manera.az
manera.az

Göy Atlı əfsanəsi - Hüseyn Bağıroğlu yazır..

📅 29.12.2025 15:13

Göy Atlı əfsanəsi - Hüseyn Bağıroğlu yazır..
III HİSSƏ

***

Xalq gərək daim öz kökünü xatırlasın.
Ümummilli Lider Heydər Əliyev

***

Öz keçmişini yadında saxlayan xalqın gələcəyi də olacaq.
Oljas Süleymenov


***

İnsanlar öz tarixini yazmasa, başqaları onu öz bildiyi kimi yazacaq.
Aliya İzzetbeqoviç


Nehrəmin aydan arı, sudan duru səmasında bir qartal aram-aram dövrə vururdu.

Belə aydın və dupduru səma altında bu cür qanlı bir döyüşün, amansız bir mühari-bənin getdiyinə adamın heç cür inanmağı gəlmirdi.Bəlkə də o qartal bu məkanda, bu zamanda Allahın yaratdığı canlı varlıqların ən xoşbəxtiydi. Nə məskən saldığı dağların zirvəsində, nə də qanad çaldığı səmalarda kefini pozmağa cəsarəti çatacaq bir canlı var idi. Bəlkə də, düşməndən qorunmağın ən gözəl üsulu həm özünün, həm də soydaşlarının güclü və yenilməz olması üçün əlindən gələni etməkdir.

Qartal kimi yenilməz olanların məmləkətinə nəinki çaqqallar, heç aslanlar da saldırmağa cəsarət etməz.

Adama elə gəlir ki, Uca Tanrı o məğrur quşun vasitəsi ilə insanlara deyir ki, baxın, siz də onun kimi əlçatmaz zirvələrdə dəyərli bir ömür yaşaya bilərsiniz.

Haçadağın belə, həsədlə altdan yuxarı baxdığı o əzəmətli qartal kefini pozmadan göy üzündə dövrə vura-vura elə bil ki, yer üzündəki bu qanlı döyüşün gedişini izləyirdi. İnsanların bir-birini məhv etmək üçün min bir məşəqqətə qatlaşmağı, bəlkə, də ona qəribə gəlirdi. Kim bilir bəlkə də, onu insan deyil, qartal yaratdığına görə Allahına şükür edirdi.

Amma sonsuz səmalarda “at oynadan” o qartal bir şeyi bilmirdi, bilimirdi ki, bu yer üzündə özünə Hay deyən bir toplum var və bu topluma günlərin bir günündə yurdunda sığınacaq versən bir səhər yuxudan oyanıb görəcəksən ki, o özünü ev yiyəsi səni isə qonaq hesab edir. Və günlərin bir günündə yenə oyanıb görəcəksən özünə Hay deyən o toplum səni öz evindən qovmaq üçün top- tüfənglə qapına dayanıb. Bax, onda sən də istəsən də, istəməsən də əlini silaha atıb bu yaramaz və nankor məxluqlara həddini bildirmək zorunda qalacaqsan...

Anbaan şiddətlənən döyüş ölüm-dirim mərhələsinə qədəm qoyurdu. Ermənilər nehrəmlilərin gözünün odunu almaq istəyirdilər. Nehrəmlilər isə kəndin dar və dolanbac küçələrində ermənilərə ağılagəlməz zərbələr vurub, onlara dəhşət yaşada-yaşada göz dağı verirdilər. Allahu əkbər sədası göylərə ucalırdı.

Kəndin yenilməz igidləri ağsaqqalların məsləhəti ilə erməniləri kəndin girişindəki dar döngələrə buraxıb əlbəyaxa döyüşürdülər. Silah-sursat ehtiyatı az olduğundan bu cür savaş nehrəmlilər üçün çox əlverişli və sərfəli idi. Dar döncə və dalanlarda erməniləri çaşdırıb tələyə salır, gəbərdib silahlarını əllərindən alırdılar.

