Zakir Məmməd: “Rafiq Tağı bıçaqlanmalı, Saday Şəkərli həbs olunmalıydı...”| MANERA.AZ
![]()
Həmsöhbətimiz tənqidçi, ədəbiyyatşünas Zakir Məmməddir.
- Zakir müəllim, neynirsiniz, nə işlə məşğulsunuz?
- İş çoxdu, vaxt az. Müstəqil ölkəmizin qanunlarına görə işləməmək üçün 63 yaş lazımdır. İstəsəm, hələ üç il də müəllim işləyə bilərəm.
- Bəs necə dolanırsız?
- Xalq necə, mən də elə.
- Deyirlər, yazıçının pulu az olsa yaxşıdır. Siz necə düşünürsüz yazıçı maddi baxımdan varlı olsa mükəmməl əsər yarada bilməz?
- Bunlar bəhanələrdir. Yazıçı hər cür ekstremal şəraitdə başını aşağı salıb, əsərini yazmalıdır. Dünyada həm maddi çətinlik içində yaşayan, həm də varlı həyat tərzi keçirən şair və yazıçı çox olub, indi də elədir.
- Sizə görə, ədəbi mühitin mərkəzindən uzaqda olmağın nə kimi fərqləri var ?
- Fərqlər vaxtilə olub. Onda bütün ədəbi resurslar konkret bir ərazidə cəmləşirdi. Şair olmaq üçün hamı paytaxta üz tuturdu. Bu mövzuda Ələkbər Salahzadənin məşhur bir şeiri var. Şeirin məzmunu, təxminən, belədir ki, “əlində dəhrə” indi hamı şəhərə gəlir. Həmin adamlar indi əllərində bel, yaba Feysbukdadırlar. Deməli, ədəbi mühitin ünvanı bəllidir. Onun yerini bilmək üçün dağa-daşa düşmək lazım deyildir. Kim necə düşünür, düşünsün, mənim fikrim belədir ki, Paytaxtın özündə də ədəbi mühit sönükdür. Ədəbi mühitin məkanı o yerdir ki, indi biz birlikdə fikir mübadiləsi edirik.
- Zakir Məmməd niyə çox çap olunmaq, daha çox tanınmaq istəmir?
- Çox çap olunmaq üçün çox yazmaq və yaxşı yazmaq lazımdır. Zəif mətnlə ədəbi prosesə qatılan yazıçı özünü nüfuzdan salır. Uğurlu hesab etdiyim yazıları çap etdirirəm. Həyatımızın digər sahələrindən fərqli olaraq indi ədəbiyyatda inhisarçılıq etmək çətindir. Çünki prosesdə hər kəs bərabər şərtlərlə iştirak edə bilir. Şan-şöhrət keçib gedir, yerdə mətn qalır.
- Bildiyimiz kimi, tənqidlə yanaşı poeziyaya da müraciət edirsiniz. Sizin üçün hansı daha rahatdır?
- Əvvəla, şeirlə də, tənqidlə də eyni vaxtda məşğul olmaq – eyni vaxtda həm nəsr, həm şeir, həm dram yazmaq kimidir. Rahatlığa gələndə, şeirdə özümü daha sərbəst hiss edirəm. Çünki tənqid, əslində, iki və daha çox müəllifin ortaq əməyi nəticəsində meydana gəlir. Ancaq məsuliyyət bir adamın - tənqidi yazanın üzərinə düşür. Məsələn, haqqında yazdığın bir müəllifin həmin mətn haqqındakı müsbət rəyi adamı fərəhləndirir və bu, tənnqid yazan üçün sevindirici haldır. Bunun əksi də ola bilər. Onda yazmamaq məsləhətdir. Digər tərəfdən həm şeir, həm tənqid yaradıcılığı ilə məşğul olmaq biri digərini stimullaşdırır. İndi bizim ölkədə tənqid yazan çoxdur. Bu, onu göstərir ki, tənqid də kimlərinsə inhisarında qala bilməz.
- Belə də deyirlər ki, yazıçı, ya şair yaza bilmədikdə tənqidə keçir...
