Əshabi-kəhf rəvayəti - ARAŞDIRMA _MANERA
![]()
Qədim Naxçıvan diyarında tarixi yerlər sırasında çox qədim tarixə malik olan, adı Qurani-Kərimdə zikr olunan, klassiklərimizin əsərlərində öz əksini tapan, müqəddəs ziyarətgahlarımızdan biri Əshabi-kəhfdir. Əshabi-kəhf dağı və burada yerləşən mağara Naxçıvan şəhərindən 15 km. aralı, dəniz səviyyəsindən 1665 m. yüksəklikdə İlan dağ ilə Nəhəcir dağı arasında yerləşir. Qövsvari şəkildə olan bu dağın şimal yamacları sıldırımlı, cənub yamacları isə tədricən alçalır. Bu günbəzvari, böyük və içərisi geniş mağara ona bir əzəmət, bir qeyri adi görkəm verir. Bu mağara hələ min illər bundan əvvəlki insanları da özünə cəlb etmişdir. Bu mağarada özünəməxsus əlverişli mikroiqlim, xüsusi hava cərəyanı, təbii su mənbəyi və ətraf yerlərdən seçilən yaşıl bitki örtüyü, daşlar üzərində bitən ağaclar vardır.
Əshabi-kəhf haqqında əsasən eyni məzmunlu müxtəlif rəvayətlər vardır. Bir Naxçıvan rəvayətində deyilir ki, qədim zamanlarda Araz çayının kənarında Dərə Şam yaxınlığında (Naxçıvan şəhəri ərazisində) gözəl bir məkan varmış. Bura “Ölən şəhər” deyirmişlər.(”Ölən şəhər”in qalıqları, şəhərin böyük məzarlığı, buradakı iri təbii başdaşıları bu günədək qalmaqdadır). Bu şəhər zalım hökmdar Dağyanusun (və ya Dağ Yunisin) şəhəri imiş. Onun xalqa zülmü həddini aşmış, özünü Allah elan etmiş və yalnız ona ibadət etməyi tələb etmişdi. Tək Tanrı varlığına inanan 6 nəfər gənc saray adamı isə bütpərəst Dağyanusa öz etirazlarını bildirmiş, onun Allah olmadığını, yeri, göyü yaradan yalnız tək Tanrı olduğunu və yalnız ona ibadət edəcəklərini demişdilər.Gənclər saraydan çıxıb gedərkən Allahdan kömək istəmiş, onları kafirlərin bəlasından, düşmənlərin təhlükəsindən qorumağı istəmişlər.”Kəhf” surəsində bu barədə deyilir:...“Ey Rəbbimiz! Bizə öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver! (Bizi kafirlərin bəlasından, düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru yola yönəlt !)”- demişdilər.
Rəvayətə görə Dağyanusun Allahlığına etiraz edən gənclərin içərisində yaşca böyüyü olan və Dağyanusun vəziri olan Təmlixa, onun qardaşı Müslina və daha dörd nəfər gənc- Məksəlina, Mərnuş, Debərnuş, Sazənuş qaçıb mağaraya üz tuturlar. Dağyanus isə qoşunu ilə altı nəfər gənci axtarmağa başlayır. Beləliklə gənclər gündüzlər gizlənir, gecələr isə yol gedirlər. Yolda bir çobana rast gəlirlər. Çobanın adı Keşef Tatayyuş idi. Çoban bu gənclərin məramını bildikdən conra onlara yalvarır ki, onu da öz dəstələrinə qəbul etsinlər. Çünki o da tək Allaha inanır, ona ibadət edir və Dağyanusun zülmündən o da baş götürüb dağlara getmək istəyir. Çobanı öz dəstələrinə qəbul edən gənclər görür ki, çobanın qoyunları və Qitmir (və ya Ketmir) adlı iti də onların arxasınca gəlir. Çobana deyirlər ki, qoyunları və iti geri qaytarsın, çünki qoyunlar bizi ələ verər, it də hürər hökmdarın adamları eşidər. Çoban qoyunlara “dur” deyir, qoyunlar hamısı daşa dönür, amma nə qədər çalışırsa it geri qayıtmır, onu ağacla, daşla vurur, ayağını sındırır, yenə it geri qayıtmır. Nəhayət it insan kimi dilə gəlib deyir ki, o da Dağyanusun zülmündən bezardır, o da tək Allaha inanır. İt yalvarır ki, zülm əlindən qaçana zülm etməsinlər, onu dəstələrindən ayırmasınlar. Gənclər deyir ki, o başqa cinsdən olduğuna görə onu dəstəyə