manera.az
manera.az

Günahkaram Aşa, bağışla! - Rəşid Bərgüşadlı _MANERA

📅 17.02.2016 15:45

Günahkaram Aşa, bağışla! - Rəşid Bərgüşadlı  _MANERA
MANERA.AZ Rəşid Bərgüşadlının "İşıq pulu" pyesini təqdim edir:
____________________________________________

M ö h s ü n – əlli iki yaşında, fizika müəllimidir.

A ş a – onun arvadı, qırx səkkiz yaşında.

G ü l a ğ a – oğlanları, onuncu sinifdə oxuyur.

M ö h s ü n ü n q ı z ı – on yaşında

İ ş ı q k ə s ə n l ə r – iki cavan oğlanlardır

H a c ı A d i l – qonşu kişi, qaragül papaqda, altmış beş yaşında

P o l i s m ü v ə k k i l i

Ayxan – kiçik oğlan uşağı, pərdə arxasında səsdir.
Pərdə arxasından səs.

1-ci pərdə

Möhsünün evidir. Axşamdır – evin işıqları söndürülüb. Möhsün evin bir küncündə stol arxasında oturub yazı makinasında nəsə yazır. Hərdən qabağındakı çaydan bir qurtum içib diqqətlə yazdıqlarını gözdən keçirir, eynəyini silib yenidən taxır. Stolun üstündə təkcə elektrik lampası yanır. Yatmağa hazırlaşan Aşa gecə xalatında ona yaxınlaşır.

A ş a: Yatmırsan? Niyə gözlərini kor eliyirsən bu qaranlıqda? Uşağı güclə yatırmışam, bu saat işığa duracaq...

M ö h s ü n: Uşaqlar xalasıgildən nə vaxt qayıdırlar?

A ş a: Mən nə deyirəm, bu nə soruşur..! Sabah gəlirlər.

M ö h s ü n: Bir-iki dəqiqəyə gəlirəm gülüm, az qalıb...

A ş a: Sabah işıq pulu gələndə deyəcəksən ki, – “Bu qədər işıq pulu olar..!?”. Gəlib oyadacaqsan məni də, tez ol bir az...

M ö h s ü n: (Möhsün başını yazı makinasından qaldırmadan) Get gəlirəm, mane olma!
Möhsün Aşanın sifətinə baxır. Aşa qeyzlənir.

M ö h s ü n: (kənara deyir) Gorgörmüş sifəti yenə bozardı...
A ş a: Yazdığı da bir şey ola barı... Cəhənnəmə gəl səni, boş-boş şeylərlə başını qatırsan. Kağız-qələmə verdiyin pullarla bir ayın çörəyini almaq olardı. Kaş biləydim nə yazırsan!

M ö h s ü n: Bunun üçün yazdıqlarımı oxumağın lazımdır... (Başını yazı makinasından qaldırmadan mızıldanır) Başlama yenə...

A ş a: Bilsəm ki, maraqlı bir şey yazırsan oxuyaram.

M ö h s ü n: Oxumaq üçün savad lazımdır....

A ş a: Oxuyub nə olmusan ki, axırda maşını da satdın – qaldıq piyada. Sabah Yeni İl gəlir. Sən isə heç bazarlıq da eləməmisən...

M ö h s ü n: (Əlindəki vərəqləri səhifələyə-səhifələyə, arvadının üzünə baxmadan) Əlli dərənin suyunu bir-birinə qatma. Hələ bir gün var bayrama, bazar dağılmadı ki. Sınıq-salxaq maşındandırsa, olmamağı daha yaxşıdır. Neynirəm maşını – getdiyim məktəb, gəldiyim evdir. Evlər it kökündədir, təmir olunmalıdır. Sabah-birigün qızına elçi gələcək, oğul evləndirəcəksən. Maşının qiyməti günü-gündən düşür...

Möhsünün soyuq və vecsiz cavabları Aşaya od qoyur.

A ş a: Ondasa, rahat yaz qəzəllərini!
M ö h s ü n: Qəzəl deyil, elmi işdir.

A ş a: Paho, bizim Cəbiş müəllim uşaqları acından qırdırıb elmi iş yazır ay ellər! Kül bu elmi işi oxuyacaq adamın başına ki, bir qram ağlı yoxdu onun.

M ö h s ü n: Yaxşı get, gəlirəm... (Yazıq-yazıq arvadının üzünə baxır).

A ş a: Gəlib neynəyəcəksən? Əlindən bir şey gələnlər kimi də elə deyir ki, eşidən-bilən deyəcək ki, bu saat çarpayını aslanlar kimi dişiylə, caynaqlarıyla didib-dağıdacaq...

M ö h s ü n: Allah ləzzətini qaçırsın sənin!

A ş a: Axırıncı dəfə ləzzətin dadını nə vaxt aldığımı unutmuşam, enlikürək kişim mənim!

M ö h s ü n: Offf, off...!

A ş a: Qarayara of, qara qulğuna of!

M ö h s ü n: Niyə mənim qara taleyimə sən qismət oldun axı Aşa. Sizi görüm dərin yatasınız ay ata-anam...

A ş a: Lampanı yandır qaranlıq taleyin işıqlansın! Sənin kimi korafəhim ərdəndirsə, heç olmasaydı yaxşıdır. 20 ildir ki, mənim səmərəmə ev-eşik sahibi olmusan, burnundan gəlsin sənin!

