manera.az
manera.az

Sona çatmışam... - Sadat Adışovun HEKAYƏSİ _MANERA

📅 16.02.2016 17:31

Sona çatmışam... - Sadat Adışovun HEKAYƏSİ _MANERA

MANERA.AZ Sadat Adışovun “İnsan unudulanda ölür” hekayəsini təqdim edir:

İnsan öz içində bir haqq yaşatmasa yaşaya bilməz. Haqqı isə hər bir insan özü dərk etdiyi kimi qəbul edir. Elələri var ki, layiq olmasa da, həyatın bütün yollarını ağrı-acısız, halal-haram bilmədən yaşayır, elələri də var ki, bir ildə çəkdiyi ağrı-acı 10 illərin ağrılarından çətin olur. Hər iki halda bəlkə də insan haqlıdır. Dediyim kimi, əgər belə olmasa yaşaya bilməz. İnsan hər şeyini itirəndə həyata davam edə bilirsə, deməli, istədiyi vaxt həyatını dəyişə də bilər. İnsan zamanı dəyişdirə bilməz. Zamanın əleyhinə gedən, zaman ilə dil tapa bilməyə insanlar, zamanın qarşısında əzilir, məhv olur. Belə insanlar ədalətli olarsa, onlar cismən aradan getsələr də, zaman onları unutmur.


Haradan düşmüşdü bu fikirlər mənim yadıma, xəyallarım şahinlər kimi qıy vurub göy üzünə qalxmışdı. İnsan gözü görə bilmədiyi yüksəkliklərə qədər qalxmış, başımın üstündə dövrə vururdu. Ötüb keçən ömrə nəzər salır, məndən hesabat istəyirdi. Bu dünyada hər şeyin bir qədəri, dəyəri, ölçüsü var. Ölçüyə gəlməyən isə yaşadığımız dünyadı, - əvvəli, axırı bəlli olmayan dünya. Hamı sonu bəlli olmayan bir ömür yaşayır. Mənim də həyatımın dəyəri, qiyməti məhz yaşadıqlarım, arxada qoyduğum, sonu bəlli olmayan ömürdür. Bu ömürdə nə itirmişəm, nə qazanmışam, bilmirəm, heç fikirləşmirdim də, ancaq bu fikirləri qəlbimdə oyadan, bu gün bir xəstə ilə olan söhbətim oldu.

Yanında oldum, onunla söhbət etdim, hal-əhval tutdum. O, halından şikayətlənirdi: "Allah niyə öldürmür görəsən məni, nə günah eləmişəm görəsən? Torpaq da məni qəbul etmək istəmir, axı nəyə gərəkdir indi mənə bu ömür? Hanı mənim həmyaşıdlarım? Mənim yaşımda kimsə qalıbmı? Yaşadıqca yadlaşıram, təkləşirəm bu həyatda".

Bir əsrdən çox yaşamışdı ancaq ilk dəfə idi yatağa düşmüşdü. Halsızlıqdan artıq yeriyə bilmir. Gözləri də dizləri kimi gücdən düşmüşdü, tutulmuşdu. Mənimlə isə belə söhbətləri hələ 10 il bundan əvvəl də edirdi. Özündən kiçik qardaşı öləndə "növbə mənim idi, böyük mən idim, Allah niyə məni öldürmədi?" deyirdi. Ölümdən sonrakı dünyanın varlığı, məqamları haqqında, xəyal etdiyi aləmə tələsirmiş kimi danışırdı. Hər dəfə yanma gələndə "Bax yadında saxla ha dediklərimi. Bütün əhatəmizdə olan qohum-qardaş və bir az da kənar, tanıdığımız adamlar haqqında dəfələrlə səninlə danışmışam. İndi bu kənddə, tayfanın böyüyü sənsən. Böyük olmaq, ağsaqqal olmaq elə belə deyil. İnamı qazanmaq və onu qorumaq o qədər də asan deyil, o çox vaxt göründüyü kimi olmur. Bəzən görünməz yollarla gəzir, sən onu heç görmürsən. Qəzəb, kin içində olarsa, səni atəşsiz yandırar. Məqammda hörmət sahibi ola bilməzsən. Lakin içimdəki səs, sənə güvənir, sənə güvənəcəklər" - deyir..

