manera.az
manera.az

Göy Atlı əfsanəsi - Hüseyn Bağıroğlu yazır..

📅 18.11.2025 19:25

Göy Atlı əfsanəsi - Hüseyn Bağıroğlu yazır..
(https://manera.az/index.php?newsid=17754 - Yazının I Hissəsi bu linkdə)

İkinci hissə



Tarix yazmaq tarix yaratmaq qədər önəmlidir.
M.K. Atatürk


Hərə öz zəmanəsində oturub tarix yaza bilməz; bütün ruhu ilə

keçmişə köçmək, dövrün ab-havasına bələd olmaq və indiyə

keçmişlə birlikdə qayıtmaq lazımdır.
Əbu Turxan




Kəlbə Muxtar

Üç gündə min illik bir tarix yazan,

Vətən sevgisiydi Kəlbə Muxtarın.

Düşmənin o tülkü hiyləsin pozan,

Bozqurd həmləsiydi Kəlbə Muxtarın.


Gör necə sarsıldı Nijde sərsəri,

Asi Tayqulağın əsdi dizləri.

Düşmənə atılan güllə səsləri,

Döyüş nəğməsiydi Kəlbə Muxtarın.


Bir əlində tüfəng, birində Quran,

Döyüş meydanında mərdanə duran,

O qansız düşmənə qanlar udduran,

Odlu nərəsiydi Kəlbə Muxtarın.


Ruhunu oxşayan əzan səsiydi,

Müqəddəs bildiyi yurd, qibləsiydi.

O, Qoca Nehrəmin pərvanəsiydi,

Nehrəm, Kəbəsiydi Kəlbə Muxtarın.

Müəllif


x x x


Toplar Qaxır təpələrindən durmadan atəş açır, pulemyotlar nəfəs dərmədən

od-alov püskürür, tüfənglər nifrətə bürünmüş ölüm saçırdı. Yayın bu qızmar

günündə Nehrəmin üstünə güllə leysan kimi yağırdı. Ölüm kəndin başı üstə fırfıra

kimi fır-fır fırlanırdı. Sayıqlığını itirən hər bir kəsin həmən canını alırdı. Nehrəm-

lilər ölümün gözünə dik baxa-baxa, düşmənə meydan oxuya-oxuya vuruşurdular.

Andranikin Nehrəmə hücum xəbəri Naxçıvan şəhərinə çatanda M.B. Əliyev

gündəliyində yazır: “Bu gün sübh tezdən Andranikin dəstəsinin Nehrəm üstə hü-

cum edib Nehrəm əhalisini top və pulemyota tutması xəbəri çatdı”.

Nehrəm tərəfdən döyüşü Kərbəlayı Muxtar və Hacı Mehdi idarə edirdi.Kərbə-

layı Muxtar Nehrəmin kəndxudası, Hacı Mehdi isə dini rəhbər idi. “Qanlı günləri-

miz”də M.B. Əliyev Kərbəlayı Muxtarı bu cür təqdim edir:”Nehrəm qlavası, sahibi

nüfuz, sərt və mücahidi-həqiqi Kərbəlayı Muxtar”. Bütün Naxçıvan onu həqiqi bir

mücahid kimi tanıyırdı.

Qum və Nəcəf şəhərlərində dini-elmi mərkəzlərdə17 il təhsil alan, yüksək səviy-

yədə dünyəvi və dini biliyə malik olan Hacı Mehdi müctəhid olmasa da müctəhid

səviyyəsində din xadimi idi. Hacı Mehdi həmin gün əyninə kəfən geyib, fətva verib

Nehrəm camaatını cihada çağırır. Özü isə həm döyüşür, həm də Kərbəlayı Muxtar-

la birlikdə döyüşü idarə edirdi.