- Bunu yanlış fikir sayıram. Fikir vermisinizsə, şair və yazıçıların tənqid-təhlil mətnlərində poetik ruh daha güclüdür. Deməli, tənqid də poeziyadır. Bu mövzuda Mətanət Vahidin geniş və arqumental məqaləsi var. Bir incə məqamı qeyd etmək lazımdır. Tənqidlə başlayıb sonradan şeirə, ya nəsrə keçmək çox az hallarda özünü doğruldur. Amma əksinə fəaliyyət yüz faiz uğurla nəticələnir. Bir dəfə Nizami Cəfərov televiziya çıxışında dedi ki, allah eləməsin, şeir yazım. Qorxuram, birdən mən də şeirə keçərəm, biabır olaram. Onun sözlərində həqiqət var.
- Bəs bunun səbəbi nədir?
- Səbəb şair olmağın əlahiddə qabiliyyət tələb etməsi ilə bağlıdır.
- Bəs şair nə zaman əsl şair hesab olunmalıdır?
-Zamanı öncələməyi bilməyən şairin gələcəyi risk altındadır. Hələ zamanla ayaqlaşa bilməyənlərin durumundan danışmağa dəyməz. Həyatın digər sahələrində olduğu kimi, ədəbiyyatın da borcu ən son modeldə olan misranı oxucuya təqdim etməkdir. Bu o demək deyil ki, şair qoşma, ya qəzəl yazmamalıdır. Amma şairin qoşması da, sərbəst ölçülü və ya ölçüsüz şeiri də yeni düşüncə və ifadə tərzini əks etdirməlidir. Məsələn, memarlıqda, rəssamlıqda üslub necə dəyişirsə, nitqin də dövrün zövq və dəbinə uyğunlaşması təbii hal sayılmalıdır. Bir şərtlə ki, həmin zövq və estetikanı ədəbiyytçılar formalaşdırmalıdır. Bu baxımdan, klassik janrda yazanlara istedad və metodoloji bacarıq daha çox lazımdır. Feysbuk alanında yüzlərlə şair çalışır və onların bir çoxunun yazdığı qoşmalarda hər hansı yenilik axtarıb tapmaq olmur. Qafiyə üstündə qurulan şeir tez sıradan çıxır.
- Bir qədər konkretləşdirsək?
-Belə bir missal çəkim: “Həmdəmim keçmişin xatirəsidir Danışır mənimlə lal gecələrdə” Qafiyənin tamamlanması üçün, yəqin ki, bir yerdə “dal” yazmaq lazım olacaqdır. Bu misraları indi özüm quraşdırdım. Bu cür şeir yazmaq daha hünər sayılmır. Belə yazıb, ildə bir-iki kitab bağlamaq çətin deyil. Təəssüf ki, indi adi ictimai problemləri nəzmə çəkib yaymaq dəb halını alıbdır.
- Yazıçını xoşbəxt edən nədi?
- Yazıçını xoşbəxt edən onun yazmasıdır. Öz uğurunu hər kəsdən öncə yazar özü görür və xoş duyğular yaşayır. Əsərin müvəffəqiyyətindən doğan xoş ovqat yazıçını xoşbəxt etməyə yetər.
- Zakir Məmməd bu gün ən çox nə üçün təəssüflənir?
- Dünyanın fiziksəl halına nəzərən, adam çox şeyə təəssüflənə bilər. Amma fəlsəfi anlamda təəssüflənməyə dəyməz. Yəni həyat necə qurulubsa, o cür davam etməlidir. Məsələn, yer üzündə sovet dövləti deyilən bir hadisə olmalıydı. O dövləti dağıtmaq üçün kiminsə torpağı əlindən alınıb başqasına tapşırılmalıydı. Rafiq Tağı bıçaqlanıb öldürülməliydi, Saday Şəkərli həbs olunmalıydı və s.
- Daha çox tənqid etmisiz, ya tənqid olunmusuz?
- Daha çox tənqid olunmaq daha özəl bir durum sayılır. Mən özüm özümü hər gün tənqid edirəm.
-Zakir müəllim, hazırkı gənclərimizdən danışaq. Gənc yazarlarımızın bilik səviyyəsi, dünyagörüşü sizi qane edirmi?