M ö h s ü n: Bəlkə evi sən almısan, sənin çörəyini yeyirəm ay qız? Çərənləməkdən başqa nəyə yarayırsan axı!

A ş a: İndi ki belə oldu, yazdıqlarını apar sat və qarnını doyur. Görüm bu qədər yazdıqlarına bir qara qəpik verən axmaq tapa biləcəksənmi! Sən bu dünyada sağ qalmış axı-rıncı axmaqsan ay bədbəxt, bundan xəbərin var sənin? Camaat qaz vurub, qazan doldurur ey! Səninsə yazmaqdan barmaqların qız əllərinə dönüb.

M ö h s ü n: Əlimdən bu gəlir Aşa, səni and verirəm gorbagor atanın qəbrinə get yat, mən də gəlirəm. Axşam-axşam məni it kimi hürdürmə, qonum-qonşudan ayıbdır!

A ş a: Gəlmə, yolunu gözləyən yoxdur sənin. Gəlib dalını çevirib yatacaqsan da...

Möhsün hövsələsini basmağa, sülh yaratmağa çalışır.

M ö h s ü n: (asta-asta və səbrlə) Başa düş, axı bu acı dilindən sonra səni qucaqlayıb öpməyimi, səni sevdiyimi deməyimi eşitmək istəyirsən? Axı sən niyə belə oldun gözümün qarası? Niyə o mülayim xasiyyətin, qayğıkeş ürəyini kir-pasaq örtdü sənin? Bu dünyaya bir dəfə gəlirik, axı niyə bu ömrümü zəkkuma çevirirsən, nəyin əskikdir sənin? Nəyin dərdini çeynəyib durmusan – sənə xəyanət etməmişəm, şükr Allaha, dolanışığımızdan bir korluq çəkmirik, geyim-kecimin yerində, gül kimi uşaqlarımız... Axı nədi səni zəvzədən?

A ş a: Mətəyə dəyən kimi məktəbdən qayıdıb yapışırsan bu sınıq stula, axşamadək nəysə yazırsan. Uşaqlar da gələn kimi hərəsi bir tərəfə təzirlər. Axı mən də insanam! Qulağıbatmış kimi oturmaqdan bayquşa dönmüşəm. Məni adam yerinə qoyan yoxdur bu xaraba evdə.

M ö h s ü n: Bizim 60-a yaxın yaşımız var Aşa. Bu gündən sonra uşaqlarımız üçün yaşamalıyıq. Bəlkə də haqlısan, sənlə söhbətə, qayğıya az diqqət yetirirəm. Amma, istəyirəm ki biləsən, başladığım bu yazı mənimçün olduqca vacibdir. Bitirməyincə də rahat ola bilməyəcəyəm. Mənə bir qədər də vaxt versən başım açılacaq. Onda sənin dizini qucaqlayıb gələcək nəvələrimiz barədə nə qədər desən dərdləşərik. Olarmı gözümün qarası..?

A ş a: Məni çərlədib öldürəndən sonra dizimi yox ey, ayaqlarımı da qucaqlasan nə xeyri var ki? Məni sən bu hala salmısan! İnsanda nə qədər səbr olar axı. Sözü elə bil daşa deyirsən, bir soyuq qara daş qucaqlayıb yatmaq, səninlə yatmaqdan minqat ləzzət verər mənə!

Möhsün dözmür, qalxmağıyla şax bir silləni arvadının qulağının dibinə ilişdirir.

M ö h s ü n: Tünbətünün qızı! Varidatına lənət sənin! Allaha and olsun uşaqlarım olmasaydı, səni bircə gün saxlasaydım nakişi olardım.

A ş a: Əlin qurusun heyvan öküz! Sən onsuz da nakişidən nəylə fərqlənirsən ki...!

M ö h s ü n: Əlimi qana bulama, get, rədd ol yat.

Aşa əl atıb stolüstü lampanı söndürür, ağlaya-ağlaya, mırıldana-mırıldana qapını çırpıb yataq otağına keçir. Qapının səsinə balaca Ayxan yuxudan durur. Yataq otağından Aşanın bağırtısı gəlir.

A ş a: (səhnə arxasında balaca Ayxanın üstünə qışqırır) Ömrü budanmış itin küçüyü, yat!

Uşağın dalına vurduğu sillənin səsinə Möhsün çiyinlərini qısır.

M ö h s ü n: Əllərin qurusun sənin!

A y x a n (səhnənin arxasından ağlaya-ağlaya): Atama istiyiyəm...

A ş a: (səhnə arxasından): Atan ölsün elə! Yat, it balası!

Hələ Möhsünün hirsi soyumayıb.

M ö h s ü n: Səni lənətə gələsən belə bəxt, belə tale. Axı nə günahın sahibiydim ki, qarşıma belə gəvəzə arvad düşdü.

A ş a (Yataq otağından Aşanın zil səsi eşidilir): Nə çərənliyirsən orda, kötük!? Nə söyürsənsə, özününkülərə getsin! “Eşşəyim ölüb, başı qızıldandır” – sənin savadına da, yazdıqlarına da... Nəhlət şeytana!

M ö h s ü n: Mənə bir çıxış yolu göstər Allahım. Səbrimi, ağlımı alma əlimdən. Nolar mənə ucuz bir ölüm ver Allahım..! (Stolüstü lampanı söndürüb o da yatmağa gedir)

Ev zəif işıqlanır. Pərdə salınmağa başlanır. Pərdə endikcə, pərdə arxasından səs gəlir.

