manera.az
manera.az

"Öldürdüyünüz qadın”ın qələbəsi _MANERA

📅 02.03.2016 15:34

"Öldürdüyünüz qadın”ın qələbəsi  _MANERA MANERA.AZ Kənan Hacının yazısını təqdim edir:

Doqquz əsr bundan öncə Məhsəti Gəncəvi içinin ən mübhəm, ən intim, ən zərif hisslərini kağıza köçürdüyü üçün onu daş-qalaq eləmişdilər və o, cəlayi-vətən olmuşdu. Gəncəyə qayıdanda o gözəl Məhsətidən əsər-əlamət qalmamışdı - saçları ağarmış, beli bükülmüş, işvəkar baxışları sönük nəzərlər əvəz etmişdi...

Bir qadının şeir yazması onun içində aşıb-daşan duyğuların çölə fışqırmasıdır. Əsrlər boyu şərq zehniyyəti qadının şeir yazmasını rahat həzm edə bilməyib. Qadının şeir yazması onun özünü aşikar etməsi kimi başa düşülüb. Qadın isə həmişə örtülü olmalıdı, gizli qalmalıdı, o, niqabını qaldıra bilməz, sanki qadının ürəyi yoxmuş, qadın hissdən-duyğudan məhrummuş. İran şeirinin avanqard qanadına mənsub olan Füruğ Fərruxzadın bir şeirini xatırladım:

Arsızlıqla damğalanan,
Rişxəndlərə gülən məndim.
Varlığımın səsi olmaq istədim,
Təəssüf ki, "qadın” idim.

Füruğ Fərruxzad mühafizəkar ailədə böyüsə də, uşaqlığı, gəncliyi basqılar altında keçsə də, varlığının səsini bütün dünyaya eşitdirməyi bacardı. Şeirləriylə öncə sosial şəbəkədən tanış olduğum Aysel Abdullazadənin yenicə çapdan çıxmış "Günəşin düşmədiyi odalar” kitabı haqqında yazmaq fikrinə düşəndə zamanca bir-birindən səkkiz əsr uzaqlıqda dayanan bu iki qadın şairəsini – Məhsətini və Füruğu xatırlamağım təsadüfi deyil. Ayselin şeirlərində diqqəti çəkən əsas məqamlardan biri də içinin havasını, çox vaxt kişilər üçün sirli qalan qadın hisslərini cəsarətlə sözə çevirməsidir. "Mən öldürdüyünüz qadınam...” şeirindəki üsyan bütün əzilən, təcavüzə məruz qalan, aşağılanan, öldürülən qadınların harayıdır.

Mən öldürdüyünüz qadınam,
On altı yaşında ana olan,
özüm uşaq ikən
özümdən bir uşaq dünyaya gətirən zaman öldüm.
Yaşıdlarım məktəbə gedərkən,
mən qızımı bələyəndə öldüm.
Onlar küçədə gizlənqaç oynayarkən,
məni ərim zorladığında öldüm...

Daha başqa sözə ehtiyac qalmır. Bu qadının hisslərini poeziyaya gətirmək (özü də qadın tərəfindən!) əlbəttə, cəsarət tələb edir.

Biz bəzən düşünürük ki, qadın anlaşılmaz, mürəkkəb məxluqdur, onu başa düşməyə çalışmaq lazım deyil, onu sadəcə, dinləmək lazımdır. Dinləyirik, amma hər qadın ürəyinin gizlinlərini açmır, ya buna cəsarəti çatmır, ya da öz ətrafındakı sirr haləsini dağıtmaq istəmir. Elə qadınlar var ki, onlar özlərinin mifini yaradaraq bu mifin arxasında daldalanıblar. Merilin Monro kimi, Edit Piaf kimi, Silvia Plat kimi... Onlar ölümlərindən sonra saysız suallar buraxıb getdilər. Bəşəriyyət hələ də bu suallarla uğraşır, cavablar isə dolaşıq, ziddiyyətli, biri digərini təkzib edir. Yəqin ki, elə belə də davam edəcək. Onlar əfsanəyə çevrilmiş qadınlardı. Həm də qalib qadınlardır. Qaliblərsə heç zaman mühakimə olunmur.