Düşmənin sayı həddən artıq çox olduğuna görə biri ölürdüsə yerinə ikisi gəlirdi, ikisi ölürdüsə yerinə dördü gəlirdi. Bu minvalla amansız bir döyüş gedirdi. “Vuruşma üç gün davam edir, qan su yerinə axır. Döyüş kəndin içində, məhəllələrdə əlbəyaxa vəziyyətdə gedir. Ciddi müqavimətlə qarşılaşan Andranik xeyli tələfat verir”.

Kəndin içərisində əlbəyaxa döyüşlərin getdiyi Şeyx Əli oğlu Yusifin “Lənətnamə” şeirində də öz əksini tapıb:

Nehrəmlilər istehkamlar qurdular,
Mərd igidlər səngərlərdə durdular,
Culaları əlbəyaxa vurdular,
Məğlub olub gözdən itdin, Andranik.

Şair həmin şeirində düşmənin həddindən artıq çox olduğuna da işarə vurur:

Qaxtağanla sən Nehrəmi bürüdün,
Quduz it tək xalqımıza hürüdün,
Məğlub olub Zəngəzura yürüdün,
Son məqsədə belə yetdin, Andranik.

“Tarixi mənbələrdə "cilov", yaxud "cilo" adlandırılanlar xristian aysorlar idilər.

Lakin vəhşi və qaniçən təbiətlərinin uyğunluğuna görə ermənilərlə elə qaynayıb-qovuşmuşdular ki, hamı onları erməni hesab edirdi. Cilolar erməni quldurları ilə birlikdə 1918-ci ildə Cənubi Azərbaycanın Urmiya, Dilman, Salmas, Xoy və başqa yerlə-rində misli görünməmiş vəhşiliklər törətmiş, müsəlmanları, xüsusilə azərbaycanlıları dünyada analoqu çətin tapılan soyqırımına məruz qoymuşlar. Bu barədə ciddi araşdırmalar aparan tədqiqatçı Tohid Məlikzadə Dilməqaninin cula-erməni azğınlığını nümayiş etdirən aşağıdakı sözləri tükürpədicidir: "Salmas və Urmiyanın kənd-lərində cilolar və ermənilər divarları deşərək azərbaycanlı qadın və kişilərin başla-rını oradan keçirir, ipə salır və bu ipi öküzə bağlayaraq bir dəfəyə başlarını üzür-dülər".
"Qaxtaqan" erməni sözü olub "qaçqın" mənasını bildirir. Andranikin Anadolunun müxtəlif yerlərindən öz dəstələrinə qoşduğu və məzlum adlandırdığı qaxtaqanlar gözü qızmış, səfil-sərgərdan erməni vəhşiləri idilər. Andranik Nehrəmə hücum edərkən onun dəstələrində digər erməni quldurları ilə yanaşı, cula və qaxtaqanlar da var idi”.

Düşmən cəbhəsində silahlar bir an da olsun susmaq bilmirdi. Elə bil qiyamət qopmuşdu, sanki məhşər günüydü. M.B.Əliyev gündəliyində ikinci cümləni

yazırdı:” Atışmanın səsi şəhərə gəlirdi”. Bu gündəliyin 4-ü iyul tarixində M.B. Əliyevin Nehrəmlə bağlı yazdığı hər cümləsində ancaq və ancaq bəsirət əhlinin oxuya biləcəyi fikirlər, duya biləcəyi mətləblər yatırdı. İndi o fikirləri, o mətləbləri bir-bir oyatmaq vaxtıdır.

Naxçıvan şəhəri ilə Nehrəm kəndi arasında təqribən15 km məsafə var. Çox qəribədir burada necə bir döyüş gedir ki, onun səsi,sədası şəhərə gedib çatır. Mənə elə gəlir ki, bu döyüşü təsəvvür etmək üçün adamda qeyri-adi bir təfəkkür olmalıdır.

Yoxsa səsi, sədası 15 km uzaqda yerləşən şəhəri vahiməyə salan bu amansız döyüşü oxucuya necə anlatmaq olar.