Bir dəfə onun yanına bir az gec getdim, gileyli halda "məni düzgün başa düşün, sizlərdən heç nə ummuram, amma hər dəfə mənim yanıma gələndə, kimsə mənə baş çəkəndə sanki yüngülləşirəm, arxayınlaşıram, elə bil, ağrılarım da azalır" dedi. O danışdıqca səsində nə isə, sanki bir, titrəyiş, təəssüf, sızıltı hiss edirdim.

Ürəyimə işləyirdi bu titrəyiş, bu sızıltı. Bugünkü söhbəti məni də inanmağa məcbur etdi ki, ömrünün son günlərini yaşayır və tezliklə dünyasını dəyişəcəyini sanki o görürdü. Dərindən nəfəs aldı və yenə xüsusi bir səs tonu ilə, "mən artıq gedirəm bala, dediklərimi unutma, tayfanı başına topla". Mən onun daha nə deyəcəyini bilirdim, ona görə də onu arxayın etmək, özüm də bu gücün olduğuna, onu da əmin etmək və onu sakitləşdirmək məqsədilə dedim:

- Heç kəs ömrünün sonunu müəyyən edə bilməz. Sən niyə belə danışırsan? - Həmişəkindən ümidsiz, sanki bir daha görüşməyəcəyik kimi - özümə arxayın halda - dediklərinin hamısı mənə aydındır, amma boş şeydir, sən o barədə narahat olma! Bacardığım qədər ümidlərini doğruldacağam" - dedim. O göz qapaqlarını qaldırdı, gözlərini mənim gözlərimə zillədi.

- Nə boş şeydir? Mənim dediklərimmi? Yoxsa ölüm? Mən elə-belə söz demirəm. Onsuz da doğulan, bir gün də gedir. Bu gün hiss edirəm ki, sona çatmışam, sayılı saatlar, anlar qalıb. - Üzünü yana çevirdi. Bir anlıq fikirləşdim ki, doğrudanmı o ömrünün sona çatdığını görür.

Evdən çıxanda hava qaralırdı. Kənd camaatı bütün ömrü boyu alışdıqları payız axşamına hazırlaşırdılar. Hər gün məşğul olduqları işlə məşğul idilər. Kimi odun doğrayır, kimi mal-qarasını tövləyə aparır, kimi isə mal-qaraya yem tökmək üçün ot tayalarından ot doğrayırdı. Bu axşam işləri biz kəndlilər üçün hər gün təkrarlanan iş idi. Səhərin işləri isə bir az haylı-küylü olur. Çölə mal-qara ötürənlər və ya meşəyə gedənlər, bir-birini səsləyir, digər tərəfdən də çölə açılan mal- qaranın, qoyun-quzunun səsi səhərin təmiz havasında dalğalanır, uzaqlara yayılırdı. Fikirli-fikirli, kənd arası daş yolla, evə tərəf gedirdim. Qəlbimdə isə bu kənddə gördüyüm müdrik qocaların həyatla vidalaşdıqları səhnələri, onların dedikləri sözləri, nəsihətləri xatırlayır, hər birinin ölümlə üz-üzə olanda ruhlarının bədəndən ayrılması gözümün Qabağına gəlirdi. Cavan yaşında ölənlər də bu dünyadan bir şey aparmırdılar, 100 yaşını adlayanlar da. Topladıqları mal- dövlət bu dünyada qalır. Axirət də insanın ziyanınadır. Nəçi olursan ol, insan əcəl şərbətini içir, gec və ya tez. Dünyanın faniliyi haqqında fikirlər məni də yormuşdu, ayaqlarım yerdən elə bil ayrılmırdı, yol boyu sürünürdü. "İlahi, bu necə nəfsdir bizlərə veribsən.

