manera.az
manera.az

Onları cəza gözləyirdi… _MANERA

📅 01.02.2016 15:40

Onları cəza gözləyirdi…    _MANERA

MANERA.AZ Mirzə Məmmədhüseyn "Nehrə" hekayəsini təqdim edir:

Onların evlərinin arxasında iki böyük tut ağacı var idi. Yerdən qoşa gövdə ilə qalxan uca,yoğun gövdələri böyüdükcə bir-birindən uzaqlaşan qara tut ağacı silindr formasında idi. Nəhəng şəmsiyyə kimi altındakı böyük bir ərazini yay günəşinin yandırıcı şüalarından qoruyurdu. Ondan dörd-beş metr günçıxandakı ağ tut ağacı idi. Formaları oxşar olsa da, o, qara tut ağacının yarısı boyda idi. Tək gövdəsi aşağıdan yuxarıya təxminən yarım metr uzunluğunda koğuş idi. Koğuşda hər yazda sərçələr yuva
qururdu. Anaları koğuşun ağzına qonanda, uşaqlar buraya yaxınlaşanda yumurtadan çıxan ətcələr səs-səsə verərək civildəməyə başlayır, ciyiltili səslərindən qulaq tutulurdu. Anaları uçub gedəndən, ya da uşaqlar yuvadan uzaqlaşandan sonra onların zil, qulaqları deşən səsləri kəsilirdi. Elə bil qurbağa gölünə daş atılırdı.

Koğuşun aşağıdan yuxarıya uzanan uzun,dar ağzından uşaqların əlləri güclə yerləşirdi. Aşağıda – dərində olan yuvaya hər uşağın əli çatmırdı. Həm də hər uşaq əlini oraya sala bilmirdi. Orada ilan olacağından qorxurdular. Amma balalar yuvada səs-səsə verəndə bilirdilər ki, orada ilan yoxdur. Ürəklilər əlini salaraq yumurtaları, pərvazları götürə bilirdilər. Amma onları sığalladıqdan sonra yenidən yuvaya qoyurdular.

İllər keçdikcə koğuşun ağzı daha da balacalaşırdı. Ağac böyüdükcə inkişaf edən qabıqlar koğuşun hər iki qırağından bir-birinə doğru can atır, həm yuxarıdan, həm də aşağıdan yavaş-yavaş birləşir, koğuşun ağzını örtürdü.

Bu ağaca çıxmaq bir az çətin idi. Yapışmaq üçün əl çatan hündürlükdə budaq yox idi. Uşaqların qolları ağacın gövdəsini qucaqlaya biləcək qədər uzun deyildi. Uşaqlar qollarını açaraq onu qucaqlamağa çalışır, əlləri ilə ağacın cadar-cadar olmuş qalın qabığından yapışır, ayaqlarının baş barmaqlarını qabıqdakı dərin çatlara dayayaraq yavaş-yavaş yuxarı dırmanırdılar. Bu zaman koğuşun aşağı qırağı və ağacın gövdəsindəki insan başı boyda bir neçə düyünün onlara çox köməyi olurdu.
Qara tut ağacına çıxmaq bir qədər asan idi. Bu ağac sanki başdan iki yerə bölünmüş, yerdən otuz-qırx santimetr hündürlükdə gövdələr bir-biri ilə birləşmiş, yerin dərinliklərinə birlikdə kök atmışdılar. Uşaqlar ayaqlarını gövdələrin birləşdiyi yerə qoyur, sonra kürəklərini gövdələrdən birinə (adətən yuxarıdakına), köndələn uzatdıqları ayaqlarını digərinə dirəyir, arxaya döndərdikləri əlləri ilə də söykəndikləri gövdəyə dayaq olaraq kürəklərini daha yuxarı dirəyir, qıçlarının gah birini, gah da digərini boşaldır, yavaş-yavaş addımlayırmış kimi ayaqlarını getdikcə yuxarı dirəyirdilər. Bu, əlləri qarşıdakı budaqlara çatana qədər davam edirdi.Sonra həmin budaqlardan yapışır, qabağa doğru dartınaraq kürəklərini söykəndikləri yerdən ayırır və yavaş-yavaş ayağa dururdular.

O, vaxt kənddə bu iki tut ağacından başqa, cəmi iki həyətdə bir-iki heyva və balaca tut ağacları var idi. Buna görə də bu iki tut ağacı kəndin uşaqları üçün bir nemət idi.