P ə r d ə a r x a s ı n d a n s ə s: Mühsün və Aşa valideynlərin əlbirliyi ilə evlənmişdilər. Doğmaca dayuşağıdılar. Əslində evliliyin 20 ilini xoşbəxt həyat hesab etmək olardı. Di gəl ki, müəllimliyin gün-güzaranı, ad-sanı laxlayandan, hər gədə-güdənin əli pulla oynamağa başlayandan Aşanın içinə elə bil cin girmişdi. Qonum-qonşuda bacarıqsız birini maşın, ev, qızıl-mızıl aldığını eşidəndə cin atına minirdi. Bütün hirsini, həsədini ərinin üstünə tökürdü. Baxanda bu deyingənliyi paxıllıqdan da yaranmırdı, ona elə gəlirdi ki, bacarıqda heç kimdən geri qalmayan əri baş qoşsaydı, hamıdan çox qazanardı. Di gəl ki, Möhsünün pir deyib yapışdığı müəllimliyi onun qanına və canına hopduğundan belə qazanc yollarını ağlının ucundan da keçirmirdi. Möhsün çox səbrli adam idi, lakin bu səs-küyü qonşular eşidəndə utandığından bilmirdi ki neyləsin. Hətta, bir dəfə arvadı binanın girişində yavalıq edəndə, qonşusu Hacı Adilə öz “kişiliyini” göstərmək üçün arvadının saçından tutub evədək sürümüşdü. O gün evdə çox ciddi davaları olmuşdu və qərara almışdılar ki, valideynləri rəhmətə gedəndən sonra adam balası kimi ayrılsınlar. Ancaq valideynləri öləndə, ilk uşaqlarının artıq 11 yaşı vardı deyə bu fikirlərindən də vaz keçdilər, – “Talehimiz belə gətirib, ömrümüzün sonuna nə qalıb ki...?” – deyib tanrı verən ömür payını bilə-bilə dava-dalaş yelinə verirdilər. Qonşular həmişə deyirdilər ki, – “Heyif belə abırlı kişidən ki, bəxtinə yava arvad düşüb”. Möhsün qarışqanı da tapdalamaz, xeyir-şərdən qalmaz, keçmiş şagirdlərindən biri dara düşəndə ona ürək-dirək verməkdən yorulmazdı. Dolanışıqları da pis deyildi – ailəni namuslu müəllim maaşı çərçivəsində dolandırırdı.

Aşa isə olduqca qıvraq, əlli-ayaqlı qadınıydı. Yoxdan bir şeylər hazırlayıb uşaqlarının qarnını doyurmağı bacarırdı. Di gəl ki, dili zəhrimara qalmış, qırmızı acı bibər kimi adamı sarsıtmaqdan ötrü yaranmışdı. Möhsünü istəyib ərə gəlmişdi, amma ərindən nə istədiyini heç özü də bilmirdi. Qısqanırdımı? Yox, ömürbillah əri başqasına kəc baxacaq adam deyildi. Əri çox ürəyiyuxa adamdı, halallıq tərəfdarıydı. Bircə, ildə instituta hazırladığı iki uşaqdan aldığı kiçicik pulu çıxsaq, başqa haramda işi yox idi. Aşa, sanki, dil ona danışmaq üçün verildiyindən danışırdı, həm də adamı “cinnən-donnan”, “məzhəbdən” çıxaranadək danışırdı. Onun başqa dərdi yox idi – o, sadəcə zəvzək idi. Allah adamı beləsindən qorusun!

2-ci pərdə

Pərdə hələ qalxmayıb. Pərdənin qabağına işıq salınıb. Möhsün əlində portfeli dərsdən gəlir. Geyim-kecimi yerindədir. Pərdənin arxasında Aşa səsini başına atıb:

A ş a: Allah evinizi yıxsın, görüm çırağınız sönsün, işıqlı dünyaya kor baxasınız, Yeni İl gecəsi də işıq söndürərlər heç!? Siz heç müsəlman, insan deyilsinizmi! İnsaf, insanlıq nə demək olduğunu heçmi qanmırsınız ay bişərəflər!

M ö h s ü n arvadının səsini eşidib dayanır: Yenə cin girib bunun içinə! Kif qoxan səsini tez kəsməsəm camaat içində yenə biabır olacağıq. (Addımlarını yeyinlədib gözdən itir).

Səhnənin arxasından M ö h s ü n ü n səsi gəlir: Nə olub yenə!

A ş a (o da səhnənin arxasından): Canına dərd olub, böyrünə də qara azzar! Sənə demə-dim ki, işığı az yandır? Borca görə işığı kəsiblər, özü də xəlvəti kəsib, blomlayıb qaçıblar şərəfsizlər!

M ö h s ü n: (səhnə arxasından): Bayram vaxtı belə iş eləməzlər.
A ş a (səhnə arxasından): Bah! Sənin kimi fağır-dilsizin hələ gəlib yataqda arvadının qucağına da girərlər!.. Burax qolumu!

Pərdə qalxır. Möhsün arvadının qolundan dartıb qapıdan içəri salır.

M ö h s ü n (Onun qolundan tutub hələ də dartır): Yenə həyasızlıq eləmə Aşa, səni and verirəm balalarının canına, məni camaatın içində biabır eləmə yenə, danışığına fikir ver, əxlaqsız şeylər danışma...