Bu amansız hücumdan anlamaq olar ki, Nijde başda olmaqla Güznüt erməniləri Andranikə Nehrəm haqqında yetərincə məlumat veriblər. O çox gəzəl bilirdi ki, Nehrəmdə bir nəfər də olsun erməni yaşamır. Onu da çox gəzəl bilirdi ki, kənd camaatı son nəfəsinə və son gülləsinə kimi vuruşacaq. Bu səbəbdən də Andranik qaranlıq ruhunun dərinliklərində bu döyüşdən qalib çıxacağına əmin deyildi. Ona görə də Nehrəmə hücum etmək üçün uzun müddət nə edəcəyini bilmir, sağa-sola vurnuxurdu. Əgər Andranikin iyun ayının 28-dən Nehrəmə hücum etdiyi günə, yəni iyul ayının 4-ə qədər fəaliyyətini izləsək bunu asanlıqla anlamaq olar.

İyun ayının 28-də:“Saat iki radələrində erməni məhəllə komissarı Bağdan Xalatov Naxçıvan Milli komitəsinə gəlib Andranikin saat 3-də Güznütdən Naxçıvana gəlmək xəbərini yetirdi. Bu xəbər-fəcih müsəlmanları dəhşətə düçar qıldı. (Müharibə vaxtı erməni kimi bir düşmənin gətirdiyi xəbərə hansı məntiqlə və necə inanmaq olar?!H.B). Rəylər böylə oldu: Andranik bütün Naxçıvan və həvalisi əhalisini ixtiyarına götürüb, müsəlmanları tərksilah edib və dava zamanı Osmanlı qoşununun qabağına icbarı olaraq göndərəcəkdir. Bu xəbər bütün müsəlman camaatını mütəəssir edib, bunların dilğir olmasına səbəb oldu. Müsəlmanlar Andranikin müntəzirində olub onu gözlədilər”.

Şəhər camaatı qorxu və narahatçılıq içində gözləyir və saat altıda yenə yalan bir xəbər gəlir:”Andranik dəstəsi ilə Hacıvar kəndinin yanında Naxçıvan çayının kənarında düşüb istirahət edir. Müsəlman camaata böyük bir narahatçılıq və qorxu üz verdi. Bütün gecə sübhədək müsəlmanlar səngərlərdə olub Andranikin hücumunu gözlədilər”.

Həqiqətdə isə həmin gün Andranik Naxçıvan şəhərinə gəlməyib. Bunlar onun əmri ilə naxçıvanlıları qorxu içində saxlamaq üçün ermənilərin yaydığı şaiyələrdir.

Bir gün sonra, yəni iyunun 29-da bütün bunların yalan olması haqqında Milli komitəyə məlumat daxil olur.

İyun ayının 30-da ermənilər növbəti yalanı dövrəyə buraxır və Naxçıvan camaatı yenə bu yalana inanıb qorxuya düşür. ”Xəbər çatdı ki, Andranik qoşunu ilə qayıdıb şəhər ətrafındakı müsəlman kəndlərinə dolub şəhərə hücum etmək fikirindədir. Bu xəbər müsəlmanlar arasında böyük bir vahimə yaratdı. Bütün silahlılar səhərə kimi səngərdə keşik çəkdilər”.

Naxçıvan şəhərinin yalanlarla başını qatıb, qorxu içində saxlayan Andranik iyul ayının birində qoşunu ilə Xanağa kəndinə hücum edib əhalini amansızcasına qətlə yetirir. Ermənilərin əlindən qurtulub dağlara qaçan adamları belə təqib edərək gülləbaran edirlər.

İyul ayının ikisində saat onda Naxçıvan Milli komitə iclasında Andranikin məktubu oxunur. Andranik müsəlman nümayəndələri Əbrəqunus kəndinə görüşə dəvət edir. Yaycı və Xanağa hadisələrindən sonra müsəlmanları görüşə dəvət etmək həm onları heçə saymaq, həm də həyasızlıqdır. Təbii olaraq heç bir nümayəndə görüşə getmir.