qəbul edə bilməzlər. Bu zaman it deyir ki, məhəbbət məzhəbində, sədaqət dinində cins əsas şərt deyil. Əgər onu Siz əsas şərt hesab edirsinizsə, onda Siz də bu yoldan geri qayıtmalısınız, çünki, o kəsin ki, məhəbbətinə görə yola çıxmısınız o da Sizin cinsinizdən deyil. Gənclər itin insan kimi dil açmasını, onun məntiqini, inam və etiqadını Tanrı möcüzəsi kimi qəbul edir və Qitmiri öz dəstələrinə götürürlər. Nəhayət gənclər dağ başında bir mağaraya sığınırlar. Çox yorğun olduqlarından mağarada yuxuya gedirlər. İt yatmadı, onları qorudu. İtin ağzından köpük yerə damlayırdı. İt öz ayaqlarını yalayaraq, yerə tökülmüş köpüyü yedi. Deyilənə görə cənnətə gedən on heyvandan birisi də Qitmirdir. Allah bu əziz bəndələrinə hər cür qayğı göstərmiş, torpaq üzərində çürüməmələri üçün onları vaxtaşırı sağa-sola çevirmişdir. Surənin 18-ci ayəsində belə deyilir: “(Gözlərı açıq olduğu üçün) onlar yuxuda ikən sən onları oyaq sanardın. (Torpağın rütubəti bədənlərini çürütməsin deyə)Biz onları sağa-sola çevirirdik. Onların iti də iki əlini (qabaq pəncələrini) mağaranın astanasına uzadıb yatmışdı. Əgər sən onları (bu vəziyyətdə) görsəydin, yəqin ki, səni dəhşət bürüyər və (qorxudan) dönüb qaçardın” .
Qurani-Kərimdə göstərilir ki, Əshabi-kəhfin - mağara dostlarının bu mağarada nə qədər, neçə il yatması ancaq Allah – Taalaya məlumdur. Quranda Surənin 25-ci ayəsində göstərilir ki, onlar mağarada üç yüz il qaldılar, doqquz il də üstəlik. Burada üç yüz il Günəş, üç yüz doqquz il isə Ay təqvimi ilə götürülmüşdür.
Yuxudan oyanmış mağara dostları aclıq hiss edir və yemək almaq üçün şəhərə adam göndərməyi lazım bilirlər. Dağyanusun hakimiyyətdə olduğunu güman etdiklərinə görə məsləhət görürlər ki, gedən adam çox ehtiyatlı olsun. Çörək almaq üçün şəhərə Təmlixa gedir. Çörək alarkən Dağyanusun dövründən qalma gümüş pulu verərkən çörəkçi onun xəzinə tapdığını güman edir və ona deyir: - Tapdığın xəzinənin yarısını mənə verməsən, şəhər hakiminin yanına aparacağam. Təmlixa onu inandırmağa çalışır ki, o və yoldaşları dünən yatıb bu gün ayılmışlar, ac olduqları üçün çörək almağa gəlmişdir, yoldaşları onu mağarada gözləyirlər. Çörəkçi onun uzun saçlarını, uzanmış saqqalı və dırnaqlarını görüb ona inanmır və şəhər hakiminin yanına aparır. Şəhərin hökmdarı Təmlixa ilə birlikdə mağaraya gəlir. Təmlixa hökmdardan icazə alıb mağaraya əvvəlcə girir, əhvalatı yoldaşlarına danışır. Onlar da 309 il mağarada yatdıqlarına inanır və bunu Allahın möcüzəsi hesab edirlər. Mağara sahibləri Allaha yalvarırlar ki, onları Allahın dərgahına qovuşdursun və əbədi dünyaya aparsın. Allah da onların arzularını yerinə yetirir. Beləliklə mağaranın girəcəyində, sol tərəfdə “Yeddi kimsənə” deyilən yerdə qeybə çəkilmişlər.
Bu gün Naxçıvan folklorunda Əshabi-kəhflə bağlı atalar sözləri və zərbül məsəllər, bayatılar vardır. Bir bayatı da belə deyilir:
Asafkəfin daşıyam,
Qızıl üzük qaşıyam
Siz Allah. yer eləyin
Mən qərib yoldaşıyam
Asəfkəf ocağında,
Şam yanar bucağında
Burdan bir gəlin keçdi,
Ağ oğlan qucağında.
Xalq arasında deyirlər ki, «Əshabi-kəhf»i yeddi il ardıcıl ziyarət etmək Kərbala, hətta Həcc ziyarətinə bərabərdir. Yəni kimin həmin ziyarətgahlara getmək imkanı yoxdursa, bura getməklə savaba çata bilər.
Əkrəm Rüfət oğlu Hüseynzadə,
Filologiya üzrə fəlsəfə doktorui