşına tutdu.
Sonra öz-özünə danışırmış kimi:
-Yox! Qəlbim mənə deyir ki, bu, yaxşı əlamət deyil. Yəqin oğlumuz Elçin həkim əmisini təyyarədə gətirib kəndimiz üzərində gəzdirir ki, onun son arzusunu yerinə yetirsin. Doğma təbiət mənzərələrinə ürəkdolusu baxsın, - dedi və artıq dayana bilməyib içəri keçdi. Kiçik oğlu Yusif atasının qoluna girib onu yatağına apardı və tapşırdı:
-Narahat olma, ata! Bəlkə hansısa təyyarədir, gəlib, ötüb keçəcək. Moskvanın görkəmli həkimləri əmimi müalicə edirdilər, yəqin bunun xeyri olacaq. İnşallah, əmim mütləq sağ-salamat Bakıya, sonra isə kəndimizə qayıdacaq.
Atası qəlbində kədər oğlunun başını tumarlayaraq fikrə getdi və heç nə demədi.
Təyyarədən bir cüt göz həsrətlə aşağı boylanırdı. Yataqda halsız uzanmış, artıq ölümünü qabaqcadan hiss edən həkim balışa dirsəklənərək yenə də ümidlə nəzərlərini meşənin, çayın üzərində gəzdirir, dərələrin, təpələrin, tozlu yolların, cığırların, qamışlığın tanış mənzərələrinə doyunca baxırdı. O, uşaq vaxtı çayda o qədər üzmüşdü ki, çayın kənarında, düzənlikdə o qədər qoyun-quzu otarmışdı ki!..
Çəmənlikdə, ağac kölgəsi altında kitab oxuduğu günlər yadına düşdü. Diqqətlə baxanda gördü ki, həmin qocaman palıd ağacı yenə də sanki dərin xəyallar aləminə dalmışdır. Sanki dünyanın özü boyda ağırlığını yunan atleti Herakl kimi çəkirdi. O, növbədə olarkən orada vaxtını keçirmək üçün yox, kitaba hədsiz marağına, həvəsinə görə oxuyur və bundan ləzzət alardı. Elə bil yaşamağının mənası yalnız oxumaqdan, mütaliə etməkdən ibarət imiş.
Çayın sahilində kollar, meşədə ağaclar sıra ilə düzülmüşdü. Adamların inanc bəslədiyi Qəhrəman ocağı, onun ətrafında bitmiş əzəmətli və müqəddəs dağdağan ağacı bu mənzərəyə xüsusi yaraşıq və görkəm vermişdi. Yaz gəldikdə coşqun sellərin təsiri ilə balaca körpü uçub dağılır, yeni körpü düzələnə qədər camaat başqa yolla kəndə gedib-gəlməyə məcbur olurdu. Qaz xəttinin çayın üzərindən keçərək kəndə doğru uzanan borularına gözü sataşdı. Yadına düşdü ki, kəndə qaz xəttini o özü çəkdirmişdi. Əlaqədar orqanlar qarşısında bu məsələni qaldırmış və müsbət həll edilməsinə nail olmuşdu. Kənd sakinləri hər dəfə qazı yandırarkən hörmətli professoru minnətdarlıqla yad edirdilər. Onu görərkən dil-ağız edir, təşəkkürlərini bildirirdilər. Bu anlarda isə ürəyindən keçirirdi ki, kənddə yeni körpünün salınması çox vacibdir. - Ayağa qalxsam, bu məsələni də həll edəcəm - deyə düşünürdü…
Az qala çayda boğulduğu gün yadına düşdü. Onda on üç yaşı vardı. Qardaşları Həsən və Nəriman, tay-tuşları Həmid, Məcid, Sabir, Afiq də yanında idi. Ağstafa çayının nisbətən dərin, «dəhnə» adlanan hissəsində üzür, qumluqda uzanıb günəş şüalarını qəbul edirdilər. Ürəyindən üzmək keçdi. Şappıltı ilə suya tullandı. Birdən burulğana düşdüyünü anladı. Su onu batırdı, nə qədər çabalasa da xilas ola bilmirdi.