Nehrəm tərəfdən döyüşün Kərbəlayı Muxtarın idarə etməsi haqqında məlumata

qırmızı partizan Heydərqulu Həsənovun da xatirələrində rast gəlirik:"Andranikin

qoşunları ilə əsas döyüş İmamzadə tərəfdə gedirdi. Andranik cəhd edirdi ki, Neh-

rəm kəndinin kənarından keçib Təzəkənddə toplaşan 300 nəfərlik daşnak silahlı

dəstəsi ilə birləşsin. Lakin nehrəmlilər buna imkan vermirdi. Yaxşı silahlanmış

dəstələrimizin tabor komandanı Kərbəlayı Muxtar əlində mauzer, kəhər atın belin-

də məhəllələri gəzir, əhalini döyüşə qaldırır, atəş nöqtələrinə patron, çörək, su çat-

dırırdı."



x x x



Nehrəm mühasirədə idi və bütün istiqamətlərdə şiddətli döyüşlər gedirdi. Düş-

mən silah-sursat bolluğundan istifadə edib hər tərəfdən od püskürürdü. Nehrəmli-

lərin müqavimət göstərməsi və silahsız dinc əhalini öldürə-öldürə özünü qəhrəman

zənn edən bu quldur sürüsünə dov gəlməsi, bu yaramaz məxluqları insanlıqdan ta-

mam uzaqlaşdırmışdı. Bu səbəbdən də daşnaklar gülləyə, mərmiyə qənaət eləmə-

dən, kəndi, aramsız atəşə tuturdu.



x x x

Andranikin qoşununda 6 ədəd top,10 ədəd pulemyot vardı. Bundan əlavə Çar

ordusunun Yaycı yaxınlığındakı hərbi hissəsindən dörd milyondan çox güllə (pat-

ron) əldə etmişdilər.Onu da nəzərə alaq ki, hər bir eməni o dövrün müasir silahları

ilə silahlanmışdı.Andranikin qoşunu onlara qoşulan culalarla, qaxtağanlarla, Van erməniləri (1918-ci ilin iyun ayının 25-də) və Güznüt erməniləri ilə birlikdə ən azı üç min beş yüz əsgərdən ibarət idi.( İyun ayının 16-da, yəni daşnakların Nehrəmə hücumundan18 gün əvvəl Milli komitəyə Cəfərqulu xan tərəfindən Andranikin 4000-lik qoşunla Naxçıvana hərəkət etməsi xəbəri daxil olur. Bundan əlavə erməni mənbələrinə görə 1918-ci ilin sentyabr ayının birində bir çox dəstələr Andranikin qoşununu tərk edir və 4000-lik ordudan 1300 nəfər qalır. Bu faktlara əsaslanıb de-mək olar ki, Andranik Nehrəmə hücum edəndə qoşununda üç minlə dörd min ara-sında əsgər olub.)300 daşnak əsgəri də Nehrəmin qərbində, yəni Nehrəmlə Araz

çayı arasında yerləşən Təzəkənddə fürsət gözləyirdi.

Erməni qoşununun bir hissəsi Qaxır təpələrində mövqe tutmuşdu. Qaxır təpələ-

rindən baxanda Nehrəmin bir çox yerləri əlin içi kimi görünür. Müharibədə yük-

səkliyə sahib olmağın nə olduğunu hərbçilər çox gözəl bilir. Ermənilərin bu qədər

üstünlüklərinə rəğmən nehrəmlilər daşnak ordusunun qabağından qaçmağı ağılla-

rına belə gətirmirdilər.

x x x

Təbii olaraq belə bir sual yaranır görəsən həmin dövrdə Nehrəmdə nə qədər

əhali yaşayırdı. Nehrəmdə əhalinin sayı ilə bağlı bildiyim məlumat xıx əsrin sonu-

na aiddir. 1893-cü ilin rəsmi məlumatına görə Hehrəm kəndində 343 ev vardı və

əhalinin sayı 2519 nəfər idi. Bunun da 1338 nəfərini kişilər təşkil edirdi. Bu 1338

nəfərdən qocaları, uşaqları və xəstələri çıxsaq döyüş qabilyyəti olanların sayı bir o

qədər də olmaz. Silah baxımından da vəziyyətin ürək açan olmadığını nəzədə al-

saq, Nehrəmin halı doğrudan da müşkül görünür. Belə çətin vəziyyətdə nehrəmli-

lərin erməni ordusunun qabağına çıxması, döyüşməsi və onları darmadağın etməsi

qeyri-adi bir qəhrəmanlıqdır.