Gör hardan hara gəldik... Mən Ayselin şeirlərindəki cəsarəti alqışlayıram. "Tabuları sındırmaq, sərhədləri əzib keçmək” ehtirasıdır onu şeirə gətirən. Bu cəsarət aydın düşüncənin, sağlam hissin təzahürüdür. Bunu xüsusi vurğulamaq istəyirəm, cəsarət vulqar ifadələrin şeirə gətirilməsindən ibarət deyil. Şeirdə vulqar ifadə həmişə ikrah hissi doğurur. Amma uşaq saflığı qədər büllur, incə, zərif, eyni zamanda ötkəm, qətiyyətli, sarsılmaz hisslərin sadə formada ifadəsi, düşüncə fraqmentləri insanı həyatı daha dərindən duymağa, dünya gözəlliklərini doyunca dadmağa və bu yaşamdan zövq almağa sövq edir. Hər insanda gördüklərindən zövq almaq yetənəyi olmur, bu da fitri istedaddır, gülün ləçəyinə düşən şehin, küləyin ahəstə-ahəstə tərpətdiyi yarpağın, dərəni ləbələb dolduran dumanın, üzdəki təbəssümün gözəlliyini duyğudan məhrum insana necə anladasan?! Ayselin dünyanı, insanı bu qədər dərindən, içdən duyaraq duyğularını söz vasitəsilə sadə formada ifadə etmək bacarığı xoşuma gəldi.

İyirminci yüzilin böyük çex şairi Vitezslav Nezval ədəbiyyat haqqında mühazirələrindən birində yazırdı: "Bədii əsər vərdiş olunmuşa qarşı mübarizədir. Bizim gerçəkliyə normal baxışımız vərdişin mütləq hakim olduğu passiv, avtomatik baxışdır... Şairin vəzifəsi isə bu avtomatizmi qırmaqdan, gerçəkliyi daha aktiv qavramaqda bizə köməkdən, vərdişkarlığın həmin gerçəkliklə bizim aramızda necə pərdə çəkdiyini göstərməkdən ibarətdir”. Ayselin "Baxış bucağı” adlı şeiri var, bu şeirdə şairə bizim bayağı vərdişlərimizlə gerçəklik arasındakı pərdəni qaldırmağa cəhd edir:

Dünyan sənin baxa bildiyin qədərdir
Yaşantın yaşamağı bacardığın ölçüdə...
Görüb duyduqların genişlətməli baxış bucağını,
Pəncərə çərçivəsi qədər dar olmamalı,
Daha böyük, daha sərbəst, daha sınırsız...
Dünyaya açılacaq qədər azad,
Səni boğmayacaq qədər anlamlı,
Təlatümsüz, basqısız olmalı...
Gördüyün, hər kəsin görə bildiyidir,
Daha ötəsi yoxmu?!

Aysel gördüklərimizin ötəsindəki dünyanı bizə göstərmək istəyir, Nezvalın təbirincə desək, gerçəkliyi aktiv şəkildə qavramağımı arzulayır. Fəhmi, intuisiyası olan, ruh adamı gözəlliklərə açılan o aləmi görəcək, qavrayacaq. Bu, Ayselin şeirləri üçün vacib xarakterik xüsusiyyətdir. Bu şeirlər özü haqqında söz deməyə əsas verəsi şeirlərdir. Onun sevgi şeirlərindəki məsumiyyət, gözəl arzulara yelkən açan bir qız qəlbinin təlatümü ("Səninlə yaşlanmaq istəyirəm”, "Bir qadını olmalı kişinin...”, "Bir kişisi olmalı qadının...”, "Bir qızım olacaq”) həssas oxucunun da ürəyində bir arzu oyadır: kaş bütün bu gözəl arzular gerçək ola!




Baxış sayı - 1 509 | Yüklənmə tarixi: 02.03.2016 15:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031