manera.az
manera.az

Məni sən dəyişdin, sevgin dəyişdi - Yeni İmza

📅 22.02.2026 20:49

Məni sən dəyişdin, sevgin dəyişdi - Yeni İmza
Vəliyev Ərşad Qiyas oğlu ( Ərşad V. Oğuz) 2006-cı ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olub. Hal-hazırda “Hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil alır. Yaradıcılığa VII sinifdən başlayıb. İlk dəfə 8-ci sinifdə oxuyarkən “525-ci qəzet”də çap olunub. “Cızma-qara” şeir kitabının müəllifidir.

MANERA.AZ "Yeni İmza" layihəsində Ərşad Oğuzun şeirlərini təqdim edir.

Sənli və sənsiz

Mən belə deyildim əvvəl, sevgilim,
Özüm də bilmirəm bu necə işdir?
Mən belə deyildim əvvəl, sevgilim,
Məni sən dəyişdin, sevgin dəyişdi.

Mən əvvəl duyğusuz, hissiz biriydim,
Nə bilim eşq nədir, bağlanmaq nədir?
İndi mən o qədər bağlıyam sənə,
Sənli də sənsizlik məni göynədir…

Mən əvvəl sevməzdim, kimsə danışsın,
Mən də qulaq asım, yox idi aram.
Amma sən danışsan saatlarla da,
Oturub sakitcə qulaq asaram.

Mən sənsiz əsəbi, qəzəbli idim,
Nə həkim çarəydi nə dərman nə pir.
Elə ki mən səni sevdim o gündən,
Adi gül dərməyə əlim də gəlmir.

Mən elə bilirdim sevə bilmərəm,
Ürəyi şaxtalı sevgisi qışam.
Sən çıxdın qarşıma anladım səhvəm,
Mən səni sevmək üçün demə varmışam.

Dərdin var ver mənə alım çiynimə,
Dərdimin üstündə daşıyım gülüm.
Yetər ki bir ömür bilim mənləsən,
Razıyam, dərdinlə yaşayım, gülüm.

Keçir

Bir göz qırpımında ömür puç olar,
Zaman tez ötüşür, vaxt birdən keçir.
Həyatda nə qədər xoş günlər ki var,
Hər biri dözümdən, səbirdən keçir.

Arzular kəməndə tuş olub gedir,
Hamı bir karvana qoşulub gedir.
Köçənlər həyatdan baş alıb gedir,
Qalanlar alovdan, kömürdən keçir.

Vurma heç bir zaman daşa ömrünü,
Vermə heç bir zaman boşa ömrünü.
Yaşa, dolu-dolu yaşa ömrünü,
Hər anın, saatın ömürdən keçir.

Axır dayanmadan zaman axarı,
Bir qışa dəyişdik min bir baharı.
Varlı da kasıb da üzüyuxarı,
Gedəndə kəfənlə qəbirdən keçir.

Səndən ayrılmaq

Sənsizlik qəlbimi yandırır mənim,
Gecələr oyağam, səhər bilmirəm.
Qayıtsan, bəlkə də, barışar qəlbim,
Amma əvvəlkitək sevər? Bilmirəm...

Yox, yox!
Bu sözü duymasın ürək,
Bir daha nə zərbə, nə zədə bilsin.
Onsuz da qəlbimi elə qırmısan,
Çətin ki, sevgini hiss edə bilsin.

Yalandan demə ki, sevirəm səni,
Sus ki, səsindəki yalan dayansın.
Bir vaxt param-parça elədiyin qəlb,
İndi sevdiyinə necə inansın?


***
Şair bir çəməndir, şeirlərsə gül,
Çəmən nə gərəkdir, gül bitirməsə.
Qəlbini qəm odu yandırar, yaxar,
Kədər gözlərindən yaş gətirməsə.

Dünyanın düz işi, lüzumu olmaz,
Susuz bir tənəyin üzümü olmaz.
İnsanın çətinə dözümü olmaz,
Əgər çox çalışıb, çox itirməsə…

Bir ömrü ömürtək yaşayar hamı,
Qəlbində xoşbəxtlik daşıyar hamı.
Həyatdan ikiəlli yapışar hamı,
Həyat ömrümüzdən vaxt götürməsə…

Ərşad, haqqa sığın, yolunu düz get,
Möhnətə sinə gər, bunlara döz, get,
Əl çək bu dünyadan, əlini üz get,
Allah da səsinə səs yetirməsə…

Vəsiyyət

İnsan oğlu fanidir,
Hər günün anında olmur.
Bu gün sənlə olanlar,
Sabah yanında olmur.

Bu əzəldən belədir,
Olub, belə olacaq.
Bu gün gedən yerinə,
Sabah gələn olacaq.

Fərqi yox, ağıllısan,
Və yaxud da dəlisən.
Sənə verilən canı,
Sonunda verməlisən.

Ölüm baxmır, şairdir
Bu alimdir, bu pirdir.
Səndən geriyə qalan,
Üzü soyuq qəbirdir.

Bunu niyə deyirəm?
İndi işdir, əzizim.
Bir də gördün mənim də,
Yasım düşdü, əzizim.

Çalış onda ağlama,
Sil gözünü yaşını.
Mən bilib qucaqlama,
Məzarımın daşını.

Məni qəlbində yaşat,
Mən qəlbində diriyəm.
Yoxsa mən də qəbirdə,
Yatanlardan biriyəm.

De: ” Allahın işidir”
Möhkəm saxla özünü.
Yaxınına buraxma,
Ayrılığı, hüznü.

İstəmərəm üzündə,
Nə qəm olsun, nə kədər.
Ağlasan, dözəmmərəm —
İstərəm ki, silim
Gülüm, gözəl gözünü,
Allaha acıq gedər…

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 444 | Yüklənmə tarixi: 22.02.2026 20:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031