x x x



Bu qəhrəmanlığı yaradan bir çox səbəblər var. Əsas səbəblərdən biri də ağsaq-

qalların dərhal bir araya gəlməsi, onların müdrikliyi və hərbi taktikanı bilməsi idi.

Kərbəlayı Muxtarın, Hacı Mehdinin, Nağdalı oğlu Kazımın və kəndin digər ağsaq-

qallarının bir araya gəlməsi həm də o demək idi ki, bütün tayfalar düşmənə qarşı

birlikdə, çiyin-çiyinə vuruşacaqlar. Abbas Tufarqanlının dediyi kimi:

El bir olsa, dağ oynadar yerindən,

Söz bir olsa, zərbi kərən sındırar.

Həmin dövrdə Nehrəmdə bir neçə böyük tayfa vardı, onlardan biri Qaraköy-

xanlılar, biri də Adıgözəllər idi. Kərbəlayı Muxtar Adıgözəllər tayfasının ağsaq-

qalı, Nağdalı oğlu Kazım Qaraköyxanlılar tayfasının ağsaqqalıydı. Kəndxuda sek-

çilərində bu iki tayfa arasında rəqabət bəzən ədavət və düşmənçiliyə qədər gedib

çıxırdı. Müharibə ərəfəsində də münasibətləri çox soyuq idi.Yaşca Kərbəlayı Mux-

tardan böyük olsa da, ermənilərin Nehrəmə hücum edəcəyi xəbərini alan kimi,

Nağdalı oğlu Kazım üz tutub gedir Kərbəlayı Muxtargilə.Bunu görən bir nəfər

özünü tələm-tələsik Kərbəlayı Muxtara yetirib:”Kərbəlayı, yəqin ki, Nağdalı

oğlu Kazımın quyruğu qapı arasında qalıb, sənin ayağına gəlir”,- deyib “müjdə”

verir. Ermənilərin hucum edəcəyindən xəbərdar olan Kərbəlayı Muxtar xəbər gə-

tirənə qəzəblənir və Nağdalı oğlu Kazımın qabağına gedib onu hörmətlə qarşılayıb

evinə dəvət edir.

Burada bir haşiyə çıxım. Kərbəlayı Muxtarın Nağdalı oğlu Kazımla münasibə-

tinin sərin olduğunu ətraf kəndlərdə və Naxçıvan şəhərində də bilirdilər. Bir gün

bir qeyri nehrəmli Kərbəlayı Muxtara xoş gəlmək üçün Naxçıvanda, çayxanada

Nağdalı oğlu Kazıma qarşı hörmətsizlik edir. Kərbəlayı Muxtar bu hadisədən xəbər

tutan kimi, atına minib düz Naxçıvana gedir. Həmin adama bir neçə şallaq vurub

deyir:

-Sən kimsən ki, mənim ağsaqqalıma hörmətsizlik edirsən?!

-Kərbəlayı, siz onunla düşmən deyilsinizmi?

-Biz Nehrəmdə düşmənik, Nehrəmdən kənarda o mənim ağsaqqalımdır. Bizim

düşmənçiliyimizin bizdən başqa kimsəyə dəxli yoxdur. Bir də bu işlərə burnunu

soxarsan başını bədənindən qopararam.

