manera.az
manera.az

Yaxşı ömür, pis ömür də taledi - Xanəli Kərimlinin şeirləri

Yaxşı ömür, pis ömür də taledi - Xanəli Kərimlinin şeirləri
MANERA.AZ Xanəli Kərimlinin yeni şeirlərini təqdim edir.

QIŞ LÖVHƏLƏRİ

Təbiət uyuyub qış yuxusuna,
Ağaclar qırovdan çiçəkləyibdi.
Cığırlar itibdi qar topasında,
Quşlar da yem üçün qəribsəyibdi.

Bürünüb ağ tülə dağlar, dərələr,
Zirvələr sükutda mürgü döyürlər.
Gözü yolda qalan ürkək təpələr,
Bahar sorağıyla yol gözləyirlər.

Torpaq nəfəs alır qış yatağında,
Hərarət bürüyüb yorğun canını.
Çaylar sakit-sakit gumuldanırlar,
Bulaqlar unudub həyacanını.

Döyür qapıları qış püsəkləri,
Arabir xəfifcə əsir külək də.
Hərdən duman gəlir, hərdən çən gəlir,
Yellənir ağaclar sakit, ahəstə.

Bu qışın qışlığı başqa bir aləm,
Canlı da, cansız da öz aləmində.
Bir şair dünyası heyrət içində,
Çaşıb, çabalayır söz aləmində...
28.01.2026

BAŞIN UCA OLSUN...

Güllər açıb, ətir saçır aləmə,
Bahar gəlib, ana yurdum güllənir.
Novruz gülüm, qar çiçəyim, nərgizim
Dil açaraq şirin-şirin dillənir.

Gül-çiçəyə bürünübdü təbiət,
Kəpənəklər çiçək-çiçək dolaşır.
Bal arısı hər çiçəkdən bal yığır,
Böcəklər də nəğməsiylə yarışır.

Lalələr, reyhanlar, tül örpəklilər,
Oxşayır çəməndə xalı rənginə.
Təbiət uyduqca şeh nəfəsinə,
Dönür bulaqların xoş ahənginə.

Nə qədər gözəlsən, canımız Vətən,
Hər qarış torpağın cənnətdi,cənnət.
Başın uca olsun, ana təbiət,
Hər an yetirirsən bir yeni nemət.
Batabat yaylağı,
28 may 2023.


GETDİ

Bir süfrə başında çörək kəsdiyim
Neçə dost-tanışlar yad oldu getdi.
Kimi var-dövlətə verdi könlünü,
Kimi də şöhrətə ad oldu getdi.

Kimi də ömrünün qönçə çağında
Nakam taleyinin qurbanı oldu.
Kimi də eşq adlı bəlaya düşdü,
Kərəm tək qovğalı od oldu getdi.

Kimi həsrət qaldı xatir-hörmətə,
Kimi də axırda qaldı minnətə.
Kimi qulb etmədi behişt-cənnətə,
Kimi könüllərdə dad oldu getdi.

Xanəli, bu dünya haqq ələyidi,
Ələnən ələnib keçdi ələkdən.
Yarıyan yarıdı,yarımayan da
Ahı-zar içində mat oldu getdi.
23.01.2026

ÖMÜRLƏR VAR

Yaxşı gün də, yaman gün də ömürdür,
Hər ömürün öz ömürü, günü var.
Aylar var ki gəlib keçir xəbərsiz,
Günlər var ki hər anında xoş bahar.

Ömürlər var, ömürlərə calanır,
Ömürlər var, bulam-bulam bulanır,
Ömürlər var, haqq yolunda talanır,
Ömürlər var, başdan-başa etibar.

Yaxşı ömür, pis ömür də taledi,
Çox ömürlər ömrü nakam elədi.
İstəməsən, istəsən də belədi...
Yazı oldu, qismət oldu ixtiyar.

Bir ömür də sən yaşadın, Xanəli,
Bəd də keçdi, xoş da keçdi günləri.
Yola saldın qərinələr, illəri,
Nə gətirdin, nə götürdün...
Nəsə var?!.

KÖNÜL
Övlad və nəvələrimə

Ruhu düşkün olanlardan
Uzaq dolan, uzaq, könül.
Bar-bəhrəsiz budaqlardan
Bar gözləmə nahaq, könül.

Hər könüldən könül olmaz,
Hər könül də vəfa qılmaz,
Könülsüzlər könül duymaz,
Ver könlünə qulaq, könül.

Çoxalıbdı haqq itirən,
Haqdan çox nahaq bitirən,
Xeyri qoyub şər götürən,
Çox eyləmə soraq, könül.

