Ay səni evdən buraxanın... |MANERA.AZ
Manera.az
Bu yaxınlarda 20 Yanvar metrosundan Xırdalana gedirdim. Bir taksiyə oturdum. Təzəcə yola düşmüşdük ki, taksini əcaib bir səs bürüdü. Əvvəlcə bir kişi gəyirə-gəyirə hansısa saytın adını dedi. Sonra bayağı ritmlər başladı. Çox keçmədi ki, kimsə “ay səni evdən buraxanın, qız səni evdən buraxanın” sözlərini çirkin bir avazla oxumağa başladı.
Bu sözü eşidincə yadıma bir hadisə düşdü...
Günlərin birində bir aktrisa ilə teatrından çıxıb evə gedirdik. Tamaşadan çıxmışdıq. Aktrisa tül köynək geyinmişdi, köynəyin altında qara buzqalteri görünürdü.
Yol boyu fikir verdim ki, hamı gözlərini bərəldib aktrisanın buzqalterinə baxır. Onlara qəribə gələn bir qadın buzqalteri idi. İmkanları olsaydı orda həmin aktrisaya təcavüz edərdilər. Onların bu tamahkar baxışlarını fikirləşirdim ki, yanımızdan ötən əli təsbehli, başı papaqlı iki oğlan “ay səni evdən buraxanın” deyib keçdi. Önəmsəmədik. Hər halda bu düşünmə məhdudiyyətli adamlara cavab vermək ayıb olardı, onlar şüuri əlillərdir.
Bu hadisədən bir ildən çox vaxt keçir. Bir neçə gün əvvəl taksidə “ay səni evdən buraxanın” sözlərini eşidəndə elə bu yazını yazmağı da qərara aldım. Hesab etmirəm ki, mənim yazım “ay səni evdən buraxanın” adlı mahnıyabənzər əcaib məhsulu reklam etmiş olur. Çünki o videonun portallarda baxış sayı 500 000-dən çoxdur. Mənim yazılarımın ən çox oxunma sayı isə 60 000 olub.
Söhbət təkcə mənim yazımdan getmir. Ümumiyyətlə bu ölkədə yazıçıların yazılarının oxunma sayı 500 000 olsaydı, kitab mağazalarında ay ərzində 500 000 kitab satılsaydı, teatrların salonu 500 000 demirəm, 500 nəfərlə dolsaydı indi biz necə gözəl, ziyalı, müstəqil, azad düşüncəli bir cəmiyyətdə yaşayırdıq, təsəvvür edirsiz bunu? Təsəvvür etmirsiz? Etmək olmur, bilirəm. Çətindir...
Qayıdaq bu “evdən buraxmaq” məsələsinə. Şərqin, müsəlman coğrafiyasının qadının üzərindəki hökmranlığı həmişə özünü göstərib. Bəli, qadını “evdən buraxırlar”, qadın öz istəyi ilə heç yerə getmir. Bu coğrafiyada qadın özü öz istəyi ilə çıxıb gəzmək, əylənmək, istirahət etmək, tədbirlərə, tamaşalara, konsertlərə, kinoteatrlara, rəsm sərgilərinə getmək ixtiyarına sahib deyil. O mütləq kimdənsə icazə almalı, kiməsə yalvarmalı, kiminsə nəzarəti altında olmalıdır. Onu “evdən buraxanda” saçını, geyimini, makyajını, telefonunu yoxlayan, ona qadağalar tətbiq edən, məhdudiyyətlər qoyan bir kişinin olması vacibdir. Yoxsa bu kişilərin bütün namusu, qeyrəti, əxlaqı əldən gedər. Axı öz əxlaqından əmin olmayanlar özgə əxlaqına şübhə edər...
Deyəcəksiz ki, axı bu qadağalarsız yaşayan, sərbəst qadınlarımız da var. Bəli, var. Amma azdır. Üstəlik, bu qadınlara fahişə damğası vurur, onların “evdən buraxanlarını” söyür, şit-şit söz atırlar. Yəni yaşadığımız cəmiyyət bu qədər çirkabın içindədir.
Qadını sadəcə seksual obyekt kimi görən cəmiyyətdə hansı qadın azadlığından danışmaq olar ki? Müasir Azərbaycan poeziyasının istedadlı şairi Ramiz Rövşənin bir şeirindən bu misralar düşür yadıma:
“Sən başdan ayağacan
Oxunmamaış kitabsan.
Kimsə səni gözlərindən
Oxumağa başladı
Kimsə ayaqlarından
Amma heç kəs oxuyub sona çata bilmədi
Ortada ilişib qaldı hamısı...”
Digər tərəfdən bu adamlar öz “yaradıcılıqlarını” da bunun üzərində qururlar. “Ay səni evdən buraxanın” və bu tip mahanıyabənzər əcayib məhsulların hamısı belə cılız dəyər anlayışlarından ilham alınaraq yazılmışdır. Bu onları “yazıb-yaratmağa” ruhlandırır.
Hələ bu bayağı, keyfiyyətsiz məhsulları musiqi adlandıranlar da var. Ümumi baxdıqda son dönəm Azərbaycan musiqisini mən tarlaya bənzədirəm. Bu tarlada saman da var, buğda da. İnsan xislətində olanlar buğdayla qidalanır, heyvan xislətində olanlar samanla...
Manera.az