Artıq əl-qolu heydən düşməyə başladı, ağzına xeyli su doldu. Yaxşı ki, Sabir onu tez gördü və cəld suya atılaraq özünü yetirdi. Qolundan tutub yuxarıya qaldırdı, üzərək onu birtəhər sahilə çıxardı. Qumun üzərində arxası üstə uzadılarkən ağzından nə qədər su gəldi. Evə dönəndə atası Abbas o ki, var danladı. Tapşırdı ki, bir daha oralara ayaq basmasın!
Atasının nurani siması, mehriban baxışları gözləri önünə gəldi. Onun nəsihətləri necə də düz idi, bu günkü yüksəlişində atasının zəhməti də az deyildi. Həmişə elmə, ürfana çağırış dolu məsləhətləri, çətinliklərə qalib gəlmək üçün iradə, dözüm və səbr aşılayan kəlamları onun qısa və mənalı həyat yolunda qolundan tutub qaldırmışdı. Çətinliklərə rast gəlsə də ruhdan düşməmiş, həkimliklə alimliyi əlaqələndirmiş, bitkilərin xassələrini dərindən müşahidə etmişdi. Bu sahədə məşhur alim - təbib Əbu Əli İbn Sinanın və digər mütəfəkkirlərin apardığı təcrübələri dəfələrlə sınaqdan keçirmiş və bu düzlərdə, yamaclarda gəzərək tədqiqatlarının nəticəsi olaraq elmə bir çox yeniliklər gətirmişdi.
Anası Vəzduha çox xeyirxah, mülayim insan idi. Rəhimi xüsusi nəvazişlə oxşayır, gələcəyinə ümid bəsləyirdi. Ailədə dörd qardaş idilər. Ortancıl qardaş müharibədə həlak olmuş, qara xəbəri gəlmişdi. Məzahimin axırıncı məktubu uzaq Estoniyadan gəlmişdi və orada yalnız bir kəlmə yazılmışdı: «Burada qan su yerinə axır».
Bundan savayı məktub gəlmədi. Qara xəbəri çıxanda anası inanmaq istəmirdi. Kənd təsərrüfatı texnikumunda təhsilini yarımçıq qoyub davaya könüllü yollanan igid oğlunun həlak olması xəbəri anasının qəddini əymiş, qəlbini qubarlandırmışdı. Onda 1942-ci il idi və Rəhimin on bir yaşı vardı. Evlərində ölüm xəbərini Rəhim həmin gün eşitdi və bu acı həqiqət onun hafizəsinə məchulluğu xatırladan sirli, möcüzəli və sonu görünməyən bir anlayış kimi daxil oldu. Qardaş itkisini bu ağır günündə də ürəyində kədərdən yonulmuş qara daş kimi gəzdirirdi.