Tək olsan da bu dünyada,
Sirr könlünü açma yada.
Yük olma heç Allaha da,
Ol özünə dayaq, könül.
11.01.2026

KÖVRƏKDİ BAR AĞACLARI

Kövrəkdi bar ağacları,
dəyməyin siz xatrinə.
Soyuğa, qışa dözməzlər,
qoymayın çinar yerinə.

Çiçək-çiçək açılanda
oxşarlar su sonasına.
Barlananda budaqları
bənzərlər el anasına.

Bir az utancaq olurlar,
Bir az da həlim,mehriban.
Şirin-şəkər təbəssümü
Olur təzə zövq yaradan.

Hər ağacın öz ətri var,
Barının da dadı özgə.
Xəlvət olcaq bir-biriylə
dərdləşirlər bəs deyincə.

Gecələri sakit-sakit
mürgü vurur nəm gözləri.
Səhərin dan yellərində
Gülüş saçır nur üzləri.

Onlar ruzi, bərəkətdir,
Həm də arxa, köməkdilər.
Ehtibarda, sədaqətdə
əvəzsizdir və təkdilər.

Toxunmayın, dəyməyin siz
Bar verənlər ürəyinə.
Çünki illactək yaranıb
İnsanlığın gərəyinə.
GƏLİN BİRGƏ QUCAQ AÇAQ...

Öz qılıncımızı özümüzə çevirənlər

Bir ağacın budağıyıq -
Qarabağlı, Naxçıvanlı,
Gəncəbasar, Lənkəranlı...

Kökümüz bir, soyumuz bir,
Halımız bir, hoyumuz bir,
Toyumuz bir, vayımız bir...

Biz yeganə millətik ki,
Ən dar gündə, çətin gündə
Bölüşmüşük tikəmizi.

Ağır gündə, yaman gündə
Çiyin çiyinə dayanıb
Qorumuşuq ölkəmizi.

Düşmən bizə həsəd edib,
Köks ötürüb zaman-zaman
Bu sarsılmaz birlik üçün.

Çalışıblar, vuruşublar,
Dağılıblar, yığışıblar
Bizdə olan ərlik üçün.

Onunçün də, can qardaşım,
Qan qardaşım, anam,bacım,
Hamımız vətəncanlıyıq,

Bu vətənin, bu torpağın
Bükülməyən vuran qolu,
Bütöv azərbaycanlıyıq.

Gəlin, birgə qucaq açaq,
Könül verək, halay quraq
Bu birliyin sağlığına,

Alqış deyək bu vətənin,
Bu millətin, bu dövlətin
Nurlu, aydın çağlığına.

Qoy sönməsin ocağımız,
Qanadlansın sol sağımız,
Pozulmasın növrağımız,

UNUTMA Kİ...

Axır vida yolum düşdü dağlara,
Ömrümün boranlı, qarlı çağında.
Çarə yox ki mən sinəsi dağlara,
Qalmadı bir çiçək bağca-bağımda.

Çox gəzmişdim o dağları bir zaman,
Yolağına, çalağına bələddim.
Hayanına hayan idim ürəkdən,
Cəfasına əyilməzdi nur qəddim.

Sanırdım ki, dağlar anam,atamdı,
Sirr yerimdi, ərk yerimdi əzəldən.
Üzü dönmüş bu fələyin üzündən
Əlim çıxdı o müqəddəs gözəldən.

İndi təpə, təpəciklər həmdəmim,
Nə sevincim, nə kədərim bəllidi.
Bir təklilk var, tənhalıq var içimdə,
Bu da mənə bir ümid təsəllidi.

Ay Xanəli, çox da zilə çıxma sən,
Tale də sən, qismət də sən, bəxt də sən.
Unutma ki, karvan adlı köçdəsən,
Bir gün o yan, bir gün bu yan...
Bax da sən!!!

DÜNYA

Mən bu dünya ilə yollaşammadım,
Kim yollaşa bilsə, halaldır ona.
Dünyayla dildaşlar,sözdaş olanlar
Çapırlar atını hər an dörd yana.

Üzdə mələksima, əziz,mehriban,
İçi fitnə-fəsad, şərdi bu dünya.
Güclüyə toy-bayram, eyşi-işrətdi,
Gücsüzə bir dərdi-sərdi bu dünya.

Bir anda min rəngə, min dona girir,
Nə Allahdan qorxur, nə də iblisdən.
Milyon illərdir ki, toylu, yaslıdı,
Nə şövqündən düşür, nə də həvəsdən.

Onun da öz mizan-tərəzisi var.
Heç kəsi, heç nəyi almır vecinə.
Neçə min peyğəmbər gəlib getsə də,
Nə kitaba baxır, nə də ki dinə.