- Çağdaş zəmanənin gənclərinin savadlı və dünyagörüşlü olmasını müstəsna qabiliyyət kimi yox, adi həyat tərzi kimi səciyyələndirmək lazımdır. Çünki müasir insan özünə lazım olan bilgini kiminsə vasitəçiliyi ilə deyil, öz şəxsi istək və qənaətləri sayəsində əldə etməyə məhkumdur. Keçmiş 70 ildə mövcud olmuş iyerarxiya dövründə mütaliə zamanı seçim başqalarının zövqü ilə ölçüldüyü halda, indiki dövrdə nə oxumaq lazım olduğunu ayrı-ayrı fərdlər ədəbi prosesi yaxından izləməklə ayırd edə bilirlər. Ancaq gənclərin, ya gənc olmayanların nəyi necə yazması fərqli bir məsələdir. Bu yerdə istedad və bacarıq amili mühüm rol oynayır. Bəzən də elə təsəvvür yaranır ki, gənclər ancaq yazmaqla məşğuldurlar. Bunların oxumağa heç vaxtı yoxdur. Əslində çox öyrənib, az yazmaq normal sayılmalıdır. Bəzən bunun əksini müşahidə edirik. Az oxuyurlar, çox yazırlar. Həm də aşağı keyfiyyətli əsər yazırlar. Hazırkı yüksək ədəbi rəqabət mühitində gənclər yaxşı, həm də çox yazmağa çalışsınlar.
- Bu günkü gənc yazarlar özündən əvvəl yaşayan ədiblərə, onların əsərlərinə inkarçılıqla yanaşırlar. Səbəb nədir sizcə?
- Bu, yaxşı haldır. Fəlsəfənin inkarı inkar qanunu var. Ancaq gənc dediyimiz o adamlar bəzən “ilişmək” metodunu işə salırlar. Belə olduğu təqdirdə ilişən həmin şəxslər məğlub duruma uğrayırlar və özlərini hörmətdən salırlar. Amma bütövlükdə yeninin köhnəni inkar etməsi qanunauyğun haldır. O boyda siyasi quruluşlar dəyişir, min illərlə dövran sürən xanədanlar dağılır. İndi bir gənc şairin yaşlı bir şairi bəyənməməsi dünyanın vecinə də deyil.
-Bəlkə gənc yazarlar oxumadıqları, yaxud başa düşmədikləri səbəbindən yaşlılara, ümumilikdə isə əvvəlkilərə qarşı geniş cəbhədə hücuma keçiblər?
-Əslində, elə bir hücum yoxdur. Tək-tək müəlliflərin yazdıqları fikirləri həddindən artıq şişirdirlər və gündəm həmin mövzuda polemikalarla dəyişdirilir. “Aranı qarışdırmaq” üçün bəzən bunu qəsdən edirlər. Tarix boyu cəmiyyət proseslərini tənzimləmək üçün modern texnologiyalar işlənib hazırlanmışdır. Toplumu yönləndirməyin ən sınanılmış vasitələrindən biri ədəbiyyat və ya digər incəsənət birlikləridir. Ədəbiyyat özü bir sistem olaraq asayişi qoruyan vasitədir. Həmin “davalar” da ölkənin əmin-amanlığına xidmət edir. Tutaq ki, kimsə AYB sədrini şiddətli tənqid edir və özünü qəhrəman sayır. Bax adamların “mənfi” enerjisini zərərsizləşdirməkdən ötrü AYB və Anar həmişə lazımdır.
- Bəs gənclərlə Anar arasında gedən mübarizədə kimin tərəfindəsiz?
- Onlar arasında mübarizənin olduğunu düşünmürəm. Anar AYB-nin sədridir və arxayınca öz işi ilə məşğuldur. Sonuncu qurultayda da alternativsiz və mütləq səs çoxluğu ilə sədr seçilib. AYB-yə üzv olmaq üçün növbəyə duranların da sayı-hesabı yoxdur. Hətta gənc dediyimiz adamlar təşkilata üzv olan kimi üzvlük vəsiqələrini sosial şəbəkələrdə nümayiş etdirirlər.
- Necə düşünürsüz, bu gün dəbdə olan yazarlar gələcəyin klassikləri ola biləcəklərmi?
Ola bilsin, bu gün dəbdə olmayan, amma ədəbiyyatın əsas işini görən ədiblərin yazdıqları ilə yaxın gələcəyə doğru yola çıxmaq mümkün olacaq. Çünki indi dünyada qloballaşma gedir və dəblər də sürətlə dəyişir.
Şəhla Aslan,
MANERA.AZ