Həmin adam peşman olub Nağdalı oğlu Kazımdan üzr istəyir.

x x x

Nehrəmlilərin azlıqda ola-ola daşnak ordusunun qabağından qaçmamağının bir

səbəbi də o insanların fitrəti ilə bağlıdır. Bir azərbaycanlı üçün, bir Azərbaycan tür-

kü üçün və ən ümdəsi bir nehrəmli üçün ermənidən qorxmaq çox ayıb bir şey olar-

dı. Adətən Nehrəmdə bir adam bir şeydən qorxanda deyərlər ki, “ədə qoyma, ermə-

ni qan gördü”. Yəni nehrəmli təfəkküründə erməni qorxaqlıq simvoludur. Təbii ki,

burada söhbət təpədən dırnağa qədər silahlanmış və eyni zamanda ana bətnindəki

körpələri belə süngülərlə deşik-deşik edən vəhşiləşmiş bir qoşundan gedir. Bütün

bunlara baxmayaraq nehrəmlilər quduz itə dönmüş ermənilərin qabağından qaçma-

dılar.

Nehrəmlilərin döyüş meydanını boş qoymamalarının bir səbəbini də aydınlaş-

dırmaq üçün gərək indiki tarixdən, yəni 1918-ci ildən 20-25 il əvvələ, Hacı Qənbə-

rin kəndxuda olduğu dövrə qayıdaq. Əvvəlcə onu deyim ki, Hacı Qənbərin atası

Nağdalı kişi çox varlı adam olub. O qədər varlı olub ki, onun var-dövlətindən təsir-

lənib belə bir bayatı da qoşublar:

Əzizim Nağdalıya,

Nağd verib Nağdalıya,

Fələyin bir kisə pulu varıydı,

Onu da verib Nağdalıya.

Nağdalı kişidən övladlarına – Hacı Qənbərə, Kazıma (Nağdalı oğlu Kazım kimi

tanınır) çoxlu var-dövlət qalıb. Gözü-könlü tox və təfəkkürlü adam olan Hacı Qən-

bər həm də xeyriyyəçiliklə məşğul olurdu. O, insanların mariflənməsini istədiyi

üçün təhsilə daha çox pul xərcləyərmiş. Məşhur bir sözü də var idi: “Məndən öv-

ladlarınızı oxutmaq üçün pul istəyin, lazımsız şeylər üçün yox”.

Sözümün canını deyim, qayıdaq mətləb üstünə.Cəlaləddin Ruminin “Məsnəvi”-

sini əzbər bilən Hacı Qənbər kəndxuda olmaqla bərabər həm də bir təriqət başçı-

sıydı və kənddə onun müridləri var idi. Onlar Hacı Qənbərin təsiri ilə müəyyən bir

mənəvi təkamülə nail olmuşdular.

Adətən təriqət əhlinin özünə məxsus düşüncəsi, təfəkkürü olur. Onlar nə dünya

malına aldanar, nə də ölümdən qorxar. Ölümdən qorxmayan insan üçün düşmən bir

olmasın lap belə min olsun. Hacı Qənbərin təlim-tərbiyəsi ilə formalaşan müridləri

və onların övladları təbii ki, Andranik və Nijde kimi mənəviyyatsız quldurların qa-

bağından qaçmağı düşünməzdilər.

x x x

Kərbəlayı Muxtar usanmaq bilmədən kəndin yaşlı, cavan bütün döyüşçülərini

həvəsləndirir, ümidləndirir, onlara təlimat verir və güllə ilə təmin olunmasına nəza-

rət edirdi. Əli iş tutan, qorxu bilməyən zirəng qadınlar da döyüş meydanında həyat

yoldaşlarına, qardaşlarına, övladlarına güllə, çörək, su daşıyır, yaralıların yarasını

sarıyırdılar. Deyirlər ki, hər bir millətin gerçək kimliyi müharibə zamanı üzə çıxır.

Nehrəmlilər kişili, qadınlı döyüş meydanındaydı. Bu, Nehrəmin gerçək varlığı, də-

yişməz kimliyi, həqiqi siması idi. Bu xarakter, bu mənəviyyat o dövrün dəyərli in-

sanlarının sayəsində formalaşmışdı.