Məgər bilmirsən, biz insanlar nəfsimizə sahib ola bilmirik?! Axı özün bizi elə yaradıbsan ki, hamımız özümüzü haqlı hesab edirik öz ağlımızla, ədalətli olmağımızla, mələk nəfsimizdən razıyıq. Bizi belə yaratdığına görə günahlarımızı bağışlayacaqsanmı, İlahi? Bizlərə axirətdə rəhm edəcəksənmi?" Qapıdan içəri girəndə bu xəyallardan ayrıldım. Xanımım xəstənin səhhəti ilə bağlı sualları! - Nə olub, rəngin özündə deyil? Xəstələnibsənmi? Xəstənin səhhəti necədir? Kim qaldı yanında sən gəldin? Bir-birinin dalınca gələn sualların arasına mənim yorğun baxışlarım girdi. Ona tərəf baxdım, "yorulmuşam" dedim. İstəsəm də sənin suallarına bir-bir cavab verə bilmərəm. Gəldim ki, mal-qaranı özüm sahmana salım, namazı qılım və yenə gedim. Əmimin vəziyyəti yaxşı deyil, özü deyir ki, "vaxtım çatıb, mənim üçün hazırlıq görün. Axirətə məni yaxşı yola salın. Hamınız burada olun ki, gözüm arxada qalmasın".

Bu gün son sözləri bu olub və gözlərini yumub. Dünyanın sanki son yuxusundadır. Evə keçdim, rahatlandım. Ardıcıl üstümə yağan suallardan da qurtardım. Yoldaşım qabağıma bir stəkan çay gətirdi: "A kişi, bir halda elə deyibsə niyə gəlmisən? Qayıt get! Ev işlərini mən görərəm, namazı da orada qılarsan, işlərimi qurtarandan sonra, gələn olsa mən də gələrəm. Yanından ayrılmayın". Qabağımda stəkan dolu qaldı. Boğazımı qəhər tutmuşdu. İstəsəydim də indi bu çayı içə bilməzdim. Fikirləşdim ki, arvad düz deyir. Birdən bir şey olar, sonra özümü bağışlaya bilmərəm.

Yanında olsam yaxşıdır. Bəlkə son nəfəsində nə isə deyə, bəlkə gözlərini açıb ətrafına baxa.

Fikirli-fikirli evdən çıxdım. Getdiyim yol ilə əmimgilə tələsdim. Qulağım səsdə idi. Elə bilirdim ki, indi ağlaşma səsi eşidəcəyəm. Havanın tam qaralmasma az qalırdı. Kənddə çox sakitlik idi. Evlərin ətrafından keçəndə evlərdə bişən biş-düşün ətrini hiss edirdim. Hamı evinə çəkilmişdi. Evlərin üstündən, tüstü bacalarından, ya da dam örtüyündən, yuxarı çıxan borulardan, qatı boz tüstü burula-burula havaya qalxırdı. Ocaqlarda yanan yemişan odunun iyi kənd evlərinin arasına dolmuşdu. Kənd adamları bu tüstü iyi ilə hansı evdə hansı ağacın növünün: nil, yemişan, palıd və hər hansı bir ağacın yanmasını bilirdilər. Kimə necə gəlir, bilmirəm, mənə tüstünün iyi əslində elə uşaqlıq illərindən bəri çox xoş gəlirdi. Təndirlərdən yayılan çörəyin iyi kimi. Uşaqlıqda yaylaqlarda qoyun quzu dalınca çox gəzmişəm. Bəzən dumanlı, soyuq havalarda od yandırmaq, isinmək istəmişəm. Od yandırmağa kibritim olanda bu işi rahatçılıqla görürdüm. Bir gəvən kolu və ya ardıc koluna bircə kibrit çöpü bəs edirdi ki, yansın. Yarım saat onun alovunda, tüstüsündə isinərdik. Kibritim olmayanda bəzən tüstünün iyi ilə tüstülənən bir ocaq tapardım. "Ocaq", "ocaq qalamaq". Bu sözlər vaxtilə soyuqdan qorunmaq üçün odun yığıb bir yerdə yandırmaq və odun yandığı yeri adlandırırdıq, indi isə bu sözün haqlı ola¬raq çox geniş mənası var. Bir mənası da ocaq yiyəsi olmaq, yurd-yuva sahibi olmaq deməkdir.