Həmin gün saat dörd radələrində Andranikin adından daşnak Xarazyan müsəlmanların tərksilah olması haqqında Naxçıvan Milli komitəsinə nota verir.

Milli komitənin nümayəndələri Andranikin hiyləsinə aldanıb Əbrəqnus kəndinə görüşə getmədikləri üçün haramzadələr təzə bir fitnə icad edirlər. Görəsən niyə ermənilər yox, müsəlmanlar silahlarını təhvil verməlidir. Bu torpaqlarda baş verən hər bir fitnənin mənbəyi ermənilər və onların havadarları deyilmi.

İyul ayının üçündə ermənilər yenə Naxçıvan Milli komitəsinə tərksilah olmaq haqında nota verir. Eyni zamanda Andranikin ordusu Nehrəm istiqamətində, sonra isə Cəhri tərəfə yürüş edir. Bu hərəkətləri ilə Andranik öz aləmində ətraf kəndlərdə adamların canına qorxu salmaq, vahimə yaratmaq istəyir. Amma o, əslində özü tərəddüd içindədir, Nehrəmə hücum edib etməmək haqqında qərar verə bilmr. Müsəlmanların tərksilah olması haqqında nota vermək, qoşunla birlikdə sağa-sola yürüş etmək, bütün bunlar qətiyyətsizliyin əlamətidir.

x x x

Andranik bütün həyatı boyu bir dəfə də olsun mərd-mərdanə döyüşə atılmayıb. Andranik bir dəfə də olsun hər hansı bir sərkərdəyə və yaxud qoşun başçısına deməyib hazır olun filan tarixdə sizinlə döyüşməyə gəlirəm. Hətta, balaca kəndlərə belə xəbərdarlıq etmədən, qəfildən hücum edib. Ermənilər ağızları köpüklənə-köpüklənə, qeyri-adi sərkərdə deyə-deyə Andraniki öyürlər. O isə hır yerdə müdafiə imkanları olmayan mülkü əhaliyə hücum edib və türk topunun səsini eşidəndə isə arxasına baxmadan belə tələm-tələsik çıxıb qaçıbdı.

Naxçıvan torpağına qədəm basdığı bir gündən hiyləgərlik ənənəsinə sadiq qalaraq heç bir kəndə mərd-mərdanə hücum etməyib. Yaycı kəndinə hücum etməzdən əvvəl Yuxarı Aza və Derin ermənilərinin əli ilə Yaycılıların başının altına yastıq qoyub, onları arxayın ediblər ki, sizə qarşı heç bir hücum olmayacaq. Yaycı kənd sakini həmin hadisəni belə xatırlayır:”Ermənilər çox alçaqlıq, xainlik etdilər. Ələlxüsus qonşu Yuxarı Azanın və Derin erməniləri. Sən demə hadisədən əvvəl onlar gəlib kəndimizin ağsaqqallarına, baş bilənlərinə deyiblər ki, Andranikin sizlərə heç bir xətəri olmayacaq. Onlar buradan sakitcə keçib gedəcəklər. Siz arxayın öz işinizdə ola bilərsiniz. Əlbəttə kəndin ürəyiaçıq insanları və həmişə get-gəl etdikləri ermənilərin bu “səmimi” sözlərinə inanıb, heç bir hazırlıq tədbiri görməyiblər. Hadisə zamanı başı papaqlılarımızın çoxu çöl işlərində olub, Ələmdara, Gərgərə iş dalınca getmişdilər...”

Andranik Nehrəmə hücum ərəfəsində də eyni hiyləyə əl atır. “Öz nümayəndələrini dönə-dönə Nehrəmə göndərir ki, bəs bizim sizinlə heç bir işimiz, dava-şavamız yoxdur.Rahat surətdə, arın-arxayın əkin-biçininizlə məşğul olun,amma altdan-altdan öz işlərini görürdülər. Yəni Nehrəmin ətrafındakı kəndlərdə yaşayan erməniləri silahlandırıb Andranikin qoşununu gücləndirirdilər”.

