manera.az
manera.az

Bir şeirin dedikləri - Hüseyn Bağıroğlu yazır..

Bir şeirin dedikləri - Hüseyn Bağıroğlu yazır..
MANERA.AZ Hüseyn Bağıroğlunun yazısını təqdim edir.

Poeziya tarixdən daha fəlsəfi və daha ciddidir: poeziya daha çox ümumidən, tarix xüsusidən bəhs edir.
Aristotel


1918-ci ilin iyul ayının 4-ü idi. Dan yeri təzə-təzə sökülürdü. Baqratın paslı zəngi çalındı. Tayqulaq Andranikin qoşunu qonşu Güznüt kəndindən Nehrəmin üstünə yeridi...Güznütdə çoxlu erməni yaşayırdı. Türkmənçay müqaviləsindən, yəni 1828-ildən sonra Azərbaycana, o cümlədən Naxçıvana da ermənilərin kütləvi köçürülmə prosesi başlanmışdır. 96 erməni ailəsini də, Güznüt kəndinə yerləşdirmişdilər. Bu illər ərzində onlar təbii ki, bir az da artıb, çoxalmışdılar. O dönəmdə Güznüt kəndi artıq daşnak yuvasıydı. Onu da qeyd edim ki, məlum-məlun Nijde də (Qareqin Ter-Arutyunyan), bu dünyada yorulmadan fitnə-fəsad törətmək üçün 1 yanvar 1886-cı ildə elə bu kənddə doğulmuşdur.

Güznütdə yaşayan daşnaklar canı-könüldən Andranikə qoşulmuşdular. Digər Güznüt erməniləri isə Nehrəmdən böyük qənimət əldə etmək niyyəti ilə Andronikin yanında idilər. Tarixi mənbələrə görə, sovet höküməti gələnə kimi Nehrəm əhalisinin 70 faizindən çoxu mülkədar olub. Ətraf kəndlərdə yaşayan adamların, o cümlədən ermənilərin də, bundan xəbəri vardı. Ona görə də, Andranikin Nehrəmə hücumu acgöz ermənilər üçün bir fürsət idi. Fikirləşirdilər ki, Andranik Nehrəmin altını üstünə çevirər, biz də var-dövlətini talan edərik.

Nehrəm toylarında çalğıçı kimi iştirak edən erməni Qəcovun oğlu da, varlanmaq eşqi ilə Andranikə, onun quldur dəstəsinə qoşulur. Nehrəmliləri yaxından tanıyan Qəcov oğlunu bu fikirdən daşındırmaq üçün ona öyüd-nəsiyyət eləyir. Qəcov nə illah eləsə də, oğlu dinə-imana gəlib daşı ətəyindən tökmür. Əli yerdən- göydən üzülən biçarə ata deyir, ay oğul sənin əcəlin cəhrə əyirir, ora Qoca Nehrəm deyərlər, ora pis niyyətlə gedən xeyir tapmaz. Elə, axırda Qəcovun dediyi kimi də olur: nə Andranik xeyir tapır, nə də Qəcovun sərsəm oğlu. Andranik biabırçı şəkildə məğlub olub qaçır, Qəcovun oğluda cəhənnəmə vasil olur.

Nehrəmlilərin Andranik və onun qudurmuş quldur dəstəsi üzərində, necə deyərlər, şanlı qələbəsindən sonra, Sona xanım bir şeir yazır. Daha doğrusu şeiri yazmır, bədahətən deyir. Bunu, şeirin sonuncu bəndinin birinci misrasından da, anlamaq olar. “Sona xanım şeiri dedi özündən” misrası, şeirin bədahətən deyildiyindən xəbər verir. Xanım sözü ilə də, Sona xanım özünün xanım-xatınlığına işarə vurur. Onu da deyim ki, bu şeir 90-cı illərdən bəri Nehrəm kəndində toylarda tez-tez oxunur.

Sona xanım Nehrəmin hörmətli ağsaqqallarından və sevimli müəllimlərindən olan Mehralı müəllimin nənəsidir. Bir gün Mehralı müəllimdən Sona xanımın digər şeirlərinin olub-olmadığını soruşdum. Dedi ki, çoxlu şeirləri olub. Rəhmətlik Səkinəxatın xala hamısını əzbər bilirdi. Elə hey deyərdi: “Ay Mehralı, gəl nənənin şeirlərini deyim yaz dəftərə, itib batmasın”. Çox təəssüflər olsun ki, sabah-sabah deyə-deyə fürsəti əldən verdim. O da öldü, çıxdı getdi haqq dünyasına.