A ş a: Mənəm əxlaqsız!? Günün günorta vaxtı gəlib işığını kəssinlər, sən də otur qoyun kimi gözlərini döy, elə..!? Burax qolumu dedim sənə!

M ö h s ü n (onun qolunu buraxır): İndi özüm məşğul olaram, sən sakit ol, keç içəri. (Ev telefonunu götürüb Mənzil İstismarı İdarəsini yığır): Alo JEKdi..? İşıq idarəsinin telefonu lazım idi... (İşıq İdarəsinin telefonunu dəftərçəyə qeyd edir və yenidən nömrəni yığır)

A ş a (deyinir): Roman yazınca, bir az da bu oğraşların belə şərəfsizliklərindən yaz! Yaz və göndər birbaşa prezidentə. Qoy bu gicitkən, qaratikan kimi insanları dalayan bu gözəgörünməz milçəkləri, gənələri, ağcaqanadların hamısını tutub bassınlar dama!

M ö h s ü n (telefonda kənara deyir): Gərək axşam Aşa deyəndə lampanı söndürəydim. İndi bir ay çərənləyib gecələr yazmağa qoymayacaq. Yazıq qonşular, on gün Aşanın “dır-dırı”ından təngə gələcəksiniz. (İşıq İdarəsindən axır ki telefona cavab verirlər) Alo.., salam. Möhsün müəllimdir sizi narahat edən – “Balıqçılar küçəsi-4” ünvanından. İşçiləriniz bizim işığı kəsiblər... (azacıq dinləyir) ...Axı belə olmaz qardaş. Gəlin deyin ki, – “Bu qədər borcunuz var, ödəməsəniz kəsəcəyik”. Biz də bir gün tez, bir gün gec pulu ödəyək, axı bayram günü işığı kəsmək insafsızlıqdır. Nümayəndənizi göndərin pulu ödəyək və işığı qoşsunlar.
Aşa mətbəxtdə qazan-qablamanı hirslə danqıldadır – soğandağı hazırlayır.

M ö h s ü n: (mətbəxə doğru deyir) Uzağı yarım saata yoxlayıcı gələcək və kabeli birləşdirəcəklər. (Kənara) Bilir ki, soğandağının qoxusundan iyrənirəm... Səni bildiyin qədər çəkəsən arvad!

Möhsün pencəyini çıxarıb yemək stolunun arxasına keçir. Arvadı bir neçə dəfə zala keçir. Ərinin yemək, ya da çay gözlədiyini bildirən baxışlarını görsə də mətbəxtdən Aşanın ancaq “qara kağızı” gəlir. Möhsün oturmaqdan bezib ehtiyatla dillənir, – “Yeməyə bir şey var?”

A ş a: Çor, qarayara istəyirsən gətirim! İşıq səhər ertədən sönüb!

M ö h s ü n: Heç olmazsa çay gətir...

A ş a: İşıq yansın sonra dəmləyərəm.

M ö h s ü n: (kənara) Söz güləşdirməyin yeri deyil.

Möhsün qalxıb mətbəxə keçir, özünə çay süzüb yazı makinası olan balaca otağa gedir. Axşamdan yazdıqlarına göz gəzdirib karandaşla xırda qeydlərini eləyir. Birdən işıqlar qəfil yanıb sönür – deməli kabelləri qoşanlar gəliblər. Möhsün otaqdan çıxmamış, Aşa əlində dəmir kəfkir güllə kimi giriş qapısını açıb çölə tullanir.

A ş a: (Aşanın səsi boş pilləkən qəfəsində gur-gur guruldayır) Hansınız kəsmişdiniz bizim işığı, hansınız! Tez olun deyin, yoxsa ikinizi də bir-birinizə qatacağam.
Kabeli izolentlə bağlayan cavan oğlan hürkmüş halda, – “Mən kəsmişdim xala...” – deyir. Aşanın kəfkirinin göydə parıldamağıyla zavallı oğlanın alnından bıldır-bıldır qanın süzülməyi bir olur. Sayğacın çekini bayaqdan əlində uzatmış digər oğlan, – “Ay arvad sən neylədin!?” – deyib Aşanın əlindəki kəfkiri almağa cəhd edir.
Aşanın canını almaq olar, amma kəfkiri əsla! Möhsün və digər oğlan – əri Aşanın boynunu, digəri isə qolunu burub kəfkiri almaq uğrunda bütün güclərini toplayırlar. Kəfkir axır ki Aşanın əlindən düşür və pillələrə yuvarlanır. Səsə üst qonşu Hacı Adil çıxir. Hacı Adil yaxınlaşıb Aşanı iki kişidən aralayır, qadının üstünə bağırır:

H a c ı A d i l: Əşşi bəsdirin da! Sizin səsinizdən bu binada nə yaşamaq olur, nə yatmaq! İt-pişik kimi bir-birinizi nə vaxtadək didəcəksiniz, yaşınızdan-başınızdan heç utanmırsınız! Yenə nəyi bölüşdürə bilmirsiniz! Sənin başın niyə yaralanıb? (Başından qan axan oğlanın əlini götürüb yaraya baxır)
O ğ l a n (yazıq-yazıq): Bu xala kəfkirlə vurdu...

H a c ı A d i l: (Aşaya) Sən ipə-sapa yatmayacaqsan?! Nə istəyirsən bu adamlardan, nədir içindəki bu xainlıq, paxıllıq! Niyə dinc durmursan, indi nə cavab verəcəksən, xalxın uşağının vurub beynini partlatmısan!