Onun böyük qardaşı Həsən ali təhsil almışdı. Universitetin şərqşünaslıq fakültəsinə qəbul olunsa da, bir ildən sonra təhsilini tarix fakültəsində davam etdirmişdi. Ali məktəbi fərqlənmə ilə bitirmişdi. Əvvəlcə kənd məktəbində müəllim, sonra kolxoz sədri, kənd sovet sədri, rayon partiya komitəsində təlimatçı, məktəb direktoru vəzifələrində işləmişdi. Kənddə Həsənin çox böyük nüfuzu və hörməti vardı. Qonaqpərvərliyi isə hamının dilində əzbər olmuşdu. Onun sayılıb-seçilməsi qardaşı Rəhimin qəlbini iftixar hissi ilə doldurur, sevindirirdi. O, qardaşı ilə görüşəndə deyirdi: - Qardaş, bu torpağın çörəyi, suyu sənə halaldır. Çünki sən namus və qeyrətlə el-oba üçün çalışırsan. Yaxşı hərəkətlərinə görə başın uca, qəlbin rahatdır. Sənin haqqında xoş sözlər eşitdikdə qəlbim dağa dönür, fərəhlənirəm…
Həsənin doqquz övladının hamısı ali təhsil alıb müxtəlif sahələrdə çalışırdılar. Oğlu Elçin və qızı Bakiyə tibb institutunu bitirmiş, əmiləri kimi həkim işləyirdilər. Elçin həm də tibb elmləri namizədi kimi alimlik fəaliyyətini davam etdirir, elmi axtarışlarla məşğul olurdu. Əmisini də Moskvaya o aparmış, orada ən məşhur klinikada yerləşdirmişdi. Paytaxt həkimləri onunla görüşür, bəd xassali xərçəng şişinin müalicəsi üçün əllərindən gələni edirdilər. Ancaq müalicənin xeyrinin olmadığını ona bildirməsələr də, özü hiss edir, anlayırdı. O, həmin həkim deyildimi, insanın üzünə baxaraq xəstəliyini müəyyən edirdi. Məgər damağındakı şişin nə olduğunu bilmək çoxmu çətin idi?! Ancaq həkimlər bu barədə heç nə bildirmədilər. Yalnız onu dedilər ki, kəndə, təbiət qoynuna getmək lazımdır. Təmiz hava udmaq xeyirlidir. Bundan sonra irəliləyişdən söhbət açmaq olar. Əslində isə professorun ömrünün bitməsinə bir-iki gün qalırdı.
O, artıq danışa bilmirdi, şiş çox əzab verir, incidirdi. Bir söz demək lazım olanda qələm-kağız istəyir, istəklərini vərəqə yazırdı.
Beynindən keçirdi ki, ilahi, danışmamaq nə qədər əzabmış?! Hisslərini sözlərə, cümlələrə çevirib ürəyinin dərinliklərindən çıxarmaq, yüngülləşmək, sözün ağırlığından xilas olmaq necə də xoş imiş!
Qəlbdə azadlığa çıxmaq istəyən fikirlər yalnız səsləndikdən sonra ürək sakitləşə bilərmiş. Necə ki, əkinçi öz məhsulunu götürməyib, bənna evi tikməyib, qadın övladını dünyaya gətirməyib, o qədər narahatdır.
Xəstə özündə, daxili aləmində baş verən prosesləri nə qədər ki, bilmir, narahat deyil, elə ki, bildi, onda pessimizmə, ruh düşgünlüyünə qapılır, xəyallarına əsir olur. Az bir qismi isə iradəsini cilovlayaraq ölümə qarşı gücü çatdığı qədər mübarizə aparır. Dözümü, mətanəti ilə əhatəsində olanlarda heyrət doğurur.
Ən çox sevdiyi ərəb kəlamını yadına saldı: «Səbr hər yerdə dərmandır, ancaq səbrə dərman yoxdur». Özü dəfələrlə ağır xəstələrə inam vermək məqsədilə məgər bu sözləri azmı söyləmişdi?! Məgər o bilmirdimi ki, müalicədən də qabaq xəstəyə ümid vermək, onda sağalacağına inam hissi yaratmaq həkimliyin ən birinci şərtidir. İnam elə həyatın özü deyildimi?!
Dirsəyi ağırlığa tab gətirmədi. Başını balışa söykədi, yanında müntəzir dayanmış qardaşı oğluna baxaraq qələm-kağız istədi. Elçin həkim onun istədiklərini verdi. Professor təyyarənin axırıncı dəfə olaraq, bir daha baxmayacağı, görməyəcəyi ana yurdu üzərində dövrə vurmasını xahiş etdi. Pilotlar məşhur həkimin son arzusuna hörmətlə yanaşaraq təyyarəni yuxarı - asimanlı zirvələrə doğru yönəltdilər, oradakı dağların başı üzərindən dolanaraq meşəyə yaxınlaşdılar. Sonra çaya çatdıqda alçaqdan uçaraq həkimin bu mənzərəyə tamaşa etməsinə şərait yaratdılar. Həkim çox bəxtəvərliklə, qəlbində fərəh və sevinc hissi ilə baxmaqdan doymurdu. O, ölmək istəmirdi, yaşamaq, insanlara yeni həyat bəxş etmək istəyirdi.
