
Nurəddin ƏDİLOĞLU, yazıçı-publisist
...O vaxtlar uşaqlıq dünyamızın bircə tələbi var idi: bir yerə yığışıb yoruldum deyənə kimi oyunamaq! Belə vaxtlarda Bağdagül nənəm on iki taxtalıq tumanının balağını əlinə dəstələyib bizə səslənərdi:
-Ay uşaq, Eminalı qulabanına döndərmisiz ha, buranı... Bəyəm yer başınıza qəhətdi bu mahalda?
Yığışıb keçərdik başqa küçəyə. Burada da Mixək xalam başlayardı deyinməyə:
-A bala, Eminalı qulabanına döndərməyin buranı, gedin başqa yerdə oynayın!
Elə o vaxtdan fikirləşirdim ki, görəsən Eminalı kim olub belə? Yaşı səksəni haqlamış qonşumuz Məşdi Əlheydər baba xətrimi çox istəyirdi. Eminalı yurdu, Eminalı qulabanı haqqında Əlheydər babadan başqa da bir neçə ağsaqqalın –ağbirçəyin xatirəsini ipa-sapa düzüb Azərbaycan radiosnunun “Bulaq” verilişinə yolladım. Yazdıqlarım görkəmli sənətkarlarımız Məhluqə Sadıqova və Səməndər Rzayevin ifasında o qədər gözəl səsləndi ki, ertəsi gün “Araz” radiosund “Bulaq”ın təkrarına demək olar ki, kəndin yarısı qulaq asdı...
Eminalı qulabanı haqqında yazım “Çağırış” qəzetinin 23 aprel 1985-ci il sayında “El-obanın söz boxçasından” rubrikası altında dərc olundu. Aradan 31 il keçsə də Bahar bayramı ərəfəsində həmin yazının bu gün də aktuallığını nəzərə alıb sizə təqdim edirəm.
...Ötənlərdə bizim Xırmandalı kəndində uşaqdan tutmuş böyüyəcən hamı Eminalı kişini yaxşı tanıyır, adını xətir-hörmətlə dilə gətirərmiş... Eminalı kişi çox şən və söhbətciıl adammış. Bu kişinin evinin günbatan tərəfində geniş meydan varmış. Necə deyərlər, lap cıdır meydanı kimi. Eminalı kişinin sağlığında yığılarmış kəndin uşağı, cavanı, qocası bura, hərə öz istədiyi kimi əylənərmiş. Bu qulabanda o vaxtlar müxtəlif xalq oyunları keçirilərmiş. “Mollamindi”, “Qayışgötürdü”, “Bəhməngizir”, “Əzzəlli”, “Atmindi”, “Gizlənpaç”, “Coz”, “Çilingağac”, “Donuzdöydü”, “Beş daş” və s.
Deyilənlərə görə ahıl vaxtlarında Məşəd Camal kişi, Məmməd kişi, Qəhrəman baba cavanlarla birlikdə “Qayışgötürdü”nü xüsusi məharətlə oynarmışlar.
Emnalı dünyadan köçəndən sonra da camaat bur yığışarmış. Qısası, kim-kimi harda itirsəymiş Eminalı qulabanında taparmış. Gün günortadan əyilən vaxt bir qonşu digərini səsləyərmiş ki: “Ə, qonşu, gəl gedək Eminalı qulabanına”. Deyilənlərə görə, bahar bayramlarında buranın başqa cəh-calalı varmış. Şirinli-noğullu bayram günləri el-oba camaatı halay vurub məzəli söhbətlər edərmişlər.
Eyni kişi
Bir Eyni kişi varmış. Bu Eyni kişinin ağzında bir dənə də dişi yox imiş. Eminalı qulabanı kəndin gur yeri olduğuna görə Eyni kişi burada saqqız satarmış. Satarmış deyəndə ki, uşaqlar yumurta verib saqqız alarmışlar. Belə də olurmuş ki, uşaqlar nisyə istəyirmişlər saqqızı. Eyni kişi də verməzmiş. Uşaqlar atılıb düşə-düşə, oxuyarlarmışlar:
Allah verib Eyniyə,
Dişləri yox çeyniyə.
Saqqızı nisyə verməz,
Səhər-axşam deyniyər.
Qonaqdır axı...