A ş a: Belə vələdizinanı əkib-döğanı lənətə gəlsin, heç bayram vaxtı da işıq kəsərlər, bəs vicdanı sızlamırmı ki, bu yazıq camaat bayram gecəsi qaranlıqda hökumətə, dövlətə lənət yağdıracaq!

H a c ı A d i l: Sözün var, get hökumətə de, bu yazığın nə günahı var axı.
A ş a: Bu hökumət deyil bəs nədir!

Yaralı oğlan qanlı əlini rəhmi gəlsin deyə Aşaya göstərib: Ay xala, mənə deyirlər get kəs, mən də gəlib kəsirəm, mənim nə günahım var bunda?
A ş a: (əvvəl yumşaq danışır və birdən yenə coşur) Gəl denən ki, – “Xala, məni göndəriblər işığınızı kəsməyə”, mən də gedim onu deyən kimdirsə, onu salım ayağımın altına! Arvad kimi xəlvətcə gəlirsən, işığı kəsib qaçırsan. Hələ yaxşı ki, kabeli kəsəndə əlimə düşməmisən, yoxsa əlini kabelə yapışdırıb tokla öldürərdim səni.

O ğ l a n: (çeki əlində tutan digər oğlana) Bu zır dəliymiş ki...

M ö h s ü n: Ağzını təmiz saxla, adam özündən böyüyə belə deməz.

Möhsün, bu qahmarlığının lap yalnış olduğunu dərhal anlayır və yetim kimi Aşanı süzür.

A ş a: (ərinə çəpəki baxır) Elə bu..! Daha heç nə deməyəcəksən? Salıb ayağının altına it balası kimi tapdalamayacaqsan? Arvadına zır dəli deyən bir südəmərdən namusunun qisasını almayacaqsan!?

M ö h s ü n: Kəs səsini, gör uşağı nə kökə salmısan!

A ş a: Onu heç böyüməsin, elə uşaqkən gəbərsin! Əcəb eləmişəm, əlimin içindən gəlib!

Aşa dartınıb oğlanın qan axan yaralı başına bir qapaz da ilişdirir. Oğlan bu dəlixana yığnağının əlindən qaçmaqla canını güclə qurtarır – tələsik çıxıb gedir.
Çek yazan oğlan bu ər-arvada “ağıl vermək” istəyir, – “Adam da belə iş tutar? İşıq pulundan ötrü adam öldürərlər?”.
A ş a: (Onun sözünü yarımçıq kəsir) Bas bayıra ədə!

Oğlan əlində çek başını bulaya-bulaya səhnədən gedir.

İndi Aşa mətbəxdən otağa, otaqdan mətbəxə keçir, ara vermədən Möhsünün qarasınca deyinir.

A ş a: Biqeyrət! Gözünün qabağında arvadına zır dəli desinlər, sən də dur mal kimi gözlərini döy! Ay Allah, sən niyə məni öldürmürsən, niyə canımı alıb bu qalınqabıqdan xilas eləmirsən! Camaatın kişiləri gələndə arvadları zağ-zağ əsirlər, qorxularından siçan deşiyi axtarırlar gizlənməyə. Bizimki isə, elə bil hamam kisəçisidir. Barmaqları arvad əlindən betərdir..!

M ö h s ü n: Aşa.., (Aşa bir anlıq durub ərinə baxır, ərinin dişi bağarsağını gəmirir) Aşa səni lənətə gələsən. Aşa Allah səni öldürsün! Heyif mənim bu dəfəki ömrümə, çox heyif... Gör neçə ildir ki, səhər-axşam sənin acı sözlərinlə zəhərlənirəm... Allah məni bu əzabdan qurtar. Ölməyə razıyam Allahım, təki məni el içində xar olmağa qoyma, ya Rəbbim!

A ş a: Amin! İnşallah tez ölərsən, bəlkə mən də bir gün görəm...

Möhsün hirslə ayağa qalxır. Aşa bu saat ona endiriləcək ağır silləni qarşılamaq üçün biləklərini sifətinə tutur. Ancaq Möhsün havaya qaldırdığı əlini astaca endirir, pencəyini geyib hirslə bayıra çıxmaq istəyir. Amma qapıda bir polis işçisi ilə qarşılaşır və onunla birlikdə otağa qayıdır. Polis baş leytenantdır.

P o l i s: Salam. Poliklinikadan xəbər veriblər ki, bu ünvanda işıq pulu yığanı döyüb yaralamısınız.
A ş a: İşıq pulu yığan yox, işıqkəsəni!

Polis: (Qovluğu aça-aça) İzahat almalıyıq. Möhsün müəllim sizi yaxşı insan kimi tanıyırıq, amma belə bir işin sizin kimi bir alicənab adamın evində baş verməsinə düzü çox məəttəl qalmışam.

M ö h s ü n: Allah şeytana lənət eləsin, bir işdi olub. Yaralının vəziyyəti necədir?

P o l i s: Kəfkirin tininə düşüb, başına yeddi tikiş qoyublar.

A ş a: Kəfkir deyildi, çömçəydi!

M ö h s ü n (arvadına çımxırır): Çömçə deyildi, kəfkir idi!!! Keç o biri otağa! (İncəvara Aşa ərini pərt eləmir, yataq otağına keçib qapını çırpır.