Mayın axırında tutlar yetişməyə başlayırdı. Onda uşaqların tay-tuşları, böyük uşaqlar hər gün tut yeməyə buraya yığışırdılar. Şipşirin qara tutun ona şirinlikdən başqa, nəsə ayrı bir tam verən fərqli dadı var idi. Uşaqlar yedikcə yeyir, doymaq bilmirdilər. Onların əlləri, üzləri, köynəkləri, ayaqlarının altı qıpqırmızı olurdu.
Ağ tut bal kimi şirin idi. Ondan qara tut qədər çox yemək olmurdu. Amma buna baxmayaraq uşaqlar yedikcə yeyir, budaqları bir-birinə keçmiş ağacların birindən o birinə keçir, ağaclardakı bütün meyvələri yeyib qurtarırdılar. O biri gün budaqlar yenə də yetişmiş meyvələrlə dolu olurdu.

Kənd uşaqları yalnız evin üstündəki budaqlara çıxmırdılar. Çünki bu budaqlar evin üstünün arxa tərəfini örtən şiferlərin üzərinə sərilmiş və tirə qədər qalxmışdı. On iki metrlik evin üstünün arxa tərəfini örtən şiferlər tamamən budaqların altında qalmışdı. Onların üstünə çıxanda ağırlıq şiferlərə düşürdü. Yoğun buraların və onların üstünə çıxan uşaqların ağırlığına tab gətirməyən, artıq köhnəlmiş şiferlər bir neçə yerdən sınmışdı.

Mayın əvvəlləri idi. Mart ayının adamı üşüdən soyuğundan və aprelin yağışlı, dumanlı günlərindən sonra isti hava adama ləzzət verirdi. Ağaclar tam yarpaqlaşmışdı. Onlar da sərt çillələrdən sonra artıq cana gəlmiş, bol günəşli havadan, yerin nəmindən doyunca qidalanır, keyf alırdılar. Həyət-bacada, bağda ağcların arasında otlar az qala dizə qədər qalxmışdı.

Quşlar da yazın keyfini çıxarır, ağacdan-ağaca, budaqdan-budağa qonaraq öz şaqraq nəğmələrini oxuyur, həyətin əsrarəngiz gözəlliyinə xüsusi rəng qatırdılar. Onların bəziləri ağaclarda, evin damının altında öz yuvalarını artıq qurub qurtarmışdı. Bəziləri isə hələ də bu işlə əlləşirdi.
İki qardaş tut ağaçlarının altında bir az “maşın-maşın” oynadılar. Bura onların oyun yeri olduğundan otlar boy atıb qalxa bilmirdi. Uşaqlar çayda avtomobilə oxşayan daşlar rast gələndə götürüb evə gətirir, onlarla “maşın-maşın” oynayırdılar. “Maşın yolları” ağacların altında dolanır, evin uzunu boyunca həm arxda, həm də evin bütün arxa divarı boyunca düzəldilmiş səkinin üstü ilə uzanıb gedirdi.

Nahardan sonra oynamağa başlayan qardaşlar, artıq bu oyundan bezdilər. Səkinin üstündə oturub ordan-burdan deyib gülməyə başladılar. Böyūk qardaş Əlihüseyn səkkiz-doqquz yaşlarında olardı. Balaca qardaşın adı Əbülfəz idi. O, beş-altı yaşlarında idi. Yanaşı oturan uşaqlar qollarını bir-birinin boynuna qoymuşdular.
- Bu tut da yetişmədi, doyunca yeyək, - deyən Əlihüseyn söhbəti dəyişdi.
- Bə haçan yetişəcək e-e? - Əbülfəz soruşdu.
- Az qalıb, qaqaş, görürsən qızarmağa başlamışlar. - Əlihüseyn cavab verdi.
Bir az sakit oturdular. Yenidən Əlihüseyn dilləndi:
- Gəl, qaçdı-tutdu oynayaq.
- Oynamaq istəmirəm,yorulmuşam.
- Bir az oynayaq da.
- Yaxşı, oynayaq.
Əbülfəz razılaşdı.
Mən qaçım, sən tut, yaxşı?
- Hə, yaxşı.
Əbülfəz ağacların arasında qaçan Əlihüseyni qovalamağa başladı. Elihüseyn tut ağaçlarının altında o tərəf bu tərəfə qaçır, Əbülfəz isə onu tutmağa çalışırdı. Bu, isə asan deyildi. Bir azdan Əlihüseyn daha böyūk dövrə vuraraq evin ətrafında fırlanmağa başladı.