Burada belə fikirləşirəm ki, insanın yaşaması üçün çox zəruri olan ocaq hansı mənada olur olsun, hava-su kimi vacibdir. Uşaqlıqda çox eşitmişəm od, alov cəhənnəm nişanəsidir. İnsanlar üçün o biri aləmdə cəhənnəm nişanəsi olsa belə, bu dünyada cənnət nişanəsidir. Onsuz həyat yoxdur. Bu fikirlə getdiyim yol ilə əmimgilə tələsdim. Evə çatanda isə hər şeyin əvvəlki kimi olduğunu görüb sevindim. Həmən gün sanki həyat dayanmışdı, vaxt ötüşmürdü. Özümdən ixtiyarsız kimdənsə vaxtı soruşdum. Cavab alandan sonra birdən fikirləşdim, nəyimə gərək idi bu vaxt. Mən hara tələsirəm. Yenə öz-özümə fikirləşdim: insan, səni necə xəlq edib yaradan? Heç özün də fikirləşmirsən ki, sən vaxtı öldürürsən, yoxsa vaxt səni öldürür? O öz axarındadır. Heç kimi gözləmir, heç yerə tələsmir.

- Nə tez qayıtdın, bir az dincələrdin də evdə, axşam da yatmamısan, - deyə Himayət üzünü mənə tərəf tutdu. O qədər fikirli idim ki, özümü cəmləyib ona cavab verə bilmədim. Bir anlıq, elə bil danışıq qabiliyyətimi itirdim. Gözləri qızarıb şişmişdi. Məlum olurdu ki, məndən sonra ağlayıb.

Mən romantikadan uzaq bir adamam və reallığı bütün amansızlığı ilə soyuqqanlı və sakit şəkildə qəbul etməyi bacarıram. Hamının dərdinə şərik çıxmaq, o dərdlərlə yaşamaq, əslində mənim özümdən asılı olmurdu. Hər bir adamın xeyrində, şərində, yaman günündə, əlimdən gələni etməyə cəhd etmişəm. Gözləmirdim elədiklərim kiminsə xoşuna gəlsin və ya gəlməsin. Gözləmirdim kimsə mənə deyə filan işi gör. Elə bilirdim başqalarına bacardığım köməkliyi etmək mənim boynumun yüküdür. Mənə təklif gərək deyil. Qonşumun sevinci mənim sevincim olurdu, qəmindən, kədərindən isə mən də payımı götürdüm. Sevinci də, kədəri də mən yaşayırdım onlar kimi. Alışdığım həyat budur. Min illərlə formalaşan adətlərdən vaz keçə bilmirəm. Əslində bizim elin adəti belə idi. Sağ ikən bir-birindən narazı adamlar da belə hallarda, dünyasını dəyişənin yaşlı və ya cavan olmasından asılı olmayaraq, itkisi olanın yanında olurdu. Umu-küsü götürülürdü. Belə bir həyatdan mayam yoğurulub, bu mühitdə tərbiyə almışam.

Həmən axşam əmim dünyasını dəyişdi, səhərə çıxmadı. Sübh açılanda bütün qohum-qardaş, bu ölüm xəbərin eşidən hər kəs gəldi. Hamı əl-ələ verib bacardığı işi görürdülər. Meyitin yuyulması, kəfənə bükülməsi, vidalaşma, hamısına az qala yarım gün sərf olundu. Meyit çiyinlərə qalxanda yaxınların göz yaşları təkrar selləndi. Meyitin ətrafında gedən övladların hıçqırıqları insan axınında, mollaların "ər- rəhman" surəsinin sədasında əridi, eşidilməz oldu, qəbiristanlığa tərəf axdı. Bu axm evlərin arasında, yolun darısqal yerində sıxılır, uzanır, genişliyə düşən kimi ətrafa qanad açırdı. Bu axm kəndin gün batanına, qəbiristanlığa, qərbə tərəf axırdı. Bu insan seli mənim yadıma iki-üç gün əvvəl başımın üstündən hay-küylə ötən durna qatarlarını xatırlatdı. Onlar cənuba uçurdular.

Dəfndən sonra sanki ağır bir yük, boynumdan götürülmüşdü. Əmimin ilk vəsiyyətini yerinə yetirmişdim. Qırx gün də məclisini yola salacağıq. Vəsiyyətlərini bir-bir yerinə yetirəcəyəm. Bunları fikirləşdikcə atamın bir vəsiyyəti yadıma düşdü. O deyirdi: "Bala, insan torpağa basdırılanda ölmür, insan unudulanda ölür".


Baxış sayı - 1 838 | Yüklənmə tarixi: 16.02.2016 17:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031