M ö h s ü n: (polisə) Bir az əsəbiləşmişdim, özümdən çıxdım. Yazığı mən vurub yaralamışam – deyir və izahat yazıb imzalayır.

P o l i s: (izahata göz gəzdirib deyir) İnciməyin, amma bizimlə bölməyə getməlisiniz.

M ö h s ü n: Nə incimək, iti öldürənə sürütləyərlər, bir qələtdir eləmişik, özümüz də cəzamızı çəkməliyik (otaqdan birlikdə çıxırlar).

Polis və Möhsün gedəndə Aşa yataq otağının pəncərəsindən pərdəni aralayıb xəlvəti həyətə baxır. Arvadın matı-qutu quruyub. Qəfildən pərdəni çəkib üzünü gizlədir (Əri maşından ona sarı boylanırmış)
Pərdə salınır.

3-cü pərdə

Otağın zəngi basılır. Aşa qapını açır. Gülağa və böyük qızı şən halda evə girirlər (Xalasıgildən qayıdırlar). Hər ikisinin halından məlum olur ki, səfərlərindən razıdırlar. Analarını növbə ilə öpürlər. Qız yan otağa keçir.

G ü l a ğ a: Ana, atam hanı?

A ş a: Neynirsən atanı?

G ü l a ğ a: Yenə sinifdə məni uşaqların içində rüsvay elədi...

A ş a: Niyə?

G ü l a ğ a: Axşam evdə xahiş elədim ki, hazırlıqlarımı çatdıra bilmirəm, olar sabah məndən dərs soruşmayasan, o da candərdi razılaşdı. Amma sinifə girib jurnalı açan kimi məni qabağa çağırdı, – “Abdullayev Gülağa, dərsini bilirsən?”. Başımı aşağı dikib dedim, – “Yox”. “Çıx qabağa!” – deyib məni yazı taxtasına çıxardı, məni dizləriüstə qoyub dərsboyu əlləriyuxarı saxladı. Məni o ki var uşaqlara güldürdü...

A ş a: Oğul, səncə düz eləmirmi? Sənin nə geyim, nə yemək, nə kitab-dəftər dərdin var. Hər şeyi almışıq, bircə borcun var – o da oxumaq. Sənin yaşında, atan bir qoyun dərisini əlində gəzdirirdi, qoyun-quzu otaranda, kolxoza işləməyə gedəndə də vaxt tapıb arada o dərinin üstündə oturub dərslərini oxuyardı. Oxumaqdan adam yorulmaz... Məncə atan düz eləyib – birinci özününkünü cəzalandırmalıdır ki, özgəsinə dərs olsun. O məktəbdə sənin müəllimin, evdə isə atandır. Onunsa istədiyi təkcə bir şey var – övladları oxuyub adam olsunlar.

G ü l a ğ a: Ana, bunları sən deyirsən? Sənə bir şey olmayıb ki, sən yaxşısan? Bəs hanı atam?

A ş a: (yan otaqdakı qızı eşitməsin deyə ehtiyatla deyir) Polislər tutub apardılar...

G ü l a ğ a (həyəcanla): Hara?! Niyə!?

A ş a: Bir nəfəri döyüb yaralamışam, o da polisə şikayət edib. Atan da günahı öz boynuna götürdü...

G ü l a ğ a: Zarafat edirsən!?

A ş a: Məni zarafat edən görmüsən?

G ü l a ğ a: Sən axırda bu kişinin başını yeyəcəksən ana! Axı nə istəyirsən sən, niyə hər şeyə bir mız qoyursan, heç nəyi bəyənmirsən axı?

A ş a: Bilmirəm oğul. Allah şeytana lənət eləsin. Elə bilirəm ki, dilimi dinc saxlasam əlimdəki hər şey dağılacaq, hamınızı birdəfəlik itirəcəyəm.

G ü l a ğ a: Sən ağlını itirmisən ana..!

A ş a: Bilirəm oğul...

Aşa yandakı yataq otağına keçib qapını arxadan kilidləyir. Çarpayıya sərilib hönkürtüsünü uşaqlar duymasın deyə ağzını yastığa dayayıb için-için zarıyır. Xeyli ağladıqdan sonra gözünün yaşını silib zala keçir. Gülağanı polis məntəqəsinə göndərir, – “Get məntəqəyə gör nə xəbər öyrənə bilirsən...”. Gülağa otaqdan çıxır. Aşa yenə pəncərənin pərdəsini aralayıb həyətə baxır – “Birdən onu həbs etsələr, təkbaşına uşaqlarıma necə baxaram?” – deyib başını əlləriylə sıxır. Zala keçib paltarları ütüləməyə başlayır. Dayanmadan gah mətbəxə keçir, gah da zalda var-gəl edir. Bir qədər sonra Gülağa məntəqədən qayıdır. Sifəti acıqlıdır.

G ü l a ğ a: Sən nə eləmisən ana! Sənin ağlın tamam çaşıb! Niyə camaatın uşağını o kökə salmısan!
A ş a (qayğılı): Gördün oğlanı..?

G ü l a ğ a: Bölməyə gətirmişdilər, izahatını almağa... Başı bütöv sarğının içindəydi.

A ş a: Bəs atan niyə gəlmədi?

G ü l a ğ a: Hara gəlsin, türməyə salıblar!

A ş a: Yəni polis bunu ciddi qəbul edir?