Nehrəm tərəfdən həm Kərbəlayı Muxtarın, həm də Hacı Mehdinin döyüşə baş-

çılıq etməsi haqqında məlumata Tağı Nağdalıyevin Tiflis sosial-demokrat bolşe-

viklər partiyasının orqanı olan “Borba” (“Mübarizə”) qəzetində çap olunan mək-

tubunda da rast gəlirik: “Andranikin qoşunu Çeşməbasar kəndindən Naxçıvan qəzasının ən çox əhaliyə malik olan Nehrəm kəndini mühasirəyə alır. Lakin neh-rəmlilər Hacı Mehdi və Kərbəlayı Muxtar Cəfərzadənin başçılığı ilə qanlı döyüşə girərək erməni qoşunlarını kəndə buraxmamış, 3-günlük döyüşdən sonra Andrani-kin qoşunu xeyli tələfat verərək geri çəkilmiş və Naxçıvan şəhərinin şimalında hər-bi düşərgə qurmuşdur”.

Müharibənin böyüyü, kiçiyi olmur, müharibə elə bütün eybəcərlikləri ilə, bü-

tün fəlakətləri ilə müharibədir. Bu müharibə balaca bir kənddə baş versə də, göstə-

rilən qəhrəmanlıqlar baxımından iki ordu arasında baş verən müharibə qədər əzə-

mətlidir. Bu səbəbdən də bu müharibəni “Nehrəm döyüşü” adlandırmaq daha doğ-

ru olardı.

Andranikin qoşunu ilə bu qeyri bərabər savaşda nehrəmlilərin göstərdiyi qəhrı-

manlığı ermənilər göstərsəydi bu müharibədən bütün dünyanın xəbəri olacaqdı.

Təəssüflər olsun ki, bizim tarixçilər bu döyüşə sıradan bir hadisə kimi baxırlar.

Nehrəm döyüşünün bir gün və üç gün davam etdiyini deyənlər var. Amma bu

məktuba və sonrakı fəsillərdə təqdim edəcəyim faktlara əsaslanıb demək olar ki,

Nehrəm döyüşü üç gün davam edib, yəni Nehrəm üç gün mahasirədə qalıb. Çünki

Nehrəm sakini olan Tağı Nağdalıyev öz adamları ilə hadisələri izləyir və mühüm

xəbərləri Naxçıvan Milli komitəsinə çatdırırdı. Bu səbəbdən də onun verdiyi məlu-

matlar daha düzgün, daha dəqiqdir.

Kərbəlayı Muxtarın və Hacı Mehdinin komandanlığı altında kənd camaatı bütün döyüş xətti boyunca düşmənə göz açdırmır. İmamzadə tərəfdə isə düşmən əsgərlə-rinin leşi leş üstə qalanır. Tağı Nağdalıyevin Tiflisdə “Borba” (Mübarizə) qəzetin-də çap olunan məqaləsinin sonuncu cümləsindəki “Andranikin qoşunu xeyli tələfat verərək geri çəkilmişdir” ifadəsi çox mətləbdən xəbər verir. Dörd minlik bir qoşun xeyli tələfat veribsə burada söhbət beş-on nəfərdən yox, yüzlərlə əsgərdən gedir. Bəlkə də Andranik bu döyüşdə mindən çox əsgərini itirib. Əks təqdirdə erməni-lərin gözündə yenilməz sərkərdə olan Andranik ən azından öz nüfuzuna görə geri çəkilməzdi. Buradan belə qənaətə gəlmək olar ki, döyüşü davam etdirmək daha acı nəticələrə səbəb ola bilərdi. Buna görə də “yenilməz sərkərdə” döyüş meydanından qaçaraq rüsvay olmağı, qoşunu güdaza verib rüsvay olmaqdan üstün tutur. Erməni mənbələrində Nehrəm döyüşü haqqında bir kəlmə belə tapmaq mümçün deyil. Elə bil ki, Andranikin belə bir rüsvayçı məğlubiyyəti olmayıb. Faktları incələdikcə kənd camaatının cəsarəti, döyüş qabiliyyəti adamı heyrətləndirir. Bu arada mən sizə döyüş meydanlarının aslanı Müslümün qəhrəmanlığından, hələlik, balaca bir epizod danışım.