Amma təkcə bu dəyərli şeirə görə də, Sona xanımı Nehrəmin ilk qadın şairəsi hesab etmək olar. Şeiri oxuduqca inanıram ki, siz də mənimlə razılaşacaqsınız.

Nehrəmlilər göydən quşu endirir!

Baqratın o paslı zəngi vuruldu,
Erməni qoşunu nizama durdu.
Andranik yeridi Nehrəm üstünə,
Nehrəmlilər durdu düşmən qəsdinə,
Cəmdəyi yığdılar cəmdək üstünə,
Yeri ha, yeri ha köpək Əndiri,
Nehrəmlilər göydən quşu endirir!

Müslüm pusub Hacəlinin bağında,
Müseyib solunda, Sadıq sağında,
Qırıb tökür İmamzadə yolunda,
Yeri ha, yeri ha köpək Əndiri,
Nehrəmlilər göydən quşu endirir!

Yavər də, topunu durmadan atdı,
Erməni qoşunu yan-yana yatdı.
Hay ilə gəlmişdi, vay ilə getdi!
Yeri ha, yeri ha köpək əndiri,
Nehrəmlilər quşu göydən endirir!

Ərəzinli Səməd, Nehrəmli müslüm,
Hücuma keçdilər hamıdan üstün,
Erməni qoşunun etdilər təslim,
Yeri ha, yeri ha köpək Əndiri,
Nehrəmlilər göydən quşu endirir!

Sona xanım şeiri dedi özündən,
Güllə dəysin Andranikin gözündən.
Nehrəmlilər dönmədilər sözündən,
Yeri ha, yeri ha köpək Əndiri,
Nehrəmlilər göydən quşu endirir!

İndi isə şeirin özündə qoruyub saxladığı bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. İstəyirəm ki, bu şeiri oxuyanlar şeirin alt qatında olanları aydın şəkildə təsəvvür edə bilsinlər. Əndiri- Andranikin Nehrəm “dilində” adıdır. Deyirəm, Sona xanımın məkanı cənnət olsun, bu adı necə də ustalıqla yaradıb. Andranikə yaraşan bir addır. Müdafiəsiz uşaqları, kimsəsiz qadınları, əlsiz-ayaqsız qocaları qətlə yetirməklə xalqının qəhrəmanı olan bir tayqulaq quldura bundan gözəl daha nə ad vermək olar. Bir dəki, elə xalqa belə qəhrəman yaraşır.

Müslüm – həm Nehrəmdə, həm Naxçıvanda və həm də, digər kəndlərdə ermənilərə qarşı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. Mirzə Bağır Əliyev “Qanlı günlərimiz” adlı gündəliyində (1918-ci il iyul ayının 24-də) yazır : “Sonra Cavid bəy həzrətləri səflər qarşısında durub Nehrəm əhli Müslüm Vəliyevi və topçu İran əhli Yavər Əfəndini hüzuruna çağırıb, onların göstərdiyi rəşadət və cəsarət haqqında əvvəlinci dövlət nişanı ilə onları sərəfraz qıldı və Nehrəm müharibəsində bunlar tərəfindən göstərilən rəşadət haqqında bunları təbrik etdi”. (Mən Mirzə Bağır Əliyevin yazdığı cümləni olduğu kimi diqqətinizə çatdırdım. Bu Mirzə Bağırın həmin gün gündəliyində yazdığı dördüncü cümlədir) Bu cümlədən belə məlum olur ki, Müslüm Vəliyev və topçu Yavər Əfəndi Türkiyənin o dövr üçün əvvəlinci dövlət nişanına layiq görülüblər. Mirzə Bağır Əliyevin əvvəlinci dövlət nişanı dediyi “o dövr”,Türkiyədə xalq arasında “Məcidiyə Nişanı” kimi tanınan “Məcidi Nişanı”dır.1852-1922-ci illər arasında verilən əsgəri və qəhrəmanlıq nişanıdır. Sultan Əbdülməcid dönəmində təsis olunub.


Baxış sayı - 169 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930