manera.az
manera.az

“Nə deyərlər?”ə görə yaşamaq... _MANERA

📅 05.02.2016 15:29

“Nə deyərlər?”ə görə yaşamaq...  _MANERA
Ürəyinin səsini dinlə!
Bu söz hər an, hər yerdə görə biləcəyimiz, eşidə biləcəyimiz şablon sözə çevrilib artıq. Maraqlıdır nə qədər insan bu sözün əsl mənasını dərk edir, nə qədər insan sözün əsl mənasında ürəyinin səsini dinləyir? Nə yalan deyim, belə insanlarla mən də tez-tez rastlaşmıram. Elə içi mən qarışıq bir çoxlarımız əksər hallarda ürəyimizin səsini susdurub, başqalarının "niyələri", "ne deyərləri" ilə yola çıxmırıqmı?

Başqalarının fikirlərinə, razı qalmaqlarına o qədər diqqətimizi yönəldirik ki, özümüzün deyil başqalarının istədiyi həyatı yaşadığımızın heç fərqinə də varmırıq. Bu həyatda əmin olduğum şeylərdən biri xoş niyətli olsan, yaxşılıq etmək istəsən belə nəticədə “niyələr”, tənqidlər, sizi yolunuzdan döndərmək istəyənlər heç vaxt, amma heç vaxt bitməyəcək. Nə olursa olsun, ürəyinizin səsini boğmayın, içinizdəki uşağın ölməsinə icazə verməyin. Çünki ürəyimizin səsini susdurduqca elə özümüzü susdururuq, özümüzdən uzaqlaşırıq. İçimizdəki uşağı öldürəndə özümüzü öldürürük və gülməyi bacarmayan, sadəliyin gözəlliyini görə bilməyən, hər gününü "avtopilot"da keçirən birinə çevrilirik.

Bu gün gözlərimi yağışlı günə açmışam. Fikrimcə, yağan yağış özü ilə birlikdə bir az hüzün, bir az da sevinc gətirir. Yağış damlalarının sonsuz göy üzündəki buludlarından yerə endiyini seyr edərkən insanın ürəyindən adını qoya bilmədiyi hislər keçir. Dünyadakı bütün pislikləri, günahları yumaq istərcəsinə yağan yağışın səsinə həmahəng olan bir səs ürəyimin dərinliklərindən baş qaldırır:

“Həyat sənin həyatındır, səhvlər sənin səhvlərindir. Səhvlərindən qorxma. Nə qədər qorxsan, o qədər büdrəyər ayağın. Əksinə, sev onları. Onlar sənin ən yaxşı muəllimindir. Mükkəmməl deyilsən, olmağa da ehtiyacın yoxdur, özün ol, özünü tanı, yetər. Sən xəyalların, məqsədlərin, zəifliklərin, qorxuların, mənfilərin, müsbətlərinlə bir bütünsən. Xəyallarından vaz keçmə. Onlar varsa, sən də varsan. Həyatın gətirdikləri ve gətirəcəklərinə, insanların “nə deyərlərinə” görə xəyallarından, özündən ödün vermə. Hər deyilən sözdən, hər baş verəndən xəyallarından vaz keçsən, dəyişsən səndən geriyə nə qalar?

Bacardığın qədər xatirə topla. Yaxşı və ya pis, onlar sənin ən dəyərli sərvətindir. Çünki bir gün həyat maratonun başa çatanda yaşanmamışlara görə təəssüflənməyəcəksən, əlində “heyif ki”lər, “kaş ki”lər yox, “yaxşı ki”lər qalacaq. Sevməkdən, incinməkdən, yanılmaqdan, yıxılmaqdan qorxma. Bunlardan qorxursansa, deməli, yaşamaqdan qorxursan. Bir insan bunları dadmayıbsa, deməli, heç yaşamayıb. Buz tutmuş qəlbi daşımaq, yaşayan ölü olmaq deməkdir.

Bacardığın qədər çox yer gəz, çox kitab oxu, çox şey yaşa, çox gül, çox sev. Əlbəttə, yeri gələcək hər bir toxumunu sevgin ve gülüşünlə əkdiyin həyat baxçana yağış da yağacaq, qar da.. Üstünə titrədiyin güllərin əlbət fırtınadan öz nəsibini alacaq. Hətta fırtına elə şiddətlənəcək ki, güllərinin bəlkə də çoxu, bəlkə də hamısı köklərindən qopub, heçə çevriləcək. Amma unutma, bu gün olmasa da sabah, sabah olmasa da o biri gün, mütləq amma mütləq, yağış da kəsəcək qar da, şimşək də dayanacaq, fırtına da yerini o huzurlu sakitliyə verəcək. Günəş yenidən bağçanın qonağı olacaq və öz istiliyiylə güllərinə yenidən həyat verəcək, inan ki əvvəlkindən qat-qat daha da güclü və gözəl güllər baş qaldıracaq. Çünki fırtına nə qədər şiddətli olsa da, köklər səninlədir, həmişə də səninlə olacaq. Ümid etdiyin, inandığın, səbrli olduğun, güldüyün, yaşamağa davam etdiyin və ürəyinin səsini dinlədiyin müddətcə heç bir fırtına, ya da çovğun o kökləri səndən qopara bilməz.

İndi isə get! Qəhvəni al əlinə.. Və bir kitab oxu. Məsələn, sevgidən bəhs edən. Və həyatın növbəti həmləsini gözlə. Bu ya yeni qönçə açan güllərinin bu günün fırtınası ilə mübarizəsi olacaq, ya da dünənin fırtınasından səbr edib, dərs alıb, sağ çıxa bildiyin üçün mükafatın”.

Xədicə Tağızadə


Baxış sayı - 3 231 | Yüklənmə tarixi: 05.02.2016 15:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031