G ü l a ğ a: Vurub camaatın beynini dağıtmısan, bundan da ciddi nə olmalıydı? Yoxsa öldürmək istəyirdin adamı?

A ş a: Bu nə işdi biz düşdük bu bayram axşamı...

Aşa otaqları yenə var-gəl edir. Nə qərara gəlirsə, şalını başına atıb oğluna qıcanır.

A ş a: Geyin! Mənə polisin yerini göstər!

G ü l a ğ a: Nə edəcəksən, yoxsa onları da qırıb tökəcəksən, istəyirsən top-tüfəng də götürək?

A ş a: Çərənləmə, tələs!

Birlikdə otaqdan çıxırlar. Pərdə salınır.

4-cü pərdə


Polis məntəqəsi. Möhsün və sahə müvəkkili otaqda söhbət edirlər. Divardan prezident İlham Əliyevin portreti asılıb. Möhsün hirsli görünür. O, pencəyini stulun çiyninə salıb. Gülağa və Aşa məntəqənin pəncərəsi önünə çatanda Mühsün onları görür. Aşa, Möhsünün baxışları qarşısında naməhrəm qadınlar kimi ərinin onu görməsindən utanır, örpəyi ilə yaşmanır. Aşa çox qeyzlə gəlmişdi, amma indi muma dönür. Möhsün və polisin deyişmələrini Aşa və Gülağa da eşidir. Aşa və Gülağa səhnənin yarıqaranlıq bir küncündə var-gəl edirlər.

P o l i s: Möhsün müəllim, dörd mindən aşağıya yeyə durmur. Hələ yaxşı ki, oğlan şikayətçi olmadı, yoxsa heç rəis boynuna da götürməzdi.

M ö h s ü n: Daha yaxşı. Şikayətçi yoxdursa, bəs bu qədər pulu niyə istəyirsiniz? Yenə 200-300 manat istəsəydiniz dərdyarıydı, bir əncam çəkərdik... Mən müəllimbaba adamam, məndə bu qədər pul hardandır ay qardaş. Get denən ki, 500-dən bir qəpik artıq verməyəcəyəm, tuturlar, qoy tutsunlar!

P o l i s: Onda başqa çarəmiz qalmır, gərək yoldaşınızı xuliqan kimi çək-çevirə salaq...

M ö h s ü n: Bölmənizin altını üstünə çevirərəm! Kişilik hələ ölməyib, namusumuz şərəfimizdən də üstündür. Axırıncı dəfə deyirəm 1000 manat son verə biləcəyim puldur. Söz güləşdirmə mənimlə!

P o l i s: Onda 100 də mənə verərsən, uşaqlarla boğazımızı yaşlayarıq.

M ö h s ü n: Onu eliyərəm...

Möhsün durub pəncərəyə yaxınlaşır. Aşa da pəncərəyə doğru yanaşır.

M ö h s ü n (arvadına): Uşağa min manat pul ver gətirsin!

Aşa başının işarəsilə, – “Yaxşı...” – deyir və Gülağa ilə səhnədən itirlər. Möhsün yerinə qayıdıb stulda əyləşir.

P o l i s: Məllim, bəs deyirdiniz pulunuz yoxdur?

M ö h s ü n: Bundan sonra sizə verməyə hələ çox pulum olacaq! (Kənara) Qoy bayram çıxsın, bir də ölüm hadisəsinə görə məni çağıracaqsınız... – bunu deyəndə Aşanı gördüyü bayaqkı pəncərəyə doğru baxır. Sən yolda fikir verdinmi, bayram günüdü, amma poçtun qapısı açığıydı. Demək, bunlar işıq idarəsiylə razılaşdırılmış işiymiş. Bayram günü işığı söndür, poçt da açıq – get pulu ödə. Yoxsa Yeni il gecəsi qaranlıqda qalacaqsan. Gör belə insafsızlıq olar heç?...

P o l i s: Öz aramızdır, belə də olmayanda ödəmirik da...

M ö h s ü n: Adamın insafı olar ey. Bunu kim düşünübsə, iblisdən də təcrübəli, məkrli adamdır.

Bir qədər sonra Gülağa məntəqənin pəncərəsini döyüb atasını çağırır. Möhsün durub pəncərədən pulu alır. Oğluna pul da veriri ki, – “Yolüstü poçta dön, gör borcumuz nə qədərdirsə ödə” – deyir. Gülağa, – “Yaxşı” – deyib gözdən itir. Möhsün otaqdaca sayıb pulu polisə uzadır.

M ö h s ü n: Daha mənlik bir işiniz qalmadı ki?

P o l i s: Yox, gedə bilərsiniz. Cibiniz dolu olsun.

Möhsün sağollaşıb bölmədən çıxır. Səhnə dönür və Möhsünün evidir. Möhsünü qapıda Gülağa qarşılayır. Möhsün hirslidir.

M ö h s ü n (oğlundan soruşur): Borcumuz nə qədər idi?

G ü l a ğ a: 7 manat, 50 qəpik.

Pencəyi əynindən çıxarıb asılqandan asıb birbaş mətbəxə gedir. Axtardığını orda tapmır. Yataq otağına keçir. Aşanın ağlamaqdan gözləri şişib. Saçı dağınıqdır. Əfv diləyən yaşlı baxışlarla ərini süzür. Gözləri bir-birinə tuş gələndə isə Aşa yenidən hönkürüb üzünü yastığa dayayır. Can verən adamlar kimi boğuq səsi güclə eşidilir, – “Bağışla məni Möhsün, bağışla...” – deyib başını yastığa daha bərk sıxır. Möhsün yerində donub qalır.