Tarixçi Əli Əliyev “Əlincə yaddaşı” kitabında həmin hadisələri belə təsvir edir: “Xalqımızın qəddar düşməni S. Şaumyandan dəstək alan Andranik Camaldın,Ərəzin, Kırna, Bənəniyar, Saltaq kəndlərini vəhşicəsinə dağıdır.Yaycı kəndi qana bulanır. Küznüt-Çeşməbasar kəndlərini özünə qərargah edən Andranik Nehrəm kəndinin ciddi müqavimətilə qarşılaşır. O, Nehrəmi qəfildən hiyləgərliklə tutmağa çalışır və kəndin əhalisinə xəbər göndərir ki, ermənilərin yaşadığı Təzəkəndə qonaq gedir, ona görə də kəndin içərisindən və kənarından keçən yollarda qoşun hissələrinə maneçilik etməsinlər. Andranikin məkrli planı aşkarlanır. Kənd əhalisi müdafiə işlərinə başlayır. Kəndin ətrafı evləri, həyətlər, küçələr, döngələr, arxlar bir anda sığınacaq nöqtəsinə çevrilir”.

Ermənilərin “görkəmli sərkərdəsi”Andranik Nehrəmə hücum edəndə Nijde Ter-Arutunyan da onunla birlikdə orduya komandanlıq edirdi. Təsəvvür edirsinizmi ermənilərin iki milli qəhrəmanı əl-ələ verib bir kəndin üstünə hücum edir. İllər sonra ermənilər etiraf edir ki, Andranik Nehrəmdəki məğlubiyyətə görə Nijdeni günahlandırır və Qaxır təpəsində bu zəmində mübahisə əsasında hətta ona bir şillə də vurur.

x x x

Ermənilərin tərifləyə-tərifləyə göylərə qaldırdığı Andraniklə Nijdenin bu uğursuzluğunu Şeyx Əli oğlu Yusif bu şəkildə sözün yaddaşına köçürüb:

Dro ilə Yapon qaldı arxada,
Nijdə də çalışdı çatmadı dada,
Ordunu Nehrəmdə sən verdin bada,
Çox qanları qana qatdın, Andranik.

Kəlbə Muxtar oldu igid komandan,
Davam gətirmədi cula, qaxtağan,
Qırıldı qaxtağan, töküldü çox qan,
Sən Nehrəmdə yasa batdın, Andranik.

Andranikin Nehrəmdə böyük itçilər verərək məğlub olması bir çox mənbələrdə dönə-dönə qeyd olunduğu kimi bu misralarda da öz əksini tapıb.

x x x

Kərbəlayı Muxtar baş verən proseslərdən çox gözəl anlayırdı ki, çörəyi dizinin üstündə olan ermənilər bir gün tez, bir gün gec Nehrəmə də hücum edəcəklər. Tədbirli tərpənib, Oktyabr inqlabından sonra başsız qalaraq Naxçıvanı tərk edən Çar ordusunun zabitlərindən iki ədəd top almışdı. Döyüş başlayan gün məlum oldu ki, bu toplardan biri yararsız haldadır.

Ruslar çox gözəl bilirdilər ki:” Ermənilərin eybi: bədfel, kündəbədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş söyən, ürəyi xıltlı, ağasına düşmənçilik etməkdir.Ümumiyyətlə, onlar başdan ayağa müsbətdən çox mənfiyə yaxındır”. Bütün bunlara baxmayaraq ruslar yenə erməniləri düşünürək, onların tərəfini saxlayaraq o yararsız topu Kərbəlayı Muxtara satıblar. Amma bir şeyi unudublar, unudublar ki, türkün əlindəki bir top erməninin əlindəki on bir topa bərabərdir.