Artıq xəstələnib evə qazanc gətirməməsinə görə ondan üz döndərmiş övladlarının və həyat yoldaşı Məryəmin laqeydliyi onu narahat etmirdi. Vaxtilə çox kasıb olmuş, indi isə zəngin həyata qovuşmuş bu tamahkar qadın həmişə pulu üstün tutmuşdu.
Uşaqları da çətinlik görməmiş, yağ içində böyrək kimi bəslənmişdilər. Odur ki, atalarının xəstələnməsi, ata həsrəti onları narahat etmirdi. Nə xəstəxanaya, nə də Moskvadakı klinikaya baş çəkməmişdilər. Məryəm ərinin qohumlarına da yuxarıdan aşağı baxmışdı. Bir gün Həsən müəllim onlara gedərkən qapını döyəndə qadın gözlükdən baxmış və görəndə ki, qaynı sovqatla dolu çoxlu bağlamalarla gəlib, qapını açmış və demişdi: «Şeyləri bura qoy, çıx get!» Həsən də onun dediklərinə əməl etmiş, lakin bir daha o evə ayaq basmamışdı.
Həkim artıq şöhrətin zirvəsində idi. Sadə qəlbli bu insan neçə-neçə insana köməklik göstərmiş, dayaq durmuşdu. Bu xoş hisslər onun qəlbini fərəhləndirdi, xəyallarından məmnun oldu. Televiziyada nümayiş etdirilən «Sağlamlıq» adlı elmi-kütləvi verilişin yaradıcısı və aparıcısı olduğu yadına düşdü. Onda efir vasitəsilə xalqa bitkilərin müalicəvi əhəmiyyətindən, insanlarda baş verən müxtəlif xəstəliklər və onların profilaktikasından nə qədər danışmış, qorunmaq üçün çıxış yolları göstərmişdi.
Kafedra müdiri kimi tibb universitetində işçilərlə səmimi münasibətdə olmuş, tələbələrə tibb elmi haqqında mühazirələr söyləmişdi. Semaşko xəstəxanasında xəstələri müalicə edərkən keçirdiyi narahat, qayğılı günlər lent kimi gözləri önündən ötüb keçdi. Yalnız onu dərk etdi ki, o, hədər yerə yaşamamışdır. Təmiz, alnıaçıq ömür sürmüşdü, heç kəsə pislik etməmişdi. Bu fərəhli duyğulardan özünü bəxtəvər sandı, sevindi.
Həkim ana yurdunun gözəlliklərinə doyunca tamaşa etdi. Parıltılı gözlərindən heyranlıq axıb keçirdi. Üzündəki şəfəq saçan təbəssümlə, könlündəki hisslərlə indicə qovuşacağı əzizlərinə yetmək üçün bir daha düşüncələrə qapıldı. Göyün üzərində sanki o özü uçur, qanad çalırdı. Çəmənlikdən gələn çiçək ətri onu bihuş edir, qəlbində xoş duyğular oyadırdı. Qızılgüllər baş-başa vermiş, bülbülün dilində qəmli nəğmələr səslənirdi.
Artıq sevincdən dolmuş gözləri yavaş-yavaş qapandı, əlləri qoynunda, çöhrəsində nurlu təbəssümlə qəlbində gəzdirdiyi yelkənli arzularına doğru uçmağa başladı.
Adamlar yerə enmiş təyyarəni əhatəyə aldılar.
Əli Cəfəroğlu,
MANERA.AZ