Dəyirman daşıtək gündüz, gecəli,
Hərlənir, fırlanır... öz aləmində.
Üyüdüb töksə də qərinələri,
Özü özündədir, yeri yerində.

Xanəli,başını çox ağrıtma sən,
Qiymətdə gövhərdi, dürdü bu dünya.
Yerin də, göyün də sirri özündə,
Sirlərin içində sirdi bu dünya...

MƏNİM DƏ HALIMA ŞÜKÜR EDƏN VAR

Nə böyük dərd imiş gərəksiz olmaq,
Bu da diri-diri ölməymiş,demə.
Bir vaxtlar başıma and içərdilər,
Şöhrətim düşmüşdü bütün aləmə.

Kimsədən bir içim su da ummadan
Çox “bağlı” qapılar açardı adım.
Nə bir arxalıdan, nə bir “qoçudan”,
Nə də bir nadandan heç vaxt qorxmadım.

Elə bil,o vaxtlar “haqq” deyilən şey
Hələ ölməmişdi, diriydi bir az
Çoxunda var idi Allah qorxusu,
Bilirdi, bu dünya belə də qalmaz.

Nə qədər “atlılar” atsız qaldılar,
Tozanaq yollarda itdi izi də .
Nə qədər “adlılar” adsız qaldılar,
Tükəndi taqəti, çökdü dizi də.

Yaxşı ki, mən gördüm o mənəmləri,
Hikkəsi göy dəlib, yer deşənləri.
Bir xəfif meh gəlcək, bir səs titrəcək
Sonradan ilan tək mələşənləri.

Bəlkə də, onları görməsəydim mən,
Heç vaxt inanmazdım haqq-ədalətə.
Onunçün haqq yolun tutub əzəldən
Ömrü çürütmədim ucuz şöhrətə.

İndi qınamıram kimsəni, nəyi,
Kimsənin kimsədən yoxdu xəbəri.
Elə bir zəmanə, dövran gəldi ki,
Çoxumuzun daşdan çıxır çörəyi...

Hərə öz hayında, öz azarında,
Başın qaşımağa macal da tapmır.
Əsəblər o qədər tarımlaşıb ki,
Beş kəlmə söhbətə hövsələ çatmır.

Tənhalıq adında, təklik adında
Bir iblis vurnuxur köksümüz altda.
Quru salam-sabah, hal-əhval tutmaq
Boğazdan yuxarı olub həyatda.

Gərəksiz olsam da gərəksizlərə
Yenə də ömür-gün yolçusuyam mən.
Mənim də halıma şükür edən var,
Çünki haqq-ədalət ölçüsüyəm mən.

VAXTINDA DUYMADIQ BİZ BU HİKMƏTİ

İti ağıllılar yatan oldular,
Axırda saxsı qab satan oldular.
Nizami Gəncəvi


Özünü, sözünü bilməyən adam,
Bilirəm, bezmisən yaşayışından.
Ömründə bircə yol gülməyən adam,
Sən zillət çəkirsən körpə yaşından.

Elə bilirdin ki, hər doğan günəş
Sənin də bəxtinə salacaq işıq?!!..
Ən böyük qazancın qabarlı əllər...
Ruhunsa pərişan,yuxun qarışıq.

Alnının, üzünün qırışlarına
Bir ovuc dən səpsən, biri göyərməz.
Min dərd ağacı da əksən sübhədək,
Nə qol-qanad açmaz, nə də bar verməz.

Hayana baxırsan ev-eşiyində,
Kitabdı, dəftərdi, kağız,qələmdi.
Bir vaxtlar onlardı çörək ağacın...
İndisə yediyin dərddi,ələmdi.

Məqamı gələndə, vaxtı gələndə
Bağladın qapını öz qismətinə.
Aludə olmuşdun, vurğun olmuşdun
Bir-iki hikmətli söz şöhrətinə.

İndi səndən “ayıq”, səndən “duyuqlar”
Qaz vurub qazanın doldurur hər gün.
Sənsə kitab yazıb, şeir deməklə
Ömrünü, gününü çürütdün bütün.

Bir vaxt kitablara verdiyin pulu
Yığsaydın, insantək ömür sürərdin.
Bir kasıb, çarəsiz, köməksizin də
Əlindən tutardın, “şükür” deyərdin.

İndi kitablar da dəyərsizləşib
Sənin tək, mənim tək insanlar kimi.
Atılıb bir nimdaş xarabalığa
Cəlalı dağılan xaqanlar kimi.

Demə, oxunmalı ən böyük kitab
Zamanın özüymüş zaman dilində.
Vaxtında duymadıq biz bu hikməti,
Duysaydıq, qalmazdıq səfil günündə...

MANERA.AZ


Baxış sayı - 541 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728