Dediyim kimi toplardan biri xarab çıxdığına görə Kərbəlayı Muxtarın qanı qaralır. Bu dəmdə Topçu Yavər Kərbəlayı Muxtara yaxınlaşıb deyir:“Ağa, qanınızı qaraltmayın, mən təcrübəli topçuyam, yetərincə də sərrast ata bilirəm. İnşəallah bu top ilə Andranikin tufağını dağıdaram”. Yavərin bu sözü Kərbəlayı Muxtarın xoşuna gəlir və kefi açılır. Topçu Yavərə:”Sən düşmənin başına od-alov ələ, mən də sənin başına sərvət yağdıracağam,”- deyir.

Kərbəlayı Muxtar Topçu Yavərə beş-altı nəfər də köməkçi verib:”Haydı, igidlərim, düşməni əbədiyyən peşiman etmək vaxtıdır. Torpağımıza göz dikənlərin gözlərini ovuclarına tökməliyik,”- deyib onları döyüşə ruhlandırır.

Topçu Yavər dərhal topu nizamlayıb düşmən səflərini nişan alır. Bir məhəllədən atəş açandan sonra təcili olaraq topu ata qoşub adamların köməyi ilə başqa bir məhəlləyə aparıb oradan atəş açırlar. Topu soyutmaq üçün lüləsinə əridilmiş camış yağı tökürlər. Topun lüləsini bu üsulla soyuda bildiklərinə görə tez-tez atəş açmaq imkanı əldə edirlər.

Bu minvalla gah Qumqala, gah Təpəbaşı, gah Çaylaq məhəllələrindən, gah da Zirvəncək təpədən düşməni aramsız olaraq top atəşinə tuturlar. Topun yerini tez-tez dəyişdiklərinə, həm də fasiləsiz atəş aça bildiklərinə görə ermənilər elə bilir hər məhəllədə bir top var.

Müharibədən uzun illər sonra ermənilərin etirafına görə hətta Andranik belə kənddəki topların sayının çoxluğundan heyrətlənib. Nehrəmlilər onlara kənddə cəmi-cümlətanı bir top olduğunu desələr də erməni dığaları inanmayıblar. Deyiblər ki, Nehrəmin hər məhəlləsində bir top var idi. Əslinə qalsa bu məsələdə onları qınamaq da olmaz. Çünki camış yağı ilə topun lüləsini soyutmaq hər kəsin ağlına gələn bir iderya deyil.Və həm də yalan danışmağa adət etmiş adamlar düz sözə də birdən-ikidən inanmazlar.

Topçu Yavər sözün həqiqi mənasında sərrast atıcı idi. Nehrəm döyüşündən bir neçə ay əvvəl, mart ayının 18-də Naxçıvan şəhərində sübh tezdəndən hər iki tərəfdən atışma başlayır. Erməni topları məscidi-camenin minarəsinə tərəf çevrilib mərmilərlə dörd yerdən minarəyə zərbələr endirirlər. Ona cavab olaraq müsəlman topçusu Yavər də kəlisanın qülləsini nişan alaraq xaçı və qüllənin baş hissəsini vurub darmadağın eləyir.

“Ermənilər öz toplarını Güznüt və Nehrəm arasındakı Qaxır təpəsinə yerləşdirib, oradan kəndi atəşə tuturdular. Düşmənin altı topu, on pulemyotu çoxlu sayda mərmi və güllə ehtiyatı var idi. Sursatın bolluğundan, nifrətin və qəzəbin sonsuzluğundan bu başıpozuqlar aramsız olaraq hara və necə gəldi atəş açırdılar. Altı ədəd top, on ədəd pulemyotla bir kəndi aramsız olaraq atəş altında saxlamaq fəlakət demək idi. Hacı Mehdi vəziyyətin həddən artıq gərgin olduğunu görüb topçu Yavərə əmr edir - necə olur olsun ermənilərin topu susdurulmalıdır.Hətta, ağsaqqal burada nehrəmlilərə xas olan bir çılğınlıq da edir. “Əgər vura bilməsən”- əlindəki mauzeri göstərərək Hacı Mehdi qəzəblə deyir: “bu patronların hamısını sənin təpənə sıxacağam”.