Qəhrəman baba ucaboylu, enlikürək, pəhləvan cüssəli kişiymiş. Bir dəfə kəndin günbatanındakı İstilin bəndini su yarır. Bu su ilə camaat yayda kolxozun bağ-bostanını suvararmış. Qəhrəman baba bəndin qabağına torpaq tökən kimi su yuyub aparırmış. Deyirlər, axırda kişi naəlac qalıb enli kürəyini verir bəndin su yarılan hissəsinə, üzünü kəndə sarı tutur ki: “Əyə, tez olun köməyə gəlin, bəs İstildə su qalmadı heyy!..”
Günlərin bir günü kənddə Uruf adlı birinin toyu imiş. Xəbər yayılır ki, bəs Eminalı qulabanına Qara pəhləvan gəlib. Hamı axışır ora.
Pəhləvan çəkdiyi dairə-çızın içində cürbəcür fəndlər göstərir, daş atır-tutur və s. hərəkətlər edir. Lap axırda üzünü camaata tutur. Deyir ki: “Oğul istəyirəm mənlə döş-döşə gəlsin...” Yerbəyerdən dillənirlər ki, Qəhrəman girsin meydana.
Pəhləvan Qəhrəman adını eşitcək, səsini içinə salır. Fikirləşir: bu, hər kimdirsə, yəqin igidlik göstərib ki, camaat onu mənim döşümə qəhrəman deyə çıxarır.
Qəhrəman baba uzun çək-çevirdən sonra meydana atılır, bir o yana, bir bu yana, pəhləvan necə, o da elə get-gəl edir, hərbə-zorba gəlib, özün göstərir. Uzun sözün qısası, axır tutaşırlar. O, bunu, bu, onu itələyir. Birdən necə olursan Qəhrəman baba pəhləvanı qamarlayıb qaldırır başı üstə. Camaat qışqırır ki: “Ə, Qəhrəman, vur onun igid arxasını yerə! Ə, Qəhrəman, götür onun qoparağını!..”
Qəhrəman baba bir yandan fənd bilmir, bir yandan da görür ki, yox, bu heç kişilikdən deyil, qonağı el içində pərt eləmək igidə yaraşmaz.
Deyir, ay camaat, heç utanmırsız? Pəhləvan olanda, nə olar balam, heç biriniz demirsiz ki, ha, bu axı qonaqdı. Qonağa da hörmət borcumuzdu –deyə pəhləvanı endirir boynundan aşağı...
Sübhan kişi
Allah rəhmət eləsin, qonşumuz Sübhan kişiyə! Mixək xalamın əri idi. Müharibədən yaralı gəlsə də, sağlam və uzun ömür sürdü. Deyilənlərə görə onun belə uzun ömür sürməsinin bir səbəbi də uzun müddət kolxozda kuryer işləməyi olub. Kişi bircə saatın içində pay-piyada üç kəndi- Ərəbi, Hacıtəpəni və Xırmandalını ələk-vələk eləyərmiş...
Hə, günlərin bir günü kolxoz sədrinin oğlu dünyaya gəlir. Sədr Sübhana tapşırıq verir ki, get filankəsləri tap göndər idarəyə, bizə də get, öyrən gör, uşağın adını adını nə qoyublar...
Sübhan kişi gəlir əvvəl sədrgilə, uşağın adını öyrənir. Ordan da yollanır sədrin tapşırdığı adamların dalınca... Eminalı qulabanına çatanda Sübhan kişi görür ki camaat burda çal-çağırdadır. Başını bir az qarışdırıb, dönür kolxoz idarəsinə.
Sədr soruşur ki, bəs uşağın adını nə qoyublar? Sübhan kişi tutulur. Deyir:
-Ay sədir, hirslənmə, vallah, uşağın adı Eminalı qulabanına kimi dilımin lap ucundaydı e...
***
...Hə, Eminalı qulabanı ilə bağlı şirin söhbətlər, məzəli əhvalatlar çox olub. Deyilənlərə görə bu qulabanda çal-çağır səsi qanlı-qadalı Böyük Vətən müharibəsinədək davam edib. Axırıncı dəfə burada cəbhələrdən qara kağız almış anaların acı naləsi, ağısı eşidilib...
P.S: Hə, əziz oxucular, yazın gəlişi, ilaxır çərşənbələr, Novruz bayramı həm də keşmişi yada salıb adət-ənənələrimizi, əzizlərimizi xatırlamaqla əlamətdardı. Qoy ilin bu əziz günlərdə bayaram süfrəsindəki şirin, dadlı nemətlər kimi, şirin xatirələr də ömrünüzə yar-yaraşıq verib, təravət qatsın! Hamınıza işıqlı günlər arzusu ilə
Baxış sayı - 2 955 |
Yüklənmə tarixi: 03.03.2016 12:25