M ö h s ü n (tamaşaçılara doğru yeriyir): Bu ağlayan mənim uşaqlarımın doğmaca anası, uşaq vaxtı birlikdə qayğısız oynadığım, birgə böyüdüyüm dayım qızı, vaxtilə çox sevdiyim, məni gündə it kimi dalasa da ətimi yeyib çölə atmayan ömür-gün yoldaşımdı.

Möhsün Aşanın yanına qayıdır və ehtiyatla əlini onun pırtlaşıq saçlarına aparır. Aşanın telini sığallayır. İçində azacıq da olsa hirs və kin qalmayıb.

A ş a (Qalxıb düz onun üzünə baxır): Mən daha əvvəlki kimi olmayacağıma söz versəm məni bağışlayarsan?”

M ö h s ü n: Sən mənim uşaqlarımın anası, mənimsə namusumsan. Biz birlikdə övladlarımızı bir ağ günə çıxarmağa borcluyuq, onlara yaxşı nümunə olmalıyıq.

A ş a: Bağışla məni, xahiş edirəm... Gəl bir də ayrılmaq barədə düşünməyək. Hər dəfə düşünəndə ki, biz nə vaxtsa boşanmalıyıq, onda dəli oluram. Hər açılan səhəri ayrılıq günü kimi qarşılayıram. Hər gün tökdüyüm zəhərlər həmin günün acı əntəşəsidir. Hərdən o günün tez yetişməsini özüm də arzulayıram ki, bu iztirablarıma son qoyulsun. Gör sənə nə qədər əzab vermişəm Möhsün... Qurbanın olum, nolar, keç günahlarımdan. Mən sənsiz, övladlarım olmadan yaşaya bilmərəm.

M ö h s ü n: Sən də məni bağışla.., sənə bəlkə də lazımınca diqqət ayırmamışam. Mən də günahkaram...

Aşa ərinin boynunu qucaqlayıb üzündən öpür, Möhsünsə onun alnından.

A ş a: Əzizim, sən axırıncı dəfə mənim başımı nə vaxt sığalladığını xatırlayırsanmı..?

M ö h s ü n: Günahkaram Aşa, bağışla.

Aşa içini çəkir və onun sinəsinə qısılır.

M ö h s ü n: Biz nə vaxtdandır fitrə-zəkat vermirdik?

A ş a: Unutmuşam...

M ö h s ü n: Qoy o min manat, acılı günlərimizin fitrəsi, canımıza gələn qada-bəla olsun.

Onlar qol-boyun xısınlaşa-xısınlaşa dərdləşirlər. Sanki bir-birini ilk dəfədir görür və ilk məhəbbətin ilk ülvi təmaslarını yaşayırlar. Bu günədək zəhər-zəkkumla keçən dövrlərini yada salıb boşuna yelə verdikləri günlərinə o ki var gülürlər. Hər dəfə zəvzək halını arvadına xatırlatdıqca Aşa haldan hala düşür, yanaqları qıpqırmızı allanır. Aşa, sanki bir dünya gözəli, mələk olmuşdu ərinin gözlərində. Möhsün arvadının yanaqlarında gilələnən yaşı silir, qaşını, burnunu, dodaqlarını oxşayır, Aşa isə onun sinəsinə qısılıb yanaqlarını öpür, qayğılı gözlərinə baxmaqdan doymurdu. Bu saat dünyada onlardan xoşbəxt və qayğısız cütlük yox idi. Sanki Möhsün ilk dəfə idi ki, bir qadına məhz indi aşiq olurdu. Bu illər boyu gündə min dəfə gördüyü Aşa, indi onun gözündə tam başqa biri olmuşdu. Hər ikisi bəlkə də yüz dəfə and içib söz verdilər ki, bir daha bir-birini qırmayacaq, keçən günləri xatırlamayacaqlar.

Zalda həyəcanla və xorla çığıran övladlarının səsinə öz şirin xəyallardan ayılırlar. Qayğısız övladları saat əqrəbinin 12-ni “vurmasını” sayırdılar, – “...9, 10, 11, 12...! Urra!!! Yeni İlimiz mübarək!”.

A ş a (Ərinin yanağından öpür): Yeni ilin mübarək əzizim.

M ö h s ü n: Yeni İlin mübarək başımın tacı...

Uşaqlar içəri təpilirlər.

U ş a q l a r: Yeni iliniz mübarək ata, ana...

A ş a: Yeni iliniz mübarək mələk balalarım..!

Möhsün, doyunca ağlamaq istəyir. O, səhnədən çıxır... Uşaqlar analarına sarılıblar. İşıqlar zəifləyir. Pərdə yavaş-yavaş enir.

P ə r d ə a r x a s ı n d a n s ə s: Aradan xeyli vaxt ötdü. Aşa indi ərinin gecələr yaz-masına mane olmurdu, əksinə yazdıqlarına ciddi maraq göstərirdi. Çünki, Möhsün alternativ enerji mənbələri barəsində tədqiqat işi yazırmış. İnşallah uğurlu alınsa və təcrübədən də üzüağ çıxsa, hamımızın dövlətdən elektrik asılılığına son qoyulacaqdı.

SON

MANERA.AZ


Baxış sayı - 2 494 | Yüklənmə tarixi: 17.02.2016 15:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031