Nisbətən maili olan yerdə tikilmiş evlərinin çox gec çürüyən ağac olan uruqdan yonulmuş iki altı metrlik arxa nalı birbaşa torpaq üstünə düzülmüş yastı çay daşlarının üzərinə qoyulmuşdu. Evin qabaq nalları isə hündürlükləri bir metrdən çox olan nəhəng çay daşlarının üstünə qoyulmuşdu. Ev tikilərkən bu daşları çaydan dik yoxuş yuxarı öküzlərlə sürüyüb gətirmişdilər. Evin qabağında açıq eyvan və daha qabağa uzadılmış balkon var idi. Balkondan həyətə - günbatan tərəfə düşmək üçün dörd-beş pilləlik taxta pilləkən var idi. Evin günçıxan tərəfində evin bütün enini tutan daha bir eyvan var idi. Evin bu hissəsinin damını saxlayan ağac dirəklər nalların ilə düzülmüşdü. Sıranın başındakı dirəyin yuxarısından, həmin sıradakı sonuncu dirəyin aşağısına və əksinə mismarlanan balta ilə yonulmuş pərdilər dirəkləri bir-birinə möhkəmcə bağlayırdı. Qabaqdan və böyürdən bu eyvana çıxmaq bir qədər çətin olsa da, yerlə bərabər olan arxa tərəfdən buraya çıxmaq asan idi. Qıraqlardan buraya çıxan uşaqlar çarpaz vurulmuş pərdilərin üstündən aşırdılar, ancaq bu zaman ehtiyatlı olmalı idilər ki, başları yuxarıdakı pərdiyə dəyməsin. Ortadan buraya girəndə isə əyilib iki çarpaz pərdinin birləşdiyi yerin altında yaranmış üçbucağın içindən keçmək lazım gəlirdi.

Evin ətrafında, ağacların arasında qaçan Əlihüseyn bəzən bu eyvana çıxır, çevikliklə dirəklərin arasından keçir, digər tərəfdən yerə atılırdı. Əbülfəz isə onu tuta bilmirdi. Əslində heç tutmağa çalışmırdı da, çünki bu, onun üçün çətin idi. O, sadəcə qardaşının ardınca qaçır və bu qovalamadan hər ikisi zövq alırdı.
Eyvanın arxa tərəfində bir qıraqda analarının səhər boşaldıb qaynarladığı nehrə qurumaq üçün günün altına qoyulmuşdu.Yuyulmuş nehrə bağı onun qulpuna bağlanmışdı. Təpkəc də yuyularaq nehrənin üstünə atılmışdı. Sələni isə duzlayıb evdə qoymuşdular ki, it, pişik aparmasın.
Əlihüseyn hər dəfə eyvana çıxanda, ya da düşəndə ayağını nehrənin söykədildiyi pərdinin üstünə qoyaraq tullanırdı. Əbülfəz isə oradan aşa bilmir, əyilərək “üçbucağın” içindən keçirdi.
Növbəti dəfə eyvandan tullanan Əlihüseyn birdən-birə yerə oturaraq kürəyini tut ağacına söykədi. Buna sevinən Əbülfəz özünü yetiręrək onu tutdu və:
- Tutdum! – deyə fərəhlə qışqırdı.
Amma Elihüseyn sakitcə:
- Day mən oynamıram. – dedi.
- Oynayaq da nə olar.
- Yox, oynamıram.
- İndi də mən qaçım, sən tut. – Əbülfəz əl çəkmədi.
Dedim oynamıram da. – deyən Əlihüseyn pərt şəkildə durub bir az yuxarıdakı küçəyə çıxdı və yol aşağı qaçaraq kəndə getdi.
Onun oyunu belə qəfil qurtarmasının səbəbini Əbülfəz yalnız axşam bildi. Axşam it yalayıb murdarlamasın deyə nehrəni evə aparmaq istəyən anaları onun boğazdan sındığını görmüş və bunun burada oynayan uşaqların işi olduğunu bilmişdi.

Axşam hamı evə yığışandan sonra “nehrəni hansınız sındırdı” deyə onları sorğu-suala tutanda, Əbülfəz Əlihüseynin nə üçün birdən-birə “day mən oynamıram” dediyini anladı. Sən demə qaçarkən ayağını pərdinin üstünə qoymaq istəyən Əlihüseynin ayağı nehrənin boğazının üstünə düşmüş və onu sındırmışmış.
Onları cəza gözləyirdi…



Baxış sayı - 2 823 | Yüklənmə tarixi: 01.02.2016 15:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031