Yeganə topçu olan Yavər köməkçiləriylə birlikdə Hacı Mehdinin göstərişi ilə iki gün idi ki, bir topu kəndin müxtəlif səmtlərinə çəkib - sürükləyir, ayrı-ayrı yerlərdən düşmənə atəş açır, erməniləri çaşdırır, sanki kənddə bir yox, bir neçə top olduğunu göstərirdi. İndi isə budur, Hacı Mehdi onu ölümlə hədələyir. Amma, sonra yenə Hacı Mehdinin özü köməyə gəlir:”Ürəkli ol, oğlum, ürəkli ol” deyir. Sərrast nişan al, o köpək oğlunu, vuracaqsan, qorxma. Yavər ölçür-biçir, hədəfi nişan alır, atəş açır və hamının gözü qabağında düşmən topunun parçaları göydə oynayır. Hacı Mehdi sevindiyindən əlini Yavərin kürəyinə vurub: “Afərin oğlum, sənin bu qəhrəmanlığın, bu hünərin heç vaxt unudulmayacaq”, -deyir.

x x x

Nehrəm döyüşündə TopçuYavərin göstərdiyi qəhrəmanlığı Sona xanım “Nehrəmlilər göydən quşu endirir” şeirində belə tərənnüm edir:

Yavər də, topunu durmadan atdı,
Erməni qoşunu yan-yana yatdı.
Hay ilə gəlmişdi, vayına çatdı!
Yeri ha, yeri ha köpək əndiri,
Nehrəmlilər göydən quşu endirir!

Nehrəmin müdafiəsində yüzlərlə nehrəmli qəhrəmanlıq göstərib. Onların bir çoxunu tanısaq da, təəssüflər olsun ki, tanımadıqlarımızın da sayı çoxdur. Sona xanımın Nehrəmin müdafiəsində bu qədər qəhrəmanlıq göstərən nehrəmli ola-ola öz şeirində Topçu Yavərin qəhrəmanlığını tərənnüm etməsi və ərəzinli Səmədi xatırlaması onun bir nehrəmli kimi qədirşünaslığından xəbər verir.

“İyul ayının 24-də Naxçıvan şəhərində vətənin müdafiəsində qəhrəmanlıq göstərən döyüşçülərin mükafatlandırma mərasimində Osmanlı ordusunun zabiti Cavid bəy həzrətləri səflər qarşısında durub topçu İran əhli Yavər Əfəndini hüzuruna çağırıb, onu Nehrəm müharibəsində göstərdiyi cəsarət və rəşadətə görə əvvəlinci dövlət nişanı ilə sərəfraz qıldı və təbrik etdi”.

Topçu Yavər Araz çayının o tayından -Cənubi Azərbaycandan gəlib. Hansı kənddən, hansı şəhərdən olduğunu bilən yoxdur. Bir davada adam öldürüb və elindən-obasından qaçaq düşüb. Arazın bu tayına pənah gətirib. Bu tayda ürəyinə yatan yer Nehrəm kəndi olub. Mülkədarların yanında çalışıb öz yaşayışını təmin edib.Bu da taleyin baş aça bilmədiyimiz qəribəliklərindən biridir. Yurdundan-yuvandan qaçaq düşəsən, gəlib qərib bir yurdda günəmuzd işləyəsən və günlərin bir günündə qəhrə-mana çevriləsən.

Nehrəm müharibəsinin unudulmaz qəhrəmanlarından biri olan Topçu Yavəri bu gün də Nehrəm kəndində hörmət və ehtiramla xatırlayırlar.

(Ardı var)


Baxış sayı - 1 099 | Yüklənmə tarixi: 29.12.2025 15:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031