İslam dininə, onun peyğəmbərinə və o mübarək peyğəmbərin əhli beytinə könüldən bağlı olan nehrəmlilər onların həyatını da daim özlərinə örnək biliblər.

Danışacağım hadisə ilə Xəndək döyüşündə baş verən bir hadisə arasında oxşarlıq sezdiyim üçün əvvəlcə o hadisəni danışmaq istəyirəm.
Xəndək döyüşündə Əmr ibn Əbduvəd, meydanda at oynada-oynada, üzünü mübarək Peyğəmbərimizə(s) tutub deyir: “Mənimlə döyüşmək üçün aranızda bir kişi yoxdur, ey Məhəmməd?”
Əbdüvəd ərəblərin seçilən pəhləvanı və böyük təcrübəyə malik döyüşçü idi. Peyğənbərimiz:
-Aranızda bu kafirin səsini susduracaq bir şəxs varmı?-deyə sual edir.
Həzrət Əli (ə) döyüşmək üçün Rəsuli-Əkrəmdən(s) icazə istəyir. Peyğənbərimiz(s) icazə vermir. Əmr ibn Əbduvəd təkrar səslənir:”Mənim əqidəm sizin imanınızdan daha güclüdür. Ey Məhəmməd, deyirlər Sən Mədinə qadınları ilə bizim görüşümüzə gəlmisən.Görəsən aranızda bir kişi var, ya yox?”
Peyğənbərimiz:
-Aranızda bu kafirin səsini susduracaq bir şəxs varmı?-deyə yenə sual edir.
Həzrət Əlidən(ə) başqa yenə heç kimin səsi çıxmır. Nəhayət üçüncü dəfə Peyğənbərimiz Həzrət Əliyə(ə) döyüşməyə icazə verir. Döyüş başlayır və Həzrət Əli(ə) Əmr ibn Əbduvədi cəhənnəmə göndərir.
Nehrəm müharibəsində isə Güznüt daşnaklarından olan, əxlaqsızlığı sərhəd tanımayan bir erməni dığası ardı-arası kəsilmədən nehrəmlilərin ünvanına söyüşlər yağdırır və bu yolla kənd camaatına psixoloji təsir göstərib, ruh düşgünlüyü yaratmaq istəyir. Doğrudan da döyüş meydanını söyüş medanına çevirmək gədələrin peşəsidir. Kərbəlayı Muxtar Müslümə :”O əxlaqsız dığa bir güllə atır min bir söyüş söyür, adamların əsəblərini korlayır. Onu susdura bilərsənmi?- deyə soruşur. Müslüm:” Siz darıxmayın, onu elə susduracağam ki, heç cəhənnəmdə də dili söz tutmayacaq”,-deyə cavab verir.
Erməni əsgəri növbəti söyüşü söymək istəyəndə Müslüm o yaramazın düz ağzının içindən vurur. Bu sərrast atəşdən söyüş söyən erməni cəhənnəmə vasil olur, döyüş yoldaşları qorxuya düşür. Bir müddət başlarını səngərdən qaldırmağa belə cəsarət eləmirlər.
Kərbəlayı Muxtar əlini Müslümün kürəyininə vurub: “nə qədər ki, sənin kimi oğullar var Nehrəmin kürəyi yerə gəlməz”,- deyir.

(Ardı var)


Baxış sayı - 1 676 | Yüklənmə tarixi: 18.11.2025 19:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031